Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:43

1.5 milyonluq layihə kimə verilib?


USAID
USAID
-
Bir qrup QHT ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) narazıdır. 11 təşkilat bir sıra beynəlxalq quruma və mediaya ünvanladığı müraciətdə bu narazılığı dilə gətirib. Bildirilir ki, USAID bu ilin yayında elan etdiyi qrantı hökumətin nəzarətində olan təşkilatlara verib. Üstəlik, onların adını, yəni tenderin nəticələrini açıqlamayıb. Söhbət 1.5 milyon ABŞ dollarından gedir. Bu layihə cəmiyyətdə hüquqi bilgilərin artırılmasını nəzərdə tutur.

Narazı QHT rəhbərləri İradə Cavadova, Mirvari Qəhrəmanlı, Əshabəli Mustafayev, Arzu Abdullayeva, Leyla Yunus, Akif Əlizadə, Ənnağı Hacıbəyli, İntiqam Əliyev, Əlövsət Əliyev, Rəsul Cəfərov, Zöhrab İsmayılovdur.

«LAYİHƏ «GONGO» TƏŞKİLATLARA VERİLİB»

İradə Cavadovanın AzadlıqRadiosuna dediyinə görə, onlar qrantı kimlərin alacağını öncədən öyrənsələr də, USAID-ə güvəndiklərindən müsabiqəyə qatılmaq qərarına gəliblər:

«Koalisiya yaradılması və tenderə müraciət olunması üçün cəmi bir ay vaxt verilmişdi. Fikrimizcə, USAID-in belə az vaxt ayırmasından məqsəd də layihəni artıq bəlli təşkilatlara vermək olub».

İradə Cavadova iddia edir ki, tenderi adlarını dəqiq bilmədikləri 3 sırf hakimiyyətyönümlü - GONGO (ingiliscə «hökumətin yaratdığı QHT» anlamına gəlir - A.K.) təşkilat udub və həmin təşkilatların müstəqil hesabat hazırlaması şübhə doğurur.

Onun və başqa narazıların fikrincə, qalib tərəfin layihəsi daha güclü yazıla bilər, ancaq bir məsələ qaranlıq qalır:

«Müstəqil olmayan təşkilat bu layihəni necə həyata keçirəcək? Qalib tərəfin öz layihəsini USAID -nin Tbilisi ofisində yazdırmasına dair şübhələr də müsabiqə təşkilatçılarına şərəf gətirmir».

«MÜƏLLİF MƏNƏM»

USAID bu layihəni Azərbaycan Hüquqşünaslar Konfederasiyasına verib. Qurumun sədri deputat, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynovdur.

Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, layihəni o, hazırlayıb:

«Sənəd 24 səhifədən ibarətdir. Özüm, bəzi xarici partnyorlarımızla məsləhətləşmələr aparmaqla tərtib etmişəm. Tərcüməsi də yüksək səviyyədə olunub».

Sahib Məmmədov layihənin USAID-nin Gürcüstan bürosunda yazılması barədə deyilənləri «cəfəngiyat» adlandırır və bunu söyləyənlərə layihə üzərində çalışdığı 2 ay boyunca apardığı elektron yazışmaları, yazılı qeydləri göstərə
Sahib Məmmədov
Sahib Məmmədov
biləcəyini bildirir.

«50 MİNLİK BÜDCƏSİ OLMAYAN MÜRACİƏT EDİB»

Sahib Məmmədov əmindir ki, çox mürəkkəb olan layihənin seçim mərhələsindən yalnız qrant tələblərinə cavab verən təşkilatlar keçib. Tələblərə gəlincə:

«Bildiyimə görə, cəmi bir neçə təşkilat sənəd verib, ancaq heç biri layihə meyarlarına uyğun sayılmayıb. Məsələn, təsəvvür edin ki, müraciət edən təşkilat son 4 ilin auditini təqdim etməyib, yaxud 50 minlik büdcə barədə sənəd verməyib».

«HEÇ KƏS MƏNƏ TƏZYİQ GÖSTƏRƏ BİLMƏZ»

Layihənin hökumətin nəzarətində olan təşkilata verilməsinə gəlincə, Sahib Məmmədovun fikrincə, buna səbəb layihədə sırf hökumətlə əməkdaşlıq tələb edən və bəzi qanunların hazırlanmasını nəzərdə tutan işlərin olmasıdır. Üstəlik, layihəni qazanmaq istəyən təşkilat tərəfsizliyini göstərməliydi:

«Məsələn, bizim layihədə strateji məhkəmə çəkişmələri var, buna mən cavabdehəm. 10 məhkəmə çəkişməsi olmalıdır. İstənilən mövzu – seçki, toplaşma azadlığı, daşınmaz əmlakla bağlı Avropa Məhkəməsinə Azərbaycan hökumətindən şikayətlər hazırlamalıyıq. Bununla bağlı heç kəs mənə təzyiq göstərə bilməz. Bunu indidən məsuliyyətlə bəyan edirəm».

Sahib Məmmədovun dediyinə görə, bu işlərin hazırlanmasına tanınmış hüquqşünaslar, hakimiyyəti tənqid edən, Avropa Məhkəməsinə şikayətlər hazırlayan vəkillər cəlb ediləcək:

«Hüquqşünasların dilində belə bir ifadə var, «tasty victim» - «dadlı qurban» – beləsini seçəcəyik. Üstəlik, Vəkillər Kollegiyasının üzvü olmayanlar da daxil, hər hansı vəkil layihəyə qatıla və buna görə qonorar ala bilər».

4 il sürəcək, 1.5 milyon dollarlıq layihə çərçivəsində İnternet hüquq televiziyası da yaradılacaq.

İndidən mübahisə doğuran layihənin hüquqi bilgilərin yüksəldilməsinə təsirini zaman göstərəcək. Ancaq bəzi müşahidəçilər bu məsələdə USAID-nin Rusiyadakı taleyinin – ölkədən çıxarılmasının da təsirini istisna etmirlər.
USAID
USAID

USAID: «QRANTLARA DAİR İCTİMAİ AÇIQLAMALAR VERMİRİK»

USAID-nin Bakı ofisi AzadlıqRadiosunun sorğusuna cavab verib. Cavabı olduğu kimi təqdim edirik:

«Bir qrup QHT tərəfindən ünvanlanan müraciəti maraqla oxuduq. Biz onları əmin edirik ki, Azərbaycan Hüquqlar Konsorsiumu Layihəsi (Azerbaijan Rights Consortium Project) adlı qrantın seçim prosesi USAID-nin qaydalarına görə şəffaf və rəqabətli prosesin bütün ciddi tələblərinə cavab vermişdir. Qrant müraciət etmək istəyən istənilən yerli təşkilata (və ya yerli təşkilatların konsorsiumuna) açıq idi. Ərizələrin qiymətləndirilməsi zamanı istifadə olunan meyarlar aydın şəkildə elanda göstərilmişdir. Sonda layihə həmin meyarlara ən yaxın şəkildə cavab vermiş təşkilata verilmişdir. Həmin təşkilat Azərbaycanda insan hüquqları sahəsində çalışan bütün maraqlı tərəflərlə - onların baxışlarından, əlaqələrindən və siyasi üstünlüklərindən asılı olmayaraq - işləmək və onları dəstəkləmək öhdəliyini öz üzərinə götürmüşdür.

Müraciətdə həmçinin qeyd olunmuşdur ki, Azərbaycan Hüquqlar Konsorsiumu Layihəsinin qalibi rəsmi olaraq elan olunmamışdır. Lakin bu, USAID-in qaydalarına görə mütləq tələb deyil və biz adətən qrantların verilməsinə dair ictimai açıqlamalar etmirik.

Biz, müraciəti imzalamış təşkilatlarla yaxın vaxtlarda görüşüb onları narahat edən məsələləri müzakirə etməyə ümid edirik».
XS
SM
MD
LG