Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:48

Nazim Hikmət: "Bakıda, Kirovabadda paxlavanı düz bişirə bilmirlər" (11)


Vera Tulyakova və Nazim Hikmət
Vera Tulyakova və Nazim Hikmət
-

- Siz nə bilmişdiniz, bu paxlavanın reseptini azərbaycanlılar bizdən götürüb. Yox, kim nə deyir-desin, paxlavanı birinci türklər bişirib!

– Hə, radio, elektrik, buxar maşının da birinci siz tapısınız! – deyb gülürəm.



Vera Tulyakova-Hikmət


NAZİMLƏ SON SÖHBƏTİMİZ

(Nazim Hikmətin son sevgilisi olan Veranın bu xatirələri ilk dəfə 2007-ci ildə Rusiyanın "Oktyabr" dərgisində çap edilib. Əlyazmalar əsasında əsərin jurnal variantını Anna Stepanova hazırlayıb. Ruscadan tərcümə Günel Mövludundur)


əvvəli

Yeməklər, uşaqlar, üzlər, minarələr, hətta “Hilton” oteli – hər şey Türkiyədəki kimi idi. Sən hər yerdə vətənindən nəsə axtarırdın və burada, Qahirədə vətənini sənə xatırladan şeylərə daha çox rast gəlirdin.

– Sən narahat deyilsən ki? Narahat olmursan ki? – deyə tez-tez məndən soruşurdun.

Küçədə təsadüfən qarşılaşdığımız bir çex dostumuz Qahirənin küçə alverçilərinin bol-bol satdığı şərq şirniyyatlarını görərkən sənin gözlərinin necə parladığını görüb dəhşətlə qışqırdı:

– Belə şeyləri bunlardan almaq olmaz! Ancaq və ancaq dükanlardan. Küçə alverçilərindən aldığınız paxlavalarla birlidə təsəvvür edə bilmədiyiniz keçici xəstəlikləri də ala bilərsniz! Vərəm çöpləri, traxoma, allah bilir daha nələr. Mən üç ildi burada işləyirəm. Bilirəm belə şeyləri. Bu xırda alverçilər faciəvi dərəcədə antisanitar haldadırlar.

O bizi böyük bir şirniyyat dükanına apardı. Sən uşaqlıq dövrünün şirniyyatlarının düzüldüyü şüşə vitrinin arxsında dayanmışdın. Mənə dedin:

– Verusya, tut məni. Bu dəqiqə bunların hamısını ala bilərəm. İlahi, bilirsən bunlar necə
Misir - Qahirənin qədim məhəllələrindən biri
Misir - Qahirənin qədim məhəllələrindən biri
dadlıdır?! Özü də lap Türkiyədəki kimidir! Paxlavaya bax, şərbəti axır! Yəqin sən heç vaxt belə şeylər yeməmisən. İlahi, ağzımın suyu axır! Bilirəm ki, gülməli görünürəm, amma neyləmək olar?! Bu Şərq nemətlərini yeməkdən ötrü alışıb yanıram!

Çex dostumuz birtəhər səni masaya əyləşdirə bildi. Sən uşaq kimi qorxurdun ki, piştaxtadan aralansan, sənə istədiklərinin ancaq yarısını verəcəklər. Amma bizim çex dostumuz vəziyyəti sahmana sala bildi. Müxtəlif xəmir şirniyatları ilə dolu nəhəng bir sini gətirərək dedi:

– Burdan istədiyinizi seçə bilərsiniz. Qalanlarını qaytararıq. Sonra mən pulunu ödəyərəm.

– Sonra niyə? – sən həyəcanla dedin. – Mən elə indi ödəyərəm, – deyib, piştaxtaya tərəf qaçdın.

– Hə, bax, bu əsl ziyafətdi! Bunu başa düşə bilirəm, amma içki mənə çatmır. Sərxoş ola bilmirəm. Heyif ki, belə alındı. Ah, mənim Əkbər babam! Atasının indi nə yediyin görmür! Ona başa sala bilmirəm ki, Bakıda, Kirovabadda paxlavanı düz bişirə bilmirlər. Onların paxlavaları kobud olur. Ağızda ərimir, şəkəri qum kimi dişlərin altında xırçıldayır. Amma burda lap bizdəki kimidi – əriyir! – növbəti dilimi ağzına ötürüb dedin. – Yox, mən gərək bir dəfə Əkbəri əsl türk paxlavasına qonaq eləyim! Siz nə bilmişdiniz, bu paxlavanın reseptini azərbaycanlılar bizdən götürüb. Yox, kim nə deyir-desin, paxlavanı
Gəncə paxlavası
Gəncə paxlavası
birinci türklər bişirib!

– Hə, radio, elektrik, buxar maşının da birinci siz tapısınız! – deyb gülürəm.

– Onları yox, amma paxlava dəqiq bizlikdi! İmkan verin heç olmasa nəyisə birinci biz eləyək!

Qahirədən yola düşəndə sən həmin şirniyyat dükanına girib bir qutu paxlava aldın və dedin ki, onu uzaq yol üçün nəzərdə tutulmuş bağlamaya büksünlər. Paxlavanı şirəsi axmasın, özü əzilməsn deyə qalın və yumşaq kağızlara bükdülər. Sən qutunun rəngli bantından yıpışdın, satıcı ilə əl görüşüb, ona izah elədin ki, bu paxlavanı Moskvaya, özü müsəlman olan, ömründə əsl paxlava yeməyən əziz dostuna hədiyə aparırsan.

– Hə, müsəlmanlar hər yerdə, o cümlədən Moskvada da yaşayırlar. Hə. bəs nə bilmişdiniz?

Təyyarədə qutunu dizinin üstünə qoyub, barmaqlarınla bantı oynadırdın.

– Gəl, onu yuxarı qoyaq - dedim.

– Eybi yoxdu, mən saxlayaram.

Nil çayının üstü ilə uçurduq. Uşaqlığımızın «mavi» Nili yuxarıdan tünd sarı rəngdə görünürdü. Mən pəncərədən gözümü çəkmirdim. Birazdan sənə tərəf çevrildim. Sən qutunun bantını açıb, əlini içinə salmışdın.

– Orda nə axtarırsan? – dedim.

– Paxlavanın şirəsinin axıb-axmadığını yoxlayıram.

Türk paxlavasının növlərindən biri (Ankara, Beypazarı)
Türk paxlavasının növlərindən biri (Ankara, Beypazarı)
Qutunun içinə baxdım. Paxlavanın bir dilimi çatmırdı.

– Axı sən bunu Əkbərə hədiyyə aparırsan …

– Görmürsən, nə çoxdu? Bifşteks boyda on yekə dilim var. Əkbər onsuz da bu qədər paxlavanı tək yeyə bilməyəcək. Bunu da ki, çox saxlamaq olmaz. Quruyar. Dadını itirib, Gəncə paxlavasına oxşayacaq...

Mən qutunun ağzını bağladım, sən bir az sakitləşdin.

– Sən yatmırsan ki? – bir-iki dəfə məndən soruşdun. – Yuxun gəlmir?

Sonra yuxu məni apardı. Gözlərimi açanda sənə baxdım. Ağzın, ovurdların dolu idi. Qutunun ağzı səliqəsizcə açılmışdı, kağızların hamısı cırılmış, paxlavanın isə yarıdan çoxu yeyilmişdi.

– Sən neynirsən, Nazim?! – dedim. – Paxlavanın hamısını yemisən ki!

– Nə bilim! Özümü saxlaya bilmədim. özüm də bilmədim – necə yedim hamısını. Burda bir az qalıb, amma gərək bunları da yeyim qurtarım. Bir-iki dilimi adama necə hədiyyə vermək olar?
Sonra tərəddüd eləmədən qutuda qalan iki dilimdən birini də ağına atdın.

– İlahi, bəs indi sən Əkbərə nə deyəcəksən? O elə pis olacaq ki...

– Niyə pis olur ki? – dedin. – O bilmir axı mənim ona paxlava gətirmək istədiyimi.

Təyyaradən “Şeremetyevo” aeroportuna düşəndə bizi Babayev qarşıladı. Sən onu qucaqlayıb dedin:

– Oy, Babayev, oy, paşam. Atan sənə Qahirədən paxlava almışdı. Qahirədən! Əsl paxlava! Amma yolda dözə bilməyib hamısını özü yedi...

Belə də bilirdim. Bu gün səhər ertədən evi yığışdırmağa başlayanda, hiss eləyirdim ki, nəsə qəribəyəm. Səninlə bağlı nəsə olanda, kəşfiyyatçı kimi, əvvəlcədən hiss eləyirəm. Sən demə, sənin gizlinlərin də varmış. Özü də elə-belə, xırım-xırda yox, jurnal masası boyda bir kitab. Əla. Sağ ol, Nazim! Gözəl, nadir bir kitab. İndi bu bizim evimizdəki ən gözəl kitabdı. Əlbəttə, sənin kitabların bu müqayisədə iştirak eləmir. YUNESCO-nun buraxdığı «Qədim rus ikonaları» kitabı. Sən onu hardan tapmısan? Amma ən qiymətlisi sənin qeydindi

«Vera Vladimirovnanın qırx beş yaşının tamamına hədiyyə. Sevgilərlə: Nazim. 1960».

Deməli, dörd il əvvəl sən onu gətirib, yastığının altında gizləmisən. Və susmusan! Sənin zarafatların adamı qorxudur. Amma mən sevinirəm. Qətiyyən təəccüblənib eləmirəm, əksinə, elə bilirəm, kitabı mənə öz əlinlə bağışlamısan. Bilirsən, indi mənim neçə yaşım var? Otuz iki yarım...Görəsən qırx beş yaşa çox qalıb, yoxsa göz açıb-yumunca gəlib çatacaq?

Odu ki, zarafat elə, amma unutma. Mənə artıq iki nəfər səni bu günlərdə “Belorusskaya” metrosunun girişində gördüklərini deyiblər. Yox. İnanmıram. Sən yerin altına niyə girəsən ki? Mən həmin stansiyaya çıxmayacam.

ARDI
XS
SM
MD
LG