Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:26

Obama ABŞ-ın müdafiəsi və kəşfiyyatını kimə etibar edir?


Barack Obama, Johhn Brennan(sağ) və Chuck Hagel(sol)
Barack Obama, Johhn Brennan(sağ) və Chuck Hagel(sol)
-

Prezident Barak Obama respublikaçı senator Chuck Hagel-in müdafiə naziri vəzifəsinə namizədliyini irəli sürüb. Prezident deyib ki, Vyetnam müharibəsindən keçmiş cənab Hagel onun diqqətini, partiya maraqları üzərindən də adlamağı bacaran bir siyasətçi kimi cəlb edib.

«Söhbət ölkəmizin müdafiəsindən gedəndə, biz nə demokrat, nə də respublikaçıyıq, biz amerikalıyıq», Obama deyib.

VYETNAMIN ÇAPIQ VƏ QƏLPƏLƏRİNİ DAŞIYAN SENATOR

Ağ Evdə keçirilən nominasiya mərasimində Barak Obama Chuck Hagel-i vətən naminə döyüşlərin çapıq və qəlpələrini bədənində daşıyan bir şəxs kimi təqdim edib.

Media yazır ki, namizədliyi təsdiq edilərsə, Chuck Hagel həqiqi hərbi qulluqda, yəni əsgərlikdə olmuş və Vyetnam müharibəsindən keçmiş ilk müdafiə naziri olacaq.

Cənab Obama həmçinin CIA - Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə, uzun illərdir prezidentin anti-terrorçuluq üzrə müşaviri çalışmış John Brennan-ın namizədliyini təklif edib. Cənab Obama Brennan-ı «əl-Qaidə-ni qarabaqara izləməkdən yorulmayan ictimai xadim» adlandırıb.

«Mən son dörd ildə onun heç yatdığından da əmin deyiləm», prezident deyib.

HAGEL-İ İRAN VƏ İSRAİLƏ GÖRƏ TƏNQİD EDİRLƏR

Ağ Ev
Ağ Ev
ABŞ və Britaniya mətbuatı yazır ki, hər iki posta namizədlər hər iki partiyadan ciddi dirəniş görəcək.

Cənab Hagel-i ən çox tənqid edən elə onun öz partiyadaşlarıdır. O, İraq müharibəsini əvvəlcə dəstəklədiyinə, lakin sonra ona qarşı çıxdığına və Obama-nın 2008-ci ildə prezidentliyə namizədliyinə tərəfdar olduğuna görə respublikaçı partiyadaşlarının tənqidi ilə üzləşir. Tənqidçiləri həm də Hagel-in İsrail və İran məsələlərindəki keçmiş mövqelərini qabardırlar.

Hagel İran İnqilab Keşikçilərinin terrorçu təşkilat kimi qeydə alınmasının əleyhinə səs verib və 2007-ci ildəki çıxışlarından birində Konqresi İsrailə yardım məsələsində həmişə «ləbbeyk» deməkdə günahlandırıb. O, bu zaman «yəhudi lobbisi» ifadəsini açıq şəkildə işlətmişdi.

Respublikaçı senator Lindsey Graham Hagel-in namizədliyinə qarşıdır və bildirir ki, seçilərsə, cənab Hagel Amerika tarixində İsrailə ən ziddiyyətli münasibət bəsləyən müdafiə naziri olacaq.

Texas ştatından senator Ted Cruz Hagel-dən İrana yumşaq münasibətinə görə narazıdır. Cənab Cruz bildirib ki, Chuck Hagel ABŞ düşmənləri qarşısında zəiflik nümayiş etdirib.
«The Guardian» qəzeti yazır ki, bir çox respublikaçı Hagel-in İsrail və İran məsələlərinə baxışlarını yaxşıca çək-çevir etməyə çağırırlar.

YƏHUDİLƏR HAGEL BARƏDƏ

Konqresdəki respublikaçı çoxluğun lideri və yeri gəlmişkən, kökləri ilə Şərqi Avropaya bağlı və Konqresdə yeganə yəhudi Eric Cantor bildirib ki, Hagel-in İsrailə münasibətdə tutduğu qızışdırıcı mövqe «aysberqin yalnız görünən tərəfidir».

ABŞ bayrağı
ABŞ bayrağı
Respublikaçı Yəhudi Koalisiyası da bu namizədliyin əleyhinə çıxır. Təşkilatın yaydığı bəyanatda deyilir ki, «Chuck Hagel-in təyinatı İsrailin təhlükəsizliyi üçün narahat olan hər bir amerikalının üzünə sillə kimi qiymətləndirilməlidir».

Yəhudilərin Milli Demokrat Şurası isə, əksinə, bildirir ki, keçmişlərdəki narahatlıqlara baxmayaraq, müdafiə naziri kimi təsdiq olunarsa, Hagel Amerikanın İsrailə danışıqsız dəstək siyasətinin tərəfdarı olacaq.

Hagel-i tənqidlərə hədəf edən eləcə də onun keçmişdə homoseksualların orduda qulluq etməsinə qarşı çıxmasıdır.

HAGEL MÜHARİBƏ CƏHƏNNƏMİNİ ŞƏXSƏN GÖRÜB

Lakin cənab Hagel-in dəstəkçiləri bildirirlər ki, ən başlıcası söz yox, əməldir və senatorun bir millət vəkili kimi səsvermə tarixçəsinə diqqətlə baxılmalıdır. Onlar deyirlər ki, Hagel İsrailə 38 milyard dollarlıq yardımın lehinə səs verib və bu ölkənin liderləri ilə dəfələrlə görüşüb.

Chuck Hagel-in tərəfdarları deyirlər ki, o, ABŞ və İsrail arasında «xüsusi münasibətlərə» inanır, lakin bu münasibətin səmimi olmasını istəyir. Onlar israr edirlər ki, Hagel bir sıra xırda, texniki istisnalarla həmişə İrana qarşı sərt sanksiyalara səs verib.

O, qəbul edir ki, İrana qarşı hərbi əməliyyat variantı həmişə masanın üstündə olmalıdır, lakin Vyetnam cəhənnəmini şəxsən görmüş siyasətçi kimi bütün diplomatik vasitələrdən istifadənin tərəfdarıdır.

Bu məqamı prezident Obama xüsusi vurğulayıb: «Chuck bilir ki, müharibə mücərrəd bir şey deyil. O, başa düşür ki, biz, cavan amerikalıları toz-torpaqda və palçıq içində qanlarını axıtmağa yalnız o vaxt göndərməliyik ki, bu, tamamilə zəruri olsun».

AĞ EV İNAMLIDIR

George W. Bush
George W. Bush
Administrasiya bildirir ki, namizədlərin təsdiqinin asan olmayacağını bilir, lakin uğur qazanacağına tam inanır. Ümid edilir ki, respublikaçılar Vyetnam və partiya veteranına, Nebraskadan iki dəfə seçilmiş və xarici işlər və kəşfiyyat komitəsinin üzvü olan senatora hər halda badalaq vurmayacaqlar.

Prezident George W. Bush-un müdafiə naziri olmuş Colin Powell deyib ki, Hagel-i bu vəzifəyə əla namizəd hesab edir. O, «bu görkəmli amerikalının» namizədliyini tez bir zamanda təsdiq etməyə çağırıb.

BRENNAN – OBAMAN-IN ADAMI

Ekspertlərin fikrincə, CİA-Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) John Brennan-ın namizədliyinin irəli sürülməsi göstərir ki, Barack Obama MKİ-nin Ağ Evlə sıx bağlı olduğu «yaxşı vaxtlara» qayıtmaq istəyir.

Bununla belə, cənab Brennan George Bush-un terror şübhəlilərinin dindirilməsi sisteminin yaradılmasında oynadığı rola görə tənqid edilir. Cənab Brennan deyir ki, o dindirmə prosesinin taktik ayrıntılarında heç bir rol oynamayıb.

Ağ Ev MKİ-nin rəhbəri vəzifəsinə iki namizəd üzərində düşünürdü: Brennan və bu təşkilatda 30 ildən artıq işləmiş direktor əvəzi Michael Morell.

Administrasiya rəsmiləri etiraf ediblər ki, son seçimdə Brennan-ın Barack Obama-ya şəxsi yaxınlığı həlledici məqam olub. Dörd ildir ki, prezidentin anti-terror üzrə müşaviri olan John Brennan Osama bin Laden-in öldürülməsi reydi də daxil olmaqla, Ağ Evin bütün çətin seçimlərində fəal rol oynayıb.

Ağ Evin müşaviri kimi John Brennan, Barack Obama-nın anti-terror əməliyyatlarında pilotsuz təyyarələrdən və ya dronlardan geniş istifadə planının və onların Yəməndə də tətbiqinin qızğın tərəfdarı olub.

Misirdə aksiya
Misirdə aksiya
O, həmçinin Yəməndə və Somalidə prezidentin emissarı kimi fəaliyyət göstərib və Ağ Evin «Ərəb baharına» münasibətdə siyasətinin formalaşdırılmasında əsas rollardan birini oynayıb.

Belə fikirlər var ki, Brennan-ın təsdiqi, Hagel-kindən daha problemsiz ola bilər.

PREZİDENTİN İDEAL ÜÇLÜYÜ

Ekspertlər bildirirlər ki, Ağ Ev bu iki namizədi və bir də dövlət katibi kimi John Kerry-ni təsdiqlətdirə bilsə, Obama növbəti 4 il üçün özünün milli təhlükəsizlik komandasını formalaşdıracaq.

Ağ Evdəki ən yadda qalan çıxışlardan biri də müdafiə naziri postunu tərk edən Leon Panetta-nın vida nitqi olub. O, deyib ki, indi özünün qoz bağında, qozların bir-birindən necə fərqləndiyini öyrənməyə daha çox vaxtı olacaq.

Amerika Konqresi də elə buna bənzər bir seçim qarşısındadır.
XS
SM
MD
LG