Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:03

«Bunlar təsadüfi etiraz aksiyaları deyil...»


Bakı sakinləri İsmayıllı etirazları barədə...
Gözlə

No media source currently available

0:00 0:02:47 0:00

Bakı sakinləri İsmayıllı etirazları barədə...

-
«Yəqin ki, onlar çətinlik ucbatından çıxıblar. Haqsızlığa, məhrumiyyətə görə. Gərək bundan sonra onları incitməsinlər. O azad söz deyən adamlara Allah kömək olsun».

Təqaüdçü Sabir Axundovun İsmayıllıda baş verənlər haqda fikirləri belədir. Deyir ki, bundan sonra etiraz aksiyasına qatılmış adamların həbs olunacağından narahatdır.

Yaşar Əsədovun İsmayıllıda olub-bitənlərdən dolğun məlumatı olmasa da, dediyinə görə, hadisələr ona tanış görünür:

«İsmayıllıda baş verənlər haqda tam məlumatım yoxdur. Ancaq güman edirəm ki, Azərbaycan reallığında sosial-iqtisadi vəziyyətə, hüquqsuzluğa qarşı etirazdan başqa bir şey deyil. Ola bilsin ki, xırda insident-filan baş versin. Ancaq kökündə mütləq sosial narazılıq durur».

Kiçik sorğuya qatılan başqa sakinlər bu fikirləri dilə gətirdilər:

Eldar Həsənov:

«İki nəfər vəzifəli adamın uşaqları gəlib birinin maşınını vurub. Onlar cəzasını almalıdır. Üstəlik, İsmayıllı camaatını da söyüblər. Camaat da bu üzdən ayağa qalxıb».

Rauf Əliyev:

«Adam yerində otura-otura, kimsə gəlib onu söyüb-döyürsə, camaat nə etməlidir? Adamların da hüququ var, axı. İnsanların hüququnu polis, məhkəmə, hökumət qorumursa, onlar nə etməlidir?».

Sveta Əfəndiyeva:

«Məncə, camaatın heç bir təqsiri yoxdur. İcra hakimiyyəti əhaliyə qiymət vermir, adamları saymır».

Valeh Mirzəyev:

«Bu, xuliqanlıq hadisəsidir. Kim törədib, bilmirəm. İqtidar mətbuatı bir cür təqdim edir, müxalifət mətbuatı da başqa cür. Oxuyanda da adam çaşıb qalır. Müxalifət mətbuatı yazan doğrudursa, onda biabırçılıqdır. İqtidar mətbuatı yazan doğrudursa, onda belə hal olmamalıdır».

Elçin Cəfərov:

«Eşitdim orada toqquşma olub. Maşınları yandırıblar. Məncə, bu, cavan adamların törətdiyi xuliqanlıqdır».

Aydan Əmirova:

«Adamların hərəkəti düzgün deyil. Pulu olana paxıllıq edirlər».

Elnur Quliyev:

«Orada camaat məmur özbaşınalığına etiraz edib. Camaat çörəkpulunu qazana bilmir. Aclıqdır. İnsan dolur-dolur... bir gün partlayır».

«DÜNYA DİKTATORLARSIZ MƏKANA ÇEVRİLƏCƏK»

İsmayıllıda baş verən hadisələr sosial şəbəkələrin də geniş müzakirə mövzusudur.

«Vətəndaş» imzalı istifadəçi yazır ki, «ərəb baharı da elə bu cür başlamışdı. Heç kəs də istəmirdi. Ancaq uçqun başladısa, qarşısını almaq mümkün olmayacaq».

«Müasir demokrat» adlı istifadəçinin fikrincə, «gedən proseslər göstərir ki, yaxın 5-10 il ərzində dünya diktatorlarsız məkana çevriləcək. Bizdə olan monarxiya və korrupsioner diktatura daha qısa zamanda getməlidir».

İsa Qəmbər
İsa Qəmbər
«Mehdi» imzalı şəxsin fikrincə, «Azərbaycan xalqı prezidentinə inanır. Onun arxasında möhkəm birləşərək belə dağıdıcı insanlara qulaq asmamalıyıq. Onların hamısı dövlətimizin adını ləkələmək istəyirlər».

«BU, ÇOX CİDDİ XƏBƏRDARLIQDIR»

Siyasi partiyalar da İsmayıllı olaylarına öz yanaşmalarını bildiriblər. Müsavat başqanı İsa Qəmbər deyib ki, vəziyyət bütün ölkədə eynidir:

«Ona görə də bu cür hadisələrin istənilən rayonda baş verməsi mümkündür».

AXCP sədri Əli Kərimli hökuməti bu cür aksiyaları düzgün təhlil etməyə, nəticə çıxarmağa çağırıb.

Xalq Partiyasının sədri Pənah Hüseynin fikrincə, ölkədə repressiv rejimə baxmayaraq, camaat sözünü deyir. Hakimiyyət də camaatı eşitməlidir:

«Bu, çox ciddi bir xəbərdarlıq, ciddi sosial mesajdır. Ölkədə ciddi islahatlar aparılmasa, köklü dəyişikliklər olmasa, İsmayıllı hadisəsi daha böyük miqyasda təkrarlanacaq. Ölkədə inqilabi dəyişiklik labüd olacaq. Hakimiyyət bu hadisədən də nəticə çıxarmasa, aqibətinin necə olacağı açıq-aydın görünür».

ADP sədri Sərdar Cəlaloğlunun dediyinə görə, baş verənlər Azərbaycan dövlətçiliyi ilə yanaşı, müxalifət üçün də
Lalə Şövkət
Lalə Şövkət
təhlükəlidir:

«İnqilabi proseslər xalqa, dövlətə, ilk növbədə müxalifətə ziyandır. Birinci ona görə ki, Azərbaycan iqtidarı bugünkü qədər dağınıq olmayıb. Azərbaycan müxalifəti də dağınıqdır. Bu günə qədər üç partiya səmimi şəkildə ittifaq yarada bilməyib. Belə bir şəraitdə xalq kortəbii hərəkətə başlayacaqsa, nə hakimiyyət, nə də müxalifət xalqın qabağına çıxıb hadisələri yönəldə biləcək».

Liberal Partiyasının lideri Lalə Şövkət yanvarın 25-də yaydığı bəyanatında deyilir ki, İsmayıllı sakinlərinin dinc aksiyası məmurların, onların qohumlarının özbaşınalığının nəticəsidir.

Bəyanatda keçənilki Quba, bugünlərdəki «Binə» Ticarət Mərkəzində baş vermiş hadisələrə də diqqət çəkərək bildirilir ki:

«Bunlar təsadüfi etiraz aksiyaları deyil, insanları işsizliyə, yoxsulluğa, dilənçiliyə məhkum etmiş siyasətə qarşı hər an baş verə biləcək böyük üsyanın ilkin qığılcımlarıdır».
XS
SM
MD
LG