Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:01

Media Hüququ İnstitutu Əkrəm Əylislinin həyatına təhlükədən narahatdır


Media Hüququ İnstitutu yazıçı Əkrəm Əylislinin həyatına təhlükədən narahatdır. İnstitut bildirir ki, iki gün öncə Müasir Müsavat Partiyası «Daş yuxular» əsəri ilə gərgin ictimai debatlara səbəb olan yazıçıya ağır xəsarət yetirilməsinə qərar verib. Xəsarət yetirən şəxsə yüksək pul mükafatı vəd edib.

«Partiya İdarə Heyətinin qərarının icrası təşkilatın gənclər qoluna həvalə olunub. MHİ özəlliklə, 2 gün keçməsinə baxmayaraq hüquq mühafizə qurumlarının bu qorxunc qərarla bağlı gərəkli hüquqi ölçülər götürməməsindən, bu barədə toplumu bilgiləndirməməsindən narahatdır».

Media Hüququ İnstitutu bildirir ki, «hər bir siyasi quruluşun ictimai müzakirə predmeti olan əsəri təqdir, tənqid etmə haqqına sahib olduğunu vurğulamaqla yanaşı MHİ siyasi partiyanın verdiyi qərarın özündə ciddi qanun pozuntularını ehtiva etdiyini, ağır cinayətə təhrik elementləri daşıdığını, ölkədə ifadə azadlığını hədələdiyini qeyd edir».

Bəyanat müəllifləri bildirir ki, sağlamlığa ağır zərər vurmaqla hədələmə cinayət qanunvericiliyi ilə məsuliyyət yaradır. «Yazıçı Əkrəm Əylisliyə yönəlik hədələyici qərar eyni zamanda siyasi partiyaların fəaliyyətini düzənləyən qanunverici bazaya meydan oxumaqdır. Belə bir qərarın qəbul edilməsi siyasi partiyaların qanunvericiliklə müəyyən olunan məqsəd və fəaliyyət prinsipləri çərçivəsi ilə bir araya sığmır».

Media Hüququ İnstitutu yazılarına görə təqib olunan yazıçı-publisist Rafiq Tağının qətlə yetirilməsi tarixçəsini yada salır. «Mərhum yazar 2006-cı ildən başlayaraq ən müxtəlif yollarla ölümlə təhdid olunmuş, yazarı öldürənə yüksək məbləğdə pul mükafatı vəd olunmuşdu. Təhlükəsizliyi yetərincə təmin edilməyən publisist-yazar 2011-ci ildə qətlə yetirildi, onun qatilləri də tapılmadı».

Media Hüququ İnstitutu hüquq mühafizə qurumlarını, əlaqəli bütün qurumları Müasir Müsavat Partiyasının cinayətə təhrik edən hədələyici qərarını dərhal araşdırmağa, təqsirli şəxsləri, qurumları məsuliyyətə cəlb etmək üçün tədbirlər görməyə, Əkrəm Əylislinin fiziki güvənliyini qorumaq üçün ölçülər götürməyə çağırır.
XS
SM
MD
LG