Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:30

Qış turizmi? Camaatın çoxu heç xizək görməyib


İlham Əliyev «Şahdağ» yay-qış turizm kompleksində
İlham Əliyev «Şahdağ» yay-qış turizm kompleksində
-
Azərbaycanda qış turizmi deyəndə, ilk ağla gələn Qusardakı «Şahdağ» yay-qış turizm kompleksi olur. Ən azından, iki ildir, sadə azərbaycanlılar telekanallardan prezident İlham Əliyevi və xanımını bu mərkəzdə görür, onların xizəklə sürüşməsinə, kanat gəzintilərinə həm maraqla, həm də həsədlə baxırlar.

Kompleksin açılışı 2011-ci ilin fevralında olub. 2 nömrəli kanatın və xizək enişinin açılışında prezident demişdi ki, bu, tarixi hadisədir:

«İlk dəfə olaraq Azərbaycanda dağ xizəyi kurortu fəaliyyətə başlayır. Bu, doğrudan da böyük və tarixi hadisədir. Heç vaxt Azərbaycanda dağ xizək kurortları olmayıb. Heç sovet dövründə də olmayıb. Dünyanın ən qabaqcıl təcrübəsi öyrənildi, ən inkişaf etmiş ölkələrin dağ xizək imkanları araşdırıldı. Burada ən qabaqcıl texnologiya, ən gözəl təcrübə tətbiq olunur».

İMKAN OLSA, QUSARA, ŞAHDAĞA GEDƏRDİK

Xizək sürüb kanata minmək elə adi azərbaycanlıların da ürəyindən keçir. «Ölkə daxilində qışda haralara getmək istərdiniz» sualını cavablayanlar da Qusarın adını çəkir:

- Vallah, qışda getməyinə heç yerə getməmişəm. Ancaq imkan olsa, Qusar tərəfə gedərəm.

- İndi Quba-Qusar tərəfə getmək istəyərəm. Çünki Bakıda qar az olur. Orada isə qar çoxdur. Həm də xizək-zad da var.

- İndiyədək dağlıq yerlərdə olmuşam. Məni cəlb edən Qusardır. Oranın dağları, havası, şəraiti.

- Mən tələbəyəm. İmtahanlara görə hələ heç yerə getməmişəm. Mənə dağlıq yerlərə getmək maraqlı olar. Məsələn, Gədəbəyə getmək istərdim.

- Mən Şamaxıda, Qəbələdə olmuşam. Qış maraqlı olur. Qusara getmək istəyərəm.

Foto: Arxiv
Foto: Arxiv
«Bakı-Turizm» şirkətinin meneceri Gülnar Eyvazova deyir ki, qış vaxtı xizək sürmək istəyənlər Qusara gedir. Başqa rayonlarda oradakı şərait yoxdur:

«Xizək sürmək, kanata minmək istəyənlər, Qusardakı «Şahdağ» kompleksinə gedirlər. İndi orda yerlər məhduddur. Qiymət, ikinəfərlik səhər yeməyi də daxil, 60 manatdır, daha yüksək qiymətlər də var. Ancaq bura avadanlıqların kirayəsi daxil deyil».

Tələbə Vaqif Əmirli deyir ki, o, bu qış Şahdağda olub. Düzdür, bacarmadığı, həm də öyrənə bilmədiyi üçün xizək sürməyib:

«Gedib orda qar gördüm. Bakıda qar olmur ki. Mən qara görə getmişdim. Xizək sürməkdən qorxuram. Həm də iki günlük getmişdim. Bəlkə daha çox qalsaydım, öyrənə bilərdim».

Keçən ilin dekabrında «Şahdağ» qış-yay turizm kompleksinə daxil olan otellərin açılışında Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev prezidentə demişdi ki, layihənin növbəti mərhələsində yeni kanat yolları salınacaq. Qolf meydançası, müxtəlif klublar, kiçik mehmanxanalar, pansionat, gənclər mərkəzi, at ferması da fəaliyyət göstərəcək.
«Şahdağ» qış-yay turizm kompleksi Şahdağ Milli Parkının ərazisində yerləşir. 2 min 58 hektar ərazisi var. Kompleksin ilboyu fəaliyyət göstərməsi nəzərdə tutulur. Mütəxəssislər deyir ki, layihənin reallaşdırılması ölkədə dağ-xizək idman növlərinin inkişafına yol açır.

CAMAATIN ÇOXU HEÇ XİZƏK GÖRMƏYİB

Şahdağdan başqa Azərbaycanda qış mövsümündə Quba, Zaqatala, Qax və Balakən rayonlarına da turlar təşkil olunur. Səfərlər çox vaxt ancaq gəzintidən, qartopu oynamaqdan ibarət olur.

«Euro-Tourism» şirkətinin prezidenti Azad Əliyev deyir ki, azərbaycanlılar, adətən, qışda xarici ölkələrə üz
Foto: Arxiv
Foto: Arxiv
tuturlar:

«Bizə müraciət edənlər əsasən xarici ölkələrə gedir. Dünyanın müxtəlif ölkələrinə səfərlər təşkil edirik. Azərbaycanın bölgələrinə getmək istəyənlər çox az müraciət edir. Həm də qışda ölkə daxilinə hara gedə bilərlər ki? Əhalinin çoxu heç xizək görməyib. Ölkə daxilindəki otellərin çoxu heç qışda fəaliyyət göstərmir. Həm də havanın soyuq olmasına görə. Düzdür, indi kimsə bəlkə qarı sevir, harasa gedir, ancaq onlar çox azdır. Azərbaycan daxilində qış vaxtı az-az səyahətə çıxırlar. Getsələr də, bir-iki günlük olur. Qışda sifarişlər xaricə olur, daxilə yox. Bəlkə bu, inkişaf etməyib, ona görə».

«Bakı-Turizm» şirkətinin meneceri Gülnar Eyvazova deyir ki, qış vaxtı qiymətlər münasib olur. Müştərilər çox olmasa da, elə bir qıtlıq da yoxdur:

«Ən çox sifarişlər bayram ərəfələrində olur. Ölkə daxilində Quba-Qusardan başqa Qəbələyə, İsmayıllıya, Şəkiyə səfərə çıxırlar. Adamlar daha çox həftə sonları gedir. Səfərin bir günü 45 manata başa gəlir. Bura gündə 3 dəfə yemək də daxildir. Qış vaxtı qiymətlər münasib olur. May ayından başlayaraq qiymətlər yüksəlir».

QAR YOXDURSA, SÜNİ MEYDANÇA VAR

Bakıda hələ sürüşməyə, qartopu oynamağa imkan yoxdur. Qar yağmır, axı. Gözünün qurdunu öldürmək istəyənlər şəhərdəki süni buz meydançalarına üz tuturlar.

İlk dəfə buz meydançasına çıxan Teymur Cabbarlı deyir ki, sürüşmək onda xoş duyğular oyadır:

«Sürüşmək çətindir. Gərək öyrənəsən. Əslində, bir az təhlükəlidir. Bəlkə də birinci-axırıncı dəfə sürüşürəm. Ancaq gərək hər şeyin dadına baxasan».

Tələbə Teymur deyir ki, qışda turist səfərinə çıxmaq onun ən böyük arzusudur:

«Hələlik, cibimə uyğun yer tapmamışam. Bir az pulum olunca, ya Gürcüstana, ya da Türkiyəyə gedəcəyəm».
XS
SM
MD
LG