Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:55

Doğranmış general – Əmir Kazım Mirzə Qacar


Əmir Kazım Mirzə Qovanlı Qacar (1853-1920)
Əmir Kazım Mirzə Qovanlı Qacar (1853-1920)

AzadlıqRadiosunun «İz» proqramının «Güllələnmiş generallar» dastanı 2007-ci ildən bəri hər dəfə təkrar səslənəndə, böyük maraq doğurur. Bunu nəzərə alıb radiomuzun saytında 1918-20-ci illərdə Milli Azərbaycan ordusunda xidmət etmiş generallar haqqında yazılar verməyə qərar verdik. Beləliklə, Cümhuriyyət ordusunun 21 generalının həyat tarixçəsini saytımızda oxuya biləcəksiniz. Yazılarda generalları tapıb ortaya çıxaran, onlar haqqında kitab yazan hərb tariximizin usanmaz araşdırıcısı Şəmistan Nəzirlinin araşdırmalarından faydalanacağıq.

-
Yeddinci yazıda Qacarlar soyundan – şahzadə Bəhmən Mirzənin oğlu Əmir Kazım Mirzə Qovanlı Qacardan söz açırıq.

31 OĞULDAN BİRİ GENERAL…

Şahzadə Bəhmən Mirzənin 31 oğlu olub. Səhv oxumadınız. Belədir ki, var. 31 oğulun 18-i hərbiçi olub. 15-i Cümhuriyyət ordusunda xidmət edib. Şəmistan bəy tapdığı sənədlərlə ikisinin – 1918-ci ildə polkovnik Xosrov Mirzə Qacarın Birinci Azərbaycan Süvari Alayının komandiri, polkovnik Feyzulla Mirzə Qacarınsa Baş qərargahda şöbə rəisi olduğunu müəyyənləşdirib.

Keçək silsiləmizin növbəti qəhrəmanına...

HƏYATI

Əmir Kazım Mirzə 1853-cü ildə Şuşada doğulub. İlk təhsilini Tbilisi gimnaziyasında alıb, 20 yaşında Peterburqdakı Nikolayev Süvari Məktəbini bitirib. 1873-cü ildə kornet-zabiti rütbəsində hərbi xidmət üçün Qafqaz Əlahiddə Ordusunun 44-cü Nijeqorod alayına göndərilib. 25 il bu alayda xidmət edib, orden-medallar alıb.

ORDENLƏRİ

1877-78-ci illərdə rus-türk müharibəsinə (!) qatılıb. Dördüncü dərəcəli «Müqəddəs Anna» və üçüncü dərəcəli «Müqəddəs Stanislav» ordenlərinə layiq görülüb. Ən yaxşı süvari zabitləri sırasında mayor Əmir Kazım Mirzə də 1881-ci ildə imperator III Aleksandrın tacqoyma mərasiminə qatılıb. 1895-ci ildə eskadron komandiri təyin olunub. Həmin il Buxara əmirliyinin «Parlayan ulduz» ordenini alıb. Ordenlərin sayı get-gedə çoxalıb: Üçüncü dərəcəli «Müqəddəs Anna», ikinci dərəcəli «Müqəddəs Stanislav» (qılıncla birgə), üçüncü və dördüncü dərəcəli «Müqəddəs Stanislav», ikinci dərəcəli «Müqəddəs Anna», üçüncü və dördüncü dərəcəli «Müqəddəs Vladimir» və İranın dördüncü dərəcəli «Şire-Xorşid» ordenləri...

SAVAŞLAR

Əmir Kazım Mirzə Qacar Rusiya-Türkiyə (1877 – 78), Rusiya-Yaponiya (1904 -05) müharibələrinin və Birinci Dünya savaşının (1914 – 1918) iştirakçısı olub. Yuxarıda sadalanan ordenlər də ona döyüş igidliyinə görə verilib. Əmir Kazım Mirzə Port-Artura Amur Kazak süvari polkunun komandiri kimi qatılıb. Bu müharibədə ona polkovnik rütbəsi verilib. Orden-medallardan başqa ona üstüyazılı qızıl silah da bağışlayıblar. 1910-cu ildə qəhrəmanımız artıq general-mayor rütbəsinə çatıb...

ƏMİR KAZIM MİRZƏNİN VƏTƏNDAŞ QEYRƏTİ

Əmir Kazım Mirzə təkcə hərbi işlə kifayətlənməyərək, vətəndaş fəallığı ilə də seçilib. Tbilisidə və qəzalarda ibtidai məktəblərin açılmasına maddi yardım göstərib, yoxsul uşaqlarını öz hesabına oxudub. 1910-cu ildən Qafqaz Müsəlmanları Xeyriyyə Cəmiyyətinin fəxri üzvü olub. Onun həyat yoldaşı Gövhər xanım Ağa Ələkbər qızı İsmayılova-Qacar (1862-1927) 1905-ci ildə yaradılmış xeyriyyə cəmiyyətin sədri idi. General 1912-ci ildə Tbilisidə Azərbaycan Dram Cəmiyyətini təsis edib və tamaşa binasının açılmasına qatılıb. Mirzə Fətəli Axundzadənin 100 illiyi də Əmir Kazım Mirzənin sədrliyi ilə keçib. Daha bir xatırlatmalı məqam. 1913-cü ildə «Molla Nəsrəddin» jurnalı daha bir məhkəməyə çəkiləndə, onun müdafiəsinə qalxanlar arasında Əmir Kazım Mirzə Qacar da vardı...

CÜMHURİYYƏT İLLƏRİ – ƏMİR KAZIM MİRZƏNİN RAPORTU

Cümhuriyyət qurulandan bir az sonra – 1918-ci il dekabrın 1-də Əmir Kazım Mirzə hərbi nazir Səməd bəy Mehmandarova bir raport yazır. Şəmistan Nəzirlinin bildirdiyinə görə, həmin raport Respublika Yeni Tarix Mərkəzi Dövlət Arxivində saxlanılır. O, raportda döyüş xidmətlərini sadalayır. 34 il hərbi xidmətdə olduğunu, az müddət istefada olsa da, hərbi işi yadırğamadığını, müasir hərbi ədəbiyyatı daim izlədiyini, «hərbi qulluğun müasir tələblərinə uyğun olaraq xidmət borclarını icra etmək bacarığına və gərəkli fiziki qüvvəyə malik olduğunu» yazır. Azərbaycanın hər hansı bir hərbi idarəsində iş istəyir: «Zati-aliləri, bu, Vətənin keçdiyi bu ağır vaxtda öz xalqıma xeyir verər, həm də ailəmin zəifləmiş iqtisadi vəziyyətini yaxşılaşdırardı».
Onu ordu quruculuğuna cəlb edirlər. Səməd bəy Mehmandarovun əmri ilə Əmir Kazım Mirzə Gəncənin komendantı təyin olunur.

DOĞRANILSIN!

Aprel çevrilişindən sonra Əmir Kazım Mirzə Qacar Gəncə üsyanında fəal iştirak edir, əsir düşür və... Gəncə ÇK-sı (Fövqəladə Komissiyası) tərəfindən (komissar Tuxareli) doğranılır. Qəribədir ki, 17 il sonra Əmir Kazım Mirzənin kürəkəni də eyni taleylə üzləşir. Cahangir Qayıbov (Qafqaz müftisi Hüseyn Əfəndi Qayıbzadənin oğlu) 1937-ci ildə Tbilisi fövqəladə komissiyasının əmri ilə «vəhşicəsinə doğrandı». (sənədlərdə belə yazılıb)...

AİLƏSİ

Əmir Kazım Mirzə Qacarın Gövhər xanımdan Darab Mirzə, Davud Mirzə adlı oğulları, Mənicə xanım, Ziba xanım, Leyla xanım və Aliyə xanım adlı qızları vardı. Qacarlar soyunun davamçısı Çingiz Qacar generalın bəzi yadigarlarını saxlayıb. Məsələn, qüsursuz hərbi xidmətin 25 illiyində generala bağışlanan və üstündə tuncdan tökülmüş atlı fiquru olan masaüstü saatı. Onun üzərində «Əmir Kazım Mirzəyə əla xidmətinə görə» sözləri yazılıb. 1898-ci il dekabrın 16-da təqdim olunmuş bu saat 44-cü Nijeqorod alayının marşını çalır...

VƏ... DAHA BİR QƏMLİ SON:

Məhəmməd Əmin Rəsulzadə «Azərbaycan Cümhuriyyəti» əsərində Əmir Kazım Mirzə Qacarı da xatırlayır və onu «istiqlal şəhidi» adlandırır...
XS
SM
MD
LG