Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:46

Nils Muižnieks: «Belə getsə, hər küçə başında həbsxana olacaq» [Video]


ATƏT, Avropa Komissiyası və Avropa Şurasının təmsilçiləri Azərbaycanda media azadlığı haqqında
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00
-
Noyabrın 7-də Avropa Komissiyasının vitse-prezidenti Neelie Kroes, ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunja Mijatovic və Avropa Şurasının İnsan Haqları üzrə komissarı Nils Muižnieks Bakıda mətbuat konfransı keçiriblər. Amma bu, təkcə mətbuat konfransı olmayıb. Qonaqlar həm də yerli media mənsubları ilə fikir mübadiləsi aparıblar.

«PROBLEMLƏR OLDUĞU KİMİ QALIR»

Neelie Kroes deyib ki, Azərbaycanda ifadə azadlığının vəziyyəti pisdir. «Mən vəziyyəti belə qiymətləndirərdim», - deyə o, bildirib.

Nils Muižnieks Azərbaycanda fikir azadlığı ilə bağlı problemlərin bir neçə il əvvəl olduğu kimi qaldığını bildirib.

«Siz mənim sələfimin ifadə, fikir azadlığı ilə bağlı hesabatlarını oxumusuz. Bu problemlər olduğu kimi qalır. Bəziləri hətta daha da ciddiləşib. Mən görüşləri başa çatdırdıqdan sonra fikrimi hesabatda daha dolğun şəkildə ifadə edəcəyəm. Bu da yaxın bir il və ya il yarımda baş verəcək».

«PREZİDENTƏ DEDİM Kİ...»

Neelie Kroes deyib ki, fikir azadlığı Avropa Birliyi üçün fundamental hüquqlardandır və demokratiyanın
Neelie Kroes
Neelie Kroes
əsaslarındandır:

«Prezidentə dedim ki, açıq internet yoxdursa, vaxt və imkanlar itirirsiz, bu da demokratiyanın vəziyyətinə təsir edir».

«HƏBSDƏKİLƏR MÜMKÜN QƏDƏR TEZ AZADLIĞA BURAXILMALIDIR»

Beynəlxalq qurumların rəsmiləri Azərbaycanda vətəndaş cəmiyyətinin fəalları, bloqqerlər, həbs olunmuş jurnalistlərlə görüşdüklərini bildiriblər. Dunja Mijatovic deyib ki, həbsdəkilər mümkün qədər tez azadlığa buraxılmalıdır:

«Azərbaycan 56 ölkədən biridir. Digər ölkələrdə də bloqqerlər, jurnalistlər və məlumat yayan insanlar var ki, fikirlərini ifadə etdiklərinə görə təqiblərə məruz qalırlar. Heç bir ölkə bu problemdən sığortalanmayıb. Amma biz ağrılı, həssas məsələləri müzakirə etməliyik».

«KİMƏSƏ HÜCUM EDİLİRSƏ...»

Dunja Mijatovic-ə görə, Azərbaycanda gördükləri başlıca problem cəzasızlıqdır:

«Həm cinayəti törədənlərin, həm də cinayəti sifariş verənlərin cəzasızlığıdır. Biz bu problemi həmişə qaldırırıq, ofisimizin gündəliyində bu məsələlər çox yüksək yer tutur. Azərbaycanda söz azadlığı, xüsusilə də jurnalistlərin, bloqqerlərin, media fəallarının təhlükəsizliyi ilə bağlı məsələlər həmişə diqqətimizi çəkir».

Cəzasızlıq məsələsinə Avropa Şurasının İnsan Haqları üzrə komissarı Nils Muižnieks də toxunub:

«Kiməsə hücum edilirsə, kimsə yaralanırsa, istintaq aparılmalıdır. Bu istintaq şəffaf şəkildə aparılmalıdır, zərərçəkənin iştirakı ilə.
Dunja Mijatovic
Dunja Mijatovic
Bu da dövlətin jurnalistləri müdafiə etmək istəyinin göstəricisi olacaq».

DUNJA MIJATOVIC: «MƏN QƏRƏZSİZƏM, OBYEKTİVƏM»

Mətbuat konfransında jurnalistlərin peşəkarlıq səviyyəsi də müzakirə edilib. ATƏT rəsmisi Dunja Mijatovic deyib:

«Mənim qaldırdığım məsələlər barədə Mətbuat Şurasının fikrini dinlədim. Bəli, mən qərəzsizəm, obyektivəm. Bu, mənim mandatımın, işimin bir hissəsidir. Jurnalistlər də peşəkar olmalıdır. Onlar da etikaya riayət etməlidirlər. Onunla razıyam ki, Azərbaycan regionda ilk ölkələrdəndir ki, orda Mətbuat Şurası yaradılıb. Bu, ATƏT ofisinin təşəbbüsü olub. Mən hər zaman onun tərəfdarıyam ki, peşəkarlıq jurnalistin fakta istinad etməsidir, ictimai marağa işləməsidir. Mən düzgün olmalıyam. Nə qədər ki, sizdə jurnalist olduğuna görə təqibə məruz qalanlar olacaq, bloqqerlər, məlumat verən vətəndaşlar təqib ediləcək və ya həbsə düşəcəklər, biz peşəkarlığı müzakirə edə bilməyəcəyik. Müzakirə edə bilərik, ancaq heç nə dəyişməyəcək. Hansı media orqanında işləməsindən asılı olmadan həmkarlarınızı müdafiə etməsəniz, irəliyə addım atılmayacaq. Həmrəylik olmalıdır, baxmayaraq ki, fikirləriniz fərqlidir».

Nils Muižnieks
Nils Muižnieks
«BELƏ GETSƏ, HƏR KÜÇƏ BAŞINDA HƏBSXANA OLACAQ»

Nils Muižnieks əlavə edib:

«Jurnalist peşəkar deyilsə, o demək deyil ki, onu həbsxanaya salasan. Belə getsə, hər küçə başında həbsxana olacaq. Jurnalistlər istisna hallarda həbsxanaya düşməlidirlər, peşəkarlıqlarından asılı olmadan. Amma biz burda çox istisnalar görürük».

«BURDA OYUN OLA BİLMƏZ, KOMPROMİS OLA BİLMƏZ»

Neelie Kroes isə deyib ki, Azərbaycan beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə əməl etməlidir:

«Azərbaycan bu öhdəlikləri könüllü olaraq götürüb və heç kim onu vadar etməyib ki, Avropa Şurasına üzv olsun, Avropa ölkələri ilə, NATO ilə əməkdaşlıq etsin. Bu, hökumətin öz qərarıdır. Biz bilirik ki, regionda vəziyyət mürəkkəbdir. Ancaq söhbət azadlıqlardan gedir. Azadlıq elə bir şeydir ki, burda oyun ola bilməz, kompromis ola bilməz, onu zərbə altında qoymaq olmaz. Jurnalistlərin peşəkarlığı medianın azadlığını məhdudlaşdırmaq üçün əsas deyil. Əsas odur ki, Azərbaycan hökuməti könüllü imza atdığı beynəlxalq öhdəlikləri yerinə yetirməlidir».

ÜMİDLƏR, ÜMİDLƏR....

Avropa Şurasının İnsan Haqları üzrə komissarı Nils Muižnieks mətbuat konfransında ümidlərini dilə gətirib:

«Ümid etmək istəyirəm ki, bir neçə aydan sonra Azərbaycana qayıdanda irəliləyişlərdən danışa biləcəyəm. Yəni, diffamasiya dekriminallaşdırılsın. Mən istərdim ki, jurnalistlər Mətbuat Şurasına etibar edə bilsinlər, həbsdəki bloqqerlər azadlıqda olsunlar...».
XS
SM
MD
LG