Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:54

Saakashvili: «Azərbaycansız Gürcüstanın gələcəyi mümkün deyil»


İlham Əliyev və Mikheil Saakashvili
İlham Əliyev və Mikheil Saakashvili
-

«Gürcüstanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq əminəm ki, Azərbaycanın bizim ölkə ilə dostluğu davam edəcək. Gürcüstana Azərbaycandan yaxın olan dövlət tapmaq mümkün deyil».

Bunu Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan prezidenti Mikheil Saakashvili prezident İlham Əliyevlə keçirdiyi birgə brifinqdə bildirib. Saakashvili deyib ki, «Azərbaycan bizim müstəqilliyimizin, inkişafımızın təminatçısıdır».

«Son 10 il ərzində dünyada heç bir ölkə Gürcüstan üçün Azərbaycanın etdiyini etməyib, bizə bu qədər dəstək verməyib. Bizim çoxsaylı tərəfdaşlarımız, dostlarımız var. Ancaq heç bir ölkə Gürcüstana Azərbaycan qədər yardım etməyib».

Gürcüstan prezidenti əlavə edib ki, Gürcüstanın iqtisadi təhlükəsizliyi Azərbaycan tərəfindən təmin edilib:

«Bu soyuq qış aylarında Azərbaycanın fədakarlığı bizi xilas edib və bu, gürcü millətinin, Gürcüstan dövlətçiliyinin bir növ xilas edilməsi olub. Bir daha vurğulamaq istərdim ki, Gürcüstanın ərazi bütövlüyü də Azərbaycan qədər heç bir ölkə tərəfindən dəstəklənməyib. Ərazi bütövlüyü məsələsi çox mühüm bir məsələdir. Bütün Qafqaz haqqında danışanda ərazi bütövlüyü fundamental prinsipdir və bu, başlıca əhəmiyyət daşımalıdır. Bizim bu istiqamətdə siyasətimiz aydındır».

Saakashvili Gürcüstandakı siyasi vəziyyətə də toxunub. Deyib ki, ölkəsində siyasi vəziyyət mürəkkəbdir: «Lakin heç bir amil Gürcüstan-Azərbaycan dostluğuna mane ola bilməz. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycansız Gürcüstanın gələcəyi, Gürcüstan dövlətçiliyinin inkişafı mümkün deyil. Bunu bir daha xüsusi vurğulamaq istəyirəm. Məhz keçmişdə müstəqilliyimizi o səbəbdən itirmişdik ki, biz yaxından əməkdaşlıq edə bilməmişdik. Lakin son illərdə biz dostluğumuzu o qədər gücləndirmişik, o qədər güclü təməl üzərində qurmuşuq ki, artıq bu dostluq sarsılmazdır və əbədidir».

İLHAM ƏLİYEV: «İKİ DOST ÖLKƏ BÜTÜN MƏSƏLƏLƏRİ UĞURLA HƏLL EDƏCƏK»

Azərbaycan prezidenti İlham Əliyev isə deyib ki, bizim xalqlarımız əsrlər boyu bir yerdə, bir-birinə arxa-dayaq olub:

«Biz müasir münasibətləri bu möhkəm tarixi zəmin üzərində qururuq. Müstəqillik dövründə Gürcüstan və Azərbaycan strateji müttəfiqlər səviyyəsinə çatmışlar. Bu gün bu müttəfiqlik münasibətləri inkişaf edir və möhkəmlənir. Əminəm ki, bu əlaqələr gələcək illərdə də inkişafı həm Gürcüstan, həm Azərbaycan üçün çox böyük əhəmiyyət daşıyan amil olacaqdır».

İlham Əliyev deyib ki, «hazırda biz yeni böyük layihənin icrası ilə məşğul olmağa başlamışıq. Əminəm ki, TANAP layihəsi Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa üçün yeni böyük imkanlar açacaqdır. Eyni zamanda, nəqliyyat məsələlərinin həllində də böyük işlər görülüb. Əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu uğurla başa çatdırılacaq və həm Gürcüstan, Azərbaycan üçün, həm də bölgə və dünya üçün böyük əhəmiyyətə malik bir məsələ olacaq».

İlham Əliyev əlavə edib ki, «iki dost və qardaş ölkə - Gürcüstan və Azərbaycan həmişə olduğu kimi, bir yerdə olacaqlar və bir istiqamətdə inkişaf edəcəklər və ölkə daxilində olan bütün prosesləri, bütün məsələləri uğurla həll edəcəklər».

Məlumatı president.az saytı yayıb.
XS
SM
MD
LG