Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:38

İsa Qəmbər prezidentliyə namizəddir


İsa Qəmbər
İsa Qəmbər
-
«16 oktyabr 2013-cü ildə keçiriləcək növbəti prezident seçkilərində Müsavat Partiyasının prezidentliyə namizədi kimi İsa Yunis oğlu Qəmbərin namizədliyi təsdiq edilsin...».

Yanvarın 4-də Müsavat Partiyasının Məclisində həmin sözlər alqışlarla qarşılandı və beləcə, İsa Qəmbərin prezidentliyə namizədliyi təsdiqləndi. İsa Qəmbər alqışlara seçkidən sonra gərək duyulacağına işarə etdi:

«İnanıram ki, bu alqışlar 2013-cü ilin oktyabrın 16-17-də bizim qələbəmiz gerçəkləşəndən sonra çox yerinə düşəcək».

O, 2013-cü ildə köklü demokratik dəyişikliklərin başlanacağına inandığını bildirdi:

«Ölkənin, xalqın problemlərinin həll edilməsinin yolu ölkədə hakimiyyət dəyişikliyindən keçir. Opponentlərimiz bir neçə fikri tez-tez təkrarlayırlar. Deyirlər ki, namizədliyi irəli sürmək zamanı deyil. Ölkədə demokratik mühit yaradılmalıdır. Seçki üçün demokratik şərait yaradılmalıdır, bundan sonra namizədlik barədə danışmaq olar. Guya biz 20 ildir ölkədə demokratik şərait yaratmaq uğrunda mübarizə aparmırıq? Əgər, xüsusilə son iki ildə heç bir müsbət dəyişiklik əldə edilməyibsə, deməli, mübarizəyə yeni ideyalar verilməlidir. Prezident seçkilərində iştirak qərarının özü də ölkədə demokratik seçki uğrunda mübarizəyə əlavə təkan verəcək».

NORMAL SEÇKİ KAMPANİYASI APARMAQ İMKANI YOXDUR...

Müsavat başqanı seçkilərdən çəkilmək ehtimalına da toxundu: «Prosesin gedişində baxacağıq, əgər hansısa qüvvə bizdən daha şanslı, daha güclü olacaqsa, həmin qüvvəyə dəstək verəcəyik».

Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ölkədə demokratik seçki mühitinin və müxalifətin birliyinin yaradılmasını daha önəmli saydıqlarını vurğuladı:

«İndiki halda seçkidə iştirakla, namizədliklə bağlı qərarın verilməsi ölkədə real dəyişikliklərə xidmət etməyəcək. Çünki normal demokratik şərtlər olmadığına görə, indiki reallıqlar çərçivəsində normal seçki kampaniyası aparmaq imkanı da yoxdur. Seçki ərəfəsində şərtləri dəyərləndirib, şəraiti nəzərə alandan sonra seçki ilə bağlı qərar verilə bilər. Əgər bu şərtlər nəzərə alınmırsa, indidən seçkidə iştirak qərarı verilirsə, bu o qədər də doğru deyil».

«İLHAM ƏLİYEVƏ HEÇ BİR RƏQİB YOXDUR»

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Trend agentliyinə müsahibəsində bildirib ki, «Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevə heç bir rəqib yoxdur».

O, İsa Qəmbərin namizədliyinin irəli sürülməsini Müsavat başqanının müxalifətin vahid namizədi kimi qəbul edilməməsinin sübutu sayır:

«Müsavatın qərarı bir daha onu göstərdi ki, İsa Qəmbəri Azərbaycan müxalifətində heç bir partiya, heç bir ictimai qurum vahid namizəd kimi qəbul etmir».

Azərbaycanda prezident seçkiləri oktyabr ayında keçiriləcək.
XS
SM
MD
LG