Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:45

Kilsələrin yarısı boş qalıb... (Seyfəddin Hüseynlinin tərcüməsi)


Arthur Conan Doyle (1859–1930)
Arthur Conan Doyle (1859–1930)

Şerlok Holms haqda məşhur hekayələrin müəllifi Arthur Conan Doyle-dan... din haqda esse

-

Xristianlıq onsuz da dəyişilmək məsələsində, çox dedikcə, gecikib: o qədər gecikib ki, kilsələrin yarısı artıq boş qalıb; indi onun yeganə, əsas dayağı qadınlardır...


Arthur Conan Doyle


DİN YENİ VƏHY İŞIĞINDA

(ixtisarla)

(Rus dilindən Seyfəddin Hüseynli tərcümə edib)

Təfəkkürün üfüqlərini hansısa yolla genişləndirməyə, İnsanla Yaradan arasındakı münasibətlərin şərhində mərhəmətin yerini, təsirini artırmağa yönəlmiş istənilən cəhd hər zaman kilsə xadimlərinin qəti müqavimətilə qarşılaşıb.

Ancaq tarix göstərir ki, bu müqavimət insan zəkasının ayin və ehkamların dəmir buxovlarından tədricən qurtulmasını heç cür əngəlləyə bilməyib; ən yuxarı nəticəsi həmin qurtuluşu bəzən azacıq ləngitmək olub.

İndilərdə bizim bəxtimiz xeyli gətirib: hətta ruhaniliyin özündə, bu ierarxiyanın fərqli pillələrində, mütərəqqi dünyanın onlardan tamam üz çevirməməsi üçün, dindar zümrənin daha dözümlü, daha anlayışlı davranmasının vacibliyini qəbul edən insanlar var.

Müzakirələrin gedişində «din» kəlməsi çox zaman elə məqamlarda işlədilir ki, mənim fikrimcə, orada «ayin» sözünü işlətmək daha çox yerinə düşərdi.

Din – hər bir insanın ruhu ilə Yaradan arasındakı bağlılıqdır və onun zahiri ifadəsi fərdin davranışlarında təzahür tapır.

Bütün oturuşmuş qaydalar, ayin və ehkamlar ruhun yüksəliş vasitələridir. Bu yüksəlişə xidmət etdikləri müddət ərzində onların var olmağa haqqı çatır. Ancaq öz xidmətini başa vurandan sonra onlar normal həyata və inkişafa mane olan daşlaşmış təzahürlərə çevrilir və artıq mövcudluq haqqını itirir.

Dinlə bağlı yayılan materialların çoxunda təkrar-təkrar eyni bir yanlışlığa yol verilir. Bu yanlışlıq belə bir postulatla ifadə edilir ki, guya ayinlərin istənilən şəkli ilə, o cümlədən Ulu Gözəgörünməzlə ünsiyyətdə olmaq xətrinə böyük daş binaya üz tutmaqla həqiqi din arasında hansısa əlaqə var.

Həyatın özündən aldığım dərs isə mənə deyir ki, qətiyyən belə deyil. Tanıdığım son dərəcə gözəl insanlar vardı ki, məbədlərə üz tuturdular, ancaq eyni yolla, mənim
Roma papası 16-cı Benedikt (öndə)
Roma papası 16-cı Benedikt (öndə)
anıdığım, bəzi zay adamlar da gedirdilər. Olduqca parlaq şəxsiyyətlər görmüşəm ki, məbədə getməyiblər, amma bundan yayınan sarsaq tanışlarım da olub.

Yalnız kilsəyə getdiyinə görə xeyirxah olan və yalnız oraya getmədiyi üçün qəddarlaşan bircə nəfərə də rast gəlməmişəm.

Bununla belə, əksərən belə hallar dinin yüksəlişinin yaxud tənəzzülünün əlaməti kimi götürülür. Halbuki arada heç bir əlaqə yoxdur.

Cəmiyyətdə həqiqi dini yüksəlişin gerçək əlamətləri bunlardır:

1) belə mövzulara yanaşmada insanların, öz inancından asılı olmayaraq, əmin-amanlıqda, dinc, dost kimi yaşamalarına imkan verən, daha mülayim və geniş dünyagörüşlərin mövcudluğu;

2) kriminal durumun yaxşılaşması;

3) insanın güclü mənəvi özünənəzarətə sahibliyinin göstəricisi kimi, spirtli içkilərdən istifadənin azalması;

4) insanın öz heyvani təbiətini daha çox cilovlamasının əlaməti olaraq, qeyri-qanuni cinsi münasibətlərin seyrəlməsi;

5) zəkanın bədənə üstün gəlməsini göstərən mütaliəyə, mühazirələrə, elmə meylin güclənməsi;

6) qənaət və imtinanın təzahürü olaraq, əmanət banklarındakı hesabların böyüməsi;

7) fəaliyyətin və səmərəliliyin artmasının sübutu kimi, ticarətin çiçəklənməsi;

8) xeyriyyə müəssisələrinin sayının və insanın heyvanlar qarşısındakı məsuliyyət hissinin artması.

Tərəqqinin baş verməsini həqiqi mənada əks etdirən bu cür gerçək göstəricilər daha dəyərlidir, nəinki yaşayışın səviyyəsinə elə bir dəxli olmayan, yalnız ayinlərə riayətlə bağlı səthi qiymətləndirmələr.

Dindarlığın, özünü «ehkamçı inanc» adlandıran, xüsusilə amansız bir növü var. O, bəşər övladına taundan və aclıqdan daha böyük ziyan vurub...

…Əgər insan özünün seçdiyi yolda, bir katolik kimi Roma Papasından, yaxud anqlikan olaraq yepiskopdan, yaxud fərdiyyətçidirsə, adi bir keşişdən dəstək, kömək görür, bütün bunlar onun daha xeyirxah, daha nəcib adam olmasına imkan verirsə, bu, hər bir halda, gözəldir. Onun daşıdığı istənilən inanc forması möhtəşəmdir…

…Ehkam və ayinlər, yaxud yanlış mənada götürülən «din» üzərində israrla dayanmaq bəşəriyyəti bir-birilə əbədi mübarizəyə girişən təriqətlərə parçalamaqdır: çünki hansısa təriqətin nə vaxtsa digərlərini tamamilə udub yox edəcəyini düşünmək belə mümkünsüzdür.

Bosniya-Hersoqovina - bosniyalı xorvat qadın kilsədə şam yandırır 25 dekabr 2012
Bosniya-Hersoqovina - bosniyalı xorvat qadın kilsədə şam yandırır 25 dekabr 2012
Biz hamımız sanki nəhəng dənizdəki, ona verilən kompas təyinatı ilə üzən, kiçik bir gəmidəyik. Ancaq təcrübədən bilirik axı: kompasın göstəricilərini eyni cür görən və ifadə edən iki adam dünyasında tapılmaz.

Uca Yaradan bizə belə bir kompas bəxş edib: bu, zəkadır – insanın ən ali qabiliyyəti. Və bu zəka bizə deyir ki, əgər hər bir təriqət öz iddialarını azca yumşaldıb, özünü qonşularından ayıran məqamları daha bərkdən vurğulamaqdan vaz keçib, onlara yaxınlaşdıran məqamları əsas tutsa, həqiqi dinə aidiyyəti olmayan, bəşər tarixi boyunca yalnız qan tökülməsinə və cürbəcür bədbəxtliklərə – başqa amillərin cəmindən daha artıq dərəcədə - rəvac verən dini təfriqələrin tədricən səngiməsinə müəyyən ümidlər cücərə bilər…

…Mən, əslində çoxlarına həddən ziyadə aydın görünməli olan, bəzilərinin qınaqla qarşıladıqları bir həqiqəti önə çəkmək istərdim: Xristianlıq ya dəyişilməlidir, ya da məhv olmalıdır. Həyatın qanunu belədir: əşya və təzahürlər ya mühitə uyğunlaşırlar, ya da sıradan çıxırlar.

Xristianlıq onsuz da dəyişilmək məsələsində, çox dedikcə, gecikib: o qədər gecikib ki, kilsələrin yarısı artıq boş qalıb; indi onun yeganə, əsas dayağı qadınlardır; bir tərəfdən cəmiyyətin təhsilli qismi, o biri tərəfdən də ən yoxsul hissəsi, həm şəhərdəkilər, həm də kəndlilər ondan üz döndərməyə başlayıblar…

…İnsanlar Kilsədən ona görə uzaqlaşırlar ki, onlara həqiqət adı altında çatdırılan faktlara ürəkdən inana bilmirlər. Onların zəkası və ədalət duyğusu eyni dərəcədə zədələnib. Ədalət anlayışını yalnız nəzirin, qurbanın savabında, ya da Tanrının bunların müqabilində göstərəcəyi lütfdə axtarmaq olmaz. Üstəlik, «günahların bağışlanması» və başqa bu cür ifadələr çoxları üçün anlaşılmazdır.

…Mənim fikrimcə, Məsihin ölümünə həddindən artıq əhəmiyyət verilib. İdeya uğrunda ölmək – bu, elə də nadir hadisə deyil. Hər bir dinin belə cəfakeşləri olub. İnsanlar zaman-zaman öz əqidələri naminə ölümə gediblər. İndinin özündə minlərlə gəncimiz Fransada eyni vəziyyətlə üz-üzədir. Bu baxımdan, Məsihin ölümü, «İncil»də hər nə qədər təsirli təqdim olunsa da, görünür, bəşər tarixində qeyri-adi dərəcədə əlamətdar bir hadisə – islahat uğrunda ölmək kimi əsaslı rola yiyələnməyib. Məsihin ölümünə ifrat dərəcədə çox, ömür yoluna isə bir o qədər az diqqət ayrılıb, halbuki həqiqi böyüklük və gerçək ibrət məhz bu sonuncudadır. Bu, elə bir ömür yoludur ki, hətta bizə gəlib çatmış
İsa Məsihin heykəli, ABŞ
İsa Məsihin heykəli, ABŞ
n məhdud rəvayətlərə görə də, onda gözəllikdən uzaq bircə cizgi də tapılmaz: özgələrə münasibətdə fitri dözümlülük, hər kəsi əhatə edən insaf, mərhəmət duyğusu, düşüncənin şərti genişliyi, nəcibanə cəsarət hesabına zənginləşmiş bir ömür yolu!

Daima irəliyə və ucalığa yönələn, yeni ideyalara açıq, amma ortadan qaldırılan ideyalara – bəzən onların keşikçilərinin cahilliyi, fanatizmi Məsihin özünü də hövsələdən çıxarsa belə – əsla kin bəslənilməyən bir ömür yolu! Xristian dininin əsasında bu heyrətamiz, qeyri-adi ömür yolu dayanmalıdır əslində …

…Mənim «Bibliya»ya, eləcə də digər müqəddəs kitablara baxışım belədir ki, onlar bizə palçığa bulaşmış qızıl təqdim edir, zəkamıza isə bunları bir-birindən ayırmaq səlahiyyəti verilib. Bu mənada, “Tövrat”da qızıldan çox, palçıq var. "İncil"də isə, qızıl, palçıqdan xeyli artıqdır. «İncil»in ruhu daha aydındır – xristianlığın əsası da bundan ibarətdir…

Onu deməliyəm ki, Tanrı Kəlamının bəşəriyyətə guya yalnız iki min il bundan əvvəl, həm də bircə dəfə və biryolluq göndərildiyinə mən inanmıram: elə bilirəm, nəsrlə yaxud nəzmlə yaradılan, insan ruhu üçün faydalı olan bütün əsərlər, müəyyən mənada, Başqa Aləmdən göndərilən kəlamlardır - hər bir canlı varlığa layiq şəkildə yaranıb-yayılan kəlamlar.

Bu mövzuya dair fikirlərimi bir şairin yuxarıda deyilənlərlə səsləşən kəlmələri ilə bitirmək istərdim: "Bütün dinlər, təriqətlər ötərgidir, Öz vədəsi var onların, gəlib-gedir; Ancaq hər biri Sənin nurunun zərrəsidir, axı - Sən onların hamısından daha parlaqsan, İlahi!"
XS
SM
MD
LG