Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:30

Azadlıq Radiosunun Səməd Vurğunun ölümü ilə bağlı proqramı (1956-cı il)


"Ən böyük bədbaxtlıq Səmədin vaxtsız vəfatı deyil, onun məhz sovet devrində yaşaması və yaratmasıdır".

Azadlıq Radiosunun 1956-cı il avqustun 17-də yayımlanmış proqramının mətni
Azadlıq Radiosunun 1956-cı il avqustun 17-də yayımlanmış proqramının mətni
-

"Sovet quruluşu öz amansız qanunları ilə Səməd Vurğunun yaradıcılıq fəaliyyətini boğmasaydı, heç şübhəsiz ki, o, “Ayın əfsanəsi” nevindən daha çox əsərlər bırakıb gedəcəkdi".


Azadlıq Radiosunun arxivindən

1956-cı il avqustun 17-də Sovet Azərbaycanına yayımlanmış proqramdan bir məqalə (Səməd Vurğun həmin ilin mayında vəfat etdikdən sonra Azadlıq Radiosunda bununla bağlı bir neçə məqalə oxunmuşdu)


“Azərbaycan Redaksiyonu
Müəllif: NYAZ-0050
Tərcümə: A.Samur


“AYIN ƏFSANƏSİ”


Bu yaxınlarda vəfat edən şair Səməd Vurğunun Azərbaycan Uşaq-Gənclər Ədəbiyyatı Nəşriyyatı tərəfindən çap olunan “Ayın əfsanəsi” mənzuməsinin başlanğıcında nəşriyyat idarəsinin oxuculara kiçik bir müraciəti vardır.

Bu müraciətdə deyilir: “Bu kitab, yəni “Ayın əfsanəsi” xoşunuza gəldimi? Sizi burada daha çox maraqlandıran nə oldu?”

“Ayın əfsanəsi” mənzuməsi mərhum şairin qələmindən çıxan yaxşı əsərlərdən biridir. Səməd Vurğun bu əsərində ələ aldığı mevzuu dərindən işləmiş və bunun üçün də oxucularının hüsn-rəğbətini qazana bilmişdir. “Ayın əfsanəsi” Vurğunun “Bəsti”, “Komsomol”, “Zəncinin səsi” və sovet propağandasının sifarişilə yazdığı digər şeir və mənzumələrinə nisbətən hər şeydən əvvəl öz mevzuu ilə fərqlənir.

Onun bu əsəri “Sosyalizm realizminin” deyil, şair xəyalının və romantizmin məhsuludur. Məhz buna görədir ki, “Ayın əfsanəsi” şairin bir az əvvəl adını çəkdiyimiz mənzumələrindən daha qüvvətli, daha lirik, daha oynaq və daha səmimi bir əlaqə ilə yazılmışdır.

Şair bu əsərində mücərrəd, yeknəsək və cansıkıcı mevzulardan qaçındığı üçündür ki, oxucuları öz mənzuməsinə daha sık bağlamış və onların dərin sevgisini qazana bilmişdir.

Vurğun bu mənzuməsini dərdlərindən şikayətlənə-şikayətlənə, göz yaşı-axıda-axıda, sovet hökumətinin ona göstərdiyi “iltifatlardan” heç də xoşlanmadığını bildirə-bildirə yazmışdır.

Sosyalizm realizmi adlanan uydurma - şair və yazıçılardan nikbin və şən əsərlər yazmağı tələb edirkən, şair bu əsərində adından da göründüyü kibi ay haqqında dillərdə dolaşan bir əfsanəni mevzu almış və orada dərdini, hicran və göz yaşlarını təsirli ifadələrlə dönə-dönə qeyd etmişdir.

Səməd Vurğun bu əsərini bilxassə cocuq tərbiyəsinə həsr etmişdir. Şair bu əsərində ata və analara nəsihət vermək, cocuqları pis əməllərdən uzaqlaşdırmaq üçün ayın üzündəki ləkələrin nə səbəbdən yaranmasına dair əfsanəni misal almışdır.

Çox qədim bir əfsanəyə görə, ay günəşin qızıdır. Bu qız hələ cocuq ikən çox gözəlmiş. Ay yaşa dolduqca daha da gözəlləşmişdir. Bununla bərabər o, nadinc bir qız imiş.

Səməd Vurğun
Səməd Vurğun
Günəş bir gün xəmir yoğurduğu zaman qızı atılıb-düşmüş və anasının səbrini tükəndirmişdir. Günəş öz qızının nəsihət dinləmədiyini görüncə acıqlanmış və əli xəmirli olduğu halda qızı ayın üzünə bir sillə vurmuşdur.

Əfsanəyə görə, ayın üzündə bu gün də görünən ləkələr həmin xəmirli sillənin yeridir.

Günəş bu hərəkətindən, əlbəttə, çox peşiman olmuş və ehtiyatsız bu silləsilə gözəl qızının üzünə vurduğu əbədi ləkələrdən hər zaman kədər duymuşdur.

Ata və anaların ehtiyatsızlıq və düşüncəsizlik nəticəsində cocuqlarına bəzən sağalmayan yaralar vurduqları hallar çox olur.

Buna görə də Səməd Vurğun günəşin aya vurduğu ləkələrə işarət edərək, ata və anaları boylə hadisələrdən qaçınmağa çağırır və deyir:

“Dedim: Nə dərdliymiş bu qəmli dastan
Mən yazım, oxusun, eşitsin insan,
İstər ana olsun, istərsə ata!
Bəzən ehtiyatsız kiçik bir xəta
Böyük faciələr yaradır demək!
Sonra ömür boyu dərd çəkir ürək!”


Mərhum şairin sovet şəraitində boylə bir tərbiyə metoduna əl atması diqqəti özünə çox cəlb edir.

Məlum olduğu üzrə sovet quruluşu cocuqları partiya, komsomol və pioner təşkilatlarının sözdə nümunəvi tərbiyə metodları ilə tərbiyələndirməyi tələb edir.

Cocuqlar bu təşkilatların təşviqi ilə məhut Morozov kibi olmağa, ata və analarının sözdə “əksinqilabi” hərəkətləri haqqında devlət xəfiyyəsinə məlumat verməyə təşviq edilir.

Fəqət Səməd Vurğunun “Ayın əfsanəsi” mənzuməsində boylə tərbiyədən əsər belə yoxdur. Əksinə, ay anasından aldığı yara üçün kimsəyə şikayət etməyir. O, təmizdir, safdır və namusludur.

Səməd Vurğun buna görə də qızı Aybənizə ithaf etdiyi bu əfsanədə onu ay kibi təmiz və saf olmağa çağıraraq deyir:

Azacıq keçmədən açıldı səhər,
Geydi al donunu yaqut üfüqlər.
Xəzər bir aynaydı, üzü ləkəsiz
Ayıldı yuxudan qızım Aybəniz.
Mən basıb bağrıma bu ay üzlümü,
Bu şirin dillimi, şirin gözlümü.
Dedim ki, Aybəniz, o aya bənzə,
Daima saf yaşa, daima tazə!


Saf bir ata qəlbinin öz övladına etdiyi nəsihət bundan təmiz, bundan saf ola bilməz!

Bu sətirlər onu göstərir ki, sovet quruluşunu mədh etmək məcburiyyətində qalan Səməd Vurğunlar və minlərlə digər ata və analar sovet propağandasına heç də aldanmamış, öz adət və ənənələrinə tam sadiq qalmışlardır.

Vurğunun “Ayın əfsanəsi” mənzuməsi sovet devri ədəbiyyatının həm məzmun və həm də məna cəhətdən ən gözəl əsəridir. Bu əsər hər kəsin xoşuna gedir. O, oxucunu özünə zəncirləyir.

Sovet quruluşu öz amansız qanunları ilə Səməd Vurğunun yaradıcılıq fəaliyyətini boğmasaydı, heç şübhəsiz ki, o, “Ayın əfsanəsi” nevindən daha çox əsərlər bırakıb gedəcəkdi.

Ən böyük bədbaxtlıq Səmədin vaxtsız vəfatı deyil, onun məhz sovet devrində yaşaması və yaratmasıdır.


(Sovet kəşfiyyatının Qərbi Almaniyada mənzillənən Azadlıq Radiosunda çalışanlara qarşı düşmən münasibətinə görə hətta radionun sənədlərində də əməkdaşların, yazı müəlliflərinin adı bir qayda olaraq ya şifrələnir, ya da təxəllüslə verilirdi.

Məqalədə bəzi sözlərin yazılışı indikindən fərqlənsə də, olduğu kimi saxlanıb)
XS
SM
MD
LG