Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:19

"Qara-guruh əsəri oxumamış az qalır ki, Əkrəm Əylislini daş-qalaq eləsin"


Pərviz Cəbrayıl
Pərviz Cəbrayıl

Pərviz Cəbrayıl: "Məni dəhşətə gətirən bu korafəhmlikdi. Nə vaxta qədər azərbaycanlıları bir dəqiqənin içində qızışdırıb kiminsə üstünə salmaq mümkün olacaq?"

-

Yazıçı Pərviz Cəbrayıl "Qafqazinfo" saytına açıqlamasında xalq yazıçısı Əkrəm Əylisinin Rusiyanın "Drujba narodov" jurnalında çap edilmiş "Daş yuxular" əsəri ilə bağlı səslənən tənqidlərə münasibət bildirib.

O bildirib ki, Əkrəm bəyin yeni, hələ ki, hansısa rus jurnalında çap olunan romanıyla bağlı tələm-tələsik yaradılmış ajiotajdan xəbəri var:

“Bunun səbəbi mənə gün kimi aydındı. Təsəvvür eləyin, hələ kimsə romanı oxumayıb, ancaq fitnəyə, küyə gedən qara-guruh az qalır ki, Əkrəm Əylislini daş-qalaq eləsin, deyim ki, eləyə də bilərlər. Şükür Allaha, Rafiq Tağının qatili hələ ölməyib ki... Məni dəhşətə gətirən bu korafəhmlikdi. Nə vaxta qədər azərbaycanlıları bir dəqiqənin içində qızışdırıb kiminsə üstünə salmaq mümkün olacaq? Axı olmazmı bu güllə kimi özündən çıxan zavallılar belə olmayalar? Hövsələlərini basalar, kitabı əldə eləyələr və oxuyandan sonra oxucu balası oxucu kimi öz fikirlərini formalaşdıralar”..

P. Cəbrayıl qeyd edib ki, Əkrəm bəyin son vaxtlar hakimiyyət üçün səsləndirdiyi fikirlərin isti olmadığı hamıya məlumdur:

“O, Rüstəm bəy, Cəmil bəy və başqa vicdanlı ziyalılarla bir cəbhədədi, deməli, fürsət düşən kimi birinin İttifaqını dağıtmaq, birinin kitabını bağlamaq lazımdı. Bunlar uşaq əməlləridi. Yürüməz. Ziyalı ilə qədeş dilində danışmaq yaxşı heç nə vəd eləmir. Əylisli Azərbaycan nəsrinə damğa vuran 3-4 yazardan biridi. Son iki kitabını çıxmaqla bütün əsərlərini oxumuşam. Əsərlərinin səhifələrindən işıq damcılayır. Bu adam erməni olsaydı belə mən yenə onu sevə-sevə oxuyardım. Yazıçı qan salan deyil, körpü salandı. Siyasətinki qandı, yazıçınkı can”.

Qaldı ki, əsərdən çap edilən parçaya, mən də ancaq bunu oxuya bilmişəm, deyən yazıçı, Əkrəm Əylislinin kitabını ona belə etibar etmədiyini bildirib:

“Ancaq “yeraz” kəlməsinə gələndə, bu, Əylislinin deyil, rəhmətlik Ziya Bünyadovun “tapıntısıdı”. Bu kəlməyə nifrət eləyirəm. Ancaq onun əsərdə işlənməsində yazıçının heç bir suçu yoxdu. Nə isə, kitabı oxumaq lazımdı. Ancaq ara yerdə əntiqə reklam oldu. Hakimiyyətin hər bir işi kimi bu də əks effekt verdi”.
XS
SM
MD
LG