Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:44

AŞPA-da "Azərbaycan məsələsi"nin səsvermə protokoluna nəzər salarkən


Strasburq. 23 yanvar 2013. AŞPA-da çıxış edəm Səməd Seyidovun zaldakı tabloda görüntüsü yayımlanır
Strasburq. 23 yanvar 2013. AŞPA-da çıxış edəm Səməd Seyidovun zaldakı tabloda görüntüsü yayımlanır
Ötən həftə Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar probleminə həsr edilmiş qətnamənin rədd edilməsi beynəlxalq insan haqları təşkilatları tərəfindən müzakirə olunmaqda davam edir.

(SƏSVERMƏ ZAMANI KİM STRASSERİN, KİM AZƏRBAYCANIN TƏRƏFİNİ TUTDU?
Adbaad səsvermə siyahısı ilə burada tanış ol)

Belə başa düşmək olar ki, bu qətnamənin rədd edilməsi təkcə sənədin müəllifi, Almaniyanın nümayəndəsi Christoph Strasser üçün yox, bütün insan haqları fəalları üçün gözlənilməz olub.

Amma Strasserin "Azərbaycanda insan haqlarının qara günü" adlandırdığı nəticə nə dərəcədə gözlənilməz idi?

AZƏRBAYCANIN ƏKS-HÜCUMU

AŞPA-nın ötənilki sessiyasında, Azərbaycanın “siyasi məhbus” terminini, ümumiyyətlə Avropanın leksikonundan silmək cəhdinin ağır məğlbiyyətindən sonra, rəsmi Bakının daha ciddi hücuma hazırlaşdığını gözləməmək olmazdı.

Bunun üçün səsvermədən az qala bir həftə əvvəl verilən bəyanatlara diqqət yetirmək kifayət idi.


MOSKVA AZƏRBAYCANIN TƏRƏFİNDƏ

Hələ yanvar ayının 18-də İnterfax-Azerbaijan agentliyi Rusiya Dövlət Dumnasının xarici əlaqələr komitəsinin sədri Alexsei Pushkov-a istinadən bildirmişdi ki, Moskva Azərbaycanda siyasi məhbuslara dair AŞPA-nın hər hansı qətnaməsinin əleyhinə səs verəcək.

Fikir verirsinizmi, Puskov müzakirəyə nəyin çıxarılacağını hələ dəqiq bilmədiyi halda "hər hansı qətnamə"nin əleyhinə olduqlarını elan edir.

Moskva sözünün üstündə durdu və bu səsvermədə, hətta Azərbaycan nümayəndə heyətindən daha fəal şəkildə Strasser-in əleyhinə 18 səs verdi. Olanı bu idi.

Rusiyanın belə mövqeyinin müxtəlif səbəbləri var idi.

Rusiya bir tərəfdən “siyasi məhbuslar üzrə xüsusi məruzəçi” postunu qəbul etmədiyini göstərdi, çünki siyasi məhbus mənasında özü də yaxşı gündə deyil, digər tərəfdən Moskva Azərbaycanın “başının ağası”nın kim olduğunu Avropaya nümayiş etdirdi.

Və üçüncüsü, dolayısı ilə bu, həm də Azərbaycanın Avropa məkanında kimin yanında olduğunu isbatladı.

AZƏRBAYCANIN SEVİNCİNİ BÖLÜŞƏN CHAVUSHOGLU

Azərbaycanda siyasi məhbuslara dair qətnamənin əleyhinə mütəşəkkil şəkildə, yekdilliklə səs vermiş ikinci ölkə Türkiyədir.

Və burada məsələ heç də Bakı ilə münasibətləri bir çox tənqidçilər tərəfindən şübhə altına alınan məşhur Mevlit Chavushoglu-nun mövqeyində deyil.

Türkiyə nümayəndə heyətinin belə səs verməsində 2 mühüm faktor əsas rol oynayıb.

Birincisi, Ankara Bakının Sürix protokollarına görə qaldırdığı hay-küyü hələ unutmayıb və yəqin ki, unutmayacaq.

O vaxt Azərbaycan rəhbərliyi ilə Türkiyə arasında münasibətlər son gərginlik həddinə çatmışdı və Bakı Ankara ilə olan qaz-neft tranziti münasibətlərinə yenidən baxacağı ilə hədələyirdi.

İkinci səbəb də elə bundadır. Qarşıdan gələn böyük kəmər layihələri astanasında Türkiyə tranzit ölkə kimi mövqeyini risk qarşısında qoymaq istəməzdi.

Buraya üçüncü səbəbi də əlavə etmək olar ki, bu da Moskvanın xoflandığı məqamdır. Yəni Türkiyənin özü də son vaxtlar, insan haqlarının vəziyyətinə, konkret olaraq siyasi məhbuslar məsələsinə görə Qərb tərəfindən ciddi tənqid olunur.

Türkiyənin bu şəkildə səs verməsi həmin tənqidləri rədd etdiyi anlamına da gələ bilər.

BORU KƏMƏRLƏRİN ÜSTÜNDƏ OTURANLAR

Yunanıstan da bu səsvermədə Türkiyə kimi hərəkət edib və 5 yunan nümayəndəisinin hamısı qətnamənin əleyhinə səs verib.

Belə güman etmək olar ki, Yunanıstan da, İtaliya kimi Türkiyədən keçəcək hazırkı və potensial neft-qaz kəmərlətinin üstündə oturduqlarından Türkiyə qədər usta tərpənməlidirlər.

İtaliya nümayəndə heyətinin 11 üzvündən 9-u Azərbaycanla həmrəylik nümayiş etdirib.

Polşa (5 səs əleyhinə, 1 səs leyhinə), Rumıniya (2 səs əleyhinə, 0 səs leyhinə) və əlbəttə ki, Çexiya (5 əleyhinə, 0 leyhinə) kimi ölkələri isə Azərbaycan rəhbərliyi səviyyəsində maraqların birləşdirdiyi barədə çox sayda rəylər söylənib.

GROSS VƏ HERKEL-LƏ HƏMRƏYLİK

İsveçrənin səsvermədə iştirak edən 5 nümayəndəsindən, Azərbaycan üzrə keçmiş həmməruzəçi Andreas Gross da başda olmaqla 4-ü qətnamənin leyhinə səs verib.

Bunu isveçrəlilərin Azərbaycanda başı çox ağrımış keçmiş həmməruzəçi ilə həmrəyliyi kimi ona görə başa düşmək olar ki, başqa bir həmməruzəçi Andres Herkelin də həmvətənləri – səsvermədə iştirak etmiş iki nümayəndə, qətnamənin leyhinə səs verib.

Baltikyanı ölkələrin siyasi məsələlərdə yekdillik nümayiş etdirməsi sübut olunmuş faktdır və bu mənada Latviya (3 səs), Litva (2 səs) Estoniyanın mövqeyini paylaşıblar.

Xatırlatmaq yerinə düşər ki, Andres Herkel səsvermədən əvvəl çıxış edərək siyasi məhbuslara dair qətnamənin dəstəklənməsinə çağırmışdı.

QƏRBİ AVROPADA LOBBİÇİLİK

Əvvəlcə səsvermənin nəticələrinə diqqət yetirək: Böyük Britaniya (8 əleyhinə, 6 leyhinə), Fransa (7 əleyhinə, 4 leyhinə), İrlandiya (3 əleyhinə, 1 leyhinə), Belçika (2 əleyhinə, 3 leyhinə)…

Qərbi Avropanın bu ölkələri, Azərbaycanın ən güclü lobbiçilik fəaliyyəti ilə məşğul olduğu əraziyə daxildir.

Səsvermənin nəticələri, belə bir lobbiçiliyin nəticələri haqda ikili təəssürat yaradır, birmənaslı şəkildə demək olmur ki, bu lobbiçilik işlədiyir, ya işləmir.

Yəni, burada xərclənən böyük resurslara baxmayaraq, səslər kifayət qədər bərabər bölünüb.

RUS CASUSU QALMAQALI

Bu ölkələrin arasında, Böyük Britaniya xüsusi yer tutur, çünki Azərbaycanın Avropadakı ən böyük lobbiçi təşkilatı – Azərbaycan-Avropa Cəmiyyəti Londonda mənzillənib.

Bu təşkilatın səsverməni nə dərəcədə təsirləndirə biləcəyini anlamaq üçün, onun öz internet saytında fəaliyyətinə dair xəbərləri izləmək kifayətdir.

Bu xəbərlərdə, cəmiyyətin ziyafətlərində, Azərbaycana təşkil edilən səfərlərində iştirak edən millət vəkillərinin adları açıq şəkildə göstərilir.

Demək lazımdır ki, AŞPA-dakı səsvermədə iştirak etmiş Britaniya nümayəndələrinə elə Birləşmiş Krallığın özündə və elə Azərbaycansız da münasibət birmənalı deyil.

Onlardan biri, yeri gəlmişkən, rəsmi Bakının qızğın müdafiəçisi Michael Hancock haqqında Britaniya mətbuatı kifayət qədər qalmaqallı yazılarla çıxış edib.

Bu qalmaqallardan ən böyüyü isə Hancock-un özünə köməkçi kimi işə götürdüyü rus qadını Katya Zatuliveter idi.

Məsələ burasındadır ki, sonradan Zatuliveter Rusiyaya casusluq etmək ittihamı ilə ölkədən deportasiya edilib.

Moskva sonradan çox and-aman elədi ki, qızı şərləyiblər və o casus deyil.

Ola bilər. Lakin qızının deportasiyasına etiraz edən atasının Afrikada məşhur silah alverçisi olduğu bilindi.

Rusiyanın silah alveri ilə isə təsadüfi adamın məşğul olması ağlabatan deyil.

Lakin bu qalmaqalın Hancock üçün ən paradoksal tərəfi bu idi ki, o, parlamentin təhlükəsilik komitəsinin üzvü ola-ola, potensial Rusiya casusunu özünə katibə etmişdi.

ŞİMALİ AVROPA SOYUQDUR Kİ, SOYUQDUR…


Yenə də əvvəlcə nəticələrə baxaq:

İsveç (0 əleyhinə, 6 leyhinə), Norveç (1 əleyhinə, 4 leyhinə), Finlandiya (1 əleyinə, 4 leyhinə).

Bu ölkələrdə lobbiçiliyin maşını bir səbəbə görə işləmir.

Onlar adətən tərkibində bir az da korrupsiya elementindən şübhə ola biləcək məsələlərə qol qoymurlar.

Elə buna görə də, keçirilən bütün beynəlxalq indekslərdə ən az korrupsiyalamış ölkələr kimi tanınırlar.

Buraya qətnamənin leyhinə səs vermiş Lüksemburq və Lixtenşteyn-i də əlavə etmək olar.

RƏSMİ BAKI BU PARTİYANI PARLAQ OYNADI

Christoph Strasser-in qətnamə layihəsinin qəbulundakı fiaskosunun səbələrini çox təhlil etmək olar.

Lakin bunların içərisindıə ən birinci səbəb Azərbaycanın bu səsverməyə son dərəcə yaxşı hazır olması idi.

Əvvəla, Azərbaycan tərəfi məsələni, hər halda eyni problemi olanlar üçün, kifayət qədər sanballı qoymuişdu: “Niyə məhz Azərbaycan gözümçıxdıya salınır və nə üçün AŞPA-nın tarixində presedent olaraq “siyasi məhbuslar üzrə məruzəçi postu icad edilir”.

Yəni əslində, “Avropanın son diktaturası” adlandırılan Belarusa da belə bir tədbir tətbiq olunmur.

AŞPA-da isə bir gün onlar üçün də belə bir emissarın təyin oluna biləcəyi ehtimalından çəkinən ölkələr az deyil.

Digər tərəfdən, president İlham Əliyevin “siyasi məhbus olduqları iddia edilən şəxslər də” daxil olmaqla, bir sıra məhbusları əfv etməsi, adıçəkilən qətnamə layihəsinin çəkisini xeyli azaltmış və əslində onu tərksilah etmişdi.

RƏQABƏT APARAN 2 QƏTNAMƏ

AŞPA-nın son sessiyasında Azərbaycana dair iki qətnamə irəli sürülmüşdü.

Sonradan “siyasi məhbuslara” dair qətnamənin qəbul edilməməsindən məyus olan beynəlxalq insan haqları təşkilatları təsəllini onda tapdılar ki, qəbul edilən qətnamədə də siyasi məhbus məsələsi var.

Yeri gəlmişkən, elə bunun özü də Azərbaycan tərəfinə əlavə arqument vermişdi: “Yəni məzmun etibarilə oxşar olan iki sənədə nə ehtiyac var?”

Səsvermənin nəticələri isə AŞPA-nın daha bir zəif cəhətini açdı.

Qəbul olunan qətnaməninin müəllifi İspaniya nümayəndəsi Pedro Argamunt və Malta nümayəndəsi Debono Grech idi.

Səsvermə zamanı ispan nümayəndə heyətinin 10 üzvündən 9-u, Maltadan is yeganə nümayəndə, “əsər”in müəllifi bu qətnaməyə səs verdilər.

Azərbaycanı ən çox qıcıqlandıran ikinci qətnaməni isə alman Christoph Strasser hazırlamışdı. Bütün Almaniya nümayəndə heyəti və hətta avstriyalılar da bu sənədə yekdilliklə səs verdilər.

Və beləliklə bu iki qətnamənin əslində rəqib sənədlər olduğu üzə çıxdı.

QRANTYEYƏNLƏR VƏ KÜRÜYEYƏNLƏR

AŞPA-da siyasi məhbuslara dair qətnamənin rədd edilməsi bir sıra rəsmi bəyanatlara yol açdı.

Onlardan biri də Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun bəyanatı idi. O «Yeni Azərbaycan» qəzetinin yazdığına görə, “bu bu təkcə Strasser-in yox, həm də Avropada, Azərbaycanda «qrantyeyənlərin» acı məğlubiyyətidir” deyibmiş…

Bundan əvvəl, ötən ilin yayında açıqlanan məşhur “Kürü diplomatiyası” hesabatının müəllifləri bir sıra AŞPA üzvlərinin bu təamdan xoşlandıqlarını iddia etmişdilər.

Nəzərə alsaq ki, Azərbaycanda qrantyeyənlərə, AŞPA-nın ehtiyatlı təbirincə desək, Azərbaycan hökumnətinə bağlı olduqları iddia edilən QHT-lər də daxildir, onda siyasi cəbhələşməni “qrantyeyənlər” və “kürü yeyənlər” kimi iki qrupa bölmək ciddi səslənmir.

Söz ciddilikdən düşmüşkən, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da səsvermədən dərhal sonra “prezident İlham Əluiyevi təbrik edirəm” demişdi.

Burada iki məsələ bir-birinə qarışdırılıb. Əvvəla, prezident Əliyev icra hakimiyyətinin başçısıdır və zaman-zaman “siyasi məhbus olduqları güman edilənləri” azadlığa buraxır.

Amma cənab Seyidovun komandası AŞPA-da siyasi məhbus termininə qarşı mübarizə aparır.

Və Ştrasserin məğlubiyyətindən onun özünə daha çox təbrik payı düşür, nəinki cənab prezidentə.


ŞƏRƏFLİ MƏĞLUBİYYƏT?

Anar Məmmədli AzadlıqRadiosu üçün yazdığı bloqda “Azərbaycanda siyasi məhbuslara dair qətnamə”nin iflasını “Strasser-in şərəfli məğlubiyyəti” adlandırır.

Poetik baxımdan gözəl səslənən ifadədir, lakin praqmatik baxımdan məğlubiyyət elə məğlubiyyətdir.

Cənab Strasser-in özü də, geriyə çəkilməyəcəyini vəd edib.

O deyib ki, Azərbaycanda siyasi məhbuslar məsələsi açıq qalır.

Lakin AŞPA-nın bir daha belə bir sənədə nə vaxt qayıdacağını söyləmək çətindir.

Bu bir çox mənalarda bu, Azərbaycanda son günlərdə baş verən hadisələlə bağlı olacaq.

Əgər Azərbaycan hakimiyyəti, ən əsası seytnotlarda çevik tərpənmək səriştəsini çoxdan sübut etmiş prezident İlham Əliyev İsmayıllı hadisələri ilə bağlı “siyasi məhbus olduqları güman edilənlərin” yeni dəstəsinin yaranmasına imkan verməsə, Christoph Starasser AŞPA-nın tribunasında elə də tezliklə görünməyə bilər.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG