Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:34

İmişli sakinin polisdə əlil olmaqlığı


Cabir Mehdiyev
Cabir Mehdiyev
-
«Toydan çıxıb evə qayıdarkən yolda maşınımı post-patrul xidməti əməkdaşları saxladılar, məni öz maşınlarına basıb polis idarəsinə apardılar. Orada mənə divan tutdular. Gözlərimi açanda, xəstəxanadaydım...».

ATICI

İmişli şəhər sakini Cabir Mehdiyev başına gələnləri danışır. Onun yaddaşı korşalıb, əsəbləri pozulub deyə, baş verənləri ardıcıllıqla danışmağa çətinlik çəkir. Bəzən ayları, illəri qarışıq salır. Belə vaxt gözlərini qıyaraq üzünü yana tutur. Elə bil dediklərini divardan oxuyur:

«1992-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin İmişli stansiyasında işə qəbul olunmuşam. 1996-cı ildə məni stansiyadakı təhlükəsizlik xidmətinə - ona «İmişli komandası» da deyirlər - götürdülər. Əvvəlcə «atıcı», sonralar «baş atıcı» oldum...».

«MƏN YAP-MAP HƏRLƏMİRƏM»

2011-ci ilin iyunun 18-də o, təkcə sağlamlığını və iş yerini deyil, həm də YAP biletini itirib:

«...Hər şey elə o biletə görə oldu. Üzərimdə şəxsiyyətimi təsdiq edən başqa sənəd olmadığından, PPX əməkdaşlarına YAP biletimi göstərdim. Polislərdən biri «mən YAP-map hərləmirəm» deyib, sənədi ayaq altına atıb tapdaladı. Şikayət edəcəyimi bildirəndə, həm də içkili olmağımdan istifadə edib məni maşından düşürdülər, elə küçənin ortasındaca döydülər. Sonra şöbəyə gətirib Dövlət Yol Polisi bölməsinin xidməti otağına salıb düşdülər üstümə...».

II QRUP ƏLİL

Huşunu itirdiyindən ondan sonrasını xatırlamır. Sonralar başqalarından öyrənib ki, polis şöbəsinə «təcili yardım» çağırılıb və o, xəstəxanaya çatdırılıb:

«Ayılandan və yaralarıma sarğı vurulandan sonra məni zorla xəstəxanadan çıxartdırdılar. Halbuki o zaman həkim «bu vəziyyətdə onu evə buraxmaq olmaz» deyirdi. İki gün ərzində halım o dərəcədə pisləşdi ki, məni xəstəxananın reanimasiya şöbəsinə yerləşdirdilər».

«BANK KREDİT HESABINA VƏKİL TUTDUM»

Vəziyyəti yaxşılaşmadığı üçün Bakıya-Mərkəzi Dəmiryolu Xəstəxanasına göndərilib. Həkim rəyi əsasında işdən azad edilib və ona II qrup əlillik dərəcəsi təyin olunub. Aldığı xəsarətlər nəticəsində sağ əlindəki barmaqları işləmədiyindən şikayətləri əvəzindən atası yazır:

«Mənə dedilər ki, şikayət etmə, yoxsa tutduracağıq. Atamın yazılı müraciəti əsasında prokurorluq məhkəmə-tibbi ekspertiza təyin etdi, aldığım xəsarətlər qeydə alındı. Amma təqsirkar şəxsləri məsuliyyətə cəlb etmək əvəzinə, barəmdə Cinayət Məcəlləsinin 315.1 və 221.3-cü maddələri ilə cinayət işi açıldı. Guya mən polis əməkdaşlarının poqonlarını qoparmışam, şöbənin inzibati binasındakı qapı və pəncərələri sındırmışam. Üstəlik, otaqdakı stullardan birinin ayağını qıraraq ondan silah qismində istifadə etməklə DYP bölməsinin əməkdaşlarını qabağıma qatıb qovmuşam».

Cabir Mehdiyev avtomobili də daxil olmaqla bütün əlində olanları müalicəsi yolunda tökdüyünü deyir. Barəsində İmişli rayon Prokurorluğunda açılmış cinayət işi məhkəməyə göndəriləndə, ATƏT-in Bakı ofisindən yardım istəyib:

«Məcbur olub atamın pensiya kartı ilə bankdan kredit götürüb özümə vəkil tutdum. Etirazımız əsasında iş İmişli məhkəməsindən alınıb Xocavənd məhkəməsinə verildi. Aylarla get-gəl, boş-boşuna araşdırma oldu. Cinayət işinin tam qondarma olduğu sübuta yetsə də, məhkəmə məni təqsirkar bildi və 3.5 il müddətinə şərti olaraq azadlıqdan məhrum edildim. Noyabrda çıxarılan hökm hələ də göndərilməyib ki, ondan apellyasiya şikayəti verim».

ƏLİ ƏHMƏDOVDAN CAVAB GƏLMƏYİB
Cabir Mehdiyev
Cabir Mehdiyev

Cabir Mehdiyevin 4 övladı var. Çarpayı xəstəsinə çevriləndən sonra həyat yoldaşı İmişlidəki quşçuluq fabrikində işə düzəlib və ayda 150 manat maaş alır. Onun özü isə hələ də pensiyasını ala bilmir.

İmişli sakini YAP-ın rayon təşkilatına və partiyanın icra katibi Əli Əhmədova müraciətlərinin cavabsız qaldığını deyir:

«İtən biletimin nömrəsi 351437 idi, Heydər Əliyevin imzası ilə təsdiqlənmişdi. 2 ilə yaxındır partiyanın heç bir tədbirinə dəvət edilməmişəm və məndən üzvlük haqqı istənilməyib. Heç bilmirəm YAP sıralarında qalıram, yoxsa yox?».

RƏSMİLƏR NƏ DEYİR ?

İmişli rayon Prokurorluğunun böyük müstəntiqi Elşad Əzimov polis idarəsində döyülməyi və ona xəsarət yetirilməyi barədə Cabir Mehdiyevin şikayətinin ciddi araşdırıldığını deyir:

«ATƏT-in Bakı ofisinin müraciətindən sonra toplanmış material Baş Prokurorluq tərəfindən tələb edilərək öyrənildi, qərar ləğv edilərək təkrar araşdırmaya göndərildi. Amma C.Mehdiyevin şikayətində göstərdiyi xüsusatlar təsdiqini tapmadı».

Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat İdarəsi də, öz növbəsində, İmişli RPŞ-də xidməti araşdırma aparıb, lakin bu qurum da Cabir Mehdiyevi haqsız çıxarıb.

İntiqam Əliyev
İntiqam Əliyev
Sıralarında İmişli dəmiryolçularını birləşdirən Yeni Azərbaycan Partiyası ərazi təşkilatının sədri Şakir Məmmədov isə Cabir Mehdiyevin partiyadan xaric edilmədiyini deyir:

«Biz hüquq-mühafizə və məhkəmə orqanlarının işinə müdaxilə edə bilməzdik. Başı istintaqa və məhkəməyə qarışdığı, həm də müalicə olunduğu üçün Cabiri tədbirlərimizə dəvət etməmişik. İnsafən o, indiyədək partiya tapşırıqlarını vicdanla yerinə yetirib, xüsusilə seçkilərdə fəallıq edib. Biletinin itirməsi ilə bağlı ilk təşkilata yazılı müraciəti daxil olmayıb».

«TUTULAN HƏR 5 NƏFƏRDƏN 3-Ü PİS RƏFTARA MƏRUZ QALIR»

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev bildirir ki, Azərbaycanda müvəqqəti saxlama yerlərində insan ləyaqətini alçaldan rəftar halları, işgəncələr geniş yayılıb:

«Qeyri-rəsmi statistikaya görə, tutulan hər 5 nəfərdən 3-ü bu və ya digər formada polis idarələrində pis rəftara məruz qalır. Qanunsuzluq, qapalı müəssisələrdə ictimai nəzarətin yoxluğu və korrupsiya işgəncələr üçün münbit şərait yaradır».
XS
SM
MD
LG