Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:38

İcazəsiz tibbi xidmətə cərimələr artırılır


Foto: Arxiv
Foto: Arxiv
-
Milli Məclisin 22 fevral iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. İndən belə lisenziyasız tibbi fəaliyyətlə bağlı cərimələr artırılacaq.

Əvvəllər lisenziyasız özəl tibbi fəaliyyətlə və əczaçılıqla məşğul olanlar 300 manatdan 500 manatadək cərimə ödəyirdilərsə, indi daha çox – 2 min manatdan 3 min manatadək xərcə düşəcəklər. Vəzifəli şəxslərin cəriməsi daha yüksəkdir – 5 min manatdan 10 min manatadək. Hüquqi şəxslərsə 20 min manatdan 30 min manatadək cərimələnəcəklər.

«MİLLƏTİMİZDƏN BEZMƏMİŞİK Kİ?»

Spiker Oqtay Əsədov çıxışında rəsmi icazəli və icazəsiz özəl tibb ocaqlarının reklamına toxundu:

«Xaricdən çoxlu həkimlər gəlir. Bilinmir hansı həkimlərdir. Bir misal çəkim. Almaniyada cərrahlara 60 yaşından sonra əməliyyat aparmağa icazə verilmədiyindən belə həkimlər başqa ölkələrə üz tuturlar. Onların da əksəriyyəti Bakıda peyda olur. Millətimizdən bezməmişik ki?».

«ERMƏNİLƏR SPİRTDƏN PUL ÇIXARDIR, BİZLƏR İNSAN SAĞLAMLIĞINDAN»

Fazil Mustafa
Fazil Mustafa
Deputat Fazil Mustafa tibb xidmətlərində köklü islahatlara ehtiyac olduğunu bildirib:

«Ürək xəstəliyindən əziyyət çəkən Milli Elmlər Akademiyasının prezidenti təyyarəyə oturdulub Türkiyəyə aparılır. Bəs səhiyyə islahatı adı ilə vəsait hara xərclənib? Dövlət tibb müəssisələri necə reklam aparsın? Dərmanların əksəriyyətini tapa bilmirsən. Apteklərə necə lisenziya verilir, dərmanların gətirilməsinə necə qiymət qoyulur – bunlar bəllidir. Ermənilər araqdan, konyakdan, spirtdən pul çıxardır, bizlər insan sağlamlığından. Lisenziya verilməsində də qayda-qanun yaradılmalıdır ki, heç olmasa, əhalinin sağlamlığı ilə bağlı məsələlərdə irəliləyiş əldə edək».

«KİLLERLİKLƏ MƏŞĞUL OLAN TİBB MÜƏSSİSƏLƏRİNƏ GÖZÜN ÜSTÜNDƏ QAŞIN VAR DEYƏN YOXDUR»

Deputat Etibar Hüseynov bəzi özəl klinikaların killerliklə məşğul olduğunu söylədi:

«Bunlar açıq-aydın killerliklə məşğuldur, insan taleyi ilə oynayırlar. Heç kim də gözün üstündə qaşın var demir.
Etibar Hüseynov
Etibar Hüseynov
«Nərgiz» klinikası var, onun televiziyada reklamı gedir. Qadın insan anatomiyasının əllə çertyojunu çəkir, dərman yazır. Əvvəl qoca arvad idi, indi qızı da birisini açıb. Buna dillənmirlər. Amma eşitməmişəm ki, kimsə o klinikaya gedib uşağı olub, sonsuzluqdan qurtarıb. Azərbaycanda kifayət qədər keyfiyyətli klinika var. Adam TV-də reklam olunan dərmanı alıb özbaşına içməli deyil. Dərmanlar o qədər yalandan reklam olunur ki, adamlar həkimə getmir, televiziyada beyninə həkk olunan dərmanı alır. Bu da sağlamlığını itirməklə, ölümlə nəticələnir».

«SİQARET REKLAMI QADAĞAN OLUNSA DA, SERİALLARDA ÇƏKİRLƏR»

«Reklam haqqında Qanun»a təklif edilən dəyişikliklər barədə İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə danışdı. O bildirdi ki, qanunun 17-ci maddəsinə əlavəyə görə, «özəl tibb fəaliyyəti subyektlərinin tibbi xidmətlərinin reklam yayımı müvafiq icra hakimiyyətinin rəyi əsasında,
Rafael Cəbrayılov
Rafael Cəbrayılov
qanunvericilikdə müəyyən edilmiş formada həyata keçirilir».

Ziyad Səmədzadənin fikrincə, bu dəyişiklik sadalanan özbaşınalıqlara, əhalinin sağlamlığına zərər vuran halların aradan qaldırılmasına əhəmiyyətli dərəcədə kömək edəcək.

Deputat Rafael Cəbrayılov dərman vasitələrinin reklamının bütövlükdə qadağan olunduğunu, amma televiziyaların bu qadağaya məhəl qoymadığını xatırlatdı. O, Milli Televiziya və Radio Şurasının da məsələyə münasibət bildirmədiyinə təəssüfləndiyini dilə gətirdi.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov reklam haqqında qanuna görə, siqaret reklamının qəti qadağan edildiyini xatırlatdı:

«Ancaq Azərbaycan seriallarında siqaret çəkirlər, bu da reklamdır və qadağandır. Türkiyədə siqaret çəkilən səhnələri indi göstərmirlər».
XS
SM
MD
LG