Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:52

Əsgərin ölümü ilə bağlı bir əsgər və bir zabit həbs olunub


Samirə Qubatova
Samirə Qubatova
-
Yanvarın 11-də Baş prokuror Zakir Qaralov mərhum əsgər Ceyhun Qubatovun anası Samirə Qubatovanı və qohumu Əsmayə Sadıqovanı qəbul edib.

Bu haqda AzadlıqRadiosuna Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib:

«Baş prokuror ailəyə üzv vermiş ağır faciə ilə bağlı başsağlığı verib. Hərbi prokurorluqda başlamış cinayət işinin xüsusi nəzarətə götürüldüyünü bildirib. Tam, hərtərəfli istintaqın aparılması, o cümlədən təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması barədə ətraflı məlumat verib. Mərhumun xidmət etdiyi hərbi hissənin bir əsgər və zabitinin həbs olunması barədə onlara məlumat verib».

ƏSGƏR ANASININ AÇIQLAMASI

«Mənim kədərimdən, mənim qüssəmdən heç kəsin sui-istifadə etməsinə ixtiyarı yoxdur. Xahiş edirəm bu hadisədən siyasi məqsədlər üçün istifadə olunmasın və bununla bağlı hər hansı bir aksiyanın keçirilməsinin tamamilə əleyhinəyəm».

APA-nın məlumatına görə, Daşkəsəndəki hərbi hissələrdən birinin mərhum əsgəri Ceyhun Qubatovun anası Samirə Qubatovanın ictimaiyyətə müraciətində belə deyilir.

AzadlıqRadiosu Samirə Qubatovaya zəng vurub. O, bu müraciətin müəllifi olduğunu nə təkzib edib, nə də təsdiqləyib.

Samirə Qubatova ağlayaraq sadəcə bunu deyib: «Mən kimisə mitinqə çağırmışam? Mənim 18 yaşımda balam gedib, mənim evimdə yas düşüb. Mitinqlə mənim balam geri gələcək?...». Bununla da telefon danışığına son verib.

APA-nın dərc etdiyi müraciətdə isə Samirə Qubatovanın adından deyilir:

«Mən Azərbaycan dövlətinə, onun prezidenti İlham Əliyev cənablarına inanıram və ümidvaram ki, oğlumun ölümü ilə əlaqədar başlanmış cinayət işi obyektiv araşdırılacaq və bu işdə təqsiri olan bütün şəxslər cinayət məsuliyyətinə cəlb olunmaqla layiqli cəzalarını alacaqlar».

Rəsmilər Ceyhun Qubatovun ürək çatışmazlığından öldüyünü bildirsələr də, anası onun işgəncələrlə, döyülərək öldürüldüyünü deyir. Bundan sonra Facebook sosial şəbəkəsində «Əsgər ölümünə «DUR» deyək kampaniyasına start verilib. Kampaniyaya 13 mindən çox adam qoşulub. Eləcə də gənclər yanvarın 12-nə etiraz aksiyası təyin ediblər.

Yanvarın 11-də Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə AzadlıqRadiosuna bildirib ki, paytaxtda şəhər icra hakimiyyəti ilə razılaşdırılmayan istənilən qanunsuz aksiyanın qarşısı polis tərəfindən alınacaq.

TƏK ÖVLADIN HƏRBİ XİDMƏTƏ ÇAĞIRILMASI YENİDƏN AKTUALLAŞIB

Üzeyir Cəfərli
Üzeyir Cəfərli
Ailənin tək övladı olan 1994-cü il təvəllüdlü Ceyhun Qubadov ötən ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılıb.

Ceyhun Qubatovun ölümü tək övladın hərbi xidmətə çağırılması məsələsini yenidən gündəmə gətirib. Hərbi xidmətə çağırışın əsasları haqqında qanuna görə,
ailənin tək övladı olanlar da hərbi xidmətə çağırılır.

Hərbi ekspert Üzeyir Cəfərli deyir ki, 5-6 il öncəyədək tək övladlar ön xəttə göndərilmirdi. İndi belə deyil:

«Deyirlər ki, qanun qarşısında hamı bərabərdir. İndi gəlib yeganə övladını itirmiş bu anaya cavab versinlər. Əvvəllər bizdə belə bir qanun vardı ki, tək oğullar ön xəttə aparılmırdı. Sonra dedilər ki, onsuz da Azərbaycanda ailələrdə bir oğlan, bir qızdır, əvvəlki ailələr kimi deyil. Tək oğulları aparmasalar da, bizdə insan resursları var».

Tək övladların hərbi xidmətə çağırılması məsələsi 2011-ci ildə parlament müzakirəsinə çıxarılmışdı. Onda deyilmişdi ki, Milli Məclis, Müdafiə Nazirliyi və Prezident Administrasiyası hərbi qanunvericilik aktlarının monitorinqini aparır və dəyişikliklər müzakirəyə çıxarılacaq. Hələlik, bir yenilik yoxdur.

CƏMİYYƏTİN ETİRAZLARI ARTIB

Ceyhun Qubatovun ölümü əvvəlki əsgər ölümlərindən fərqli olaraq, cəmiyyətdə daha böyük etirazla qarşılanıb. Sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciət yayılıb. Müraciətdə bildirilir ki, orduda əsgər ölümlərinə diqqət ayrılmalı, problem təcili şəkildə həll
Ələkbər Məmmədov
Ələkbər Məmmədov
olunmalıdır.

Silahlı Qüvvələrə Vətəndaş Cəmiyyəti Mərkəzinin direktoru Ələkbər Məmmədov deyir ki, cəmiyyətin etirazları bu sahədəki vəziyyətin dözülməzliyi ilə bağlıdır:

«Vəziyyət böhran həddinə çatıb. Daha öncə iki hərbçinin ölümüylə bağlı mənə valideynlər müraciət etmişdi. Pərviz İsgəndərli və İsmayıl İbayevin valideynləri. Həmin valideynlər övladlarının ölümündən sonra daxili orqanlarının çıxarılması məsələsini qaldırmışdılar. Onda da cəmiyyət etirazını bildirmişdi. Həmin hadisələrdən sonra hamı fikirləşdi ki, yəqin ordu rəhbərliyi nəsə bir tədbir görəcək. Amma görmədi. Bu hadisədən sonra cəmiyyətin tələbi artıb, çünki hamının övladı, qohumu hərbi xidmətə çağırılır».

Norveçdə mühacir həyatı yaşayan müdafiə nazirinin keçmiş müavini İsa Sadiqov deyir ki, reaksiya çox kəskin olmalıdır:

«İtkilər belə sürətlə davam edirsə, deməli, belə faciə ilə hər bir ailə rastlaşa bilər. Bu qədər itkilərdən sonra prezident, müdafiə naziri iş başındadırlar. Normal cəmiyyətdə bunlar baş verməməlidir. Bu qədər itkilərdən sonra onlar istefa verməlidirlər».
XS
SM
MD
LG