Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:58

Dini ədəbiyyata da aksiz markası vurulacaq


Dini ədəbiyyat satışı
Dini ədəbiyyat satışı
-
Adətən, Məşhəd, Kərbəla, Həcc ziyarətindən qayıdanlar onları görməyə gələnlərə dini əşyalar hədiyyə edirlər. Bu hədiyyə Qurani-Kərim də ola bilər, möhür, təsbeh də.
«Dini etiqad azadlığı» haqqında qanuna edilmiş son dəyişikliklər bunu yasaqlaya bilər.

Dəyişikliklərdə deyilir ki, vətəndaşlar və dini qurumlar yalnız xüsusi nəzarət markası olan dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və videomateriallar, dini dəyərli mallar əldə edə və onlardan yararlana bilərlər.

Həmin materiallar müvafiq dövlət qurumunun razılığı ilə istehsal, idxal, ixrac edilə, markalandıqdan sonra sərbəst yayıla bilər. Üstəlik, belə ədəbiyyat, mal və əşyalar ixtisaslaşdırılmış satış məntəqələrində satılmalıdır.

PAYLAMAQ DA YASAQDIR

Fazil Mustafa
Fazil Mustafa
Parlamentin insan hüquqları komitəsinin üzvü Fazil Mustafa AzadlıqRadiosuna deyir ki, son dəyişikliklər bütün dini malları əhatələyir. Üstəlik, təkcə satışdan söhbət getmir, dini əşyaların, ədəbiyyatın paylanmasına, verilməsinə də məhdudiyyətlər nəzərdə tutulur:

«İnsana bu qədər məhdudiyyət qoymaq olmaz, axı. Məsələn, kiməsə Qurani-Kərim verirsən, irad bildirə bilərlər ki, bunun üzərində hər hansı marka yoxdur. Yaxud bir kitaba fikrini yazıb, tövsiyə edib kiməsə hədiyyə verirsən. Bu cür paylamaq da yasaqdır».

Deputat bütün bunlara nəzarətin mümkün olmadığını da bildirir. Uyğun qaydaların pozulmasına görə cərimələr də 2 min manatdan başlayır.

Bəzi deputatlar dəyişikliklərlə dini ekstremizmin önlənməsinin və dini fəaliyyətlərin tənzimlənməsinin hədəf götürüldüyünü bildirib.

«GUYA BU VAXTACAN İCAZƏSİZ SATIRDIQ?»

Fazil Mustafa isə çıxış yolunu dini maarifçiliyi artırmaqda görür. Onun fikrincə, belə olarsa, insanlar daha sağlam dini anlayışa yiyələnərlər: «Bu qədər basqı, məhdudlaşdırma, əksinə, ekstremizmin yayılmasına daha çox şərait yaradır».

Hazırda Bakıda dini ədəbiyyat təkcə ixtisaslaşmış dini mağazalarda satılmır. İçərişəhər metrostansiyası yaxınlığında çalışan İsfəndiyar Quliyev deyir ki, 37 ildir kitab satışı ilə məşğuldur və dini kitablar da satır:

«Guya bu vaxtacan icazəsiz satırdıq? Hər şey dövlətin nəzarətindədir. Satdığım kitablara Dini Komitə icazə verib».

17-DƏK İXTİSASLAŞMIŞ MAĞAZA VAR

Dini ədəbiyyat
Dini ədəbiyyat
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən Orxan Əli də bildirir ki, dini ədəbiyyat qurumun ekspertiza şöbəsinin rəyi əsasında çap olunur. Hazırda ölkə üzrə 17-dək ixtisaslaşmış dini mağaza lisenziyalı ədəbiyyat satır. Eyni qayda ölkəyə idxal olunan dini ədəbiyyata da aiddir:

«Həmin kitablarda dini-milli ayrı-seçkilik, dini nifrət aşkarlanmırsa, heç bir problem yaranmır».

«Zəvvarların gətirdiyi hədiyyələr də markalanacaqmı?» sualına cavabında Orxan Əli bu barədə bilgisinin olmadığını, ayrıntıların dəyişikliklər qüvvəyə mindikdən sonra bəlli olacağını deyir.

İlahiyyatçı Elşad Mirinin fikrincə, təəssüf yaradan məqam dini ədəbiyyata aksiz markası tələb edən spirtli içki, tütün məmulatları ilə eyni səviyyədə yanaşılmasıdır. O, «ekstremizmi önləmək» izahı ilə də razılaşmır:

«GƏRƏK TELEFONLARA DA NƏZARƏT OLUNSUN»
Elşad Miri
Elşad Miri
«Doğrudanmı bu dəyişiklikləri qəbul edənlərin arasında informasiya texnologiyalarını gözəl bilən bir şəxs yoxdur izah etsin ki, informasiya əsrində bunun qarşısını almaq mümkün deyil? Onda gərək hər kəsin telefonuna nəzarət olunsun ki, orada yasaqlanmış kitab və ya hər hansı materialın olub-olmadığı üzə çıxarılsın. Bu mümkün olmadığı üçün, deməli, çıxış yolu deyil. Əksinə, qadağan olunmuş kitabların siyahısını, niyə yasaqlandığını ictimaiyyətə bildirmək lazımdır. Eyni zamanda alternativ yol təqdim olunmalıdır».

Elşad Miri alternativ yolları sadalayarkən qonşu Türkiyəni, orada fəaliyyət göstərən imam-xətib məktəblərini örnək göstərir: «Daha sonra orta məktəblərdə dinlə bağlı fənlər tədris olunmağa başladı. Yol budur. Əks halda hər kəsin daxilindəki inanc nəylə dolmalıdır? Təbii ki, başqalarının verdiyi, həqiqət kimi göstərilən, ya ekstremist, ya da doğru materiallarla».

«Dini etiqad azadlığı» haqqında qanuna son dəyişikliklər prezident fərmanı ilə təsdiqlənəndən sonra qüvvəyə minəcək.
XS
SM
MD
LG