Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:37

Qarabağı almaq istəyənlərin qarşısını Əkrəm Əylisli kəsir?


Pərviz Cəbrayıl
Pərviz Cəbrayıl
-

“Daş yuxular” sadəcə, bir yuxu-romandı, yuxuya görə isə insanı çarmıxa çəkməzlər.

Qarabağı almaq istəyənlərin qarşısını Əkrəm Əylisli kəsir?


Pərviz Cəbrayıl


“DAŞ YUXULAR"IN YOZMASI


Bu romanı şok terapiya adlandırmaq olar.

Bütün Azərbaycanı demirəm, ən azı əhalinin hakimiyyətyönlü mediadan yox, müstəqil KİV-lərdən, sosial şəbəkələrdən informasiya almaq imkanında olan kəsimi sözün həqiqi mənasında çalxalanır. İstər tənqid, istər müdafiə edənlər.

Həm də təkcə əsərə görə deyil, əsərdəki yanlışlara və ya yanlış sayılan ifadələrə görə deyil, içlərində yığılan enerjinin dağıdılması, sublimasiya edilməsi üçün imkan düşdüyünə görə.

Bu insanların torpağının 20 faizi ermənilər tərəfindən işğal olunub - almalıdırlar, ala bilmirlər, 80 faizini mövcud siyasi rejimi işğal edib - azad olmalıdırlar, ola bilmirlər, içdəki enerji nə cürsə bir yana çıxmalıdı və bunun bu gün ən xəta-bəlasız yolu Əkrəm Əylislinin romanına etiraz etməkdi.

Çünki buna görə kimsəni nə döyür, nə vətəndaşların istirahət hüququnu pozduqlarına görə həbs edir, nə də... nə isə.

Romanın niyyətini müəllif barışıq adlandırır. Əslində isə hər iki tərəf yenidən cuşa gəlib. Biri “baxın, siz bizi belə qırmısız” deyir, coşur, biri isə, bizi ermənilər qırıb deyə, bütün əski acılarını yada salır və təzələyirlər.

Necə deyərlər, refreş edirlər, yəni F5. Hətta bəziləri belə sual verir – biz necə barışa bilərik? Barışa bilməzsinizmi? Çox əla! Elə isə ya Qarabağı alın, ya da o torpaqlara əlvida deyin. Barışmayın.

Əslində bir baxımdan Əkrəm Əylisli indi cuşa gələn bu “vətənpərvər”lərin ürəyincə bir iş görüb – unudulmaqda olan erməni vəhşilikləri yenidən xatırlayıb və bir də neçə illər gərəkdi ki, barışıq üçün yeni addımlar atıla.

Həmişə demirdilərmi, biz unutqan xalqıq? Deyirdilər. İndi “Daş yuxular” bu unutqanlığın nüvəsinə bomba atıb, Qarabağı yada salıb.

Elə isə vətənpərvərlər yaddaşımızı təzələdiyinə görə müəllifə təşəkkür etməlidi axı... Bəs nədən onu linç etməyə başlayıblar? Yoxsa onları silkələyib yuxudan ayıltdığına görə? Axı biz həmişə bizi şirin yuxudan oyadanlara nifrət etmişik...

Rəsmi çıxışlarda azmı müharibə blefləri eşidilib? Xeyr. Bu bleflərə Rusiya, Amerika, Avropa belə kəskin reaksiya verib.

İllərlə rəsmi təbliğat yoluyla müharibə fikrindən uzaqlaşdırılaraq marginallaşdırılan xalq həmin müharibə çağırışlarına ya heç reaksiya vermir, ya da məzhəkəyə qoyurdu: Lazım gəlsə... İndi isə Əylisli o xalqı tam müharibəyə hazırlayıb. Buyurun, savaşınızı başlayın. Başlaya bilirsinizsə.

***

Romanın adı oxucuya söhbətin hardasa, hansısa bir yuxudan getdiyini pıçıldayır. Hətta əsərin strukturu da yuxu kimi dörd hissədən ibarətdi.

Yuxu dedinsə, bunun bir yozumu da olmalıdı. Yuxunun üç yozum yolu var: el yozumları, Freyd yolu və elmi yanaşma.


El yozumu


El yozumundan başlayaq. Bu yozum taktikasında yuxular tərsinə yozulur.

Əkrəm Əylislinin evi qarşısında etiraz aksiyası, 31 yanvar 2013
Əkrəm Əylislinin evi qarşısında etiraz aksiyası, 31 yanvar 2013
Rəmzlərin tərsinə yozumu gələcəkdən və indiki durumdan xəbər verir. Bu yozuma əsasən, Əylislinin “Daş yuxular”ındakı söylənilənlər də tərsinə yozulmalıdı.

Demək, əsərdə sözü keçən bütün hadisələri (azərbaycanlıların erməniləri qırması, yer adlarının dəyişdirilməsi, bir türkün ermənilərə qahmar çıxması) tərsinə qəbul etmək gərəkdi.

Soruşula bilər ki, bunu elə açıq demək olmazdımı? Xeyir!

Bu, qəzet məqaləsi deyil, bədii əsərdi, hardasa sürreal estetika üzərində qurulub və ermənilərə mesaj ötürür: heç artığını deməyək, eyni şeyləri siz də biz türklərə qarşı etmisiniz və indi sizdən də bir Əylsili çıxıb öz erməni yuxusunu yazmalı, ermənilərin cinayətlərini, vandallıqlarını açmalı, öz millətini silkələməli, nəticədə millətini yuxudan oyatmalı, onlara heç də cəllad olmadıqlarını xatırlatmalıdı.

Necə ki, indi bizdə hər kəs, hətta Əkrəmi asıb-kəsənlər də azərbaycanlıların humanist olduqlarını, məlum hadisələr zamanı nə qədər ermənini evində gizlətdiyini, qoruduğunu, ölkədən təhlükəsiz çıxardıqlarını yada salmağa, xatırlatmağa çalışır və nəticədə humanizmin daha layiqli olduğunu anlayır, özünü gələcək üçün də insanlığa hazırlayır.

Qoy bir erməni yazarı da bu yuxudan birini yazsın və erməni təfəkküründə qıcıq yaradaraq həmin humanizmin cücərməsinə səbəb olsun.

Əslində elə belədi də, türklər humanistdi, Bakıda yaşayan 30 min erməninin mövcudluğu da bundan xəbər verir, linç edənlər isə, heç bir halda xalqlar deyil, ideologiyaların kütləvi şəkildə başdan çıxardığı şüursuz sürüdür.)

Yuxuda daha bir element – cəllad kimi təsvir edilən Adif bəy, türk komandanı var. Bunu da tərsinə yozmağa başlayanda qaranlıqların içindən qulağı kəsik erməni cəlladı Andranikin obrazı peyda olacaq.

Ermənilərə onu, onun vəhşiliklərini xatırladacaq və diktə eləyəcək ki, bu şeylər hər bir tərəfdə olub. Lakin biz dünənlə yox, sabahla yaşamalıyıq. Sabah biz birləşərsək, bir-birindən zəncirvari doğan Andranik-Adif bəylər yaşamayacaq aramızda və yaşamamalıdı da.

Barış yaddaşdan qara nöqtələrin üzə çıxarılması, söylənməsi və ondan qurtulmaqdı. Erməni səni öldürüb? Öldürüb. Sən onu öldürübsən? Öldürübsən. Bunları söylədikmi?

Boynumuza aldıqmı? Aldıq. İndi sıfırdan başlamaq olar. Barış və hüzur, sevgi içində yaşayanlar üçün hansısa torpaq parçasının inzibati şəkildə kimə məxsus olmasının elə bir önəmi yoxdu.


Freyd yozumu


Ziqmund Freydin yuxu haqqında fikirlərinə görə, yuxu insanın şüurunda gizlənmiş bəzi məqamların qısametrajlı görüntüləridir.

Freyd yozumu, bildiyimiz kimi, keçmişdə baş verənlərdən, lakin dilə gətirilə bilmədiyi üçün şüursuzluq və ya senzor qatına sıxışdırıldığından, sonrakı həyatda yanlışlıqlara, xəstəliklərə və hətta havalanmalara gətirib çıxarır, sağlamlığın anasını ağladır.

Lakin Freydə görə, nevrozların sublimasiyası kimi şüurun alt qatında yığılan o etiraf edilə bilməyəcək gerçəklər nə cürsə candan çıxmalıdı.

Əkrəm Əylisli
Əkrəm Əylisli
Yuxu da sublimasiyanın bir yoludu. Görünən yuxuda ən üst qatda olanlar əslində cari yaddaşa dayanır və ya əhəmiyyətsiz simvollar yığnağına bürünüb yenə də əsil mətləbi yuxudakı ən xırda və əhəmiyyətsiz görünən detalda gizlədib tam açığa çıxmaq istəmir.

Psixoanalizçinin borcu da məhz yuxuda çox gərəksiz görünən o xırda detalı yaxalamaq, üzə çıxarmaq, yuxu sahibinə anlatmaq, yozumunu vermək və onu bu əzabverici, etirafı qəliz olan yükdən, ağrıdan xilas etməkdi.

İndi bu yuxuda, “Daş yuxular”da ən əhəmiyyətsiz görünən, ani gəlib keçən, hətta xatırlanmağa belə dəyməz kimi görünən detal hansıdı?

“Xozeyin”lə bağlı bir-iki abzasda verilən fikirlərmi, tülküylə bağlı hallüsinasıylarmı? Bunlarda hansı birinin qat-qat sirr pərdəsi altında gizlədilən nevrozun mənbəyi olmasını dəqiqləşdirməni oxucunun öz öhdəsinə buraxaq.

“Qat-qat” deyərkən həm də trilogiyanın üçüncü əsəri olan «Грандиозная пробка» nəzərdə tutulur (müəllifin bu əsərinə öz dilimizdə necə ad qoyduğunu bilmədiyimdən ruscasını verirəm).

Bəlkə elə hakimiyyətin təşkil etdiyi qara kampaniyanın da arxasında bu üçüncü qat durur, sadəcə, indi o əsərdən yapışıb “xalq qəzəbi” yaratmaq mümkün deyil və ya çox çətindi, zira xalq ilk olaraq elə həmin əsərdəki duruma düşdüyündən qəzəblidi.

Ona görə də, zəif həlqədən yapışmaq və qisas almaq daha taktiki və məqbul idi ki, elə də etdilər. Əslində isə dava yorğan davasıdı. “Birinci”ni (Xozeyin) bu səviyyədə tənqidə məruz qoymaq heç bir halda yazıçıya bağışlana bilməzdi. Rejimin avtoritar və şəxsiyyətə pərəstiş mahiyyəti kimsəyə sirr deyil.

Qisas qiyamətə qalmaz. Qalmadı da. İndi gəlin, bir anlıq təsəvvür eləyək ki, Əylisli hələ də deputatdı, hələ də hakimiyyətin qarasınca bir yaman söz demir və trilogiyanın ancaq bu əsərini – “Daş yuxular”ı yazır, orada “Xozeyin”lə bağlı dediyim o iki-üç abzas olmur.

Sizcə o zaman, Əylisliyə qarşı bu kampaniya təşkil edilərdimi? Cavab aydındı. Səbəb də. Müəllif cızığından çıxıb. Əlindən orden-medal aldığı şəxsin “yaxşılığını” unudub, mafiyaya kəf gəlib. Kəf gələnlər isə heç vaxt bağışlanılmır.

Baxın, bu boyda həngamədə, hakimiyyət və onun sözçüləri bir dəfə də olsun həmin məqam haqda bir kəlmə belə işlətməyiblər, əsərlərdə “Birinci”yə yönəlik tənqidlər haqda danışmayıblar. Görürsünüzmü, əsas nevroz məqamı özünü necə gizlədir. Hətta hiss edilmir.

Əylisli barışığın etiraflar üstündən qurulması yolunu tutub. Hər iki tərəf üçün. Bir yandan baxanda bu, ən sağlam yoldu. Çünki baş verənlərin üstünü ört-basdır eləmir.

Gələcəkdə partlayış baş verməməsi üçün indidən və heç vaxt olmadığı kimi içdən, qara nöqtələrin yaddaşdan sökülüb atılmasını tərcih edir.

Bu romanı şok terapiya kimi də, millətlərin psixoanalizi kimi də dəyərləndirmək olar. Bu günə qədər nə qədər erməni-türk qalmaqalları olubsa, heç birindən sonrakı barışıq etiraflardan keçməyib, sadəcə, hansısa mədəni və siyasi ilişgilərlə unutdurulub, daha doğrusu, alt şüura doğru sıxışdırılıb ki, nəticəsini də 80-90-larda və Xocalıda gördük.

Müəllifin yanlışı bircə ondadır ki, onun etiraflarının miqyası gerçəyin çərçivəsini aşıb, xəstə təxəyyül fazasına keçərək həm fürsətcillərin, qisasçıların əlinə dəstəvuz verir, həm də bir az da körüklənərək üzdən haqlı etirazlara səbəb olur.

Müəllif, oxucunun həssas məqamında və belə körükçülərin sərəncamında olduğu bir çağda əsərin alt qatlarına enməyəcəyini, enə bilməyəcəyini nəzərə almayıb, ya da sadəcə əyninə kəfənini geyib, söz və Tanrı qarşısında borcunu yerinə yetirib.

Balıq bilməsə də, Xalıq bilər, deyib. Rafiq Tağı demişkən, biz onsuz da gələcək üçün yazırıq. Əmin olun ki, sabah bu xalqlar yenidən birləşib cici-bacı olanda Əkrəmin Sadayından da o yana gedəcək.

Keçmiş düşmənçiliklərini gülə-gülə danışıb bir-birinə sarılacaqlar. Xalqlar heç vaxt tarix boyu düşmən qalmırlar. Ama zamanında linç edilənlərə yazıq...

***

Yuxuya elmi yanaşma isə aydındı. Elmə görə yuxugörmə sırf fizioloji prosesdi və orada ciddi mənalar axtarmağa dəyməz. O cümlədən də bu əsərdəki faktlar.

“Daş yuxular” sadəcə, bir yuxu-romandı, yuxuya görə isə insanı çarmıxa çəkməzlər. Eynən “Yuxu” filmində olduğu kimi. Filmdə Əlabbas yuxuda polis rəisinin qızını qaçırır və onu həbs edirlər. Nəsibə Zeynalova - Məsmə xala polis şöbəsinə gəlir. Polis rəisi ona deyir: “Yetimçənə de ki, bundan sonra yuxularına fikir versin”. Və cavab alır: “Bəlkə yuxu görəndə də sizdən icazə alaq?..” Küyə düşməyə dəyməz, Azərbaycanı heç kim qaçıra bilməz, qaçırmayıb da. Bir əsərlə, bir vəhşilik faktıyla xalqların taleyi həll olunsaydı, onda Zori Balayanın türk çocuğunu diri-diri soymasına görə ermənilər yer üçündən silinməli, bütün torpaqları isə Azərbaycana verilməli idi.

***

Əkrəm Əylislinin aləmi qatan bu romanıyla bağlı fikirlərdən biri də bu oldu ki,
Əkrəm Əylislinin sovet dövründə çıxan və indi yandırılan kitabları
Əkrəm Əylislinin sovet dövründə çıxan və indi yandırılan kitabları
yuxarıdan aşağı yönələn linç, qızışdırma, təhrik etmə kampaniyası gündəmi dəyişmək üçün nəzərdə tutulub.

Ancaq gündəm elə adından da göründüyü kimi günlə bağlıdı, heç vaxt köklü, illərin problemlərini unutdura bilməz.

Deyək ki, bir az aralıda bomba partlatmaqla, qısaqapanmadan, ya hansısa ciddi texniki nasazlıqdan, ya məsuliyyətsizlikdən alışıb yanan binaya yönəlmiş diqqəti bir neçə dəqiqəliyə və ya saatlığa yayındırmaq olar. Bundan sonra baxışlar yenə də cayır-cayır yanan evə yönələcək.

Əksinə, roman lap yerinə düşdü. Bu günkü cəmiyyətə güzgü tutdu. İnsan mənzərələrini üzə çıxardı.

Elə Qubadakı, İsmayıllıdakı, Bakıdakı, Əylisdəki insanların hansı mənəvi durumda olduqlarını testdən keçirdi. Sonuclar ürəkaçan deyil...

Əylisdə təşkil edilmiş inkivizisiya məhkəməsinə baxdım, tonqalları gördüm, şəkilləri gözdən keçirdim. Əsərdə təsvir olunan 90-cı il havasını gördüm (yeri gəlmişkən, Əylisdən olan bir dostum yazıb ki, orada hay-küy salanların bir neçəsi əylisli olub, o birilər qonşu kəndlərdən gətirilib.

Elə yazıçı da eyni fikri deyib “mediaforum”a son müsahibəsində). Sanki hamı bir ağızdan deyirdi: “Ermənisən, vəssalam, ölməlisən, vəssalam”. Və daha bir mənzərəni xatırladım: Qəzzafinin kanalizasiya borusundan çıxarılaraq, bütün yalvarışlarına baxmayaraq linç edilməsi. Əkrəm Əylisli bunu üzə çıxardı. “Baxın,- dedi,- sabah ara qarışsa bu insanlar hansı şəkildə olacaqlar. Onların bu şəklindən qorxmursunuzmu, ağalar?!!”

***

Maraqlıdı ki, əsərlə bağlı yanaşmları əsasən iki yerə bölmək olar - ağ və qara. Ağın içində qara var, qaranın içində ağ yoxdu.

Qaralar - Əylislinin özünü də, əsərini də mürtəd elan edir, Ağlar isə, gözəl yazıçı olsa da, bu romanında xətaya yol verdiyini deyir (Əkrəm yaxşıdı, əsəri pis), ardıyca da “amma və lakin” sicilləməsi düzür və ya hər şeyi bir qırağa qoyub hadisənin “37" mahiyyətini tənqid edərək yazıçıya qahmar çıxırlar.

Mətni ciddi bədii təhlil edərək əsərdəki bütün rəng çalarlarını göstərib, küyə gedənləri sakitləşdirən, qisasçıların niyyətini fiaskoya uğradan, ermənilərə isə ”sevinməyə tələsməyin" deyənlərdən isə hələ də xəbər yoxdu.

Axı ola bilməz ki, bir əsər məna və məzmunca ancaq ağ və qaradan ibarət olsun. Hər kəs Əkrəmin ürcah olduğu süni və şişirdilmiş “hakimiyyət tərkibli xalq qəzəbi”ndən qorxub ağzına su alacaqsa, ya da dilini sürüyəcəksə, heç nəyə nail ola bilməyəcəyik. Hələ dövlət başçısının məlum məhrumetmə sərəncamlarından sonra susmağa üstünlük verənlər də söyüş dağarcıqlarının ağzını gen-gen açdılar.

Bəlkə doğrudan da əsərdə elə bir fənd işlədilib ki, onun ciddi təhlilə, izaha ehtiyacı var.

Bəlkə yazıçı, üzdən bu cür qıcıqlandırıcı görünən əsərində elə bir feldən, elə bir açardan istifadə edib ki, onu hətta dara çəksələr də, o açarın nə olduğunu deyə (ən azı indi) bilməz, zira onu desə, əsəri heç, nəzərdə tutduğu missiya puç olacaq, həm də o zaman hətta guya millətlərin, milli münaqişələrin fövqündə durmaq iddiasında olan bir türk yazıçınınsa hiyləgər olduğu üzə çıxacaq, erməniləri, sabah vətəndaşımız olmalarına çalışdığımız o erməniləri daha da küskün salacaq və bu, dünya ermənilərinin əlində bizə qarşı “Daş yuxular”dan daha güclü silaha çevriləcək.

Bax, yazıçının demək istəmədiyi bu “pünhan nöqtə”ni (axı o tez-tez deyir ki, “əsəri anlamayıblar”) bədii mətndən başı çıxan biri açmalıdı, ya yox? Niyə kimsənin cəsarəti çatmır?

Mən bu məqamda özlərini dahi sayan, mətni beş barmağı kimi bildiyini iddia edən ədəbi tənqidçilərdən danışıram. Qeyri-səlis məntiqin dünyanı idarə elədiyi bir çağda Aristotelin bivalent məntiqinə bu vurğunluq hardandı, anlamıram... Bəlkə də bu hücumları, qara təbliğatı məhz hakimiyyətin təşkil etdiyinə görə.

***

Əmin olduğum bir məqam var.

Bu əsər əslində tam olaraq bizimçün deyil, ermənilər üçün yazılıb. Bu əsər bir azərbaycanlıdan çox, erməninin baxmalı olduğu güzgüdü. Güzgüdə hər şey əksinə görünmürmü?

Ara Baliozyan
Ara Baliozyan
Görünür. Romanı oxuyan, yəni güzgüyə baxan erməni orada mütləq özünü görəcək. Katarsisdən keçəcək. Artıq erməni intelligensiyasından müəyyən siqnallar da gəlməyə başlayır.

Və az qala belə bir səhnəni xəyalıma gətirirəm. Əkrəm Əylisli bir və ya bir neçə erməni yazarı ilə bu mövzuda söhbət eləyir. Onlara deyir ki, mən belə bir əsər yazaram. Ona inanmırlar. O isə bir türk inadı ilə, yazacağını deyir. Mərc gəlirlər. Onlar da söz verir ki, sən yazsan, biz də yazacağıq!

Deməyin ki, o niyə ermənilərlə görüşür və bu haqda danışır? Məgər olmazmı?

Dövlət başçısı Ermənistanın dövlət başçısıyla öz vəzifəsindən irəli gələn görüşlər keçirmirmi?

Hətta ürəkdən gülümsəmirmi? Azərbaycan dövlətinin bir naziri Ermənistanda qol qaldırıb oynamırmı? Ölkəmizdən kənarda azərbaycanlılarla ermənilər heç nə olmamış kimi ticari-iqtisadi əlaqələrə girmirmi? Girirlər.

Heç birini asıb-kəsən yoxdu ki? Yox. İndi ədəbiyyat, sənət adamlarının görüşü, anlaşması olmasın?

Katarsis dedim. Artıq qarşı tərəfdən siqnallar gəlir, dedim.

BBC-Azərbaycanın müxbiri Aleksey Manvelyan "Daş yuxular" haqda bloq yazısında deyir ki, Əkrəm Əylislinin Azərbaycan xalqını aşağılamasını söyləyənlər haqsızdırlar, əkisnə, o, Azərbaycanı ucaldır:

"O, bu yolda birincidir. Ona görə də onun üçün çox təhlükəli yoldur. Bu gün belə bir əsərin Ermənistanda işıq üzü görməsini təsəvvür etmək mümkün deyil. Lakin “Daş yuxular” mütləq öz təsirini göstərəcək - bəzi şeylərə fərqli nöqteyi-nəzərdən baxmağa vadar edəcək.(...) Əkrəm Əylislinin Azərbaycanından heç bir xalq ayrılmaq istəməzdi."

75 yaşlı erməni yazıçısı, tənqidçisi, tərcüməçisi Ara Baliozyanla müsahibədən kiçik bir parçaya göz ataq:

- Ermənistanda sizə nifrət edirlər. Bu, nəylə bağlıdır? Siz ifrat dərəcədə anti-erməni və türkyönümlüsünüz, yoxsa biz burada Ermənistanda tolerant deyilik?

- Mən ədalətin tərəfdarıyam. Osmanlılaşdırılmış və sovetləşdirilmiş ermənilər olaraq bizlər tolerant olmamağa meylliyik.
- Sizcə, bu qədər düşmən qazanmağınızın səbəbi nədir?
- Bizim liderlərin vicdansızlığını və qabiliyyətsizliyini ifşa etdiyim üçün.
- Sizcə, adam vətənpərvər olub da faşist olmaya bilər?
- Bütün növ erməni millətçiliyi və vətənpərvərliyində faşizm elementi var.
- Sizcə üfüqdə xilas yolu görünür, yoxsa biz indiki duruma məhkumuq?
- Yazmaq ümid etməkdir.

Əylisli də yalnız ümid edir. Ümidə görə şivən salmaq Tanrıya xoş gedərmi?..

Georgi Vanyan
Georgi Vanyan
Başqa bir müsahibəyə baxaq. Məşhur erməni hüquq müdafiəçisi, rejissor Georgi Vanyan “Turan”a müsahibəsində deyir:

- Sizi çox vaxt satqın, Azərbaycan casusu, yaxud başqa xoşagəlməz adlarla çağırırlar. Erməni cəmiyyəti buna necə reaksiya verir? Haqqınızda bu fikri paylaşanlar çoxdur?
- Bu cür adları kütləvi informasiya vasitələri qoyur. Bu mənə qarşı başlanmış isteriyanın nəticəsidir və daha çox təbliğat xarakteri daşıyır.
- Münaqişə çoxlu qan axıdılması ilə, xeyli tələfatla nəticələnib. Sizə elə gəlmirmi ki, peşman olmadan, təqsir etiraf olunmadan barışıq olmayacaq? Konkret olaraq erməni tərəfindən bəhs edərkən Xocalıda törədilənlərə görə peşmançılığı nəzərdə tuturam, bu olmalıdır, ya yox?
- Ermənistan tərəfi deyəndə kimin nəzərdə tutulduğunu dəqiqləşdirmək lazımdır: hadisədə əli olmayan sadə insanlar, yoxsa hərbi canilər? Hərbi canilərdən söhbət gedirsə, onlar heç vaxt peşman olmurlar. Düşünürəm ki, bizim vəzifəmiz yalanlardan azad olmaqdır. Bunu edə bilsək, elə bir gün gələcək ki, Xocalıda təqsirli olanlar məsuliyyətə cəlb ediləcəklər. Hələlik isə biz yeni Xocalılar və yeni Sumqayıtlar yaradırıq və özümüz də onların qurbanı ola bilərik. İnsanlar həll yolu tapmaq istəyi ilə bir-biri ilə birbaşa danışıqlara başlamalıdırlar. Bu baş verməyincə, səbəbindən asılı olmayaraq, biz bu vəziyyətin əsiri olaraq qalacağıq. Cənubi Qafqazın bu coğrafi mərkəzi ünsiyyət yeri, iqtisadi və siyasi təşəbbüslər mərkəzi ola bilər. Əminəm ki, ermənilərin də, azərbaycanlıların da, gürcülərin də Cənubi Qafqazı ümumi evimizə çevirmək istəyi olub və indi də var.

Süjet üzrə gedərkən

“Однако жители этого города, словно сговорившись, старались держаться подальше от того, что называется человечностью. Казалось, им даже и невыгодно стало сохранять человеческое лицо.
Всего десять-пятнадцать дней назад доктор Фарзани здесь же, в этой операционной, делал очень сложную операцию армянской девочке лет четырнадцати-пятнадцати, которая бог знает каким чудом была доставлена в больницу...” – Bu parçayla bağlı hay-küy salanları anlamaq mümkün deyil. Onları yalnız belə başa düşmək olar ki, özləri də bu cür daxili duruma düşüblər. Məsələn, ruhlarını o qədər zülmət bürüyüb ki, hətta kitab yandırırlar! Sanki hər kəs insanlıq deyilən şeydən yaxasını qırağa çəkmək istəyir. Çünki mövcud durumda insanlıq ancaq zərər gətirir. Yeməli, dağıtmalı, parçalamalı və parçalanmalısan ki,.. sağ qalasan. Və bu tip insanlara qarşı yazıçı, dərhal erməni qızını əməliyyat edən doktor Fərzani və onu xəstəxanaya çatdıran azərbaycanlını qoyur. Yazıçı deyir ki, hər kəs belə deyildi. İndi Əylislini söyənlər belə bunu deyirlər – biz humanistik.

***

“И вот она насмешка судьбы — теперь Нувариш Карабахлы старался попадать в свою квартиру лишь по ночам, да и то потому, что больше некуда было деться. В собственном доме он не знал ни минуты покоя, ни сна, ни отдыха. А причина была в том, что один из работников Баксовета, занимающий незначительную, но очень денежную должность — здоровенный пузатый верзила — захватил квартиру старой работницы театра, гардеробщицы Греты Сарикисовны Минасовой, получившей ее в один день с Нуваришем по соседству, на последнем, десятом этаже их дома, и устроил там самый настоящий бордель. За стеной целыми днями стояли шум и грохот. Животный смех и вскрики старых опытных проституток и еще молоденьких девушек, только вступающих в профессию, их подлинные или притворные стоны наслаждения сводили с ума, не давали артисту покоя днем, мешали спать по ночам.

По слухам, этот верзила был одним из богатых людей Шуши. В Баку он объявился недавно, устроился на работу в Баксовет, купил в кооперативном доме рядом с домом Нувариша четырехкомнатную квартиру”. – Əkrəm Əylisli bu parçaya görə də qınanır. Məgər burda yalan varmı? “Даже имя и фамилия этого человека были для Нувариша Карабахлы выражением жестокости и безбожности: Шахгаджар Армаганов! Чтоб провалиться тому, кто дал имя этому животному!” – Bu tipin burada bir azərbaycanlı kimi qrotesk üslubda təsvir edilməsi heç də cəmi azərbaycanlının gözdən salınmasına deyil, Nuvarişin bir qonşu kimi zəhləsini tökən, sakitliyini pozan və illah da qəsbkar biri kimi xarakterizə edilir. Və bu tipin gerçək həyatda prototipləri də az deyil – nə burda, nə Ermənistanda. Burda qaçqınları təhqir eləyən bir məqam varmı və ümumiyyətlə, o vaxt Şuşa qaçqınları vardımı? Hətta həmin kvadrat formalı şəxs qaçqın olsa belə, bu, heç nəyi dəyişmir. Tanınmış yazar dostlarımızdan biri Gənclik metrosunun üstündə 170 dollara (1998-2000-ci illərdə) bir evdə kirayədə qalırdı. Ev yiyəsi qaçqın idi, evi bir ermənidən qoparmışdı, lakin o bu evi qoparanda heç də Ermənistanda bizimkilərin evlərini ələ keçirənlərdən qisas almır, sadəcə öz əmlakını artırırdı. Dostumuz deyirdi ki, onun Bakıda 4 belə evi var, birində özü qalır, üçünü isə kirayə verir. Ya elə bu günlərdə faciəli şəkildə dünyasını dəyişən yazar dostumuz, Əfqanıstan veteranı Zakir Sadatlı. Ona müharibə veteranı kimi verilmiş evi bir qaçqın tutmuşdu, məsələ ondaydı ki, Zakir özü komada yaşayırdı, evi tutan o şəxsin isə daha bir evi vardı və onu kirayəyə vermişdi. İllər sonra Zakir o evi həmin qaçqından pul verərək aldı...


“Как-то утром, когда еще только рассветало, во дворе был поднят шум: мол, слушайте, люди, тут какая-то армянка выбросилась с балкона. Крошечное старушечье тело Греты Саркисовны еще только умирало в большой луже крови, а по городу уже пошли странные вести о том, что выбросившаяся с балкона армянка оставила перед смертью покаянное письмо: “Я ненавижу себя за преступления, которые учинили армяне. Я презираю свой народ и потому больше не хочу жить на свете. Карабах принадлежит Азербайджану. Да здравствует Азербайджан””.

- Bu məktub mətni burada başqa məna daşısa da, gerçəkdə belə erməninin varlığına şahidəm, əlbəttə, o özünü balkondan atmamışdı və ya atmamışdılar, ancaq ermənilərin Qarabağda törətdikləri ilə bağlı dediyi sözlər elə bu məktubda yazıldığı kimidi. Həmin Bakı ermənisi indi Moskvada yaşayır və həyatda bir arzusu var ki, bircə kərə Bakıya gələydi və onu burda lap hava limanındaca öldürəydilər, ancaq heç olmasa bircə kərə Bakını görə, havasını ciyərlərinə çəkəydi. Mən bu faktı yeni romanımda yazmışam. Və bunun kimi başqa faktlar da o romanda yer alıb, hamısının da gerçək əsası var. Vəhşiliyə qalanda isə, bunları kimsə dana bilməz. Bu vəhşiliklər həm orada, həm burada baş verib. Bu kitabı oxuyan erməni təkcə azərbaycanlıya nifrət etməyəcək, eyni və daha ağır dəhşətlər törətmiş erməniləri, yəni özünü də qınayacaq, vəhşiliyin heç də bir qəhrəmanlıq olmadığını anlayacaq. Etiraf etməsə belə. Bayaq müsahibəsindən sitat gətirdiyim rejissor Georgi Vanyan da bunu deyir: “Xocalı artıq sovet hakimiyyətinin olmadığı bir vaxtda baş verib. Bu, artıq biz özümüz idik. Məndən yaşlı, məndən cavan olan hər kəs, mən özüm də Xocalıya görə məsuliyyət daşıyırıq”. Sadəcə, yazıçı burada Azərbaycanda gördüyü hadisələrdən bəhs etməklə elə Ermənistanda olanları da qələmə almış olur və inanıram ki, bir gün bir erməni yazarı da özündə cəsarət tapıb oralarda baş verənləri, yəni Əylislinin romanının o biri üzünü yazacaq. Əylisli bu romanı ilə ermənilərə imperativ verir. Onlar bu imperativdən heç olmasa təəssüb xətrinə hərəkətə gələcəksə, nə gözəl, gəlməyəcəksə, onda onlara, onların ədəbiyyatına, yazıçısına yazıq. Yenə də türk öz böyüklüyünü saxlamış olacaq. Necə deyərlər, böyüklük səndə qalsın!

***

“Теперь уж времена такие. Возьми да сбрасывай с балкона хоть сто армян в день. А вместе с ними и мусульман”. – Burda yalan varmı? Kimsə deyə bilməz ki, var. Ən azı deyə bilərlər ki, o adamlar Ermənistandakı hadisələrin qisasını alırdılar. Yaxşı bu, qisas idisə niyə hələ də Bakıda 30 min erməni yaşayır?

Niyə oralarda ən dəhşətli işgəncələri görənlər bu ötən 25 ildə onlardan qisas almadılar? Çünki bu qisas deyildi, KQB-nin təşkil etdiyi kütləvi iğtişaş idi ki, indi kimsəyə sirr deyil. Hadisələri də məntiqli çıxması üçün Ermənistandan gələnlərin,
Ziya Bünyadov
Ziya Bünyadov
Ziya Bünyadovun “yeraz”larının üstünə atırdılar ki, əslində o vəhşiliklərdə “yerazların” sayı heç də xüsusi üstünlük təşkil etmirdi, lakin əsasən onların adı keçirdi və əsərdə sənət dostu, böyük artist Saday Sadıqlının erməni deyə vəhşicəsinə döyülməsini görən Nuvariş nə deməliydi? “Əziz yerazlar”mı deyəcəkdi? Axı bu “köpəy uşağı yerazlar” ifadəsi də KQB-nin buraxdığı şayilərin içindəydi. İndi yazıçı olan şeyi yazmaqla “yeraz”ları necə təhqir edir, anlaşılan deyil. Camaat da nə o vaxt anlamışdı, nə indi anlayır. Sanki yenə də 90-cı ildi. Yenə həmin gözü döndərilmiş adamları atıblar ortalığa və hədə biçirlər. Verdiyim sitatın doğru olduğunu təsdiqləmək və bir az da genişləndirmək üçün şahid olduğum bir hadisə: tanıdığım bir yəhudi ailəsi vardı.

Evin kişisi Valeri Azərbaycan Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsində çalışırdı. Hadisələr zamanı onu da erməni bilib ölümünə döymüş, şikəst eləmişdilər. Sonralar o ailə Azərbaycandan köçdü.

***

“Впрочем, по мнению Нувариша, вина была не в Хозяине, а в упрямстве и гордости Садая Садыглы. “Банной водичкой себе друзей зарабатывает. Дает каждому что-то, отнимая самое главное в человеке — его достоинство. Кастрирует душу народа, чтобы сделать всех тихими и послушными”,- bu parçanı verməklə Əkrəm Əylislinin xalq düşməni çıxarılmasının səbəbini göstərmək və yazını bitirmək olardı. Ancaq davam edək. Bu rakursdan yanaşmaqla bu gün Əylisliyə qarşı xüsusi canfəşanlıq eləyib gözə girmək fürsətindən yararlananları çox asan başa düşmək olar.

***

“Особенно поражен был доктор жестокостью мусульманского населения города к армянам, возможно, потому, что подобной жестокости со стороны армян он ЛИЧНО никогда не видел”. – Bu hissəni tərcüməçilər belə çevirmişdi: “Həkim, xüsusən, şəhərin müsəlman əhalisinin ermənilərə qarşı qəddarlığından heyrətə düşmüşdü. O, belə bir qəddarlığı erməni tərəfindən heç vaxt görməmişdi”. Burada yanlışlığa yol verilib. “Лично” sözü buraxılıb. Bəli, çox zaman tərcümələrdə bu sözü “şəxsən” kimi çevirib mətnə salmağa gərək olmur, burada isə bu sözsüz tərcümə, artıq yazıçıya qarşı təxribat belə sayıla bilər. Yazıçı şəxsən onun (doktor Fərid Fərzaninin) bu tip vəhşilik görmədiyini vurğulayır. Bununla da demək istəmir ki, eyni şeyi ermənilər də törətməyib. Çünki əsərin üçüncü bölümündə Saday Sadıqlının xanımının diliylə o vəhşiliklər oxucuya çatdırılır. Lakin bu da var – şəxsən mən bu romanın redaktoru olsaydım, o son cümləni mətndən çıxartdırardım. Çünki necə deyərlər, tülkü tülkülüyünü sübut eləyincə vurub dərisini boğazından çıxararlar.

***

“Желание отправиться в Эчмиадзин, чтобы с благословения самого католикоса принять христианство, навсегда остаться там монахом и молить Бога простить мусульманам зло, которое они совершали над армянами, неожиданно возникло в душе Садая Садыглы в одну из ночей после событий в Сумгаите. И позже Садай Садыглы уже не мог понять, во сне или наяву пришло к нему это желание. Однако в то утро он проснулся преисполненный радости, умылся, с аппетитом позавтракал, с удовольствием выпил чаю и, не в силах сдержаться, возбужденно поделился с женой этой новой фантастической идеей. Азада ханум, и без того в последнее время испытывавшая серьезное беспокойство о психическом состоянии мужа, в тот день на работе не находила себе места, а вечером позвонила в Мардакяны и, чуть не плача, рассказала обо всем отцу”. – Romanın ikinci hissəsinin əvvəllərində gələn bu hissəni rahatca ermənilərə jest və ya epataj adlandırmaq olar. Adlandırırlar da. Yəni gerçəyi yazırıqsa, ola bilməz ki, belə bir humanist zat ermənilərin də azərbaycanlıların başına gətirdiyi vəhşətləri bilməsin və ya düşünməsin. Hətta Bakıdakı ermənilər özləri belə, Ermənistandakı hadisələri bilir, Bakıda bunun əvəzində qorxulu hadisələr törəyəcəyini hiss edir, yerlilərini lənətləyirdilər. Lakin müəllifin ustalığı burada da onun köməyinə gəlir – Saday Sadıqlı anlaya bilmir ki, bu ideya onun ağlına yuxuda gəlib, ya gerçəkdə. Bunu səhər yataqdan qalxanda düşündüyünə görə, demək ki, yuxuda belə fikirləşib. Yuxular, yazının əvvəlində xatırlatdığım kimi, Freydə görə də, xalq yozumlarına görə də aldadıcı (tərsinə yozulma) və maskalanmış (gizlədilmiş) olur. Demək ki, Sadayı narahat eləyən həm də Ermənistandakı vəhşətlərdi. Bundan başqa səhər fikrini həyat yoldaşı Azadə xanıma dedikdə müəllifin xüsusi məna daşıyan cümləsi gəlir: “Азада ханум, и без того в последнее время испытывавшая серьезное беспокойство о психическом состоянии мужа...”. Demək ki, bu qarşılıqlı dəhşətlərin yaratdığı bir nevrozdan, psixoloji diskomfortdan söhbət gedir həm də. Bəli, istənilən qanlı hadisələr bir ziyalının, eləcə də kütlənin ruhi aləmini bu şəkildə darmadağın eləyə bilər. Gələcək də bu hadisələrdən sığortalanmayıb, deməli, bu darmadağın ruhların sağalması üçün mütləq nəsə düşünmək lazımdı – qarşılıqlı. Əylisli isə bir yazar olaraq bu romanı düşünə bilib. Fikrini ifadə etmək üçün seçdiyi qəliz vasitələr isə, millətlər bir yana qalsın, onun özünü çətin duruma salıb.

Ciddi psixoloji qatlara getmədən yalnız şivənə qapılmaq olar. Bu isə müəllifin gizlinləri açmağı oxucunun öhdəsinə buraxdığını göstərir. Lakin bu mövzuda oxucunu zorlamaq heç də tam yerinə və zamanına düşmür.

Torpağının 20 faizi işğal olunmuş azərbaycanlı oxucunu bu gün dəhşətin anatomiyası deyil, xronologiyası və üzü maraqlandırır ki (əslində tənbəl Azərbaycan oxucusu hər mövzuda belədi), Əylisli də burada o xronologiyanı vermir və bəlkə də dediyim ki, qəsdən vermir. Çünki ona bu romanı yazdıran səbəb var... Doktorun qoyduğu diaqnoz da yazıçının fikrinə aydınlıq gətirir:

“Доктор Абасалиев, навсегда распрощавшийся с медициной и едва ли не со студенческих лет страстно собиравший из разных источников любые факты из истории Айлиса, без особых затруднений поставил зятю диагноз: “Маниакально-депрессивный синдром, - сказал он (...)”.

Əslində əsərin açarı elə bu nöqtədə olmalı. Erməni sevgisiylə “alışıb-yanan” Saday Sadıqlı ruhi xəstədi. Romanın ikinci hissəsində verilən bu açar bütün əsərə güzgü tutur və yazarın fəndi olaraq onu ən azı öz vətəndaşlıq vicdanı qarşısında mühakimələrdən xilas eləyir.

Çünki həm də bu əsər vətənpərvərliyə deyil, barışa xidmət edir. Buna görə də yazıçı bu gün oxucuların onun əsərində nəyi anlamadıqlarını açıq deyə bilmir. Lakin bunu deyir: “Bu romanı anlaya bilməyiblər”.

Lakin vicdanından rahat olan yazıçı “zəhmətkeş ictimaiyyətin” şiddətindən qurtula bilmir, çünki onların fikri əsəri oxumamışdan belə yanlış istiqamətə yönəldilib. Həm də ona görə ki, fikri “Birinci”dən və trilogiyanın ondan bəhs edən üçüncü romanından yayındırsınlar. Ama arada fiasko var, çünki indi hər kəs o üçüncü romanı axtarır...

Erməniyə qahmar çıxmaqda onu Pamukla müqayisə eləyib üstünlüyü ikinciyə verir, bunu belə izah eləyirlər ki, o, barı bunları bir müsahibəsində deyib, kitabında yazmayıb. Bu fikir kökündən yanlışdı. Çünki müsahibədə deyilən fikir bədiilikdən uzaq olduğuna görə birbaşa məna daşıyır, daha xəyanətkar sayıla bilər. Roman isə vur-tut bədii təxəyyülün məhsuludu. Əylisli heç bir müsahibəsində azərbaycanlıların qatil olmasını dilə gətirməyib, gətirməz də.

Bu hissələrdən başlayaraq az əvvəl doktorun qoyduğu diaqnozu rəhbər tutmadan Sadayı anlamaq mümkün deyil. Gərək onun fikirlərini oxuduqca unutmayasan: “Маниакально-депрессивный синдром”. Həyat yoldaşı da elə bunu deyir:

- Перестань, папа! Ты все превращаешь в шутку, — сказала Азада ханум несколько раздраженным голосом. — Он болезненно переживает судьбу каждого бакинского армянина, как будто только он обязан беречь их от всякого посягательства. Любой армянин стал для него дороже него самого. КАК БУДТО ВСЕ ОНИ АНГЕЛЫ НЕБЕСНЫЕ, А МЫ — ТОЛЬКО ПАЛАЧИ, ЖАЖДУЩИЕ ИХ КРОВИ. (seçdirmələr mənimdir – P.C.) Он только о тех айлисских армянах и думает и никак не может понять, что нынешние армяне не намного лучше этих наших безмозглых крикунов. Он никак не может забыть ту резню, которую тогда устроили в Айлисе турки и КОТОРОЙ САМ ОН НЕ ВИДЕЛ. Это ты, папа, сделал его таким”. – Doktor Abbasəliyev sovet ziyalısıdı. Yazıçı Azada xanımın diliylə görmədiyimiz şeylər haqqında yalançı sovet təbliğatına işarə edir. Gəncləri böyüdən, tərbiyə edən, yönəldən, fikrini formalaşdıran da onlardı və bunun da nəticəsində Saday kimilərin yanlış yuxuları meydana gəlir... Həmin təbliğatda Şaumyanları az qala Azərbaycan xalqının xilaskarı kimi göstərənlər, ona heykəl ucaldanlar kimlər idi bəs? Onlar da Əkrəm Əylisli kimi linç edildilərmi? Xeyr, linç edən elə onlar özləridi...

***

Və doktorun qızına cavabı və o cavabdakı möhtəşəm məqam: “Нет, доченька, я здесь почти ни при чем. Он с рождения — человек честный, совестливый и ранимый. И не в том дело, какими стали теперешние армяне, а в том — какие сейчас мы. САДАЮ НЕТ ДЕЛА ДО ТЕХ ИЛИ НЫНЕШНИХ АРМЯН. ОН ДУМАЕТ ТОЛЬКО О НАШЕЙ С ТОБОЙ НАЦИИ. ТЫ ЖЕ ЗНАЕШЬ, КАК ИСКРЕННЕ ЛЮБИТ ОН СВОЙ НАРОД, ЭТИМ ОН КАК РАЗ И ОТЛИЧАЕТСЯ ОТ РАЗНОШЕРСТНЫХ БЕЗМОЗГЛЫХ КРИКУНОВ, КОТОРЫЕ РАСПЛОДИЛИСЬ ТЕПЕРЬ ПО ВСЕМУ МИРУ, КАК ГРИБЫ ПОСЛЕ ДОЖДЯ”. Fikirlərini daha dəqiq çatdırmaq üçün o, Sadayın Məcnunluğu haqda danışır, Məcnunun sərkərdə Nofələ, ona görə Leylinin atasıyla vuruşan şəxsə qarşı savaşını xatırladır. “Потому что это и есть подлинная любовь. Подлинная любовь не знает никаких границ. Так можно любить и женщину, и Родину. Любовь эта - чистое зеркало, доченька, в ней отражаются только доброта и милосердие. Она не от жизни, а от Бога. Вот чем болен и он — наш Меджнун. И как хорошо, моя девочка, что от такой болезни еще не найдено лекарства, — заключил доктор Абасалиев со слезами в голосе, признавая свою беспомощность в создавшейся ситуации”. Bu güzgüdən ermənilərdə yoxdurmu? Yoxsa nifrət onların aynasını elə kirlədib ki, artıq nə özlərini, nə düşmənlərini sevə bilirlər? Bu, yazıçı üçün maraqlı deyil. Bu əsəriylə onların da sevgi aynasını təmizləmək və Tanrıdan gələn bir sevgiylə arınmalarını istəyir. Ancaq sən saydığını say, gör fələk nə sayır. Ermənilərdən öz xalqına sevgi umarkən onun aynasını elə özünkülər qırmağa başlayır.

***

“И еще — наполняющие сердце сиянием свежести только-только расцветающие подсолнухи, посаженные в церковном дворе живущим недалеко от церкви Мирали киши, превратившим Божий дом в собственную кладовку для дров, сена, соломы”. – Bu yerdə Şuşa məscidi yada düşür. Lakin gəlin düşünək.

Yazıçı hər belə faktın qarşısında bir də onun analoqunu versə, yəni tez-tələsik Şuşa məscidindən danışsa, ya Xocalıdan söz salsa, bu əsərdə hansı bədiilik qalacaq? O zaman bu əsərin bir azərbaycanlı ilə bir erməninin ateistlərlə dindarların bitib-tükənməyən deyişməsinə bənzər deyişməsindən başqa bir şey olmayacağı üzə çıxacaq.

Lakin yazıçı bunu deməklə elə Şuşa məscidinə də göndərmə verir, baxmayaraq ki, söhbət burada 52-ci ildən gedir. Və Şuşa məscidi haqda yazmağı da yazıçı öz göndərməsi ilə erməni yazıçısının boynuna yükləyir. Dediyim kimi, artıq bunun işartılarını görməyə başlayırıq.

Bakıda Xocalı faciəsinin ildönümü mərasimindən, 26 fevral 2012
Bakıda Xocalı faciəsinin ildönümü mərasimindən, 26 fevral 2012
Əylisliyə qarşı irəli sürülən bir nadan iddiaya da münasibət bildirməyə dəyər. Onu qınayırlar ki, niyə bu əsərdə Xocalı soyqırımından, Qarabağın işğalından danışmır. Bu qədər sadə bir şeyi anlamaq üçün nə qədər ağıl lazımdı ki? Əsər 1990-cı il yanvarın 13-nə kimi olan bir dövrdən bəhs edir və bu, hər il Xocalı qətliamının baş verdiyi günlərdə yazılan qəzet məqaləsi deyil.

***

“Айлис, юноша, это Божественное совершенство! — не раз восклицал доктор Абасалиев, обращаясь к Садаю. — И за то, что мы с ним сделали, нам придется отвечать перед Богом в Судный день”. – Burada yenə erməni vicdanına qıcıq ötürmə var. Və bir də, bu hadisə türk-erməni qırğınları silsiləsində bir halqa kimi deyil, əlahiddə hadisə kimi göstərilir və doktor Abbasəliyev də məhz, bu hadisəyə qiyamət günü cavab verməkdən danışır. Eyni erməni doktorunun da belə düşünməsi üçün yazıçı təklif verir və zəmin hazırlayır. Bütün söhbətlər özünütənqid nəticəsində barışıqdan gedir. Yəni erməni də öz tövbəsini eləyir, özünü Tanrı qarşısında suçlu çıxarır və türkə doğru bir barış addımı atır.

***

“Старая Айкануш усадила Джамала у костра на плоский речной камень. Садай наполнял кувшин теплой водой и лил на голову Джамала, а Айкануш терла мылом эту вшивую голову, до крови расчесывая ее ногтями, потом опять мылила и опять мыла, приговаривая тихим жалобным голосом:
- Родненький. Бедный мальчик. Сиротинушка!

И сейчас, лежа без сознания на койке бакинской больницы, Садай Садыглы так отчетливо, так близко слышал этот голос, что, окажись даже старая Айкануш в этой палате рядом с ним, этот жалобный голос не звучал бы так явственно”. – Deyirlər, aşıq gördüyünü çağırar. Saday gözlərilə ancaq bunları görüb və ermənini ancaq xoş hislərlə xatırlayır, bu nöqtədən də bütün ermənilərə yanaşır. Ermənistanda uşaqları dəmir boruya salıb ağzını qaynaq eləyərək öldürmək xəbəri bir erməninin bir türk uşağının başını bitdən-sirkədən təmizləməsi qədər duyğu yarada bilmir.

Çünki birində insanlıq və analıq sevgisi, birində isə gözü qızmış, artıq etnik mənşəyi itmiş, bir anda insanlığı belə buxarlanmış manyak kütlənin vəhşiliyi, heyvanlığı var ki, səbəb nə olur-olsun, biz tərəfdən bənzər hadisələrin olması hətta cüzi də olsa faktdı. Yazıçı bir kiçik sevgi faktını bir kütləvi amansızlıq aktından böyük göstərir, onun fövqündə qoyur, çünki yazıçının missiyası da elə bu olmalıdı. Axı yazıçı faşizmi deyil, doğru-yanlış – öz bildiyi şəkildə humanizmi təbliğ eləyir. Hər iki tərəfi də buna çağırır.

***

Roman sözün hər mənasında bədbin notlarla bitir. Əsərin qəhrəmanı Saday Sadıqlı sonunda xilas edilə bilmir, dünyasını dəyişir. Bu, Azərbaycan ziyalısının, Azərbaycanda humanizmin həmin günlərdə məğlubiyyətini təcəssüm etdirir.

Bu ölüm həm də barış ideyasının sonu anlamına gəlir. Sanki böyük bir missiya ilə çıxış edən müəllif özü də bu missiyasının baş tutacağına inanmır. Çünki cəmiyyətdə qulaqkəsənlər at oynadır, mühafizə olunur, maddi cəhətdən təmin edilir və getdikcə cəmiyyəti daha da çürüdürlər.

***

Azərbaycan dövləti sülh yoluyla Qarabağın qaytarılması ideyasını qəbul edir, bu yöndə bacardığı şəkildə çaba göstərir. Dövlət başçıları görüşür, əl sıxışır, Minsk qrupu gəlib-gedir, yollar arayırlar. Əkrəm Əylisli də Türkiyənin “Agos” qəzetinə müsahibəsində deyir: “Mən sülhə səs verirəm”. Soyqırım söhbətlərini yerli-dibli qəbul etməyən mərhum Hrant Dinkin qəzetində bu fikir manşetə çıxarılıb, həm də Azərbaycan türkcəsində.

Lakin sülh yoluyla Azərbaycanı qaytarmaq, erməni vətəndaşlarının təbəəliyini yenidən qəbul etmək istəyən hökumət Əylisliyə qarşı tutduğu bu xətlə ölkəmizə necə ziyan vurduğunu anlayırmı? Ermənilər deməzmi: “Siz bizim haqqımızda xoş söz deyən bir türkü bu cür linc edirsinizsə, onda biz ermənilərin halı necə olar?.. Əylislinin fəxri adlarını alanlar, kitablarını tonqala atanlar bizi də yandırmazmı?”

Beləcə, Qarabağın sülh yoluyla qaytarılması bir neçə siyasi (“Xozeyin”lə bağlı) abzasa görə təhlükə altına qoyulur və bu, hakimiyyətin vecinə də deyil. Əslində hakimiyət bu kitabı bayraq eləyib dünyanın gözü qarşısında erməni diasporu və rəsmilərinin gözünə soxa, kimin barışığa daha yaxın olduğunu isbat edə bilərdi. Lakin görünür, Qarabağın bu günkü statusu daha sərfəlidi. Elə hər iki tərəf üçün. Birinə qalib kimi, birinə də ağrımaz başına əski bağlamaq istəməyənlər kimi.

Qoy Əylisli vətən xaini olsun, erməni olsun. Bəs gözləri qızmış insanların qarşısını nə kəsir? Niyə gedib Qarabağı almır, erməniləri süpürüb Ermənistana atmırlar? Əylislimi kəsir onların qarşısını? Lazım gəlib çıxmayıbmı? Ya problemin sülh yoluyla həllinə tərəfdar olduqlarına görə? Bəs Əkrəm Əylisli nə istəyir?..

Qafqazinfo
XS
SM
MD
LG