Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:37

Seçki dönəmində təşviqat müddəti 3 dəfə artırılsın?


Foto: Arxiv
Foto: Arxiv
-
Seçki Məcəlləsinə təklif olunan 6 bəndlik dəyişiklik dekabrın 4-də İctimai Palatada müzakirə olunub.

Hüquqşünas və seçki mütəxəssislərinin hazırladığı layihədə təşviqat müddəti 22 gündən 2 aya, seçki kampaniyasının da 2 aydan 4 aya qaldırması təklif olunur.

Proporsional, yəni partiya siyahıları ilə seçki sistemindən də yararlanmaq əsas təkliflərdən sayıla bilər. İctimai dinləməyə qatılanların fikrincə, majoritar və proporsional seçkilərin uzlaşdırılması Azərbaycan cəmiyyətində başqa baxışlara dözümlülüyün və siyasi plüralizmin normaya çevrilməsinə yol açacaq. Seçki komissiyalarının əsas siyasi qüvvələrin bərabər təmsilçiliyi əsasında formalaşması, namizədlərin irəli sürülməsi, qeydiyyatın asanlaşdırması və seçki şikayətlərini müstəqil qrupun araşdırılması məsələləri də dartışılıb.

SEÇKİYƏ İNAMI MÜHİT AZALDIB?

Layihə müəlliflərindən biri, seçki mütəxəssisi Hafiz Həsənova görə, 1998-dən bəri Seçki Məcəlləsinə edilən dəyişikliklər ölkədə seçki mühitini pisləşdirib.
Hafiz Həsənov
Hafiz Həsənov
Onun fikrincə, seçki yolu ilə dəyişikliyə inam elə bu səbəbdən azalıb.

Hafiz Həsənov təkliflər hazırlanarkən beynəlxalq qurumların rəy və tövsiyələrinin nəzərə alındığını söyləyib:

«Bu təklifləri hazırlayarkən, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 2010-cu il parlament seçkilərindən sonra verdiyi 24 təklifi incələmişik».

GÜRCÜSTAN ÖRNƏYİ NİYƏ FAYDALIDIR?

Layihənin həmmüəlliflərindən Müsavat başqanının müavini Gülağa Aslanlı təkliflərin 90 faizinin Gürcüstanın Seçki Məcəlləsində də yer aldığını diqqətə yetirib:

«Gürcüstan o təkliflərin gerçəkləşməsi nəticəsində azad və demokratik seçki keçirə bildi və beləcə, Güney Qafqazda hakimiyyətin seçki yolu ilə dəyişdirilməsi örnəyini yaratdı».

İNDİYƏDƏK MÜMKÜN OLMAYAN ƏMƏKDAŞLIQ MODELİ?

Əl Kərimli
Əl Kərimli
AXCP sədri Əl Kərimli təklifləri müsbət qarşılasa da, hakimiyyətin asanlıqla seçki islahatlarına getməsinin mümkün olmayacağını və bu baxımdan hakimiyyətə basqı göstərilməsini önəmli saydığını bildirdi:

«Əlbəttə, Azərbaycan hakimiyyəti elə hakimiyyətdir ki, xalqın, küçə və meydanlarda təzyiqi olmasa, heç bir seçki islahatına getməyəcək. Ona görə də, biz hakimiyyətə qarşı təzyiqlərimizi artırmaq haqqında düşünməliyik».

Amma o, belə hesab edir ki, hakimiyyət bu təklifləri nəzərə almasa da, Seçki Məcəlləsinə dəyişikliklər memorandumunu imzalayan müxalifət indiyədək mümkün olmayan əməkdaşlıq modelini gerçəkləşdirə bilər.

TƏZYİQ, YOXSA SEÇKİ?

Qurban Məmmədov
Qurban Məmmədov
Hüquqşünas Qurban Məmmədov sənədin imzaya hazır olmadığını deyərək, müxalifətin seçkiyə yanaşma tərzinin aydınlaşdırılmasını daha önəmli vəzifə sayıb:

«Hamı bilir ki, Azərbaycanda seçkilər necə keçirilir. Ya seçki mühitini dəyişərək, təzyiq mexanizmlərini işə salmalı, ya da seçkidə iştirakdan boyun qaçırmalıyıq. Hesab edirəm ki, indiki mühitdə seçkiyə getməklə biz hakimiyyətin seçki oyunlarına şərik olmuş olarıq».

HAKİMİYYƏTİ DƏYİŞMƏYİN ƏN GÖZƏL YOLU NƏDİR?

Memorandumu müxalifətin bir araya gəlməsi üçün ciddi təkan sayan Müsavat başqanı İsa Qəmbər seçkini boykotla bağlı fikirləri qəbul etmədiyini bildirib:

«Seçkidən danışmağın mənasız olduğunu söyləyənlər, «Ölkədə demokratik seçki məcəlləsi, seçki mühiti yoxdur» deyənlər hansı seçkinin boykotundan söz açırlar? O zaman nəyi boykot edirik? Ölkədə hakimiyyətin dəyişməsini istəyiriksə, bunun ən gözəl üsulu elə seçkiyə getməkdir».
XS
SM
MD
LG