Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:29

Cəlil Cavanşirin məktəbli inşasına oxşayan romanı...


İradə Musayeva
İradə Musayeva
-

Heç bir söz deməyən bu söz yığını yükünün altında səhifə-səhifə irəliləyirik - itirilmiş vaxt boşluğunda təəssüflənə-təəssüflənə...


Tənqidçi İradə Musayeva bu məqaləsi ilə gənc yazar Cəlil Cavanşirin "Qanun" nəşriyyatında "Ən yeni ədəbiyyat" seriyasında çap edilmiş "İtirilmiş əlyazma" romanının müzakirəsinə qoşulur.


İradə Musayeva


ITIRILMIŞ VAXT...

(Cəlil Cavanşirin “İtirilmiş əlyazma” romanı haqqında)

Əsərin təhkiyəçi qəhrəmanı gənc oğlan babası - müharibə veteranı, milisioner, ferma müdiri, kolxoz sədrinin müavini, amma “Ministr” Musanın vəsiyyətinə əsasən, Azərbaycanın 7 əsrlik tarixini, (düzdür, onun 2 əsrlik səhifələri qaranlıq qalır...) həm də özünün nəsil şəcərəsini qələmə almaq qərarına gəlir.

Tarix XIV əsrə gedir və ya XIV əsrdən başlayır: Şirvanşahlar tarixi - Şirvanşah İbrahim və onun varislərinin tarixi...

Yəqin ki, Cəlil Cavanşirin “ İtirilmiş əlyazma” əsəri haqqında başqa bir variantda, müsbət təqdimatlı cümlələrlə də sözə başlamaq olar. Məsələn: vətənini, xalqını dərin məhəbbətlə sevən, onun bugünkü faciəli durumunu ürək ağrısı ilə müşahidə edən gənc yazar bizi öz kökümüzə, yenilməz şahlar, xanlar, bəylər, üləmalar və qəhrəmanlar, sərkərdələr dövrünə aparıb çıxarır. Gəncliyi, bu günün oxucusunu çoxəsrlik tarixi məlumatlarla marifləndirir. Romanda tarix, mistika, bədii təxəyyül gücünə oxucusunu öz cazibəsində saxlayan müəllif ictimai-siyasi plandakı əsas və önəmli ideoloji məsələləri, maraqlı sevgi-məhəbbət macəraları, nümunəvi ailə-məişət münasibətləri ilə əlaqəli şəkildə təqdim edir və s.

Fəqət, bu yanılış, qabıq və köpük effektli cümlələri davam etdirmək fikrindən uzağıq. (Ehtimal ki, əsər haqqında bu cür fikirlər səslənib və ya səslənəcək).

Azərbaycan tarixi ilə bağlı məktəbli inşası pafosu ilə yazılan “İtirilmiş əlyazma”da türkçülük, islamçılıq, dövlətçilik, millətçilik, sufilik, hürufilik məlum ədəbi ənənələri təqlid və təkrar səviyyəsində işıqlandırılır. Cəlil Məmmədquluzadədən tutmuş İsa Hüseynov, Fərman Kərimzadə, Əzizə Cəfərzadə, Əlisa Nicat və onlarla kökümüzə, soyumuza, səyahətə tarix qapısından girən müəlliflərin fikirləri, tərzi, hətta cümlələri ilə qarşılaşdıq bu əsərdə...

Nizami, Nəimi, Nəsimi, Xətai ilə bağlı misallar və “ tarixçi yazır”- deyə giriş verilən Azərbaycan tarixi kitabından götürülmüş sitatlar da Cəlil Cavanşirin oxucusunu onun sevdirmək istədiyi tarixə bağlaya bilmir. Hətta, babaların balışının altında gizlətdiyi məzmunu bəlli qara dəri üzlü dəftərlər-əlyazmaları da bizi maraqlandırmır...

Məktəbli inşasına bənzətdiyimiz əsərin ilk cümlələrinə diqqət edək:

“Axar-baxarlı Böyük Qafqazın ətəklərində, Şəki ilə Qəbələnin qonşuluğunda yerləşən Oğuz rayonunun ən gözəl və böyük kəndi olan kəndimiz, eləcə də, kəndimizin böyükdən-kiçiyə bütün insanları mənə çox doğmadı. Insanları, xüsusilə, eyni havanı udub eyni təbiəti paylaşdığım insanları sevməyi babamdan öyrənmişəm. Babam bütün ömrünü bu kəndə, onun camaatına həsr etmişdi. Bu kənd dağı, daşı, tarixi, insanları ilə bizə çox doğma idi. Haqqında ən qədim tarixi mənbələrdə rastlaşdığım, oxuduğum məlumatlar məni hər zaman qürurlandırırdı. Tarixdə Şirvanşahlara aid yer adlarından danışanda Xaçmazın adı xüsusi çəkilir ” s 5,

“Babam məhz bu kəndi, yaşı min illərlə hesablanan Xozması-Xaçmazı çox sevirdi. Onu bu torpağa bağlayan qəribə və ecazkar bir qüvvə var idi. Ağrılı-acılı müharibə illərində uzaq cəbhələrdə döyüşəndə də onu qələbələrə səsləyən məhz bu kənd, onun mehriban, qayğıkeş camaatı olmuşdu” s 6,

Cəlil Cavanşir, "İtirilmiş əlyazma"
Cəlil Cavanşir, "İtirilmiş əlyazma"
“Hərdən baba ocağına gedəndə, onun nəsihətlərinə, nağıllarına, danışdığı maraqlı hekayətlərə qulaq asmaq ehtiyacım yarananda babamla eyni otaqda yatmaq, gecənin gec saatlarına qədər onun danışdığı maraqlı əhvalatları dinləmək üstündə dayı uşaqları ilə əməlli-başlı mübahisə edərdik” s 7-8

Heç bir söz deməyən bu söz yığını yükünün altında səhifə-səhifə irəliləyirik-itirilmiş vaxt boşluğunda təəssüflənə-təəssüflənə...

Böyüyəndə dayıları kimi böyük adam olacağına söz verən oğlan həm də babasını inandırır ki, gələcəkdə onun danışdığı əhvalatları yazıb bütün nəvələrinə verəcək.

Musa babasının da öz babasından dinləyib əski əlifba ilə yazdığı dəftərin varisi Tofiq dayısıdır. O isə dəftəri itirib... 20-dən artıq tarixi-etnoqrafik filmə ssenari yazmış gənc oğlan həm də ilk dəfə “Şirvanşahların gizli tarixi” filmini çəkib. (Babasının söhbətləri əsasında...)

Əkinçiliklə məşğul olan İbrahim Şirvanşahların farslaşmasının əleyhinə çıxır və kəsranilərə qarşı üsyan hazırlayır.

Müəllif bir çox fəsillərdə - “Ulu babamız İbrahim”, “Hacı Həsən və Nadir şah”, “İbrahimin aşiqliyi”, “Ölümlü-itimli dünya”, “Şirvanşahla gizli varisin görüşü”, “Doqquzuncu qul”, “ Könüllər sultanı”, “Seyid Yəhyanın saraya gedişi”, “ Dünya dəyişir”, “Ərənin ölümü”- Azərbaycanı və onun tarixini Şirvanşah İbrahim, Nadir şah, Pənahəli xan Cavanşir, Topal Teymur, Miranşah və başqa tarixi şəxsiyyətlərlə yanaşı təxəyyüllə yaradılan varislər və digər köməkçi sürətlər vasitəsilə bədii-mifik və romantik-emosional düşüncələr fonunda obrazlaşdırmağa çalışır. Bu özünüyaratma, özünəqayıtma cəhdlərində isə dönüb-dönüb tanış, köhnə, artıq təkrar-təkrar rastlaşdığımız səhnələrin ortasına düşürük:

“ Yazdığım, babalarımın şanlı tarixi idi və mən bu tarixin bir parçası idim... Xəyalımda özümü Şirvanşah qoşunlarının sərkərdəsi kimi hiss edirdim ” s 29-30

Tarixlə qürurlanmaq və tarixin itirilmiş əlyazmalarda daha şanlı-şöhrətli, əzəmətli olması ehtimalları ilə nağıllara uymaq bu günün oxucusunu nə qədər düşündürür?

Tarixin ən çox yayılmış və rəvayətlənmiş faktlarını ictimai-siyasi və etno-tarixi aspektlərdən, yeni ədəbi düşüncə tərzi meyarlarına uyğun şəkildə deyil, sadəcə tarix dərsi şəklində (Nəbi müəllimin tapşırığına əməl kimi) bədiyyata çəkmək sadəlövh baxışın primitiv inikası kimi əks-səda verdi.

Yəqin ki, müəllif bu günki Azərbaycan insanının içində gəzdirdiyi aşağılıq kompleksini silmək, aradan götürmək üçün bu qədər həyəcanla, demək olar ki, hər səhifədə “şanlı-şöhrətli, qüdrətli, əzəmətli ana vətən - Azərbaycan” təbliğatını aparır.

Bu sevgini hər kəs dəstəkləyər. Lakin, vətənpərvər olmaq yaxşı yazıçı anlayışı ilə ekvivalent olmadığı üçün, biz vətəndaş Cəlil Cavanşiri yox, yazıçı Cəlil Cavanşiri tənqid etmək zorundayıq.

Çünki, müəllifin Azərbaycan haqqında bədii salnamə yazmaq və bu epik dastanı sanki tarixin künc-bucağından çəkib çıxarmaq cəhdi boş göründü.

XXI əsr dünya-bəşəriyyət və Azərbaycan kontekstindən çıxmış, sadəcə tarixçilərin, salnaməçilərin dastanlaşmış, nağıllaşmış Azərbaycanı hər kəsin məktəbli yaddaşında qalmaqdadır.

Cəlil Cavanşir
Cəlil Cavanşir
Müəllif əsərinin fəlsəfi qatını ancaq sufi-hürufi təriqətinin nəzəri sitatlari ilə doldurur:

“Ərən “Cavidannamə”dən “İlahi vəcdi” öyrənirdi... Ruhunu zənginləşdirəcək hər şey onu maraqlandırır, düşündürürdü. Nəimi Cavidannamədə yazırdı:
...Dünya üzərində hökmranlıq dünyanı dərk etmək yolu ilə əldə edilə bilər. Dünyanı dərk etmək isə cisimlərin xislətinin öyrənilməsindən başlanır...
Insan cəmi cisimlərin təzahürü və xalqın ən kamil yaranmışıdır. Axirət dünyası, qiyamət günü və ölülərin dirilməsi ilə bağlı olan cəmi iddialar uydurmadır. Hər şey, cənnət də , cəhənnəm də bu dünyadadır” s 84


Məhəbbət qatında İbrahim və Hüsnüay macərası fraqmentlərlə diqqətə çatdırılır.

Ümumiyyətlə, həyat həqiqətləri və tarixi gerçəkliyə müəllifin yanaşma prinsipi bəsit və birmənalı olduğu üçün tarixi ədəbiyyatlaşdıra bilməyib, tarixdən ədəbi estetik yararlanmanı uğursuz şəkildə icra edib. Oxucu elə hey baba nəsihəti, vəsiyyəti eşidir. İbrahim, Ərən, Hacı Həsən, Musa vətənin tarixini oxuyub göz yaşı tökürlər:

“Qışın soyuğuna baxmayaraq, isti və rahat evdə yumşaq yorğan-döşəkdə yuxuya gedəndə Musa yenə də bütöv Azərbaycan haqqında düşünürdü” s 73,

“Ara-sıra babasındanqalma dəftəri götürüb vərəqləyir, gündə 5 dəfə göz yaşı töküb Azərbaycanın birləşməsi üçün dua edirdi” s 74


Əsər boyu tarix, əlyazma, nəsihət oxuyan hər kəsin ağladığını görürük.

“Ərən kitabların arasında köhnə bir əlyazma tapdı. Şirvanşahların bütün tarixi və ulu babalarının nəsihətləri toplanan bu əlyazmanın itməməsi üçün, əvvəlcə onu yenidən cildlətdirib, sonra ən maraqlı yerlərinin üzünü köçürməyə qərar verdi. Dəri üzlü dəftər nəsildən-nəsilə keçdikcə daha sadə, daha anlaşılan dildə qələmə alınırdı. Amma əsas məqsəd, əsas məram dəyişmirdi. Ilk səhifələrdəcə ən önəmli nəsihət dünyəvi arzu və istəklərdən qaçmaq, taxt-tac hərisi olmamaq idi. Dəftərdə dönə-dönə tövsiyə olunurdu ki, dünyəvi hakimiyyətdən uzaq qalmaq lazımdır. Ərən burda yazılanları oxuduqca, sanki, gözləri açılırdı. Sona çatanda atasının yazdığı qeydləri göz yaşı içində oxudu” s 75

Bir çox məqamlarda müəllif bu günün reallığını İbrahimin tarixi uzaqgörənliyi kimi təqdim edir. Məsələn, Pənahəli xan Cavanşirə erməniləri Qarabağdan qovmağı məsləhət bilir, “Ermənilərin gələcəkdə Şuşaya sahiblənmək, Qarabağı ələ keçirmək istədiklərindən çox qorxuram” deyir.

Əsərdə Gövhərşah, Qutluq, Alpər, Aydoğdu, xəlvətiliyin mənəvi davamçısı Seyid Yəhya və onlarla digər obrazların səciyyəvi, tipik və xarakterik cizgiləri görünmədi.

Şirvanşah İbrahimdən başlanan əlyazma Cəlil Cavanşirdə bitir deyəsən...

İtirilmiş (fərqi yoxdu -“Yarımçıq”) əlyazma məlum tarix kitablarının məlum sitatları ilə “İtirilmiş əlyazma” adlı roman cildində qarşımıza çıxdı.
XS
SM
MD
LG