Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:31

Gələn ilki büdcədə elmin, səhiyyənin, təhsilin payı nə qədərdir


Rəşid Şerifin karikaturası
Rəşid Şerifin karikaturası
-

«İki iş yerindən ümumilikdə 160 manat maaş alıram»

İdman müəllimi Ruslan Xəlilov hər gün dərs demək üçün Şəkidən Yevlaxa gedir. Aldığı maaşın yarıya qədərini yola, yanacağa xərcləyir. Deyir nə qədər utandırıcı olsa da ailəsi ata-anasının təqaüdü hesabına yaşayır:
«Atam, anam təqaüd alır, onlar yardım etməsə, o maaşla mən ailəmi dolandıra bilmərəm, bu, mümkün də deyil».
ÜMİDİNİ GƏLƏN İLİN BÜDCƏSİNƏ BAĞLAYAN MÜƏLLİM
İndi Ruslan Xəlilov maaş artımı ilə bağlı ümidlərini 2013-cü ilə bağlayıb. Deyir gələn ilin büdcə layihəsində təhsilə vəsaitin artırılacağı barədə məlumatları oxuyandan sonra onda belə bir əminlik yaranıb.
Gələn ilin büdcə layihəsində təhsilə 2012-ci ildəki vəsaitdən 1,2 faiz çox vəsait ayrılması nəzərdə tutulur. Rəqəmlə ifadə etsək, gələn ilin 20 milyardlıq dövlət büdcəsindən təhsilə 1 milyard 530 milyon manatdan bir qədər artıq vəsaitin ayrılacağı gözlənilir.
3 SAHƏNİN ARTIMI BƏRABƏRDİR HÜQUQ-MÜHAFİZƏ ORQANLARINA AYRILAN VƏSAİTİN YARISI
Parlamentə göndərilən 2013-cü ilin dövlət büdcəsi layihəsində əhalinin sağlamlığı, təhsili, və sosial müdafiəsi ilə bağlı olan üç sahəyə nəzərdə tutulan artım hüquq- mühafizə orqanları üçün olanın yarısı qədərdir.
Beləki gələn ilin büdcə layihəsində sözügedən 3 sahəyə bu illə müqayisədə 6,3 faiz, hüquq- mühafizə orqanlarına isə 12 faiz daha çox vəsait ayrılması nəzərdə tutulur.
Bu ilki büdcə ilə müqayisədə gələn il səhiyyəyə 0,5, təhsilə 1,2, elmə isə 4,6 faiz artıq vəsait ayrılması proqnozlaşdırılır.
«5-6 MANAT ARTIM İNFLYASİYA İLƏ QİYMƏT ARTIMININ YEMİDİR»
Natiq Cəfərli
Natiq Cəfərli
İqtisadçı Natiq Cəfərli 1,2 faiz atımla müəllimlərin maaşlarının ancaq 5-10 manat artırıla biləcəyini və bunun da inflyasiya ilə qiymət artımına yem olacağını deyir:
«Bizdə ümumi inflyasiyanı 6 faiz civarında göstərirlər, amma ərzaq inflyasiyası 15-20 faizi civarında dəyişir. Az maaş alan insanların əsas xərclərini də ərzaq xərcləri təşkil edir. Hətta maaşlar 10-15 faiz artsa belə bu, ancaq ərzaq qiymətlərinin qalxmasını kompensasiya edəcək».
«TƏHSİLƏ 10 FAİZ ARTIRSAQ, ONUN 8 FAİZİ ORDA-BURDA İTİB-BATACAQ»
2013-cü ilin büdcəsi layihəsinin Milli Məclisdə noyabrın 13-də müzakirəyə çıxarılacağı gözlənilir.
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ağacan Əbiyev isə bu sahəyə ayrılan vəsaiti yetərli sayır və yenidən artıma da əsas görmür. Deyir artım naminə artım da bir şey deyil:
«Təhsilə ayrılan vəsait o qədər çoxdur ki, onu yenidən artırmağa ehtiyac yoxdur. Biz 10 faiz artırsaq, onun 8 faizi orda-burda itib-batacaq. Effekti olmayacaq, faydalı iş əmsalı kiçik olacaq. Yəni indi dövlət hesab edir ki, 2 faiz artırmaq lazımdır, demək belə də olmalıdır».
Deputat narahatlığa əsas görmür. Deyir dövlət saymağı da, xərcləməyi də yaxşı bacarır.
HÖKUMƏT HANSI SAHƏYƏ ÖNƏM VERİR?
Milli Məclis
Milli Məclis
İqtisadçı Natiq Cəfərli bu yanaşmanı doğru saymır. Hesab edir ki, əslində bu, hökumətin hansı sahəyə daha çox önəm verməsinin göstəricisidir. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin büdcələrinin ən azından 10 faizə yaxını təhsilə ayrılır, həm də bura əmək haqları daxil deyil. Azərbaycanda təhsilə ayrılan vəsaitə isə həm maaşlar, həm təmir tikinti ayrılan vəsaitlər də daxildir.
Natiq Cəfərli həkimlərin orta aylıq maaşına görə Azərbaycanı ən geridə qalmış ölkələrdən hesab edir. İqtisadçı ölkədəki həkimlərin maaşını 5 dəfə artırmaq üçün 140 milyon manatı yetərli sayır və bunun Azərbaycan büdcəsi üçün böyük problem olmadığını deyir:
«Amma hökumət buna da getmir. Səbəb də odur ki, hakimiyyət həkimlərin siyasi iqtidardan asılılığını azaltmaq istəmir. Az maaş verməklə həkimlərin əyri yolla pul qazanmasına göz yuman hakimiyyət seçki proseslərində onların xidmətindən istifadə edir».
Təhsil, səhiyyə ilə müqayisədə 2013-cü ilin büdcəsində hüquq-mühafizə orqanlarına daha çox vəsaitin nəzərdə tutulmasın Natiq Cəfərli ümumiyyətlə, «adi» qarşılayır. Deyir hakimiyyətin ədalətli və şəffaf seçki ilə formalaşmadığı ölkələrdə hakimiyyət daha çox hüquq-mühafizə orqanlarına güvəndiyindən büdcə artırmalarında daha çox onlara diqqət yetirir.
BÜDCƏ LAYİHƏSİNDƏ DİGƏR MƏSƏLƏLƏR
Büdcə layihəsində elə sahələr də var ki, onlara bu ilkindən az vəsait ayrılması nəzərdə tutulur. Misal üçün mənzil və kommunal təsərrüfata gələn ilin büdcəsində 9,2 faiz az vəsait ayrılması planlaşdırılır.
Bundan başqa 2013-cü ilin büdcə layihəsində indiyə qədər büdcədə nəzərdə tutulmayan «yanacaq və enerji xərcləri» bölümü də var ki, bura 3 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Qaldı ki, gələn ilin büdcə layihəsində ən çox paya malik olan sahəyə, bunlar yenə də «sənaye və tikinti xərcləri» və «dövlət əsaslı vəsait qoyuluşu» bölümləridir. 20 milyardlıq büdcənin 13 milyarddan çox bu iki sahənin payına düşür.
XS
SM
MD
LG