Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:55

Günel Mövlud. Bu xalq Nadir Qafarzadənin xalqıdır...


Günel Mövlud
Günel Mövlud
Mən şou-biznes adamlarına üstdən-aşağı, qeyri-ciddi yanaşan adamlara acıyıram.

Kitab oxumuş, savadlı, dünyagörüşlü, başı dünyadan çıxan adamlar var ki, savadsız, kitab adı gələndə döyükən müğənniyə gülür, onun yanında öz üstünlüyünü birə-beş hiss eləyir, ona ikinci-üçüncü növ insan kimi baxırlar.

Şou-biznes zümrəsini avam, heç nədən baş çıxarmayan, beyinləri mikrofonun qalxa biləcəyi yerdən o yana getməyən insanlar olduğunu düşünürlər.

Belə düşünənlər dəhşətli və təhlükəli şəkildə yanılırlar.

Onlar müğənni, rəqqasə, tamada, təlxək tayfasının nə qədər təhlükəli və güclü zümrə olduğunu başa düşmürlər.

Başa düşmürlər ki, bu adamların arxasında xalqın özü dayanıb. Xalqın səmimi, ürəkdən, sərhədsiz sevgisidir şou adamlarını güclü, hər şeyə qadir eləyən. Kimin, hansı alimin, yazıçının, mühəndisin, həkimin, politoloqun hünəri var ki, hansısa müğənnini savadsızlıqda, heç nədən baş çıxarmamaqda ittiham eləsin?

Hər gün efirdə görünüb, hər gün qəzet səhifələrindən düşməsələr belə, mahiyyətcə heç kim olduqılarını desin? Mümkün deyil. Onlar sizə bircə arqument gətirə bilərlər - xalq sevgisi.

Yazıçı Anarın Seymur Baycan və Elnur Astanbəyliyə ithaf elədiyi həcvində deyildiyi kimi, gəlin çıxaq xalqın arasına, görək, bizi kim tanıyır?

Bəli, xalq onları sevir. Pulunu onlara xəcləyir. Məclislərinin başında onları otuzdurur. Efirdə onları görmək istəyir. Ən ciddi mövzuda müzakirəni onların dilindən eşitmək istəyir. Çünki xalqın toyunda onlar oxuyur, oynayır, xalqın xeyir-şərini urvatlı eləyir. Nə olsun ki, alimsən? Yazıçısan? Həkimsən? Nə olsun?

Xalqın toyunda oxumursansa, oynamırsansa, uzun-uzadı sağlıq demirsənsə, toylarda atanın, ananın, bacının, qardaşın, kirvənin, qudanın, əmilərin, dayıların, babaların, nənələrin şərəfinə uzun-uzadı, sinədağlayan şeirlər demirsənsə, başına dəysin sənin alimliyin, yazıçılığın, həkimliyin. Başına dəysin sənin oxuduğun kitablar, baxdığın filmlər, ömür yolu ilə maraqlandığın rəssamlar. O Dostoyevski lap sənin təpənə dəysin!

Xalqa Dostoyevski lazım deyil. Xalqa kitab lazım deyil. Xalqa elm lazım deyil. Xalqa əlində mikrofon tuta bilən adam lazımdır. O mikrofonu tuta bilirsənsə, gəl, xalq səni məclisinin başında otuzdursun. Şəninə tərif desin. Səninlə beşəlli görüşsün. Küçədə görəndə təzim eləsin.

Bu yaxınlarda qonaq olduğum televiziya verilişlərindən birində mənimlə yanaşı əyləşmiş aktyor-şoumen-rejissor-müğənni Sərxan Kərəmoğlu dedi ki, alimin gedib daş qaldırmağı ayıb olmaz, amma mən gedib daş qaldırsam, ayıb olar, axı alimi heç kim tanımır, məni isə bütün xalq tanıyır.

O bunu elə-belə demirdi. O bunu arxasını xalqa söykəyib deyirdi. Bu sözü demək haqqını, alimə daş daşıtdırmaq haqqını ona bu xalq vermişdi. O bu haqqı alanlardan sadəcə biridi.

Şerif. Şeş-beş
Şerif. Şeş-beş
Bir dəfə televiziya verilişinin qonağı olan Nadir Qafarzadədən kitab oxuyub-oxumadığını soruşmuşdular. Nadirin cavabı bu olmuşdu:

- Oxumuram. Amma siz gedin mənim “xolodilnik”imə də baxın, kitab oxuyanların da “xolodilnik”inə baxın!

Nadir özü də bilmədən Azərbaycanın ən böyük, ən ağrılı, ən utancverici həqiqətini demişdi.

Onun “xolodilnik”i əslində simvolik bir şey idi. Nadir özü də bilmədən nümayəndəsi olduğu xalqın öz alimini, yazıçısını, kitab oxuyanını acından öldürdüyünü, ömründə kitab üzü açmayan müğənnisini isə yağ-bal içində bəslədiyini etiraf elədi.

Etiraf elədi ki, bu xalq alimin, mütəfəkkirin, yazıçının xalqı deyil.

Bu xalq, Nadir Qafarzadənin xalqıdır...

simsar.az
XS
SM
MD
LG