Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:45

Naxçıvan polisində yeni işgəncə iddiası


Naxçıvan gömrüyündə döyüldüyü iddia olunan iş adamı Nadir Məmmədov
Naxçıvan gömrüyündə döyüldüyü iddia olunan iş adamı Nadir Məmmədov
-

Həbsdə olan naxçıvanlı iş adamı Məmməd Qurbanov və onun kürəkəni Nadir Məmmədovun işgəncəyə məruz qaldıqları iddia olunur. Bu barədə AzadlıqRadiosuna onların vəkili Xaliq Bağırov məlumat verib.

Dekabrın 24-də vəkil Naxçıvanın Böyükdüz təcridxanasında hər iki məhbusla görüşüb. Onun sözlərinə görə, tutulanların hər ikisi Sədərək RPİ-də işgəncəyə məruz qaldıqlarını deyiblər:

“Təcridxanada görüşdə Məmməd Qurbanov bildirdi ki, ona polis idarəsində dekabrın 8-dən 11-dək işgəncə veriblər. Açıq havada, soyuqda lüt vəziyyətdə saxlayıblar. Əllərini başının arxasına kilidlənmiş formada, ayaqlarını açılmış şəkildə saxlayıblar. Ayaqlarına soyuq su töküb işgəncələr veriblər. Soyuq havada lüt ayaqlara su tökmək ağır işgəncə vasitələrindən biri sayılır. Dediyinə görə 3 gün ərzində ona nə yemək, nə də ki, su verilib. Məmməd Qurbanov ona işgəncələrin Naxçıvan MR DİN-nin şöbə müdiri Qulu Rüstəmov tərəfindən verildiyini deyir”.

Xaliq Bağırov deyir ki, Nadir Məmmədov da işgəncəyə məruz qaldığını desə də bu barədə geniş danışmaq istəməyib:

“Onun bədənində açıq-aşkar işgəncə izləri görünürdü. Mən bu faktları prokurora da göstərdim. Ancaq, prokuror ekspertizanın nəticələrini əsas gətirərək işgəncə faktlarını təkzib etdi. Nadir Məmmədov həmçinin bildirdi ki, ondan zorla jurnalistlər Elman Abbasovla İlqar Nəsibovun əleyhinə ərizə alıblar”.

Vəkil bildirib ki, təkrar ekspertiza keçirilməsi və təqsirləndirilən tərəfin şahidlərinin də dindirilməsi ilə bağlı prokurorluğa vəsatət təqdim edib.

Məsələyə münasibət öyrənmək üçün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə zəng etdik. İşgəncə ilə bağlı iddiada adı çəkilən şöbə müdiri Qulu Rüstəmovla əlaqə saxlaya bilməsək də Nazirliyin Abbasov soyadlı əməkdaşı deyilənləri təkzib etdi:

“Yalan məlumatdır. Nə Sədərək polisində, nə də başqa idarələrdə heç kimə işgəncə verilə bilməz. Bu barədə cənab nazir şəxsən tapşırıq verib. Qulu müəllim haqda deyilənlər yalandır”.

Dekabrın 12-də Sədərək Rayon Məhkəməsi hər iki şəxs barəsində 2 aylıq həbs qərarı çıxarıb.

Məhəmməd Qurbanov noyabrın 8-də AzadlıqRadiosuna bildirmişdi ki, Türkiyədən gətirdiyi ərzaq məhsullarını ölkəyə buraxmaq üçün gömrükçülər ondan rüsumdan artıq pul istəyiblər. Həmin pulu vermədiyi üçün malını anbardan çıxartmağa qoymayıblar. O da məcbur olub jurnalistlər Elman Abbasovla İlqar Nəsibova üz tutub. Məhəmməd Qurbanov iddia edir ki, daha sonra gömrük işçiləri onu və kürəkəni Nadir Məmmədovu mühasirəyə alaraq döyüblər.

Naxçıvan MR Prokurorluğunun yaydığı məlumatda isə Nadir Məmmədovun gömrük işçilərinə qarşı zor tətbiq etdiyi qeyd olunur. Məlumatda bildirilir ki, Nadir Məmmədov əlindəki bıçaqla xidməti vəzifəsini icra edən gömrük işçisi Vüsal Həsənovu vurmaq istəyib. Bu zaman Nadir Məmmədovu sakitləşdirməyə çalışan fəhlə Siyafər Mahmudovun sol əlindən bıçaqla vuraraq ona xəsarət yetirib.

Hadisə üzrə Cinayət Məcəlləsinin 315.1-ci və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb. Sədərək Rayon Prokurorluğu tərəfindən istintaq aparılır. Bu ittihamlarla onlar 3 ildən 7 ilə qədər azadlıqdan məhrum oluna bilərlər.
XS
SM
MD
LG