Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:49

Qafqaz Müsəlmanlar İdarəsi də Əkrəm Əylisli barədə bəyanat verib


Fevralın 13-də Qafqaz Müsəlmanlar İdarəsində (QMİ) Şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə Əkrəm Əylislinin «Daş yuxular» əsəri müzakirə edilib.

Trend-in məlumatına görə, Allahşükür Paşazadə əsəri Azərbaycan xalqının təhqir olunmasına yönələn və milli-mənəvi dəyərlərə zidd əsər adlandırıb.

O, kitabda İslam dininin təhqir olunduğunu bildirib.

Azərbaycanı müxtəlif xalqların, müxtəlif dinlərin birgə yaşayışı üçün nümunəvi ölkə adlandıran Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeyin əsəri qeyri-səmimi adlandırıb.

Daha sonra QMİ-nin Elmi-Dini Şurası və Qazılar Şurasının əsərlə bağlı bəyanatı səsləndirilib.

Bəyanatda Əkrəm Əylislinin «Daş yuxular» yazısı xalqın heysiyyətinə toxunan, ülvi dəyərlərinə təhqir kimi dəyərləndirilib.

Bəyanatda onun «xalq yazıçısı» adından məhrum edilməsinin ədalətli addım olduğu bildirilir.

«Dövlət tərəfindən hər zaman gördüyü qayğı və diqqət qarşılığında dövlətçiliyi sarsıtmaq istəyən, xalqına xəyanət edən bir şəxsin «Şöhrət» və «İstiqlal» kimi ali dövlət təltifatları daşımağa da heç bir mənəvi haqqı qalmayıb. Peyğəmbərimiz mübarək hədisi-şərifində buyurur: «Vətəni sevmək imandandır». Öz xalqına qarşı nankor çıxan, milli və dini mənsubiyyətini itirmiş yazarın mənəvi haqqı barədə danışmaq əbəsdir, belə ki, yalnız əqidəsi dönük şəxs belə bir rüsvayçı yazının müəllifi ola bilərdi».

Bəyanatda qeyd daha sonra qeyd olunur ki, «...el-obasından didərgin salınaraq qaçqınlıq taleyi yaşamağa məhkum edilmiş soydaşlarımızın haqqını müdafiə etmək hər bir azərbaycanlının borcu olduğu halda, erməni qadınlarının xiffətini çəkən, onların müsbət obrazını yaratmaq üçün dəridən-qabıqdan çıxan yazıçının ümumbəşəri ideyalardan dəm vurması ucuz demaqogiyadan başqa bir şey deyil. Sülhə aparan yol isə günahın günahsıza yüklənməsindən deyil, yalnız ədalətin bərpasından, günahkarın etirafından, haqqın haqlıya verilməsindən keçir», deyə bəyanatda bildirilir.
XS
SM
MD
LG