Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:39

Metal zavodlarına yeni hücumlar


Mikayıl Orucov
Mikayıl Orucov
-
«İki nəfər məni döydü. Bilmədim əllə vurdular, ya dəmirlə, huşumu itirdim, ayıldım ki, xəstəxanadayam».

36 yaşlı Mikayıl Orucov noyabrın 18-i axşam saatlarında Güzdək qəsəbəsində, qarovulçu işlədiyi «Şəhriyar- 99» metalyayma müəssisəsinin həyətində döyüldüyünü bildirir. Hazırda o, beyin silkələnməsi diaqnozu ilə Bakıdakı 1 saylı xəstəxananın travmatologiya şöbəsində müalicə olunmaqdadır. Həkimlər vəziyyətinin orta-sabit olduğunu deyirlər.

Mikayıl Orucov onu döyənlərin hər gün müəssisəyə baş çəkən şəxslər olduğunu bildirir. İddia edir ki, həmin şəxslər «Baku Steel Company» şirkətinin mühafizə xidmətinin əməkdaşlarıdır.

«BİZDƏN HƏLƏ DƏ ƏL ÇƏKMİRLƏR»

Müəssisənin rəhbəri Tahir Orucov qarovulçunun fikirlərini təsdiqləyir və bu il avqustun 2-də zavoda olan hücumu xatırladır. Deyir həmin vaxt «Baku Steel Company»nin icraçı direktoru Rasim Məmmədovun adından gələn bir qrup şəxs müəssisənin fəaliyyətini dayandırmağı tələb edib. Elə o vaxtdan da işi dayandırıblar. Amma Tahir Orucov həmin şəxslərin yenə də onlardan əl çəkmədiyini bildirir:

«Bu məsələ bitməyib hələ. Sexlər bağlanıb, amma onlar hər gün iki dəfə gəlib bizim işləyib-işləmədiyimizi yoxlayırlar».

Tahir Orucov iddia edir ki, fəaliyyəti dayandırılan bəzi metalyayma müəssisələri «Baku Steel Company»yə gündə 500-1000 manat ödəməklə işlərini davam etdirirlər. O, belə bir təklifin onlara da edildiyini, amma buna imkanları çatmadığını deyir:

«Tək bizə deyil, hamıya təklif olunub. Bizim belə qazancımız olmadığı üçün razılaşmamışıq. O pulu daha iri müəssisələr verə bilər, biz yox. Amma imkanımız olsa, biz o pulu verib işləməyə hazırıq».

«ARAŞDIRMA APARILACAĞINA İNANMIRAM»
«Şəhriyar- 99» metalyayma müəssisəsi
«Şəhriyar- 99» metalyayma müəssisəsi

Noyabrın 18-də baş verən döyülmə hadisəsi ilə əlaqədar Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət olunub. Abşeron rayon Polis İdarəsinin 2 əməkdaşı xəstəxanada döyülən qarovulçunun izahatını alıblar.

Amma müəssisənin hüquqşünası Bəhruz Bayramov araşdırmaların bundan o yana gedəcəyinə inanmır. Bunu da avqust ayında müəssisəyə edilən hücumun indiyə qədər araşdırılmaması ilə əsaslandırır:

«Mən inanmıram, çünki avqust ayında müəssisəyə hücumlar oldu, müəssisənin əmlakı aparıldı. Bu boyda işi gizlətdilər, sonda da Abşeron rayon Prokurorluğu və polisində açılan cinayət işinin rədd edilməsi haqqında qərar çıxarıldı».

Bəhruz Bayramov hamının gözü qarşısında baş verən zorakılıqlara hüquq-mühafizə orqanlarının göz yumduğunu və bunun da əsassız olmadığını deyir:

«Bu məsələyə ona görə loyal yanaşırlar ki, həmin adamların arxasında hakimiyyətdəki ciddi qüvvələr dayanır. Bir vəkil kimi artıq dərk edirəm ki, artıq qanunlar işləmir, ya da kiməsə lazım olanda işləyir».

«Şəhriyar- 99» metalyayma müəssisəsi
«Şəhriyar- 99» metalyayma müəssisəsi
«BAKU STEEL COMPANY» TƏKZİB ETSƏ DƏ...

«Baku Steel Company»dən «Şəhriyar-99»da baş verən son hadisəyə hər hansı münasibət öyrənmək mümkün olmadı. Həm şirkətin icraçı direktoru Rasim Məmmədov, həm də şöbə rəisi Anar Məmmədov suallarımızı sona qədər dinləməyib telefonu qapatdılar.

Metal müəssisələrinə hücumda adı hallanan «Baku Steel Company» bundan əvvəl ittihamları təkzib edib. Amma hücuma məruz qalan və fəaliyyətinə qeyri-rəsmi qadağa qoyulan müəssisə rəhbərləri bu məsələlərlə bağlı birbaşa «Baku Steel Company»nin icraçı direktoru Rasim Məmmədovla görüşüb danışdıqlarını deyirlər.

Daxili İşlər Nazirliyində isə sahibkarlara hücumların araşdırılmamasını hansısa maraqlarla əlaqələndirməyin doğru olmadığını bildirirlər. Hesab edirlər ki, hüquq-mühafizə orqanlarının kimlərdənsə qorxması barədə deyilənlər cəfəngiyatdan başqa bir şey deyil.

Avqust ayından bəri Bakıda və ətraf qəsəbələrdəki 30-a yaxın metal müəssisənin fəaliyyəti dayandırılıb.
XS
SM
MD
LG