Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:28

Həbsdə olan baş redaktor: «Güləri «voronok»a oturdub gətirin»


Əvəz Zeynallı
Əvəz Zeynallı
-
- Mənim vəsatətlərim var.

- Məhkəmə istintaqı başa çatıb, prokuror da çıxışını edib. Sizin vəkillərinizin və sizin çıxışınız dinləniləcək.

- Vəsatətlərimə baxmadan, məni dinləmədən vəkillərimin çıxışının anlamı yoxdur.

- Zeynalov, vəsatət vermək əvvəlki proseslərində idi. Məhkəmənin sonunda vəsatətə baxılmır.

Fevralın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsi həmişəki kimi səs-küylü başladı. Əvəz Zeynallı yeni vəsatətlər təqdim etməkdə israrlı olduğunu, hakim Ramella Allahverdiyeva isə onları qəbul etməyəcəyini dedi.

«ÜRƏYİ SAAT KİMİ İŞLƏYİR, ŞƏKƏRİ DƏ NORMAL»

Əvəz Zeynallı:

- İddiası ilə həbs olunduğum Gülər Əhmədova prokuror mənə 11 il iş istəyəndən cəmi bir saat sonra dələduzluq ittihamı ilə həbs olundu. İndi vəziyyət dəyişib. Həmin Gülər Əhmədova Bakı İstintaq Təcridxanasında mənimlə bir yerdədir. Güləri müayinədən keçiriblər – ürəyi saat kimi işləyir, şəkəri normaldır, təzyiqi də kosmonavt təzyiqidir. İndi siz, Ramella xanım, heç bir əziyyət çəkmədən, heç bir sifariş və təzyiq altında qalmadan sadəcə təcridxanaya bir faks göndərin, «voronok»a oturub gətirin. Gülər Əhmədovanı da nəhayət burada dindirəcəyik. Siz mənim vəsatətlərimi dinləyin, lazım gələrsə, işi təkrar istintaq üçün yeniləyin.

Əvəz Zeynallının təqdim etmək istədiyi iki vəsatətdən biri məhkəmə istintaqının yenilənməsi və keçmiş deputat, həbsdə olan Gülər Əhmədovanın məhkəməyə gətirilməsi barədə idi:

- Gülər Əhmədova bura gətirilməli və mənimlə vəkillərimin çoxsaylı suallarını cavablandırmalıdır. İndi onun bura gətirilməsi bir qərarla həll olunur və o, heç yana qaça bilməz.

«KÖLƏ OLMAYAN PROKUROR GƏLSİN»

İkinci vəsatətində isə Əvəz Zeynallı iddia edirdi ki, prokuror Ramazan Hadıyev məhkəmə araşdırmasının keçirildiyi 10 ay ərzində onu təhdid edib. Məhkəmə iclaslarında üzə çıxan dəlillərə əhəmiyyət verməyərək, Ramiz Mehdiyevin sifarişi ilə ona yüksək cəza tələb edib. Əvəz Zeynallı vəsatətində Ramazan Hadıyevin prosesdən kənarlaşdırılmasını tələb edirdi:

- Prosesə heç bir sifarişi yerinə yetirməyən, kimlərinsə qulu, köləsi, nökəri olmayan prokuror cəlb edilsin.

Hakim:

- Məhkəmə istintaqının yenilənməsi üçün əsas yoxdur.

Əvəz Zeynallı:

Əvəz Zeynallı
Əvəz Zeynallı
- Mən dəfələrlə demişəm ki, saxta ittihamlarla, Ramiz Mehdiyevin sifarişi ilə həbs olunmuşam. Prokuror mənə cəza istəyən vaxt bütün qanunlara hörmətsiz yanaşıb. Belə adam dövlətin mundirini daşıya bilməz. Mən elə bilirdim ki, ötən prosesdən sonra bu prokuror bir daha məhkəməyə gəlməyəcək. Allaha and olsun ki, keçən iclas onu görəndə qurudum.

«MƏN SİZİ İFŞA ETMİŞƏM»

Prokuror Ramazan Hadıyev:

- Əvəz Zeynallı, mən Sizi ifşa etmişəm.

Əvəz Zeynallı:

- Bu təfəkkürlə Azərbaycanın hüquq-mühafizə orqanlarında işləməyə layiq deyilsiniz. Mənə heç bir əsas olmadan 11 il iş oxuyandan cəmi 1 saat sonra Gülər Əhmədova adlı fırıldaqçı və dələduz həbs olunursa, o zaman bu adam (prokuror) özünü asmalı idi. Ən yaxşı halda, peşə etikasının nə olduğunu bilirsə, tutduğu vəzifədən könüllü imtina etməlidir.

Hakim:

- Gülər Əhmədova bura gəlməyəcək.

Əvəz Zeynallı:

- Adı cinayət əməlində hallanan bir adamın iddiası ilə necə adam tutdurmaq olar? Gülər Əhmədova bu məhkəmə prosesində ifadə verməyib, müdafiə tərəfi onu dindirməyib. İstintaqda olan ifadəsini təsdiqləmək onun məhkəmədə ifadə verməsi demək deyil. Bu gün vəziyyət dəyişib və Gülər Əhmədova məhkəmədə könüllü olaraq ifadə vermək istəyir. Bu adam tutulmamışdan əvvəl müsahibələrində açıq deyib ki, məni o, tutdurmayıb. Mən də həbs olunana qədər, ondan sonra bütün məhkəmə proseslərimdə dəfələrlə demişəm, yazmışam ki, mənim həbsimin siyasi sifarişçisi Ramiz Mehdiyevdir.
Əvəz Zeynallı
Əvəz Zeynallı
Onun şöbə müdiri Əli Həsənov da birbaşa bu oyunun içərisindədir. O zaman gətirin onu danışsın. Bu dələduzun iddiası olan bu kağız parçalarını əsas gətirib mənə 11 il oxuya bilməzsiniz. İndi qulağıma çatır ki, mənə 8 il iş oxumağı razılaşdırıbsınız. Bu razılıqlar kimdən alınır – Ramiz Mehdiyevdən? Niyə mənim heç nədən xəbərim yoxdur, amma el-aləm artıq bilir ki, Ramella Allahverdiyeva Ə.Zeynallıya 8 il iş kəsəcək. O zaman bu 11 aylıq məhkəmə şousu kimə lazım idi?

Məhkəmə salonunda səs-küy yarandığından hakim iclası dayandırdı və növbəti məhkəmə prosesini martın 6-na təyin etdi.

Ötən məhkəmə iclasında prokuror Əvəz Zeynallıya 11 il həbs cəzası istəyib.

Əvəz Zeynallı 28 oktyabr 2011-ci ildə həbs olunub. Baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

İttiham aktında jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Baş redaktor ittihamları qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

Keçmiş deputat Gülər Əhmədova hazırda dələduzluq ittihamı ilə həbsdədir. Keçmiş universitet rektoru Elşad Abdullayev onu deputat seçilməsi əvəzində 1 milyon dollar tələb etməkdə təqsirləndirən videonu yayandan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. Fevralın 13-də məhkəmə onun barəsində həbs qərarı seçib.
XS
SM
MD
LG