Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:41

Mövlud Mövlud. Bacım bakirə olmasın! (Müzakirələrə səbəb olan yazı)


Mövlud Mövlud
Mövlud Mövlud

-

Martın 16-da intihar xəbəri yayılan Mövlud Mövludun 4 il əvvəl Azadlıq Radiosunun "OxuZalı"nda çap olunan və müzakirələrə səbəb olan yazısı



- Ay mənim qafiyəpərdaz millətimin qələm adamları! Bax, o, bizim müharibədə pis günə qoyan urus ki, var onlarda qadını paçasının arası namus sayılmır. Namus torpaq sayılır. Namus Rus imperiyası sayılır.


Mövlud Mövlud


BACIM BAKİRƏ OLMASIN!


Bir həftənin söhbətidir, ucuz Bakı çayxanalarının birində, bir neçə yazar dost-qardaşla çay süfrəsi arxasında sıx birləşmişdik. Yayda ailə qurmuş bir şair barədə söhbət düşdü... Pah, qələm əhlimizin ürəyi dolu imiş ki!?

Bəlli oldu ki, şairin ailəsi heç də “sağlam təməllər üzərində pərvəriş” tapmayıbmış. Ayə, nə olub, nə məsələdir? Bəs deməzsənmi, oğlan elə bir qızla ailə qurubmuş ki, Vallah, heç bilmirəm necə deyim, açığı, utanıram da deməyə, yox eyy, deyəcəm, deməsəm yazımızın məğzi açılmaz qalar. Qardaş, sən demə oğlanın sevdiyi, sevib də seçdiyi, ailə həyatı qurduğu qız bakirə deyilmiş. Boooy, öyümüz yıxıldı, namus-qeyrət harda qaldı? Vaveyla şəriət əldən getdi!!!

Bəs bunu yazar dostlarımız hardan bilir? Olmaya bu bakirə olmayan xanım bizim dişini vaxtı-vaxtında yuya bilməyən yazarlardan hansı iləsə, Vallah deməyə də utanıram, bəlkə o məsələ...hə? Allah sən saxla!!!!

Yox əşi, elə deyil. Sadəcə olaraq şairin arvadı iki-üç il öncə Türkiyəli bir rəssamla vətəndaş nigahında yaşayırmış!

Dostlar başladı, nə başladı? Gənc ailə başçısının arxasınca deyilməyən söz qalmadı:

- Biqeyrət!

- Gözüylə görən!

- Namussuz!

Bir siqaret yandırıban arxadaşlara ümumi bir sual ünvanladım:

- Qardaşlar, müharibədə erməniyə əsir düşən qızlarımız barədə nə bilirsiniz?

Şerif. Dar düşüncə
Şerif. Dar düşüncə

Şair xalqımın şair oğulları ah çəkib siqaret yandırdılar. Bir də cəhd elədim:

- Müharibədə əsir düşən qızlardan, gəlinlərdən bir xəbəriniz varmı?

Elə bil qurbağa gölünə daş atmışdın. Xalqımızın bağrı yaralı şair övladları qəm dəryasına qərq olmuşdular. Sualın şiddətini artırdım:

- Bilirsinizmi ki, ermənilər dərman verib onları dəliyə döndərir, sonra da atın-eşşəyin altına yıxıb porno film çəkir?

Dostlardan ən şairanə olanının nəfəsi tıncıxdı:

- Mövlud, anamızı ağlatma!

Handan-hana bir başqasının səsi çıxdı:

-A, kişi, erməni kimdir? Bizi urus uddu müharibədə urus!!! Hə, dədəmin goru haqqı...

Çayçı oğlana daha bir çaynik çay sifariş edib başladım nə başladım:

- Ay mənim qafiyəpərdaz millətimin qələm adamları! Bax, o, bizim müharibədə pis günə qoyan urus ki, var onlarda qadını paçasının arası namus sayılmır. Namus torpaq sayılır. Namus Rus imperiyası sayılır. O imperiya ki, bir başında günəş doğulanda, o biri başında gecə düşür. O imperiya ki, hər seçkidə sənin bakirə millətinin səs bakirəliyini dağıdıb qayıdır öz ölkəsinə. Sənsə qalırsan burda bacının, arvadının bakirəliyini qoruya-qoruya. Ona görə də, yer üzündə ən qeyri səmimi millət sənin millətindir ki, qızların adamla öpüşərkən ehtirasın zirvəsinə çatanda, soyunub, yatağa girməliykən, sevdiyi oğlana təslim olmalıykən, tez-tələsik geri çəkilib özünü yığışdırır, təngnəfəs halda, “Bəsdir! bəsdir!” deyib köynəyinin yaxasını düymələyir. Ginekoloqlar “bu ay ikicə qız tiksəm uşağın təhsil haqqını ödəyərdim” deyir. Gənc qızların çoxu bağırsaq xəstəliyindən əziyyət çəkir...

Dostların susduğunu görüb fikrimə emosional tonda nöqtə qoydum:

-Mən razıyam, mənim bacım hələ məktəbliykən, öz bakirəliyini sevdiyi oğlana bağışlasın, Sonra da sevdiyi oğlandan ayrılıb başqa biri ilə eşq yaşasın, ondan da ayrılıb birinə ərə getsin, hələ ürəyi istəsə ondan da boşansın... Şəxsi həyatıdır, özü bilər. Ancaq qoy, o, savadlı bir mütəxəssis olsun. Məsələn, əla bir həkim. Millətin övladlarına vicdanla xidmət etsin. Dərman firmaları ilə şərikli işləyib camaatın uşaqlarını yazıq eləməsin. Hər seçkidə “AZ-TV”yə çıxıb yaltaqlıq eləməsin. Paçasının arasını yox, millətinin gələcəyini qorusun...

Dostlar böyümüş gözlərlə mənə baxırdılar. “Pulum yoxdur, çayın pulunu özünüz verərsiniz”- deyib ayağa qalxdım. Heç kimlə əl sıxmadan çayxanadan çıxdım. Çayxananın qapısını bağlayanda dostlardan birinin arxamca dediyi söz düz boynumun arxasından dəydi:

- Peysər!!!

XS
SM
MD
LG