Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:23

Əsgər ölümünə etiraza cərimə [Video]


Hüquq müdafiəçisi İntiqam Əliyev və cərimə olunanlar - Azad Gənclik Təşkilatının sədri Ülvi Həsənli və NİDA Vətəndaş Hərəkatının İdarə heyətinin üzvü Rəşad Həsənov bu haqda fikirlərini bildirirlər.

-


İntiqam Əliyev:

«O aksiyanın qəhrəmanları Azərbaycan gəncliyi idi. Aksiya bir daha bütün dünyaya nümayiş etdirdi ki, bu ölkədə onun taleyini çiyinlərinə götürə biləcək və ləyaqətlə apara biləcək gənclik yetişir. Sadəcə olaraq, bu hakimiyyət o gəncliyə üzə çıxmağa, bu məsuliyyəti boynuna götürməyə imkan vermir və o hakimiyyət bu gənclikdən qorxur. O gəncliyin nümayəndələrinə bu gün cərimə kəsilib. Hökumət öz münasibətində və mediasında bu aksiyaya 200-300 adam qatıldığını bildirib. Hər hansı bir aksiyada 200-300 adam öz etirazını bildirirsə, hansısa bir problemi qaldırırsa, normal hökumət səslənən fikirlərə münasibət bildirməlidir. Say önəmli olmalı deyil bu cür məsələlərdə. Say məsələsində isə nə qədər ədalətsiz olduqlarını çəkilən və yayılan videomateriallar sübut edir. İkinci, Azərbaycanda televiziyalar müstəqil olsaydı, insanların problemlərini çatdırmaq üçün imkanları olsaydı, əminəm ki, yüz minlərlə insan çıxardı o aksiyaya. Aksiyaya çıxanları hakimiyyət müxtəlif üsullarla qorxutmasının da təsiri var. Əslində say məsələsinin qabardılması hakimiyyətin acizliyinin nümayişidir. Əvvəlcədən toplumda belə bir fikir formalaşmışdı ki, heç kimi həbs etməyəcəklər, cərimələr olacaq. Bu da yeni bir taktikadır. Çünki həbslər artıq gəncləri, fəalları qorxutmur. Hakimiyyət həbslərlə bağlı ciddi başağrıları olduğundan, yeni taktika seçməli olduğunu başa düşürdü. İlk baxışdan cərimə adi görünə bilər. Amma 300 -600 manat cərimə həddən artıq böyükdür. Nəzərə alsaq ki, həmin gənclər hakimiyyətdə oturub rüşvət almırlar. Onlar üçün hakimiyyət normal iş yerləri belə açmır...».

Ülvi Həsənli:

«Əvvəla 600 manatım yoxdur. İkincisi 600 manatım olsa belə, mən o cəriməni ödəmərəm. Çünki bu qanun obyektiv və adekvat deyil. Bu qanunu hansı parlament qəbul edib? Gülər Əhmədova kimi deputatların oturduğu parlament. Üçüncüsü, çıxıb etiraz etmək bizim konstitusion haqqımızdır. Zorakı metodlarla aksiya keçirməmişik, polisi döyməmişik. Etiraz etmişik, sonra da çıxıb getmişik...».

Rəşad Həsənov:

«Mən təbii ki, bu cəriməni ödəməyəcəyəm. Onsuz da mən onu bilib gəlmişəm o aksiyaya. Bu qanunlar çıxandan xəbərdarıq ki, belə qanunlar var. Sırf bu qanunların işləməməsi üçün əlimizdən gələn hər şeyi edəcəyik. Mənim bu cəriməni ödəyə biləcək qədər pulum olsa belə, bu qanunların üstünə gedilməlidir. Biz verə bilsək belə bu cəriməni, sabah onu ödəyə bilməyəcək insanlar var. Biz onları da düşünməliyik. Bu gün biz 20-30 nəfərik, sabah nə olacaq bilmirik. Bu gün özümüz üçün işləmirik, aksiyaya da özümüz üçün çıxmamışdıq...».
XS
SM
MD
LG