Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:21

Gülər Əhmədova: «Qoy hami bilsin ki, Əvəz Zeynallını mənə görə həbs etməyiblər»


Gülər Əhmədova
Gülər Əhmədova
-

«Qoy hamı bilsin ki, Əvəz Zeynallını mənə görə həbs etməyiblər». Keçmiş deputat, ABU-nun sabiq rektoru Elşad Abdullayevin videolarında adı hallanan sabiq millət vəkili Gülər Əhmədova «Bizim yol» qəzetinə müsahibəsində belə deyib. «Əvəz Zeynallını mənə görə ittiham etməyiblər. Yəni mənim dediklərim təsdiqlənmədisə, lap yaxşı, təsdiqlənməsin, mən bir şey deyə bilmərəm. Bu məsələnin təsdiqlənib-təsdiqlənməməsi mənim səlahiyyətlərim daxilində deyil. Eyni zamanda, mən bir daha demək istəyirəm ki, bu barədə mətbuatda tez-tez yazırlar, onu mənimlə bağlı ittiham etməyiblər, cinayət işində tamam başqa ittihamlar var. Mən cinayət işində şahid kimi keçmişəm».

Gülər Əhmədova Elşad Abdullayevin videoları haqda sualı cavablandırarkən deyib ki, videolar montaj edilib. «Ancaq hər halda ekspertizanın rəyini gözləyirəm, ekspertizanın rəyindən sonra bu barədə fikirlərimi söyləyəcəm... Mən istintaq altında olduğumdan, müsbət, yaxud mənfi fikir işlətsəm, bu, artıq istintaqa təsirim kimi qiymətləndiriləcək».

OĞLUMUN ƏSGƏR GETMƏSİNDƏN QƏTİYYƏN NARAHAT DEYİLƏM

Keçmiş deputat qəzetin «Oğlunuzun hərbi xidmətə çağırılmasına sosial şəbəkələrdə ortaq yanaşma belədir ki, onu girov götürüblər, Sizi nəzarətdə saxlamaq üçün» sualına belə cavab verib: «Azərbaycanda azərbaycanlı balasını heç kim girov apara bilməz... Mən hər halda, belə şeyə inanmaq istəməzdim. İkincisi, əsgər getmək hər bir azərbaycanlı kişisinin borcudur. Burada bir anormallıq axtarmağa ehtiyac görmürəm. Mən oğlumun əsgər getməsindən qətiyyən narahatçılıq hissi keçirmirəm, fəxr edirəm ki, övladım hərbi xidmət üçün sağ-salamatdır».

«Vəkil Ramiz Zeynalov Elşad Abdullayevin son videolarının ekspertiza vasitəsilə təsdiqləndiyini söyləyib. Sizin də olduğunuz videolar təsdiqlənsə, nə edəcəksiniz?» sualına isə müsahibin cavabı belə olub: «Mən heç nə etmərəm, çünki videoların montaj olduğunu bilirəm. Bəzi adamlardan və deputatlardan fərqli olaraq kifayət qədər texnikanı bilirəm, ətrafımda texnikanı bilən insanlar da yetərincə var. Dəfələrlə bu məsələylə bağlı müxtəlif insanlarla məsləhətləşmişəm də. Ancaq hər halda ekspertizanın rəyini gözləyirəm, ekspertizanın rəyindən sonra bu barədə fikirlərimi söyləyəcəm».

ÖLÜB-ÖLMƏMƏK ALLAHIN ƏLİNDƏDİR

Gülər Əhmədova qəzetin «Elşad Abdullayevin «Gülər Əhmədova da ehtiyatlı olmalıdır, öldürülə bilər» xəbərdarlığını nəzərə alırsınızmı?» sualını da cavabsız qoymayıb: «Ölüb-ölməmək məsələsi Allahın əlindədir, «Qurani-Kərim»də «Hücrələr» surəsində çox gözəl fikir var, deyir ki, Allahın izni olmadan bir yarpaq belə ağacdan düşə bilməz».
XS
SM
MD
LG