Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:32

Səudiyyə şahzadəsi Facebook-la necə tora salındı


Arxiv foto
Arxiv foto
-
Basmah bint Saud bin Abdulaziz al Saud Səudiyyənin ilk kralının nəvəsi, ikinci kralın ən kiçik qızıdır.

Öz ölkəsində xeyriyyəçi və insan haqları kampaniyaçısı kimi tanınan şahzadə iki ildir ki, Londonda yaşayır.

İndi isə şahzadə həyatının ən amansız döyüşü ilə üzləşib.

SİQARETİM YANA-YANA…

Şahzadəni, onu Səudiyyə normaları ilə çox açıq-saçıq vəziyyətdə əks etdirən videosüjetlə şantaj ediblər.

Basmah bint Saud bildirib ki, həmin video hakerlər tərəfindən onun noutbukundan oğurlanıb.

“The Telegraph on Sunday” qəzeti yazır ki, Avropada bəlkə də adi qadın şıltaqlığı kimi qəbul edilə biləcək video, Səudiyyə Ərəbistanında bomba kimi partlayıb.

Videogörüntüdə Basmah kameraya hava öpüşü göndərir, şabalıdı saçları açıqdır və siqaret üfürür.

Onu şantaj edən şəxs, nəinki həmin videonu, hətta şahzadənin aldadılaraq cəlb edildiyi söhbətin audioyazısının da yayılmaması üçün 320 min funt sterlinq məbləğində pul istəyib.

Lakin 48 yaşlı beş uşaq anası şahzadə Basmah pulu ödəməkdənsə, ictimaiyyətə çıxmaqla, şantajçını önləmək qərarına gəlib.

Amma burası da var ki, Britaniya ictimaiyyəti bir şeydir, Səudiyyə ictimaiyyəti başqa…

KRALIN 115-Cİ QIZI

Mətbuat yazır ki, kral Səudun dogma qızı olmasına baxmayaraq, onu kral sülaləsinin “ögey” nümayəndəsi də adlandırmaq olar.

Atası kral Səud ölkəyə 1953-cü ildən 1964-cü ilədək padşahlıq etsə də, korrupsiya ittihamları ilə üzləşib və həyatının qalan hissəsini Avropada sürgündə keçirib.

Nəsilartırma sahəsində məhsuldar kralın 115 övladı arasında ən kiçik qızı olan Basmah atasının üzünü cəmi iki dəfə görə bilib.

Atasının ölümündən sonra şahzadə yazıçılıq, biznesmenlik və xeyriyyəçiliklə məşğul olub, lakin iki il öncə Londona köçüb.

Londonun qərbində, 1, 5 milyon funt sterlinqlik evdə yaşayan Basmah bint Saud iddia edir ki, hakim elitadan qopmayıb.

FACEBOOK-DA “BİŞİRMƏ” ƏMƏLİYYATI

Hər şey şahzadə Basmah-nın ötən Miladda Şotlandiyada istirahətindən başlanıb.
Burada Facebook hesabına daxil olan şahzadə, Birləşmiş Ərəb Əmirliklərindən dostu saydığı bir şeyx tərəfindən söhbətə cəlb olunub.

Şahzadə inanır ki, onun kompüterinə adını çəkmək istəmədiyi şeyxin hesabından müdaxilə edilib.

Basmah bint Saud bildirir ki, o, saxta mükaliməyə məhz adını çəkmədiyi, lakin çox mühüm şeyxlərdən biri olduğunu söylədiyi şəxsin Facebook hesabı vasitəsilə cəlb olunub.

“O mesajlarında gördüyüm işlərə, yazdıqlarıma son dərəcə heyran olduğunu bildirir, məni Ərəb dünyasının qəhrəmanı adlandırırdı” - şahzadə deyib.

Basmah-nın bundan sonra dediklərini “The Telegraph on Sunday” sual altına almasa da, bəzi məqamlar qaranlıq qalır.

Qəzet yazır ki, şantajçının təriflərindən xumarlanan şahzadə onunla üç gün, üç gecə internet təmasında olub və hətta...Skype vasitəsilə danışıb.

Şahzadənin yaxın dost adlandırdığı həmin şəxsi Skype-da tanımamasını yalnız bir səbəblə izah etmək olar ki, Basmah dostu şeyxi də qiyabi tanıyırmış.

“Bu, gənc bir kişi idi, danışanda həyəcanlanırdı, - Basmah deyir, - gəlib məni görmək istədiyini söyləyirdi. O deyirdi ki, o mənə yamanca bağlanıb və mən həmin anda şübhələnməyə başladım”.

40 SANİYƏLİK VİDEOŞANTAJ

Şahzadə düşünür ki, həmin şəxs onu daha düşünülməmiş və daha açıq seksual məzmunlıu söhbətə çəkmək istəyib.

Günlərin bir günü isə həmin şəxs açıqca elan edib ki, şeyx yox, sadəcə şantajçıdır.
O, 500 min dollar məbləğində pulun Misirdəki hesablara köçürülməsini tələb edib, lakin şahzadə açıq bəyanatla çıxış etmək qərarına gəlib.

Şahzadə öz internet saytında elan edib ki, onun reputasiyasını məhv etmək istəyən çox böyük bir təşkilat tərəfindən təhdid və şantaj edilir.

Məhz bundan sonra şantajçı YouTube saytına 40 saniyəlik video yerləşdirib. Həmin görüntüdə Basmah bint Saud siqaret tüstülədir və kameraya hava öpüşləri göndərir.
Kifayət qədər sanballı materialdır və məhz elə buna görə də şahzadə and-aman edir ki, virtual öpüşlər həmin şəxsə ünvanlanmayıb, material onun kompüterindən oğurlanıb və ümumiyyətlə, öpüşlərin əsil ünvanı onun oğlu imiş.

Şahzadə bildirir ki, şantajdan bir gün sonra onun Range Rover markalı avtomobili Londondakı evinin qarşısından oğurlanıb.

ŞAHZADƏ LONDON EVİNDƏ BÖCƏK AXTARIR

Basmah bint Saud kompüterlərinin və evinin böcəklənib-böcəklənmədiyini aşkar etmək üçün mütəxəssislər dəvət edib.

Şahzadə israr edir ki, onu hədəfləyənlər kral ailəsini rüsvay etmək istəyən dissidentlər qrupudur.

O deyir ki, şantajçının, bütün Səudiyyədə çox məşhur Müctəhid Twitter adı ilə tanınan anonim istifadəçiyə bağlı olduğuna inanır.

Basmah bint Saud deyir ki, Səudiyyədə Twitter şəbəkəsi çox populyardır və hamı xəbərləri buradan alır.

Şahzadə bildirir ki, Müctəhidin bir milyon davamçısı var və onun şəbəkəsi əvvəllər də kral ailəsinin başqa üzvlərini hədəfləyib.
XS
SM
MD
LG