Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:36

Əli Əmirli. Əli və Nino


Əli Əmirli
Əli Əmirli
-

Əli Əmirli


Əli və Nino

(Q.Səidin «Əli və Nino» romanının motivləri əsasında
2 hissəli məhəbbət dramı)

İştirakçılar:

Əli xan Şirvanşir
Nino Kipiani
Səfər xan
Əmi – Əssəd-əd Dövlə
Seyid Mustafa
İlyas bəy
Məhəmməd Heydər
Arslan ağa
Naxararyan
Qoçu
Ağköynəklər

BİRİNCİ HİSSƏ

Şərq üslubunda bəzədilmiş zəngin evdir. Divarları əlvan xalçalar zinətləndirir.
Mərkəzdə rahat – mütəkkəli, döşəkçəli taxt, bir tərəfdə kiçik dolab, üstündə telefon aparatı qoyulub. Evin sağ və sol tərəfindən pilləkənlər Bakı evlərinə xas olan yastı Dama açılır. Dam da müəyyən rahatlıq üçün döşənib. Damdan İçərişəhər və bayır şəhər mənzərələrini də seçmək mümkündür.
Pərdə açılanda səhnə boşdur. Bir azdan Əli xan Şirvanşir gimnaziya libasında gəlir. Boylu-buxunlu, yaraşıqlı gəncdir. Qaynar baxışları, nazik bığları, iti hərəkətləri var. Əli xan səhnənin önündə gəzinir. Saatına baxır.

Ə l i x a n. İndi görəcəm onu, yaxınlaşıb əlimi əlinə toxunduracam, yalnız gürcü qızlarına məxsus yaşıl badamı gözlərinə baxacam…

Əks tərəfdən İlyas bəy, Məhəmməd Heydər və Seyid Mustafa gəlir. Onlar da gimnaziya libasındadırlar. Seyidin ortasını yaşıl rəngli qurşaq sıxır, başında da həmin rəngdə yığcam əmmamə var.

İ l y a s. Harda axtarsan Əli xan Şirvanşiri Müqəddəs Tamara litseyinin həndəvərində taparsan.
Ə l i x a n. (Gülür) Amma mən sizi gözləmirdim, ağalar.
M ə h ə m m ə d. Başa düşürük, Əli xan, biz, illah da beli qurşaqlı, başı əmmaməli, ağzı dualı Seyid Mustafa incə belli gürcü qızını əvəz eləyə bilməz.
S e y i d. Küfr danışma, Məhəmməd Heydər, ağzın əyilər, imanın zəif olsa da müsəlmansan, şiə əhlisən.
İ l y a s. Professor Sanin bu gün bunu bir daha sübut elədi. (Cibindən pensne çıxarıb gözünə taxır və əda ilə danışır) Qospoda, bəzi alimlər Cənub Qafqazı Avropaya aid edirlər. Səbəb də məlumdur. İnanmıram ki, bu səbəbi gimnaziya formasına qurşaq və əmmamə əlavə eləmiş Seyid Mustafa bilsin, odur ki, özüm deyəcəm bu səbəbi. Mədəni inkişaf səviyyəsinə görə Qafqazın cənubu digər aziat ölkələrinə görə irəlidədir. İndi Bakının qabaqcıl Avropaya və ya geridə qalmış Asiyaya aid olduğunu müəyyən etmək sizin, Avropa təhsili almış gənclərin mövqeyindən və fəaliyyətindən asılıdır.
M ə h ə m m ə d. Professor, biz elə Asiyada qalmaq istəyirik.
Hamı gülür.
İ l y a s. Səbəb mənə məlumdur, cənab Məhəmməd Heydər. Müsəlmanların istədikləri qədər sinifdə qalmaq icazəsi var, bu sizin kimi korafəhim Asiyalıya əl verir.
Ə l i x a n. Professor, mən də Asiyada qalmaq istəyirəm.
İ l y a s. (Guya əsəbəiləşir) Aman allah! Qospoda, hərdən məni bu ölkəyə gətirib çıxaran uğursuz taleyimə lənət oxuyuram.
S e y i d. Qismətdən qaçmaq xəyalına düşən kafirdir, professor.
İ l y a s. Ah, bu müsəlman fatalizmi!
Ə l i x a n. Mən Məhəmməd Heydəri çox gözəl anlayıram, professor. Biz səhra adamıyıq, özümüzü Asiyada, sizin bəyənmədiyiniz şərqdə çox gözəl hiss edirik.

Nino litsey geyimində gəlir, sakitcə bir tərəfdə dayanır. Onu görmürlər.

İ l y a s. Buna mənim şübhəm yoxdur, Əli xan Şirvanşir, amma lütvən deyin, siz əsil vəhşi Asiya ölkəsində olmusunuzmu? Məsələn, İranda?
S e y i d. İran dinimizin dayağıdır.
Ə l i x a n. Ötən yayı İranda keçirmişəm, professor.
İ l y a s. Yaxşı… Bəs orda Avropa elminin nailiyyəti olan avtomobil necə, gördünüz?
Ə l i x a n. Bəli, professor, əmimin avtomobili var, minmişəm də, «Ford»dur.
İ l y a s. Aman allah, İranda «Ford»? Bəs Avropada necə? Kimsə olub? (Öz səsilə) Bəli, professor, mən olmuşam, orda avtobuslar, dükanlarda da çoxlu donuz əti var, hisə verilmiş.
S e y i d. O murdar heyvanın adını tutma, İlyas bəy… (Əli ilə ağzını tutur)
İ l y a s. Seyid Mustafa donuz əti çox qidalıdır.
S e y i d. Donuz adı çəkmə, məlun! (Öyüyür)
İ l y a s. (Özgə səslə) Seyid Mustafa, lütvən çıxın bayıra, klası batırarsız… (Deyinir) Calkiy aziat!
S e y i d. İlyas bəy, bəsdir əllaməlik elədin, bayaq sinifdən çıxıb nə qədər sıfraq elədim. Qurtar teatro çıxarmağı. Lənət Saninə də, onun kafir Avropasına da, o murdar heyvana da! Ööö… (Öyüyür)
İ l y a s. (Pensneni çıxarır) Tamaşa bitdi, ağalar, yoxsa Seyid Mustafa üst-başımızı batırar.
N i n o. (Əl çalır) Bravo! Əsl aziat teatrosudur. İlyas bəy, Sanini heç Şepkin də belə oynaya bilməzdi. Bravo!
İ l y a s. (Baş əyir) Təşəkkür edirəm, prinses Nino Kipiani, cismi Avropada, ruhu Asiyada olan Əli xan Şirvanşiri sizə təhvil verib izal oluruq biz. Getdik, ağalar. (Gedirlər)
Ə l i x a n. (Ninonun əllərindən tutur) Nino, hardan gəldin, axı litseyin həyətindəydin, Ayişə ilə bir yerdəydin?
N i n o. (Əlini çəkir) Əli xan, sən axmaqsan.
Ə l i x a n. Doğrudan? Mən bunu bilmirdim.
N i n o. Saninin yerinə olsaydım deyərdim ki, Əli xan, sən Asiyada özünü yaxşı hiss elədiyini desən də avropalı kimi yaşayırsan.
Ə l i x a n. Bunu nədən bildin, prinses Nino? (Əlindən öpür)
N i n o. Əlimi öpməyindən, küçədə, günün günorta çağı.
Ə l i x a n. Avropada belə eləyirlər?
N i n o. Bəli, Əli xan. Asiyada olsaydıq, mən gərək çadraya bürünəydim. Onda sən nə mənim üzümü görərdin, nə də vurula bilərdin.
Ə l i x a n. Nino, sənin məntiqin professor Saninin məntiqindən güclüdür. Əgər o sənin kimi sadə, ağıllı danışa bilsəydi…
N i n o. Onu sevərdin?
Ə l i x a n. Yox, Nino, o məni məğlub eləyər, taleyinə də lənət oxumazdı.
N i n o. Əlbəttə, Sanin savadlıdır, amma o nə qadın, nə cavan, nə də gözəldir.
Ə l i x a n. Sənin kimi.
N i n o. Ona görə də dedikləri inandırmır, amma mən… (Gülümsəyir)
Ə l i x a n. Gözəlsən, səsin musiqi kimi zərif ahənglidir, əllərin xırda və yumşaq, gözlərin sehirlidir. Bütün bunların müqabilində nəinki Saninin, lap Aristotelin də məntiqi acizdir. (Öpmək istəyir)
N i n o. İndi yox, axşam, operadan çıxanda.
Ə l i x a n. Təklif nə qədər cəlbedici olsa da qəbul eləyə bilməyəcəm. Əmim gəlir İrandan, onu qarşılamalıyam.
N i n o. Deməli mən madmazel Casmenə qulaq asa bilməyəcəm?
Ə l i x a n. Deyərəm İlyas bəy səni müşayiət eləyər.
N i n o. O üçarvadlı əmindir gələn?
Ə l i x a n. Nahaq tənə eləyirsən, prinses, şərqdə üç arvad almaq savab işdir. Əmim şahın sağ əli, Əsəd-əd Dövlədir, səltənətin aslanı.
N i n o. Üç arvad! Bu ki dəhşətdir, Əli xan.
Ə l i x a n. Nino, dinimiz buyurur ki, kişi üç, lap dörd arvad da ala bilər, bir şərtlə ki, hamısına eyni gözlə baxsın, ayrı-seçkilik salmasın.
N i n o. Bu mümkünmü, Əli xan?
Ə l i x a n. Nə bilim, hələ təcrübədən keçirməmişəm.
N i n o. Aman allah, məni necə gözəl gələcək gözləyir.
Ə l i x a n. Qorxma, Nino, mən dörd dəfə evlənməyəcəm, mənim birinci və yeganə arvadım sən olacaqsan.
N i n o. Başqa cür olsa, Əli xan, mən səni öldürərəm.
Ə l i x a n. (Gülür) Əmim düz deyir.
N i n o. Nəyi?
Ə l i x a n. Əmim deyir ki, qadın ərinə tabe olmalı, onun kölgəsinə çevrilməlidir, çünki bir arvadın ağlı iki qara toyuğun ağlı qədərdir.
N i n o. Əminə çatdır ki, xaçpərəst Nino Kipiani dedi ki, kişilərin ağlı daha azdır, hətta bir xoruzun ağlından da azdır.
Ə l i x a n. (Gülür) Nino, niyə inciyirsən, mən əmimin fikrini deyirəm.
N i n o. Çox gözəl, elə əminin də ağlı bir xoruzunku qədərdir.
Ə l i x a n. Nino, əmim İran boyda məmləkətin aslanıdır.
N i n o. Bəlkə də aslandır, amma ağlı… ağlı… Əli xan, sən əsil aziatsan.
Ə l i x a n. (Gülür) Mən ki bunu danmıram.
N i n o. Əli xan… sən… Mən sənə nifrət eləyirəm… (Qaçıb gedir)
Ə l i x a n. Nino!.. Nino, dayan… (Dalınca qaçır)

Səfər xan və Əmi pilləkənlərlə Dama qalxırlar. Bir azdan Əli xan da Dama qalxır. Çay süfrəsi arxasında bardaş qurub otururlar.
Ə m i. Qardaşımın əziz xələfi yeməyini qaşıqla yedi. Bu bizim adətlərimizə müğayirdir. İranda belə eləməzlər, çünki niyə, bu Allah ruzisinə hörmətsizlikdir.
S ə f ə r x a n. Əziz qardaşım, bizim zənginlərimiz çoxdan avropalıları yamsılayırlar. Bu ölkədə şərqlə qərb üz-üzədir.
Ə l i x a n. Ata, axı, Bakı zənginlərinin məclislərində əllə yemək çoxdan unudulub, onlar bardaş qurub yerdə oturmağı da yadırğayıblar.
S ə f ə r x a n. Əli xan, sən Kipianilərin, Naxraryanların ziyafətlərini nəzərdə tutursan. Ağa Musanın, Zeynal ağanın qonaqlıqları da bizimkilərdən fərqlənir.
Ə m i. Əslində qaşıqla yemək çətin bir iş deyil, qardaş, bizim kimi sağ əlin üç barmağı ilə yemək heç bir avropalıya nəsib olan iş deyil.
Ə l i x a n. Əmi, biz Avropaya, həqiqi inkişafa üz tutmuşuq. Mənim bitirdiyim gimnaziya da Avropa məktəbidir.
S ə f ə r x a n. Doğrudur, Əli xan. (Əmiyə) Nə etməli, qardaş, biz İran şahının yox, rus imperatorunun təbəələriyik. Ali mənsəbə yetmək üçün onun dilini bilməliyik.
Ə m i. Otuz il şahənşahın iltifat xalçasının üstündə oturdum, üç dəfə də əlahəzrət məni özüylə xaric səfərlərə apardı. Kafirlərin dünyasını yaxından gördüm. Və bildim ki, qərb dünyasını anlamaq müsəlman üçün çox çətindi.
Ə l i x a n. Heç Qərb də bizi anlamır, əmi.
Ə m i. Orda arvadlar çılpaq gəzir. Kralların, qeysərlərin arvadları da abır saxlamırlar. Heç bir kişi də bundan qeyzlənmir. Düşünürsən ki, bəlkə onlar heç kişi deyillər, yainki bir özgə dürlü səbəb var ki, biz müsəlmanlara məlum deyil. Amma bunun əksinə, əhəmiyyətsiz şeylər onları qəzəbləndirir. Məsələn, bir ziyafətdə şahənşah kralın arvadı ilə yanaşı oturmalı oldu. Süfrəyə toyuq qızartması gələndə əlahəzrət öz boşqabındakı yağlı bir tikəni qoparıb kraliçanın qabağına qoydu ki, bu toyuğun ən dadlı yeridir. Pərvərdigara, arvadın rəngi qaçdı, hətta zavallı övrət çeçəyib asqırdı. Sonradan dilmancımız dedi ki, şahənşahın bu lütfkarlığı kralın özünü də, əsabələrini də möhkəm qəzəbləndirib. Biz də belə qənaətə gəldik ki, avropalı kişilər arvadlarına heç hörmət qoymazlar.
Ə l i x a n. Əmi, Avropanın öz davranış qaydaları var.
Ə m i. Bəs mən nə deyirəm, Əli xan? Hələ bu harasıdır, nahardan sonra Firəngistan səfiri zavallı arvadı ortasından bərk-bərk qucaqlayıb fırlatmağa başladı, hamının gözü qabağında. Kralın zövcəsinə təcavüz eləyən o həyasız firəngi heç kəs saxlamadı, arvadı onun əlindən alan olmadı. Buna sözün nədir, qardaşoğlu?
Ə l i x a n. Əmi, onlar rəqs eləyiblər, Avropa qaydasında.
Ə m i. Bəli, bizə də elə dedilər, amma ki, biz gözlərimizə daha çox inanırıq, Əli xan.
S ə f ə r x a n. Qardaş, Şərqlə Qərb bir-birinin adət-ənənəsinə təcavüz etməsəydi, dünya bir özgə cür olardı.
Ə m i. Bunu necə anlayasan ki, insanları qırmaq üçün qəvi silah icad eləyən adama, eləyə bilməzlər ki, cəza versinlər, əksinə mükafat, xələt verirlər. Bir tərəfdən evləri-şəhərləri bombalayır, o biri tərəfdən evlər tikir, xəstəxanalar qururlar. Biz bunu başa düşmərik, Əli xan. Şahənşah bu barədə qeysərə sual eləyəndə, o bədbaxt anlaşıqlı bir cavab verə bilmədi. Hələ demirəm ki, bizim dörd arvad alıb saxlamağımız da onlara xoş getmir, halbuki onlar dörd nədir, lap on dörd arvadla mazaq eliyərlər, çünki niyə, onlar şeytan yolundadırlar.
Ə l i x a n. Əmi, bəs nədəndir Allah şeytan yolunda olanlara daha çox qüdrət və güc verir, bizimkini isə alır?
Ə m i. Sən Avropanın gücünü nədə görürsən, Əli xan?
Ə l i x a n. Çox şeydə, Əmi. Bax, burada bir yox, iki şəhər var. Yaxşı bax, bu qədim qala divarları arasındakı şəhər islam şəhəridir, şərq dünyasıdır. Qaladan qıraqdakı şəhəri isə əslində xaçpərəstlər qurub. Orda məktəblər, kitabxanalar, xəstəxanalar, candarmlar, sən deyən kimi çılpaq qadınlar var. Bəs burda nə var, əmi? Hər məhlənin hamamı və insanları ibadətə çağıran məscidi, islamın əsas mahiyyətini üstələmiş dini ayinlər, rituallar. Əsl islam, Quran yaddan çıxıb. Bu gün onlar bizə hakimdirlər.
Ə m i. İnsan üzərində hökmranlıq? Nədir o? Heç nə! Dəyərli olan yalnız qəlblər üzərindəki hökmranlıqdır. İslam qəlblər üzərində qərar tutmuş səltənətdir. Din çox vaxt zəka ilə qavranılmır. Onu duyan, yaşadan qəlbdir, imandır. Necə ki, Peyğəmbərimiz buyurmuşdu: «Və əmr bil urf!»
S ə f ə r x a n. Elədir, qardaş, biz həqiqətən peyğəmbərimiz buyuran kimi hərəkət edirik, avropalılarsa öz allahlarının buyurduğu şeyləri eləməzlər. Bəs belə olan halda Əli xanın sual eləməsi haqlı deyilmi? Niyə Allah onlara daha çox qüdrət, güc verir? Bunun səbəbini İran dövlətinin aslanı, elə Avropa gimnaziyasını bitirmiş, amma ürəyi şərqli kimi döyünən Əli xan özü izah eləyə bilərmi?
Ə m i. Mən eləyə bilmərəm ki, bu sirrin üstünə işıq tutam, çünki niyə, çox qocalmışam, zehnim, ağlım bu sirri aça biləcək gücdə deyil. Bildiyim odur ki, qardaş, hikmət Allah hikmətidir.
Ə l i x a n. Səfər xan, mən bilən islamın çöküşü onda başladı ki, səhra döyüşçüsü səhra alaçığından saraya köçdü, kişilər qızılla bəzənib ipəyə büründülər. Amma bu azdır. Xristian dünyası şərqə, illah da müsəlman şərqinə qarşı birləşmişdir. Səlib yürüşlərinin ruhu hələ yaşayır. Xristian hökumətləri müsəlman dövlətlərinə eynihüquqlu dövlətlər kimi baxmırlar. İslam millətlərini gerilikdə, barbarlıqda taqsırlandırırlar. Lakin özləri də min bir üsulla, hətta müharibələrlə islam ölkələrinin dirçəlişinə mane olurlar. Özünü məhv olmaqdan qorumaq üçün islam dünyası birləşməli, təriqətçilikdən vaz keçməlidir. Eyni zamanda, o, elmin, texnikanın və Avropa qüdrətinin sirrlərini öyrənməlidir.
S ə f ə r x a n. Əli xan, sən bütün bunları öyrənib avropalımı olmaq istəyirsən?
Ə l i x a n. Yox, ata, mən şərqliyəm, şərqli kimi də onun möcüzələrini sevirəm, yaşadığım bu şəhərin künc-bucaqlarının, gecələrin sirli qaranlıqlarının, günorta səs-küyünün, məscidlərdən gələn səssiz pıçıltıların aşiqiyəm. Mən dünyaya bu şəhərdə müsəlman kimi gəlmişəm, müsəlman kimi də ölmək istərdim.
S ə f ə r x a n. Əli xan Şirvanşir, avropalı kimi yaşayıb əsl müsəlman olmaq çox çətin yükdür.
Ə l i x a n. Bilirəm, ata, şərq şərqdir, qərb də qərb, onlar heç vaxt bir araya gələ bilməzlər, amma elə həqiqətlər var ki, doğrudan da zəka ilə anlaşılmaz, belə yerdə köməyə məhəbbət gəlir.
Ə m i. Qocalıq heç vaxt sağalmayan zəhlətökən mərəzdir, Səfər xan. (Ağır-ağır qalxır)
S ə f ə r x a n. (Qalxır) Gələcəyin dərdini indidən çəkmək özü də şeytan işidir.
Ə m i. Burdan şəhər çox füsunkar görünür, amma İran İrandır, şəhər də İsfahandır. Qardaş, Şəmirandakı evimiz yadına düşürmü?
S ə f ə r x a n. Axır vaxtlar yuxuma da girir. Şəmiran da, Mazandarandakı malikanələrimiz də, hələ şaftalı bağımızı demirəm.

Səfər xanla Əmi danışa-danışa pilləkənləri düşüb gedirlər. Telefon zəng çalır.

Ə l i x a n. Alo! Nino? Əlbəttə, gələ bilərəm, operanın qabağında gözləyin, gəlirəm. (Tələsik gedir)

«Aida» operasından Aidanın ariyası səslənir və musiqi altında Nino İlyas bəylə gəlir.

İ l y a s. Şükür olsun Allaha ki, o qara arvadı yandırdılar, səsi hələ də qulaqlarımdadır. Gecə yuxuma girməsə yaxşıdır.
N i n o. Elə danışmayın, İlyas bəy, siz gimnaziya bitirmisiniz.
İ l y a s. Amma necə çığırırdı.
N i n o. İlyas bəy, axı siz musiqi təhsili almısınız, Avropada olmusunuz, bir il İsveçrədə yaşamısınız, nəhayət, siz Zeynal ağanın oğlusunuz.
İ l y a s. Aha, Romeo gəldi…
Ə l i x a n. (Gəlir) Axşamınız xeyir! İlyas bəy, sağ ol ki, Ninonu darıxmağa qoymamısan.
N i n o. Əli xan, dedilər tarixdən kafi almısan.
Ə l i x a n. Nino, mən ulu babam İbrahim xan Şirvanşiri Gəncə yaxınlığında hiylə və silah gücünə məğlub eləmiş Mədətova rəşadətli deyə bilməzdim. Ulu babamın şərəfindən söhbət gedəndə mənim üçün əla ilə kafinin fərqi yoxdur.
İ l y a s. Əli xan, kişi adamsan. Prinses Nino, Əli xanın qohumlarını tanı. Hüseynqulu xan knyaz Sasianşvilinin xirtdəyini İbrahim xanın köməyi ilə kəsmişdi.
N i n o. Nə dəhşətli şeylər danışırsınız.
İ l y a s. Əli xan, əmanəti təhvil alın. (Ninonun əlindən tutub Əli xana yönəldir) İndi isə sizi tək buraxsam nə qədər sevinəcəyinizi təsəvvür edirəm. (Gedir)
Ə l i x a n. (Ninonun əllərindən tutur) Mən sizi sevirəm, prinses Nino.
N i n o. Əmin gəldi? Hərəmləri necədir?
Ə l i x a n. Əmim əsl aslandır. Arvadlarının vəziyyətini isə onun hərəmağası Yəhya Quludan soruşmaq lazımdır.
N i n o. Əli xan, iyirminci əsrdə hərəmağası? Bu rüsvayçılıqdır. Valideynlərim biləndə ki, əminin üç arvadı var dəhşətə gəldilər, anamın başı ağrıdı.
Ə l i x a n. Nino, mən hərəmxana saxlamayacam.
N i n o. Sənin arvadın çadraya bürünməlidir, Əli xan?
Ə l i x a n. Sən qorxma, Nino, çadranın faydası ziyanından çoxdur. O qadını günəşdən, tozdan, yad, naməhrəm baxışlardan qoruyur.
N i n o. Toz, günəş… Yad baxışlar səni belə qorxudur? Qadın başqasının xoşuna gəlmək istəyəndə nə olar, Əli xan?
Ə l i x a n. Qadın yalnız öz ərinin xoşuna gəlməyə çalışmalıdır. Açıq sifət, çılpaq çiyinlər, yarıya kimi açıq sinə, şəffaf ipək corablar – bütün bunlar baxan kişiyə çox vədlər verir. Bu vədlərin axırı da məlumdur.
N i n o. Sus, Əli xan, danışma.
Ə l i x a n. Danışmayaq, Nino… (Öpmək istəyir)
N i n o. Yox, Əli xan, yaxın gəlmə! Gərək mən də çadraya bürünəydim.
Ə l i x a n. Ya da öz vədini yerinə yetirəydin.
N i n o. Əli xan, hərdən mənə elə gəlir ki, biz səhv yoldayıq, şübhələr didir məni. Qorxuram, Əli xan.
Ə l i x a n. Qorxma, Nino, mən sənin ən etibarlı mühafizin olacam. Bizim buraxılış gecəsinə gələcəksən?
N i n o. Əlbəttə! Mütləq gələcəm.
Ə l i x a n. Bəs yayı harda keçirəcəksiniz?
N i n o. Şuşada. Qarabağa gedəcəyik. Atamın istəyidir, amma bu o demək deyil ki, mütləq Əli xan da orada yaylamalıdır.
Ə l i x a n. Şuşada bizim yaxşı imarətimiz var.
N i n o. Əli xan, lap zəhlətökənsən. Heç özüm də bilmirən sənin nəyini sevirəm.
Ə l i x a n. Gəl, qulağına deyim.

Əli xan qulağını ona yaxınlaşdıran Ninonu öpür.

N i n o. Burax məni, Əli xan, evə gecikirəm… (Gedirlər)

İşıq sönür.
Qoçu əlində çərkəzi çuxa və qaragül papaqla gəlir. Çuxanın ora-burasını səliqəyə salır, papağı taxtın üstünə qoyur. Əli xan gəlir.

Ə l i x a n. Çox yatdım deyəsən. İlyas bəyin ziyafətinə çərkəzi çuxada gedəcəm. (Çuxanı geyinir. Qoçu ona kömək edir) Necədir, Qoçu, yaraşır?
Q o ç u. Xana xan libası yaraşar, ağa, amma dünya yaman qarışıb.
Ə l i x a n. Dünya nə vaxtdan qarışıb, Qoçu? Bu gündən, ya dünəndən?
Q o ç u. Bilmirəm, ağa, biz bir həftədir xəbər tutmuşuq.
Ə l i x a n. Nədi, Vəlinin faytonu aşıb?
Q o ç u. Bəli, ağa, iki arvad dalaşıb, at hürküb faytondan qırılıb götürülüb üzü aşağı, dəniz tərəfə…
Ə l i x a n. (Fikri özündədir) Elə o vaxtdan da zamana qarışıb?
Q o ç u. Yox, Əli xan, bu nədir ki, müharibə başlayıb. Sən Şuşada olanda.
Ə l i x a n. Əsl müharibə?
Q o ç u. Bütöy şəhər danışır, ağa. Paççah lütfkarlıq eləyib üç-dörd ölkəyə birdən müharibə elan eləyib.
Ə l i x a n. Axı paççah kimlərə müharibə elan eləyib?
Q o ç u. Adları yadda qalır ki? (Qəzet çıxarıb oxuyur) Alman qeysərinə, Avstriya qeysərinə, Bavariya kralına, Sak… Saksoniya hökumətinə… İndi gör bu adları dörd sinif bitirmiş Qoçu yadında saxlaya bilər?
Ə l i x a n. Bəs Osmanlı hökuməti, İran?
Q o ç u. Bilmirəm, ağa, amma Seyid Mustafa deyir ki, bu kafirlərin öz müharibəsidir, qoy qırsınlar bir-birini. Molla da kitaba baxıb, almanlar qalib çıxacaq deyir. Səfər xan çox fikirlidir, sənə görə, ağa.
Ə l i x a n. Atam nəyin fikrini çəkir? Müsəlmanlar ki, hərbi mükəlləfiyyətdən azaddırlar. (Papağı başına qoyur)
Q o ç u. Namxuda, bu libas ağama çox yaraşır. İlyas bəylə Məhəmməd Heydər yazıldılar orduya.
Ə l i x a n. Çox gözəl… Mən müharibəyə getməyəcəm.
Q o ç u. Bu mümkünmü, ağa?
Ə l i x a n. Qərarım qətidir, Qoçu, mən bu davada vuruşmayacam.
Q o ç u. Məsləhət sənindir, ağa, sən bizdən ağıllısan, savadlısan, amma mən gedəcəm, ağa, könüllü gedəcəm. Ömrünü bircə adamın qorunmasına sərf eləmək düzgün deyil, mən döyüşmək, əsl müharibədə olmaq istəyirəm. Kişi ömründə gərək bir dəfə də olsa müharibə görsün, dava eləsin.
Ə l i x a n. Elədir, Qoçu, müharibə gözəl sözdür, onda mərdlik, kişilik, qüdrət var, amma bu müharibə mənim deyil. (Gedir)
Q o ç u. Ya qismət! (Gedir)

Şıdırğı oyun havası çalınır. Rəqs eləyə-eləyə İlyas bəylə Məhəmməd Heydər gəlir. Hər ikisi çərkəzi geyimdədirlər. Əks tərəfdən Seyid Mustafa gəlir. Əynində adi çuxa, belində yaşıl qurşaq, başında həmişəki əmmaməsidir. Oynayanlara məhəbbətlə baxır və ritmə uyğun gəlməyən tərzdə əl çalır.

Ə l i x a n. (Gəlir) Bəh-bəh… buna rəqs deməzlər… Qartal uçuşudur. (Oynayanlara qoşulur)

Musiqi kəsilir. İlyas bəy, Məhəmməd Heydər Əli xanla görüşürlər.

S e y i d. Əli xan… (Qucaqlayır) Səndən Şuşanın ətri gəlir.
İ l y a s. Bu ziyafəti saxlamışdım ki, sən Qarabağdan qayıdıb gələ-sən.
Ə l i x a n. Təşəkkür edirəm, İlyas bəy.
M ə h ə m m ə d. Əli xan Şuşada eşq macərası yaşayır, biz burda müharibəyə gedirik.
Ə l i x a n. Ağalar, bu necə davadır, şəhərdə bayram ovqatı var.
S e y i d. Millət qana susayıb.
M ə h ə m m ə d. Əli xan, biz zabit olacağıq, hərbi dərs keçirik.
İ l y a s. Məhəmməd Heydərin canı Sanindən təzə qurtarmışdı, indi Melikov çöküb sinəsinə.
S e y i d. Qurana görə bu müharibənin müsəlmanlara heç bir dəxli yoxdur.
Ə l i x a n. Sənin zabit olacağına ümid var, İlyas bəy, amma bu dolu bədənli cavanın gələcəyinə şübhəm var.
M ə h ə m m ə d. Əli xan, yaxşısı budur, özündən danış. Hərbdən qaçırsan. Səbəb də məlumdur, gürcü gözəlindən uzaqlaşmaq istəmirsən. Amma mən zabit olub çiyinlərimə qızıl paqon taxanda, küçədə mənə yol verməli olacaqsan. Çünki mən igid zabit qanımla sənin lax gövdəni müdafiə edəcəm.
Ə l i x a n. Sən zabit olunca Rusiya müharibəni uduzacaq.
S e y i d. İnşallah!

Nino və Naxraryan gəlir. Hərəsinin əlində bir şampan bakalı var.

N i n o. İlyas bəy, ev yiyəsi vəzifəsini yaxşı yerinə yetirmirsiniz.
N a x r a r y a n. Qafqaz qartallarına atəşin salam!
M u s t a f a. (Tərəfə) Murdar məlun!
Ə l i x a n. Prinses Nino, biz burda beynəlxalq hərbi məsələləri həll edirik.
İ l y a s. Nino, birinci rəqs mənimdir. Gələcək zabitin buna ixtiyarı var.
N i n o. Naxraryan və Əli xan etiraz eləməsə, mən razı.
S e y i d. Əli xan, o kafirin nə dəxli var Ninoya?
Ə l i x a n. Sakit ol, Seyid, Avropa qaydalarına görə xanım onu məclisə müşayiət eləyənə sayğı göstərməlidir.
S e y i d. Lənətə gəlsin Avropanı! Əli xan, mənim ondan gözüm su içmir. Qızı gözdən qoyma.
İ l y a s. Əli xan susur, deməli razıdır.
N a x r a r y a n. Mən də kavalerlik hüququmdan istifadə eləmirəm. Prinses Nino seçimində azaddır.
İ l y a s. Onda mən gedim rəqsi sifariş verim. Ninonun gürcü libası Qafqaz rəqsi tələb edir. Gedək mənim zabit həmkarım. (Məhəmməd Heydərin qolundan tutub aparır)
N a x r a r y a n. Heyif, xəstəliyim müharibəyə getməyə imkan vermir.
N i n o. Siz xəstəsiniz?
N a x r a r y a n. Təəssüflər olsun ki, bu həqiqətdir, prinses. Həkimlər məndə sağalmaz bir xəstəlik tapıblar.
S e y i d. Yəqin ki, erməni xəstəliyidir.
N i n o. (Naxraryandan aralanır) O… xəstəlik təhlükəlidir?
S e y i d. (Tərəfə) Hətta sağalmazdır.
N a x r a r y a n. Bu insanın özündən asılıdır, prinses.
Ə l i x a n. Naxraryan, sizin atanız general, özünüz də maşallah…
S e y i d. Donuz kimi zırpı, ona atılan güllə boşa çıxmaz. (Gedir)
N a x r a r y a n. Əli xan, sizin müharibədən imtina etmənizi çox gözəl anlayıram. Biz gücümüzü, daha ciddi mübarizələr üçün qoruyub saxlamalıyıq. Budur, Qafqazın üç böyük xalqının nümayəndəsi – biz bir yerdəyik. Bir gürcü qızı, bir müsəlman və bir erməni. Eyni səma altında doğulmuşuq, eyni torpaqda yaşayırıq. Aramızda müəyyən fərqlər də vardır, amma Avropa və Asiya qitələri kimi birgəyik, bütövük. Biz bu birliyi qorumalıyıq.
N i n o. Çox gözəl danışırsız, cənab Naxraryan, amma mən həmişə bu fikirdə olmuşam ki, qafqazlıların əsas xüsusiyyəti döyüşməkdir. İndi isə çaşıb qalmışam. Mən heç biri döyüşmək istəməyən iki qafqazlının arasındayam.
N a x r a r y a n. İnanın, prinses, biz hər ikimiz döyüşmək istəyirik, amma bir birimizə qarşı yox. Əgər ruslar bu müharibədə qalib gəlsələr, torpaqlarımız həmişəlik onların əlinə keçəcək. Biz dinimizdən, dilimizdən, milli ruhumuzdan məhrum olacağıq. Biz Avropa və Asiya arasında körpü olmaq əvəzinə eybəcər bir calağa çevriləcəyik. Biz çar tərəfində vuruşub özümüz özümüzə qənim kəsilə bilmərik.
N i n o. Əli xan Şirvanşir, sən də bu fikirdəsən? Rusiya bizim düşmənimizdir?
Ə l i x a n. Sən məndən necə cavab istərdin, prinses?
N i n o. Məgər siz gimnaziyada tarix dərsi keçməmisiniz? Bilmirsiz ki, iranlılar, türklər ölkəmizi dəfələrlə çalıb çapıblar, talayıblar? Şah şərqi yerlə yeksan eləyib, sultan da qərbi? Rusları bura biz çağırmışıq. Gürcü kralı on ikinci Georgi könüllü olaraq rus çarına təslim olub. Ruslar Qafqaza sülh gətirdi.
Ə l i x a n. O saat görünür ki, Tamara litseyinin əlaçı tələbəsi danışır.
N i n o. Bəli, Əli xan, mən bununla fəxr edirəm.
N a x r a r y a n. Gözəl prinses, doğrudur, ruslar bizə sülh gətiriblər, hətta iddia edirlər ki, bizi bir-birimizdən qoruyurlar. İndi lütvən deyin, prinses, siz özünüzü məndən qorumalısınız? Bəlkə məni Əli xandan qorumaq lazımdır? Məgər bir neçə gün əvvəl biz üçümüz Şuşada əlvan xalçalar üzərində dostcasına sakit oturmamışdıqmı? İran indi elə bir düşmən deyil ki, Qafqaz xalqları ondan qorunsun, inanın, düşmənin ünvanı şimaldadır.
N i n o. Deməli, buna görə müharibəyə getmirsiniz?
N a x r a r y a n. Yox, təkcə buna görə yox. Boynuma alım ki, mən həm tənbələm, həm də rahat yaşamağı, gözəl fransız şampanı içməyi üstün tuturam. Mənim ailəm kifayət qədər hörmət, pul, varidat qazanıb. Mən özüm isə gözəl həyatı sevən adamam.
Ə l i x a n. Naxraryanın bura qədər dedikləri ilə çox razıyam, amma mən kef əhli deyiləm, hərbdən də zəhləm getmir, müharibə əsl kişi işidir, amma bu müharibə mənim müharibəm deyil!
İ l y a s. (Gəlir) Prinses Nino! Rus ordusunun gələcək zabiti sizi gözləyir.
N i n o. Cənablar, mən zabitlə rəqs etmək istəyirəm. (İlyas bəylə ge-dir)
N a x r a r y a n. Əli xan, Nino ilə evlənmək fikrindəsiniz?
Ə l i x a n. Qismət olsa, inşallah!
N a x r a r y a n. Dostum, bir çox çətinliklərin öhdəsindən gəlməli olacaqsınız. Köməyə ehtiyacınız olsa, qulluğunuzda hazıram.
Ə l i x a n. Təşəkkür edirəm, Naxraryan.
N a x r a r y a n. Çox istəyirəm xalqlarımızı qohumluq əlaqələri ilə bağlayan ilk ailəni siz qurasınız. Biz birləşməli, bir olmalıyıq. (Əlini sıxır)
Ə l i x a n. Çox razıyam.

Gürcü rəqsi çalınır. İlyas bəylə Nino çox gözəl və şövqlə rəqs edirlər. Hamı əl çalır.
İşıq sönür.
Əli xan gəlir. Çərkəzi çuxasını, papağını soyunur. Dalınca gələn Qoçuya verir. Qoçu gedir. Əli xan taxtda oturub dirsəklənir. Gözlərini yumur. Səfər xan ağır addımlarla gəlir. Əlində təsbeh var.

S ə f ə r x a n. Əli xan, yorğunsan (Əli xan yerindən sıçrayıb qalxır) Otur, otur, axır vaxtlar sınıxmısan. Nəyin dərdini çəkirsən? (Oturur) Otur, dedim.
Ə l i x a n. Necə yaşamaq haqqında düşünürəm. Sabahı düşünürəm.
S ə f ə r x a n. Əli xan, sabahı düşünmək kişini qorxaq elər.
Ə l i x a n. Bu müsəlmana məxsus qənaətdir, ata.
S ə f ə r x a n. Elədir, oğlum, biz müsəlmanıq, amma Allaha imanın olmadığı bir diyarda yaşayırıq. Məhv olmamaq üçün qədim adətlərimizi qorumalıyıq. Əgər sabahı düşünürsənsə, qulaq as mən qocaya, tez-tez dua elə, şərab içmə, zina eləmə. Məzlumlara mərhəmət göstər. İman yolunda qılıncını sıyırıb can verməyə hazır ol. Sən döyüşdə həlak olsan, bu məni ağrıdacaq, amma şərəfsiz olub sağ qalsan, xəcalət çəkəcəm.
Ə l i x a n. Ata, mən səni başıaşağı eləmərəm.
S ə f ə r x a n. Əli xan, sən doğrudan müharibəyə getmək istəmirsən? Əcdadlarımızın çoxu döyüş meydanında həlak olub. Bizim nəsildə bu təbii ölümdür, Allah əcəli kimi.
Ə l i x a n. Mən də başımı cəng meydanında qoyacam, ata, amma elə uzaqlarda yox. Mənim bu müharibədə heç kimin qarşısında öhdəliyim və borcum yoxdur.
S ə f ə r x a n. Mən bu məntiqi başa düşmürəm, Əli xan. Çox demişəm, bəlkə yüz birinci dəfə deyirəm. Hələ Nadir şahın dövründə beş igid Şirvanşir İran imperiyası üçün vuruşdu. Dördü Hindistana yürüş vaxtı həlak oldu, yalnız biri Dehlidən böyük qənimətlə qayıtdı. O malikanələr aldı, saraylar tikdirdi və Nadirin ölümündən sonra da yaşadı. Amma Şahrux Hüseyn xana qarşı vuruşanda bu əcdadımız Ağa Məhəmməd Şah Qacar tərəfə keçdi. Səkkiz oğlu ilə bir-likdə şahın Zənd, Xorasan və Gürcüstan yürüşlərində iştirak elədi. Fətəli şahın Şirvanşirlərə Şirvan, Mazandaran, Gilanda bəxş etdiyi malikanələr üçün Şirvanşirlər doqquz igidinin qanını vermişdir. O kişilərin hesabına mən varam, sən varsan, Əli xan Şirvanşir.
Ə l i x a n. Ata, sən mənim qorxaq olmadığımı hamıdan yaxşı bilirsən, amma indi mənim vətənimi heç kim təhdid etmir, ona görə sakitəm. Bütün varlığım qanlı bir döyüşün həsrətini çəksə də, mən özümü düşmənin vətənimizə ayaq basdığı günə hazırlayacam. Mən o müharibənin yaxında olduğunu hiss eləyirəm.
S ə f ə r x a n. Mən səni anlaya bilmirəm, Əli xan, amma ürəyim deyir ki, sən düz yoldasan.
Ə l i x a n. Gimnaziyanı bitirəndə dedin ki, Əli xan, üç arzunu de. Onun birincisi Şuşa səfəriydi ki, yerinə yetirdin, çox sağ ol. İcazə ver mən öz qılıncımı özüm istədiyim vaxt sıyırım, bu mənim ikinci arzumdur, ata.
S ə f ə r x a n. (Gülümsəyir) Bəs üçüncü arzun?
Ə l i x a n. Evlənmək istəyirəm, Səfər xan.
S ə f ə r x a n. Neynək! Mən sənə dəniz qırağında imarət tikdirərəm. Yayı Mərdəkanda yaşayarsan. Birinci oğlunun adı əcdadımızın şərəfinə İbrahim olmalıdır. Yaxşı, mən axtarıb sənə qız tapım, yoxsa özün seçmisən?
Ə l i x a n. Mən Nino Kipiani ilə evlənmək istəyirəm.
S ə f ə r x a n. Xəbərim var. Doğrudur, onun boğma beli var, gürcü qızlarının çoxu incəbeldir, buna baxmayaraq sağlam uşaq doğurlar.
Ə l i x a n. (Pərtdir) Ata…
S ə f ə r x a n. (Gülür) Sən hələ çox cavansan, Əli xan, qadının beli onun əcnəbi dillər bilmək qabiliyyətindən irəlidir. Yaxşı, nə vaxt evlənmək istəyirsən?
Ə l i x a n. Payızda, Nino məktəbi bitirəndə.
S ə f ə r x a n. Deməli, uşaq yazda doğulacaq.
Ə l i x a n. Ata, axı…
S ə f ə r x a n. (Gülür) Yaz pis fəsildir?
Ə l i x a n. Səfər xan, mən Nino ilə onun belinə, dilləri bildiyinə, ya sağlam uşağa görə evlənmirəm. Mən onu sevirəm.
S ə f ə r x a n. Bəlkə oturub çörək yeyək, acmışam, elə sən də arıqlamısan, evlənmək istəyən kişi möhkəm olmalıdır.
Ə l i x a n. Ata, mən nə oturmaq, nə də yemək istəyirəm, özüm də buz baltası kimi möhkəməm.
S ə f ə r x a n. Mən üç dəfə evlənmişəm, amma arvadlarım payız milçəyi kimi ölüb gedirdilər.
Ə l i x a n. Payız milçəyi kimi?
S ə f ə r x a n. Sən evlənsən, bəlkə mən də arvad aldım. Nino xaçpərəstdir, bazar günləri istəyir kilsəyə getsin, amma evinə keşiş ayağı dəyməsin.
Ə l i x a n. Ata, mən Ninonu sevirəm.
S ə f ə r x a n. Kişi gərək arvadı sevməsin. Kişi vətəni, müharibəni sevər. Hafiz ömrü boyu məhəbbətdən yazıb, amma ağıllı adamlar deyir ki, binəva ömründə bir arvada belə yaxın durmayıb. Məcnun da əməlli-başlı dəliydi. İnan mənə, Əli xan, kişi arvadını sevməli deyil, qorumalıdır.
Ə l i x a n. Bəlkə də sən deyəndir, ata, kişinin həyatında məhəbbət ən vacib, ən mühüm şey deyil, amma mən Nino Kipiani ilə evlənmək istəyirəm.
S ə f ə r x a n. (Gülür) Yaxşı, sabah mən knyaz Kipiani ilə danışaram. Nədi, yoxsa zəmanə dəyişib, cavanlar indi özləri elçilik eləyirlər?
Ə l i x a n. Mən özüm onlarla danışaram.
S ə f ə r x a n. Neynək, danış… (Gedir)
Telefon zəng çalır.

Ə l i x a n. Alo! Nino? Dayan, qulaq as. Atamla danışdım. O razıdır. Nədən qorxursan? Boş şeydir imtahan… Nino, sən sevinmirsən? Mən bunu hiss eləmirəm. Gəlirəm, bu saat gəlib knyazla danışacam. (Qaçaraq gedir)

İşıq azalır, səhnə fırlanır və həmişəki məkanda dayanır.
Əli xan və Naxraryan gəlir.

N a x r a r y a n. Sakit olun, Əli xan, bu bir anlaşılmazlıqdır.
Ə l i x a n. Mən təhqir olunmuşam, Naxraryan, qoca Kipiani mənim şəstimə toxundu.
N a x r a r y a n. Bu ola bilməz, Əli xan. Knyaz çox tərbiyəli adamdır, nəcib zadəgandır.
Ə l i x a n. Biz də yerdən çıxmamışıq, cənab Naxraryan. Səfər xan müsəlman olmayan Nino ilə evlənməyimə etiraz eləmədi, amma knyaz Ki-piani mənə yox dedi.
N a x r a r y a n. Axı, necə oldu bu, lütvən ətraflı danışın.
Ə l i x a n. Atamın razılığını alan kimi qaçdım Ninogilə. Mən necə sevinirdim, pilləkənləri necə çıxdım… Əvvəl knyaginyanın əlini öpdüm, sonra qocanın əlini mehribanlıqla sıxdım. Ailəmin varidatından, gəlirindən, malikanələrimizdən danışdım və nəhayət, Nino ilə evlənmək istədiyimi dedim.
N a x r a r y a n. Bəs knyaz nə dedi?
Ə l i x a n. Görüm onu lənətə gəlsin! Hələ qırışmış əlini öpdüyüm knyaginya, dedim indi qəşş edib yıxılacaq. (Yamsılayır) «Əziz, hörmətli Əli xan, inanın ki, mən Nino üçün sizdən yaxşı adaxlı arzu edə bilməzdim. Sizin kimi bir gənclə ailə qurmaq hər bir qadın üçün xoşbəxtlik olardı.» Mən soruşuram ki, bu nə deməkdir, knyaz, yoxsa siz mənə rədd cavabı vermək istəyirsiniz?
N a x r a r y a n. Tamamilə doğru nəticədir, belə tərifin axırı acı qurtarır.
Ə l i x a n. Elədir, Naxraryan, qoca davam eləyib dedi ki, siz tərifə layiq olduğunuz üçün tərifləyirəm, amma Nino hələ uşaqdır.
N a x r a r y a n. Demədiniz ki, bunu mən daha yaxşı bilirəm.
Ə l i x a n. Hələ bu harasıdır? Din, tərbiyə, nəsil, mənşə fərqini də yaddan çıxarmayın, dedi.
N a x r a r y a n. Sonra nə dedi o, Əli xan?
Ə l i x a n. Deyir, bu sizin həyatınızı mürəkkəbləşdirə bilər. Hələ zəmanə! Görün nə dəhşətli vaxtdır – müharibə, qarışıqlıq, kim bilir axırımız necə olacaq?
N a x r a r y a n. Əcəb mülahizələrdir. Bu qarışıq zamanın sizin evlənməyinizə nə dəxli?
Ə l i x a n. Elə mən də bu sualı verdim qocaya. Qayıdıb mənə dedi ki, siz ləyaqətli, yaraşıqlı cavansınız, amma evlənmək çox tezdir, gəlin davanın axırını gözləyək. O vaxta kimi hər ikiniz yaşa dolarsınız. Bax, onda lazım gələrsə, bu məsələyə bir də qayıdarıq.
N a x r a r y a n. Əli xan, bunlar müdrik sözlərdir. Qocanın güclü məntiqi var.
Ə l i x a n. Məntiqin bura nə dəxli var, Naxraryan? Mən üç ildir Ninonu sevirəm. Biz evlənməliyik.
N a x r a r y a n. Axı, necə, Əli xan? Qocanın xeyir-duası olmadan?
Ə l i x a n. Mən bu rüsvayçılığa dözə bilmərəm. Ninonu qaçırdıb İrana aparacam. Sən bir işə bax: Şirvanşir nəslindən olan Əli xana rədd cavabı verilsin? Kipiani nə fikirləşir? Dini fərqdən danışır. Yoxsa islam xristianlıqdan əskik dindir? Bəs mənim şərəfim, Naxraryan? Bu xəbəri eşitsə, doğma atam Səfər xan mənə gülməzmi?
N a x r a r y a n. Qəzəbinizi başa düşürəm, Əli xan, ancaq Kipiani sizə «yox» deməyib axı, möhlət istəyib.
Ə l i x a n. Eybi yox, özüm bu işə əncam çəkəcəm. Knyaz peşman ola-caq.
N a x r a r y a n. Qızı qaçırtmağa sözüm yox, Əli xan, amma bunu son tədbir kimi axıra saxlayaq. Knyaza bu izdivacın onun üçün nə qədər faydalı olduğunu anlatmaq gərəkdir.
Ə l i x a n. Bunu kim eləyə bilər, Naxraryan?
N a x r a r y a n. Əli xan, siz bu işi mənə etibar edin.
Ə l i x a n. Sizə?
N a x r a r y a n. Bu sizi təəccübləndirir, Əli xan? Axı, biz müttəfiq olmalıyıq. Bir-birimizin mənafeyi üçün çalışmalıyıq.
Ə l i x a n. Naxraryan, mən bu müttəfiqliyi böyük sevinclə qəbul edirəm.
N a x r a r y a n. Əli xan, bu mənim dostluq əlim! (Əl tutub qucaqlaşırlar) Sizə hər şeyi xəbər verəcəm, hər addımımdan xəbəriniz olacaq. Özünüz heç bir şey etməyin, ən başlıcası qızı qaçırtmayın. (Gedir)
S e y i d. (Gəlir) Əli xan, sən erməni ilə qucaqlaşırsan?
Ə l i x a n. Seyid Mustafa, sən mənim dostumsan, amma erməniyə belə nifrət eləmək axmaq işdir. Naxraryan namuslu adamdır.
S e y i d. İlanın ağına da lənət, qarasına da, Əli xan!
Ə l i x a n. Yaxşı, sən hara, bura hara? Elə bil yerdən çıxdın.
S e y i d. Sənə vacib xəbər gətirmişəm.
Ə l i x a n. O nə xəbərdir ki, səni kafir məhləsinə gətirib çıxarıb?
S e y i d. Məhmət Rəşid kafirlər dünyasına müharibə elan edib.
Ə l i x a n. Nə danışırsan, Seyid? Osmanlı sultanı?
S e y i d. Sultanın qoşunları müsəlmanları Rusiya və İngiltərənin boyunduruğundan azad eləmək üçün müzəffər qoşunu ilə qərbə sarı irəliləyir. Cahad elan edilib, Əli xan, xəlifənin sarayı üstündə islam peyğəmbərinin yaşıl bayrağı dalğalanır. Sən ağıllı adamsan, Əli xan, müharibəyə getmədin, uzaqgörənlik elədin. Heç bir müsəlman sultana qarşı silah qaldırmasın gərək. İlyas bəylə Məhəmməd Heydər qəm dəryasına batıblar.
Ə l i x a n. Əlbəttə, onlar lovğalıq eləyib tələsdilər, çara sədaqət andı içdilər. Bəs sən niyə qəmlisən? Türklərin gəlişi səni sevindirmir?
S e y i d. Ah, Əli xan, Yaquboğlu on iki yeşik şampan alıb ki, şəhərə girən ilk türk zabiti ilə içsin. İşə bax, Əli xan, müsəlman cahad döyüşçülərinin şərəfinə çaxır içəcəkmiş!
Ə l i x a n. Təəccüblənmə, Seyid, insanlar ağlını itirib. Düşmən kimdir, dost kim, bilinmir indi.
S e y i d. Dünən səkkiz adam şəhərdən qaçıb ki, sultanın ordusuna qoşulsun. Mən səndən soruşuram, Əli xan, onların başında ağıl var?
Ə l i x a n. (Gülür) Onların başı, Seyid, ağ eşşəyin qarnı kimi boşdur.
S e y i d. Bir işə bax, Əli xan, şiə əhli sünni tərəfində vuruşmaq eşqindədir. Məgər Yezid peyğəmbər nəvəsinin qanını tökmədimi? Məgər Müaviyə Həzrəti Əlini qətlə yetirmədimi? Bəs Peyğəmbərin varisi kimdir? Xəlifəmi, yoxsa damarlarında Peyğəmbər qanı axan gözəgörünməz əbədiyyət imamı? Axı Türkiyə nə istəyir? Ənvər paşa Urmiyaya kimi irəliləyib. Şiə ölkəsi İran parçalanacaq, din məhv olacaq. Ya Əli, od saçan qılıncınla gəl! Gəl, ya Əli, dönüklərin cəzasını ver! Ya Əli! Ya Əli! (Hiddətlə ağlayır)
Ə l i x a n. (Onu qucaqlayır) Seyid, bu nə göz yaşlarıdır? Türklər də müsəlmandırlar. Biz eyni dildə danışırıq. İkimizin də damarında Turan qanı axır, bəlkə elə buna görə xəlifənin hilalı altında ölmək daha asandır. Mən özüm də Ənvər paşanın gəlişinin həsrətini çəkirəm.
S e y i d. Turan qanı deyirsən, Əli xan? Əfzəl olan millət deyil, dindir, islamdır. Su ilahəsi sayılan Su-Tengriyə, səma ilahəsi Teb-Tengriyə səcdə edən Sibir türkləri, yakutlar, altaylar qüvvətlənib bizə qarşı müharibəyə başlasalar, onda biz şiələr, eyni qandan olduğumuz üçün bütpərəstlərin qələbəsinə sevinməliyik?
Ə l i x a n. Bəs nə edək, Seyid Mustafa? İranın qılıncı paslanıb. Türklərə qarşı da vuruşsaq, rus çarına kömək etmiş olarıq. Məgər Məhəmmədin adı ilə biz çarın xaçını xəlifənin hilalına qarşı müdafiə etməliyik? Təriqət fərqinə görə müsəlman müsəlmana qarşı vuruşmalıdır? Məgər sünnünün də, şiənin də kitabı Müqəddəs Quran deyil? Niyə dillənmirsən, Seyid Mustafa, niyə susursan?
S e y i d. (Nalə çəkir) Bilmirəm, Əli xan, sənə nə cavab verəcəyimi bilmirəm.
Ə l i x a n. Amma mən bilirəm, Seyid, osmanlılar da, biz də müsəlmanıq, həm də türkük, biz bir-birimizə qovuşmalıyıq, təriqət düşmənçiliyini aradan qaldırıb birləşməliyik, onsuz da düşmənimiz çoxdur. Bir az sakit ol, sənə sözüm var.
S e y i d. Bilirəm, Əli xan, sən evlənmək istəyirsən.
Ə l i x a n. Evlənmək? Seyid mən səninlə hərbi-siyasi təşkilat qurmaq haqqında məsləhətləşmək istəyirəm, sən də… Axı sən hardan bilirsən ki, mən evlənmək istəyirəm?
S e y i d. Mən sənin niyyətini gözlərindən oxuyuram, Əli xan, sənin üçün evlənmək bu saat bütün dünya işlərindən ən vacibidir.
Ə l i x a n. Olsun! Lap elə sən deyəndir, bunun sənə nə dəxli var?
S e y i d. Var Əli xan, mənə də dəxli var bu işin, çünki mən sənin dostunam.
Ə l i x a n. Elədir, Seyid, sən mənim ən sadiq, ən ağıllı dostumsan. Nə deyirsən bu izdivaca?
S e y i d. Ninonun məndən zəhləsi getsə də, «hə» deyirəm mən, Əli xan. Kişi evlənməlidir, həm də yaxşı olar ki, istədiyi qadınla evlənsin.
Ə l i x a n. Nino da məni sevir, Seyid.
S e y i d. Kişinin arvadın xoşuna gəlməsi vacib deyil. Qadın bir tarladır, kişi əkinçi. Məgər tarla əkinçini sevməlidir?
Ə l i x a n. Seyid, nə Nino tarladır, nə mən əkinçi, nə bilim kəndli. Biz insanıq, bizi şumla-kotanla, tarla ilə müqayisə eləmə.
S e y i d. Evlən, Əli xan, amma Seyid Mustafanın dediklərini yaddan çıxarma, qadın yalnız və yalnız bir tarladır.
Ə l i x a n. Deməli, qadının cansız tarla, torpaq kimi ağlı-idrakı, ruhu yoxdur deyirsən?
S e y i d. Əli xan, şəriətə görə bir kişinin şahidliyi üç qadının şahidliyindən keçərlidir. Bu sənə heç nə demir?
Ə l i x a n. Seyid, şəriət insanların cızdığı yazıdır, Quran isə Allah sözüdür. Allah qadını da öz bəndəsi bilir, ona da ağıl-idrak və ruh verib, özü də səndən fərqli olaraq incə ruh verib. Əgər bunu qanmırsansa, təqsır sənin özündədir, Ninoda yox. Yaxşı, tarlanın xaçpərəst olması səni məşğul eləmir? Bəlkə Nino islama gəlsin?
S e y i d. İzafi səy nəyə lazım, Əli xan? İdrakı və ruhu olmayan bir məxluqun dini-imanı da olmaz, amma unutma ki, ondan olan oğlanların şiə məzhəbinə qulluq eləməlidir.
Ə l i x a n. Bizi tərəqqidən qoyan təriqət ixtilafları deyilmi, Seyid Mustafa?
S e y i d. Kafirlər tərəqqinin harada olduğunu bilməzlər. İslamın yeni günəşi bu dəfə bizə düşmən mövqedə olan qərbdən doğacaq, inşallah!
Ə l i x a n. Davakar da olsan səni çox istəyirəm, Seyid Mustafa, gəl səni qucaqlayım.

Qucaqlaşırlar. İşıq sönür, həzin musiqi eşidilir. Səhnə fırlanır, məkan dəyişmir.
Əli xan və Nino gəlir.

N i n o. (Gülə-gülə) Naxraryan lap ağıl dəryasıymış, deyir ki, ilk qızıl sikkə Ay olub. Sonralar Aya sitayiş eləyən qafqazlılar və iranlılar da ona görə qızıl sikkələr kəsiblər.
Ə l i x a n. Məndən nə deyir?
N i n o. Ah, yadda qalır ki? On gündür anama Çavçavadzenin şerlərini oxuyur. Deyir ki, Rustaveliyə İran mədəniyyəti böyük təsir göstərib.
Ə l i x a n. Məgər bunu sənin valideynlərin bilmir?
N i n o. O gün də atamla çay içə-içə deyir ki, knyaz, Bakının sirri, ondakı irqlərin, millətlərin anlaşılmaz birliyindədir.
Ə l i x a n. Bəs sizinkilər nə deyir? Yumşalmırlar?
N i n o. Anam mənə yalvarır ki, gənc həyatımı sənin kimi vəhşi müsəlmana təslim eləməyim.
Ə l i x a n. Axı, mən lütfkarlıqla onun əlindən öpdüm, Nino?
N i n o. Atam da deyir ki, Əli xan səni mütləq hərəmxanaya salacaq.
Ə l i x a n. (Acıqla) Mənim hərəmxanam var, Nino?
N i n o. Mən də dedim ki, özünüzü gözləyin, Əli xan məni qaçırdacaq. Onda anamın ürəyi getdi.
Ə l i x a n. Nino, sən məni sevirsən?
N i n o. Bir onu bilirəm ki, mən sənsiz yaşaya bilmərəm, amma məni qaçırtsan vay halına! (Qollarını Əli xanın boynuna dolayır)

Öpüşürlər. Naxraryan gəlir.

N a x r a r y a n. Mən bilirdim ki, siz burdasınız.
Ə l i x a n. Naxraryan!
N i n o. Aman Allah, o bizi daim izləyir.
N a x r a r y a n. Mən heç nə görmədim, sadəcə, təəccübləndim.
Ə l i x a n. Bu nə deməkdir, Naxraryan?
N a x r a r y a n. Qəribə şəhərdir. Bura bəlkə də dünyada yeganə məkandır ki, qərb şərqlə sevişir, hətta… amma bu əsas məsələ deyil, şad xəbər gətirmişəm sizə. Knyaz Kipiani razılıq verdi!
N i n o. Necə? Atam razılaşdı?
N a x r a r y a n. Hələ desən knyaginya da xeyir-dua vermək niyyətindədir.
Ə l i x a n. Naxraryan, nə istəyirsən sənə bağışlayım? Dağıstanda bir kənd, yoxsa İran ordeni?
N a x r a r y a n. Əli xan… Əli xan…
Ə l i x a n. Bəlkə Ənzəlidə portağal bağı?
N a x r a r y a n. Heç birini istəmirəm, Əli xan, mən gözütox adamam, kasıb da deyiləm. Taleyin çarxını düz yola çəkə bildiyim üçün xoşbəxtəm.
N i n o. Six çox nəcib insansınız? (Əlini uzadır)
N a x r a r y a n. Prinses mənim kiçik xidmətimi şişirdir. (Əlindən öpür)
Ə l i x a n. Naxraryan, bu gündən səni özümə dost bilirəm. (Qucaqlaşırlar) Bəs nədən belə qayğılısan, dost, deyərdim ki, kədərlisən?
N a x r a r y a n. Əli xan, türklərin Qarabağa hücumu gözlənilir, orda mənim torpaqlarım var. Kiçik Asiyada da erməniləri qırırlar. Bütün bunlar sevinməyə əsas vermir.
Ə l i x a n. Eşitdiyimə görə orada ermənilər türklərin əleyhinə müharibəyə qoşulublar, hətta xəyanət ediblər.
N a x r a r y a n. Biz hər şeyi qəzetdən oxuyuruq, Əli xan, həqiqət isə örtülüdür.
Ə l i x a n. Qorxma, Naxraryan, türklər Bakıya kimi gəlsələr, mən ailənizi evimdə gizlədərəm.
N i n o. Cənablar, siyasətdən danışmayın. Əli xan, mən evə getmək istəyirəm, hava qaralır.
N a x r a r y a n. Doğrudan da! Bütün bu hadisələrin sevənlərə dəxli yoxdur, həm də müharibə hələ ki bizdən çox-çox uzaqdadır. Əli xan, haydı irəli! U revua, prinses Nino. (Gedir)
Ə l i x a n. Prinses Nino, sən artıq mənim nişanlımsan?
N i n o. (Xaç çevirir və pıçıltıyla) Bağışla məni müqəddəs Nina.
Ə l i x a n. Müqəddəs Nina? O kimdir, sənin hansı günahını bağışlamalıdır?
N i n o. Səni, Əli xan, sən mənim günahımsan.
Ə l i x a n. Bunu necə başa düşək, prinses Nino? Sən ağlayırsan?
N i n o. Biz gürcülər Şah Abbasa, Şah İsmayıla mətanətlə müqavimət göstərmişik. Bax buna görə mən varam. Sən isə Gürcüstana qan udduran şahın nəslindənsən, özün də məni silah gücünə deyil, məhəbbətinlə ram eləmisən. Mənim övladlarım müsəlman olacaqlar, Əli xan, qızlarım çadraya bürünəcək, oğlanlarım, nəvələrim, bəlkə də yenidən Gürcüstana hərbi yürüş edəcəklər.
Ə l i x a n. Nino, tarixi önə gətirsək bütün millətlər bir-birilə düşmən olmalıdır. Unut keçmişi. İnsanlar keçmişin yuxu, bir heç olduğunu anlamaq istəsəydilər, dünyanın mənzərəsi cənnət misalında olardı. Nədən xristianlar kinli olur?
N i n o. Əli xan, gərək biz ikimiz də qərbli olaydıq.
Ə l i x a n. Ya da şərqli?
N i n o. Neynək, ya da şərqli!
Ə l i x a n. Nino, bu əziz gündə de nə istəyirsən, nə edim sənin üçün?
N i n o. Əli xan, mən axmağam… Mən istəyirəm ki, sən Avropanı sevəsən, Asiyanın çürük divarlarına yapışıb qalmayasan. Mən qorxuram ki, bir on ildən sonra sən möminləşib Seyid Mustafa kimi acıqlı bir müsəlmana çevriləsən və günlərin bir günündə deyəsən ki, Nino, sən yalnız bir tarlasan.
Ə l i x a n. Sən bu tarla sözünü kimdən eşitmisən?
N i n o. (Ciddi) Əli xan, mən sənin özünü sevirəm, amma sənin yaşadığın aləmdən qorxuram, sən səhra övladısan, mən sənin qızğın, çılğın məhəbbətindən qorxuram, qorxa-qorxa da sevirəm. (Hönkürüb Əli xanın qucağına atılır)
Ə l i x a n. (Qucaqlayır və öpə-öpə) Mən sənin ruhunu da, özünü də sevirəm. Yaşadığın aləmi də özümə düşmən hesab eləmirəm.
N i n o. (Ondan aralanır) Mən dəliyəm, Əli xan.
Ə l i x a n. Bunu bildik! Bəs sonra?
N i n o. Ta nə sonra? Üç aydan sonra toyumuzdur.
Ə l i x a n. Qoy Allah mənə səbr və hövsələ versin ki, bu üç ayı başa vura bilim. Bəlkə müharibə də bitdi.
N i n o. Əli xan, müharbədən sonra nə edəcəyik?
Ə l i x a n. İndi elədiyimizi. Bakının küçələrini gəzəcəyik, dostlarımızın evinə qonaq gedəcəyik, Qarabağa səyahət edəcəyik, uşaqlarımızı böyüdəcəyik. Bundan gözəl həyatmı var, Nino?
N i n o. Bir dəfə də Avropaya gedək, Əli xan.
Ə l i x a n. Gedək, Nino, Parisə, Berlinə, bütün bir qış uzunu. Bəlkə Tiflisdə yaşayaq, Nino? Sənin vətənində?
N i n o. Yox, Əli xan, sən Bakısız qala bilməzsən.
Ə l i x a n. Elədir, Nino, dünyada Bakıdan yaxşı şəhər yoxdur.
N i n o. Əlbəttə, Bakı sənin üçün ən gözəl məkandır. Sənə qumsal səhra, qədim qala, Seyid Mustafanın söhbətləri lazımdır.
Ə l i x a n. Gedək, Nino, axşam evdə olmalıyam, vacib qonaqlar gələcək, bəzi məsələləri müzakirə etməliyik.
N i n o. Bəs Şalyapin?
Ə l i x a n. Nə Şalyapin?
N i n o. Fyodor Şalyapin bu gün operada oxuyur, aparmayacaqsan məni?
Ə l i x a n. Aman Allah, yenə opera? Nino, axı mən Səfər xana söz vermişəm, şəhərin nüfuzlu adamları gələcək bizə.
N i n o. Əli xan, mən bir aydır Şalyapini gözləyirəm.
Ə l i x a n. Bəlkə İlyas bəylə gedəsən? Yox, İlyas bəy kazarmada Məhəmməd Heydərlə növbətçidir.
N i n o. Olsun Seyid Mustafa! Şalyapinə görə Seyidlə də gedərəm.
Ə l i x a n. Seyidin böyük Molla Hacı Maqsudla görüşü var. Bəl-kə…
N i n o. Naxraryanla?
Ə l i x a n. Hə! Həri, Naxraryanla. Bu heç mənim ağlıma gəlmirdi. Mən bilən o da operanı sevir. Getdik! (Gedirlər)

İşıq sönür.

Şalyapinin ifasında hər hansı bir ariya səslənir, işıq getdikcə artır.
Əli xan bu oxu altında Damdan düşüb telefona yaxınlaşır.

Ə l i x a n. (Telefona) Knyazın evidir? Əli xan Şirvanşirdir. Prinses Nino operadan qayıdıb? Təşəkkür edirəm. Özüm zəng eləyərəm. (Dəstəyi qoyur)

İşıq artır. İlyas bəylə Məhəmməd Heydər zabit libasında gəlirlər.

İ l y a s. Əli xan, qonaqlar hanı, dağılışdılar?
Ə l i x a n. Söhbət indicə bitdi, keçdilər çay süfrəsinə. Siz hardan gəlirsiz, növbədə deyilsiz?
İ l y a s. Bilmirəm, nə sirdirsə, bizi növbədən azad eləyib yerimizə erməni zabitlərini qoydular.
M ə h ə m m ə d. Müşavirə necə keçdi? Əli Əsədulla and içdimi ki, rusları qıracaq?
Ə l i x a n. Təxminən elə bir şey dedi. Bəs müharibədən nə xəbərlər gəlir? Düzünü siz bilərsiniz.
İ l y a s. Vəziyyət yaman qarışıb. Almanlar Polşanı tutublar. Böyük Knyaz haralardasa qara-çovğuna düşüb. Deyirlər türklər də Misiri tutub.
İ l y a s. Əli xan, məşvərət nəylə bitdi? Qocalar nə qərara gəldilər?
Ə l i x a n. Çox götür-qoydan sonra bir müddət də gözləməyə qərar verdilər. Dünya çox qarışıqdır.
M ə h ə m m ə d. Qarışsa yaxşıdır, nədən qorxacağıq? Atımız var, əsgərimiz var, silahdan da başımız çıxır. Vuruşmaq istəyirəm, Əli xan.
Ə l i x a n. Nə saxlayır səni, Məhəmməd, get də ön cəbhəyə, döyüşə.
M ə h ə m m ə d. Mən elə kişilərdən deyiləm ki, müharibəyə qoşulub müsəlmanlara güllə atım, Seyid Mustafa demiş sünnü olsalar da türklərə qarşı vuruşmaram. Əli xan, sən ağıllı adamsan, həmişə də beş alardın coğrafiyadan. Niyə bizim ölkəmiz bu gündədir?
İ l y a s. Nə xoşuna gəlmir, Məhəmməd Heydər?
M ə h ə m m ə d. Vallah mən bir az kütəm, klasdan klasa da keçə bilmirdim, amma qanıram ki, gərək bizim ölkəmiz bir başqa cür olaydı.
Ə l i x a n. Axı nə olub ölkəmizə?
M ə h ə m m ə d. Əli xan, biz gərək kazinolar yox, meçidlər tikdirəydik, torpaqlarımızı suvarmaq üçün arxlar çəkəydik, bizi əhatə eləyən səhranı bağ-bağçaya çevirəydik. Bu da yaxşı iş deyil ki, əcnəbi ölkələrdən gələnlər bizə axmaq deyirlər.
İ l y a s. Axmaq deyilik bəs nəyik, Məhəmməd?
M ə h ə m m ə d. Axmaq da olsaq bizim öz işimizdir, İlyas bəy. Mənə elə gəlir ki, Əli xan, böyük bir tonqal qalayıb bütün neft buruqlarını yandırmaq lazımdır. Gözəl bir mənzərə yaranardı, biz də lap kasıb olardıq, o zaman heç kimə gərək olmazdıq, əcnəbilər də əl çəkərdi yaxamızdan. Mən Məhəmməd Heydər də bir cüt öküz alıb bu torpaqlarda taxıl əkərdim.
İ l y a s. (Qəhqəhə ilə gülür) Sonra da yazmağı-oxumağı qadağan eləyib şam işığına keçərdin. Ölkənin də ən səfeh adamını padşah seçərdik, məsələn elə Məhəmməd Heydəri.
M ə h ə m m ə d. Heç bəd olmazdı, İlyas bəy, keçmiş zamanlarda xoşbəxt insanlar daha çox olub.
Ə l i x a n. Məhəmməd Heydər zabitlik dərsi səni xeyli ağıllandırıb, gərək gəlib məşvərətdə deyəydin bu sözləri.
M ə h ə m m ə d. Əli xan, sən də mənə gülürsən?

İlyas bəylə Əli xan gülür. Seyid Mustafa çaparaq gəlib İlyasın üstünə gedir.

S e y i d. Əli xan!.. Əli xan…
İ l y a s. Yavaş, Seyid, küləyin yıxdı bizi, Əli xan ordadı.
Ə l i x a n. Seyid, nə olub, bu nə təlaşdır, sünnülər gəlir?
S e y i d. Əli xan… Naxraryan… o donuz, o kafir…
Ə l i x a n. Nə olub, Seyid Mustafa? Nə olub?
S e y i d. Ninonu qaçırtdı, Naxraryan qaçırtdı.
Ə l i x a n. (Seyidin yaxasından yapışıb öz boyu bərabərinə qaldırır) Seyid?!
S e y i d. (Boğula-boğula) Yarım saat olar, mənim gözümün qabağında…

Əli xan Seyidi buraxıb sarsılmış vəziyyətdə donub qalır.

İ l y a s. Seyid, nə danışırsan? Hara qaçırtdı?
M ə h ə m m ə d. Özün gördün, Seyid?
S e y i d. Onlar Mərdəkan yolundadırlar.

Əli xan əlləri ilə başını tutub dizləri üstə düşür.
M ə h ə m m ə d. Əli xan, mən atları yəhərləyim. Melikovun sarı Qarabağ atını gətirəcəyəm. (Qaçıb çıxır)
İ l y a s. Özünü itirmə, Əli xan, qalx ayağa, sənə diz üstə düşmək yaraşmaz… Qalx ayağa! (Əli xanı qaldırır) Onları tutana qədər qəzəbini qoru. (Belindən xəncərli kəməri çıxardıb Əli xanın belinə bağlayır) Götür bu tapançanı da… (Əli xan mexaniki şəkildə tapançanı cibinə qoyur)Möhkəm ol!
Ə l i x a n. (Sakit) Seyid Mustafa, sən onları harda gördün?
S e y i d. Əli xan, onlar… Evdən çıxdım ki, Molla Hacı Maqsudla görüşə yollanım, yolum düşdü o mütrübxananın yanından. O imansız teatro qurtarmışdı, kafirlər dağılışırdı. Gözüm Ninonu aldı, gördüm o piyli donuz da yanındadır. Maşına mindilər, amma avto tərpənmirdi. Gördüm ki, o kafir qıza nəsə deyir, sübut eləmək istəyir. Xəlvətcə yan aldım maşına. Elə onu eşitdim ki, qız deyir, yox, mən onu sevirəm.
Ə l i x a n. (Sakit) Sevir?..
S e y i d. Kafir məlun da dedi ki, mən səni ondan da çox sevirəm. Bu ölkənin daşı-daş üstdə qalmaycaaq, mən səni vəhşi Asiyanın əlindən qoparıb Avropaya aparacam.
Ə l i x a n. Bəs o nə dedi?
S e y i d. Dedi, məni evimizə apar, amma…
Ə l i x a n. Nə amma?
S e y i d. İnamsız dedi, Əli xan.
İ l y a s. Seyid, nə bildin Mərdəkana getdilər?
S e y i d. Məlun dedi ki, mən qoymaram sən vəhşi müsəlmanların əlinə düşəsən. Sonra da… öpdü.

Əli xan sakitcə xəncəri yoxlayır, qəbzədən yarıyacan çıxarıb bir də yerinə salır.

S e y i d. Dedi səni İsveçə aparacam, Moskvada kəbin kəsdirib İsveçə gedərik, pullarımı, qızıl külçələrimi ora köçürdərəm. (Qəzəblə) Əli xan, sən onları tutub öldürməlisən!
M ə h ə m m ə d. (Qaçaraq gəlir) Melikovun sarı atı qapıdadır, Əli xan. O atla maşını haqlaya bilərsən.
İ l y a s. O ata görə səni həbs edəcəklər, Məhəmməd.
M ə h ə m m ə d. Əli xan, tələs, sən mütləq onlara çatmalısan.
Ə l i x a n. (Pıçıldayır) Gəldim, Naxraryan… Gəldim, erməni donuzu… Gəldim… (Çaparaq gedir)

İlyas bəy, Məhəmməd Heydər və Seyid Mustafa onun dalınca qaçırlar. İşıq azalır, duman qalxır. At kişnərtisi, at ayaqlarının sürətlə uzaqlaşan səsi eşidilir.
Naxraryan və Nino gəlir.

N a x r a r y a n. Nino, nahaq düşdünüz maşından, biz tələsməliyik.
N i n o. Məni evə aparın, mən onu sevirəm.
N a x r a r y a n. Prinses, inanın Şərqlə Qərb arasında körpü yoxdur, hətta məhəbbət körpüsü də yoxdur. Bu hissin aldanışıdır.
N i n o. Bu doğru deyil, biz bir-birimizi həmişə sevəcəyik.
N a x r a r y a n. Aman allah, atın bu yalan sevgini başınızdan, bu gimnazist sevdasıdır, siz onun dünyasını sevə bilməzsiniz, o bir dəliqanlı, vəhşi aziatdır, müsəlmandır, bizsə xaçpərəst, özümüz də bu saat Osmanlı qılıncının təhlükəsi altındayıq, biz birləşməliyik. Biz Avropanın Asiyadakı elçiləriyik. Mən sizi sevirəm, prinses, sizi yalnız mən xoşbəxt edə bilərəm.
N i n o. Mən bütün bunları bilirəm, Naxraryan, başa düşürəm, siz çox güman ki, haqlısınız, amma mən Əli xanı sevirəm.
N a x r a r y a n. Məni rədd eləmək üçün bu çox zəif səbəbdir, Nino, siz yaşda qız qapısı-pəncərəsi açıq ev kimidir, içəri birinci kim girsə seviləcək. Əlbəttə, mən bir az gecikmişəm, amma inanın, mən onu sizin qəlbinizdən çox asanlıqla çıxaracam. Mənə şans verin. (Qəfil qucaqlayıb öpür)
Ə l i x a n. (Səsi gəlir) Naxraryan! Murdar erməni!

Naxraryan səksənib Ninonu buraxır və cibindən tapança çıxardır.

N a x r a r y a n. Nino, biz qaçmalıyıq… (Ninonu çəkib aparmaq istəyir)
Ə l i x a n. (Səsi gəlir) Dayan, qorxaq tülkü!
N a x r a r y a n. Nino, siz maşında gizlənin, mən… (Tələsik Ninonu səhnənin arxasına keçirib qayıdır) Mən onu tapança ilə qarşılayacam. (Tapançanı səs gələn tərəfə tuşlayır, qorxduğu hiss olunur, əli titrəyir)
Ə l i x a n. (Qaçaraq gəlir) Riyakar, binamus… (Tapançanı görür) At, nə durmusan, atəş aç…
N a x r a r y a n. Əli xan, bu anlaşılmazlıqdır, mən… (Atəş açmaq istəyir)
Ə l i x a n. Al gəldi! (Xəncəri atır)
N a x r a r y a n. Ah!.. (Qışqırıb tapançanı əlindən salır və sağ biləyindən yapışır) Əli xan, siz məni yaraladınız…
Ə l i x a n. Soruş harda öyrənmişəm belə xəncər atmağı? (Yerə düşmüş tapançanı ayağı ilə vurub qırağa itələyir)
N a x r a r y a n. Əli xan… (İki qatlanır)
Ə l i x a n. Elədir, qorxaq tülkü, nə İranda, nə Turanda, nə də Şuşada, heç yerdə xəncər atmağı öyrənməmişəm, bu mənə qanımla keçib, bu qabiliyyəti mən əcdadlarımdan miras kimi almışam. Hindistana yürüş edib Dehlini diz üstə qoyan birinci Şirvanşirdən qalıb bu miras. İndi onu fitnə və hiylə yuvası olan piyli ürəyinə soxanda özün əhsən deyəcəksən Əli xan Şirvanşirə. (Naxraryana cu-mur)
N a x r a r y a n. Əli xan… (Qışqırıb qaçır)

Əli xan onu izləyir.

Ə l i x a n. Qaça bilməyəcəksən, məlun! (Qovur) Stokholmda otel! Görməyəcəksən o oteli… Bu torpaqdan sümürüb çıxartdığın pulları xərcləyə bilməyəcəksən Avropada. Kəsəcəm Ninonun yanaqlarına toxunmuş murdar dodaqlarını. Qurtara bilməyəcəksən dəmir barmaqlarımdan.
N a x r a r y a n. Əli xan… (Yumruq atır)
Ə l i x a n. Sən Avropada yumruq vurmaq öyrənmisən, amma mən sənə yumruq atmayacam, boz qurd kimi dişlərimlə yapışacam murdar boğazından, üzəcəm xirtdəyini, biz asiyalılar belə vuruşuruq… (İki əli ilə boğazından yapışır)
N a x r a r y a n. Əli xan… Əli xan, biz sivil qaydada danışa bilərik…
Ə l i x a n. Sivil qaydada? Yəni hiylə ilə, kələklə, əclaflıqla, fitnə-fəsadla… (Xəncəri başı üzərinə qaldırır)
N a x r a r y a n. Əli xan, yalvarıram, keç günahımdan…
M ə h ə m m ə d. (Qaçaraq gəlir) Vur, Əli xan! Xəncəri bir az da yuxarı qaldır, zərbə güclü olsun, dərinə işləsin!
Ə l i x a n. Vurdum! (Xəncəri Naxraryanın ürəyinə saplayır) Soxdum ürəyinə!
N a x r a r y a n. Ah!.. (Süst düşür)

Əli xan yavaş-yavaş meyidin üstündən qalxır, qana batmış ağzını qolu ilə silir və xəncəri Naxraryanın üstünə silib qəbzəsinə taxır.

M ə h ə m m ə d. Əli xan, sən yaralısan?
Ə l i x a n. Bilmirəm, qabırğam göynəyir, nəfəs ala bilmirəm. (Qabırğasını əlləyir) Bu kimin qanıdır?
M ə h ə m m ə d. Əli xan, mən bütün ömrüm boyu sənə hörmət edəcəm.

İlyas bəylə Seyid Mustafa gəlir.

İ l y a s. Öldürdün? (Meyitə baxır) Gəbərib! Kişi adamsan, Əli xan! Həmişə mənə bel bağlaya bilərsən. Mən səninlə fəxr edirəm! Məhəmməd Heydər, biz meyiti dənizə atmalıyıq.
İlyas bəylə Məhəmməd Heydər meyiti aparırlar.

S e y i d. Əli xan, sən əsl şiə kimi hərəkət elədin. (Vəcddən axan göz yaşlarını silir) Sən başımızı uca elədin, Əli xan, dostlarını şərəfləndirdin. Allah razı olsun səndən. (Bərkimiş səslə) Arvadla nə edəcəksən?

Nino gəlir. Əli xan Ninoya baxır. Seyid Mustafa onun baxışlarını tutub arxasına – Nino gələn tərəfə baxır. Nino aralıda dayanır. Zahirən çox sakitdir.

Ə l i x a n. Seyid… Yorulmuşam, Seyid, saxla məni yıxılmayım.
S e y i d. (Əli xanı saxlayır və pıçıldayır) Onu sən öldürəcəksən, ya mən öldürüm xəncərlə?
Ə l i x a n. (Seyidin köməkliyi ilə Ninoya yaxınlaşır. Qanlı əli ilə Ninonun dodaqlarına toxunur) Bu dodaqlara Naxraryanın dodaqları toxunub. (Gözlərindən yaş axır)

İlyas bəylə Məhəmməd Heydər gəlir, bir az aralıda dayanıb onlara baxırlar.

S e y i d. Öldür, Əli xan, qoy əlin titrəməsin.
M ə h ə m m ə d. Seyid, qərarı Əli xan özü verməlidir. (Gedir)
İ l y a s. İxtiyar onundur.
Ə l i x a n. (Ninodan üzünü çevirib at boynunu qucaqlayan kimi Seyid Mustafanın boynunu qucaqlayır) İlyas bəy, prinses Ninonu evinə apar, soyuqdur, üstünə bir şey at. Əgər prinses Nino evinə sağ-salamat çatmasa, İlyas bəy, səni öldürəcəm. (Qətiyyətlə) Eşidirsən, İlyas bəy, bu mənim qəti sözümdür.
İ l y a s. Arxayın ol, Əli xan, sənin sözün mənim üçün qanundur. (Pencəyini soyunub Ninonun çiyninə salır) Gedək, prinses, atlar gözləyir.
N i n o. Əli xan… (Yaxınlaşmaq istəyir) O yaralıdır…
İ l y a s. (Saxlayır) Prinses, biz getməliyik, Əli xan belə istəyir. (Gedirlər)
S e y i d. Əli xan, onun həyatı sənin əlindədir. Sən onu öldürə də bilərsən, bağışlaya da. Hər ikisi caizdir, şəriət belə buyurur.
Ə l i x a n. Seyid, mən onu bağışlamadım, öldürməyə də əlim qalxmadı, apar məni, halım pisdir… (Huşsuz halda yıxılır…)
S e y i d. Əli xan… Əli xan…

İşıq sönür
İKİNCİ HİSSƏ

Həmin məkandır. Səfər xan döşəkcə üstündə oturub, qabağında qəlyan var, əlində təsbeh. Qoçu gəlir.

Q o ç u. Xan, yenə o paqonlu gəlib, nəçənnik.
S ə f ə r x a n. Nə tez xəbər tutub. Yəqin ki pulsuzlayıb, əli aşağıdır.
Q o ç u. Yanında iki baş da xırdası var. Top-tüfənglə gəliblər.
S ə f ə r x a n. Qələt eləyir irisi də, xırdası da. Çağır gəlsin.
Q o ç u. Baş üstə, xan. (Gedir)
P o l i s. (Gəlir) Səfər xan, gözəl insan…
S ə f ə r x a n. (Ayağa qalxır) Xoş gəlmisən, cənab rəis. Buyur, əyləş, qonağım ol.
P o l i s. Təşəkkür edirəm, Səfər xan, oturmağa vaxt yoxdur, aləm qarışıb şəhərdə. İşim çoxdur.
S ə f ə r x a n. Bizə görə qulluq, rəis bəy.
P o l i s. Səfər xan, neçə vaxtdır oğlunuz Əli xanı axtarırıq. Bildiyiniz kimi onun həbs edilməsi haqqında əmr icra olunmamış qalır.
S ə f ə r x a n. Cənab rəis, mən özüm də Əli xanın yerini bilmirəm. Güman edirəm ki, o İranda gizlənir, bildiyiniz kimi mənim böyük qardaşım orda yüksək məqamdadır.
P o l i s. Səfər xan, əlahəzrət imperatorun əli hər yerə çatır. Adam öldürməkdə taqsırlandırılan Əli xanı biz İranda da olsa tapıb həbs edəcəyik.
S ə f ə r x a n. Mən bunu alqışlayardım, cənab rəis, çünki hər bir məhkəmənin Əli xana bəraət verəcəyinə mənim zərrə qədər şübhəm yoxdur. Bu qeyrət məsələsidir. Mənim oğlum namusunu qorumaq üçün divan-dərəyə üz tutsaydı, camaatımız ona salam verməz, hələ demirəm dalınca daş atardı. Biz müsəlmanıq, rəis bəy.
P o l i s. Aziat qaydalarından xəbərdaram, Səfər xan, amma hökumət də hökumətdir. Mənə çatan məlumata görə Əli xan Dağıstanda gizlənirmiş.
S ə f ə r x a n. Düzdür, cənab rəis, bizim Dağıstanda da mülklərimiz var, amma İran daha ağılabatandır.
P o l i s. (Gülümsəyir) Səfər xan, siz tez-tez İranı tuş verirsiniz, amma Naxraryanların deməyinə görə o burdadır, Bakıda.
S ə f ə r x a n. Bu səhv məlumatdır, rəis bəy. Əli xan bir evin içində oturub qala bilməz. Biz qanunpərəst adamıq, işimizi də möhkəm tutanıq. (Polisin cibinə pul qoyur) Hörmət eləməyi də bacarırıq.
P o l i s. Aman Allah, bu şərqlilər qanundan danışanda adam kövrəlməyə bilmir.
S ə f ə r x a n. Rəis bəy, siz Əli xanı İranda axtarın.
P o l i s. Bu qafqazlı cavanlar necə qızğındırlar, heç bir işi xəncərsiz həll edə bilmirlər, amma inciməyin, Səfər xan, mən qulluq adamıyam, Əli xanın həbsi haqqında qərarı İrana göndərməli olacam. (Gülümsəyir)
S ə f ə r x a n. Təşəkkür edirəm, rəis bəy, çox sağ olun, amma sözlər həmişə təsirli olmur, özü də xəncər olan yerdə. (Polisi yola salır) Qapımız dostlar üçün həmişə açıqdır.
Ə l i x a n. (Gəlir) Ata, bəlkə mən nahaq yerə Dağıstandan qayıdıb gəldim?
S ə f ə r x a n. Maraq etmə, Əli xan, biz uşaq deyilik, Qoçunun dəstəsi evi qoruyur. Polislə də dil tapmaq asandır, amma o erməninin qohumları quduz itə dönüblər, neçəsi Dağıstana, İrana yola düşüb. Məlikovlar da o sarı ata görə bizə düşmən kəsiliblər, o cür atı güllələyib kafir oğlu kafir. İlyas bəylə Məhəmməd Heydəri də cəbhəyə göndərmək qərarı verib.
Ə l i x a n. Bu qədər narahatlıqlar yaratmaq istəməzdim, Səfər xan.
S ə f ə r x a n. Üzürxahlığa ehtiyac yoxdur, oğlum. Mən də sənin kimi hərəkət eləyərdim.
Ə l i x a n. Ata, sən razılıq eləyirsən?
S ə f ə r x a n. Əli xan, mən səninlə fəxr eləyirəm. Onda macal olmadı soruşum, qızı niyə öldürmədin?
Ə l i x a n. (Pauza) Bilmirəm, ata, mən yaralı idim…
S ə f ə r x a n. Öldürsəydin yaxşı olardı, indi gecdir. Hamımız, bütün nəslimiz adımızı uca tutduğuna görə səninlə öyünürük. (Qucaqlayır) Sən əsl kişi olduğunu bir daha sübut elədin. Axı qızın atası gəlmişdi yanıma.
Ə l i x a n. Knyaz Kipiani?
S ə f ə r x a n. (Gülür) Deyir, Səfər xan, bu nə işdi gəldi başımıza? Mən sarsılmışam. Dedim elə bu?
Ə l i x a n. Onu başa düşmək çətin deyil.
S ə f ə r x a n. İstəyirdi qızı göndərsin yanına, Dağıstana, dərhal evlənməyinizi tələb eləyirdi.
Ə l i x a n. Qız da bunu istəyirdi?
S ə f ə r x a n. Qızın nə istəməyinin fərqi varmı, Əli xan? (Əli xan susur) Dedim ki, Əli xan indi evlənə bilməz, o qanlıdır. Naxraryangillə aramızda qan davası var.
Ə l i x a n. Bəs onun knyaz qüruru?
S ə f ə r x a n. Qürur, hikkə qalmayıb, oğlum, boynuma alım ki, bu mənə məmnunluq gətirdi.
Ə l i x a n. Zavallı… knyaz.
S ə f ə r x a n. Zavallı niyə, Əli xan? O öz qızına ermənidən-urusdan bir adam tapsa daha yaxşı olar.
Ə l i x a n. Bəs bu işlərin axırı necə olacaq, Səfər xan? Mən nə vaxta qədər ev dustağı olacam?
S ə f ə r x a n. Zamana çox qarışıb, Əli xan. Müharibə də uzanır uzana bildikcə, paççahın taxtı silkələnib. Gözləyək, səbr eləyək, Allaha pənah aparaq. (Gedir)

Əli xan telefona yaxınlaşır. Dəstəyi qulağına tutur, danışmır. Arslan ağa gəlir.

Ə l i x a n. (Dəstəyi qoyur və təəccüblə) Arslan ağa?
A r s l a n. Əli xan! Mən bilirdim ki, siz burdasınız, Bakıda. Pərvərdigara, əsl qəhrəman görmək nə böyük xoşbəxtlikdir. (Hərarətlə qucaqlayır) Siz əsl qəhrəman kimi uzaq bir kənddə yaşayır, abreklər kimi qisas aldığınız qan düşməninizdən qorunurdunuz.
Ə l i x a n. Səni bura kim buraxdı? İçəri necə keçdin?
A r s l a n. Bu sirdir, Əli xan, mən bir qəzetəçi kimi hər yerə girə bilirəm, nökərlərdə taqsır yoxdur, onları lütvən cəzalandırmayın. İstəyirsiniz vurun məni, söyün, amma qovmayın. Sizə deyiləsi çox sözüm var.
Ə l i x a n. Arslan ağa, sən şərab içmisən? İt iyi gəlir səndən.
A r s l a n. Eh, Əli xan, burda olmadığınız aylarda şəhər də başlaqalaşıb, adamlar da. İndi çox müsəlman şərab içir, çay əvəzinə. (Gülür) Gəldiyinizi dünən eşitdim. Dedim Səfər xanın adamları məni öldürsə də, Əli xanı görməliyəm. Amma nigaran olmayın, Əli xan. Sizin burda olduğunuzu heç kimə demərəm, mən ağzı bütöv adamam.
Ə l i x a n. (İstehza ilə) Bilirəm, Arslan ağa. Şəhərdə nə var?
A r s l a n. Təzə qəzet buraxmağa başlamışıq. Fəhlələr tətil eləyir. Məktəbdə müəllimlər deyir ki, Əli xan həmişə dəliqanlı olub. Əli xan, qızı niyə vurmadınız, bəlkə onunla evlənmək fikrindəsiniz?
Ə l i x a n. Bəsdir, Arslan ağa, suala tutma məni.
A r s l a n. Camaat deyir ki, siz hələ də onu sevirsiniz.
Ə l i x a n. Camaat da qələt eləyir, sən də!
A r s l a n. Mən də, Əli xan, mən də.
Ə l i x a n. Təzəlikcə görmüsən onu?
A r s l a n. Bilmirəm, Əli xan, vallah heç nə bilmirəm, mən, küçəyə az çıxıram, nadir hallarda.
Ə l i x a n. Niyə? Xəstəydin?
A r s l a n. Əlbəttə, özü də bərk xəstəydim, siz gedəndən. Difteriyaya tutulmuşdum. Təsəvvür edin ki, gündə beş dəfə imalə olunurdum.
Ə l i x a n. Difteriyaya qarşı imalə?
A r s l a n. Bəli, Əli xan, çox xeyir elədi.
Ə l i x a n. Axırıncı dəfə düzgün söz danışdığın yadına gəlirmi, Arslan ağa?
A r s l a n. Əlbəttə! İlk dəfə məktəbdə iki dəfə ikinin cavabını verəndə.
Ə l i x a n. Yəqin ki, beş eləyir də? (Qəhqəhə ilə gülür və birdən Arslan ağanın yaxasından yapışır) İndi de görüm nəyə gəlmisən, yoxsa o murdar Naxraryanın yanına göndərrəm səni!
A r s l a n. (Tələsə-tələsə) Əli xan, sözüm çoxdu sənə. Deməsəm içim partlayar. Naxraryanlar fürsət axtarırlar səni öldürməyə. Nino uzun zaman xəstə oldu. Sonra Tiflisə apardılar onu. Təzəlikcə şəhərə qayıdıb. Bələdiyyənin balında gördüm onu, o çaxırı su kimi içir, elə hey gülür, ruslarla rəqs edirdi. Kipianilər onu Moskvaya göndərmək istəyirdilər. Nino hər gün şəhərə çıxır. O indi daha çox gözəlləşib. Rus zabitləri hamısı vurulub ona. İlyas bəy orden alıb, Məhəmməd Heydər də yaralanıb, deyirlər indi yaxşıdır. Naxraryanın Mərdəkandakı villası yanıb kül oldu, söz gəzir ki, sizin dostlarınız yandırıblar. Nino balaca bir it alıb, onu bütün günü döyür. İtə sizin adınızı verib, bir para adam da deyir ki, Naxraryan deyir itə. Ancaq mənə elə gəlir ki, Nino itə Seyid Mustafanın adını verib.
Ə l i x a n. (Qulaqlarını tutur) Bəsdir, boşboğaz adam, bəsdir.
A r s l a n. Səfər xan o gün məni döyməklə hədələdi, deyir bir də qiybət eləsən kötəkləyəcəm səni.
Ə l i x a n. (Onun ağzını yumur) Səfər xan hədələyib, amma mən bu saat döyəcəm səni. (İtələyir. Arslan ağa döşəkçələrin üstünə yıxılır)
A r s l a n. Mən eşitdiklərimi deyirəm, Əli xan, heç nəyi uydurmuram.
Ə l i x a n. Axı bu xasiyyətlə səndən nə olacaq, küçük?
A r s l a n. Mən qəzetəçi olacam, Əli xan. Görərsiniz haqqınızda nələr yazacam: «Qan düşməninin əlindən qaçıb abrek olmuş qəhrəman».
Ə l i x a n. Çıx get burdan, Arslan ağa, anana yazığın gəlsin. (İtələyib qapıdan çıxardır) Axmaq qız! Doğrudan da, kişi gərək sevməsin qadını, tarla kimi şumlasın, əksin, xıncım-xıncım eləsin. Çaxır içir, ruslarla rəqs edir, itinə Əli xan deyir… (Qəzəblə telefona yaxınlaşır) Lənət şeytana! (Dəstəyi yerinə qoyur) Qoçu!
Q o ç u. (Gəlir) Ağa, məni çağırdın?
Ə l i x a n. Evi necə qoruyursuz ki, hər uşaq-muşaq içəri girir?
Q o ç u. Ağa, mən indicə…
Ə l i x a n. Mənə nəşəli qəlyan gətir!
Q o ç u. Nəşəli? Tiryək çəkir ağam?
Ə l i x a n. Dağıstanda nəşə də çəkmişəm, tiryək də.
Q o ç u. Baş üstə! (Gedir)
Ə l i x a n. Əli xan deyib çağırdığı iti döyür. Niyə öldürmədim, niyə qalx¬madı əlim, niyə qəzəbim mənə xəyanət elədi?
Qoçu qəlyanı gətirib mütəkkə döşəyin yanına qoyub gedir. Əli xan mütəkkəyə dirsəklənib qəlyan çəkir, işıq azalır. Duman qalxır. Bir azdan qəlyanın muş-tuğunu buraxıb huşa gedir. Zəif musiqi səslənir. Nino gəlir və astaca Əli xanın yanında oturur. Hərdən xoruldayan Əli xana baxır. Əli xan gözlərini açır, təəccüblənmədən yanında oturmuş Ninoya baxır.

Ə l i x a n. Sənsən?
N i n o. Qaçqınlıq həyatı səni yaman tənbəl eləyib, yatanda xoruldayırsan.
Ə l i x a n. Əlbəttə xoruldayıram, nəşədəndi.
N i n o. Onda at bu aziat məşğuliyyətini…
Ə l i x a n. (Dikəlir) O iti niyə döyürsən?
N i n o. İt mənimdi, özüm bilərəm. Tumarlayıram da, döyürəm də. Daha çox döyürəm, o ki var çırpıram. Sol əlimlə mənfur quyruğundan yapışıb sağ əlimlə belinə, ortasına zərbələr yağdırıram. O da çırpınır, dartınır, zingildəyir, adam kimi dil açıb yalvarır, amma mənim rəhmim gəlmir ona.
Ə l i x a n. İtinin adı nədir? Necə çağırırsan?
N i n o. Əli xan deyirəm… lap hirsli olanda Seyid Mustafa! O da qorxudan quyruğunu bulayıb ayaqlarımı yalayır.

Əli xan qəfil yerindən sıçrayıb qalxır və elə bil Ninonu indicə görür.

Ə l i x a n. Nino? Bu doğrudan sənsən? (Qoluna, çiyninə toxunur) Elə bildim huşdayam mən, yuxu görürəm. Sən bura necə gəldin?
N i n o. O söz gəzdirən Arslan ağa şəhərdə danışıb ki, sən qayıdıb gəlmisən məni öldürməyə. Buyur, qəhrəman abrek, öldür məni. Nədi, nə devikib baxırsan, öldür də? Yoxsa elə bilirsən mən diriyəm? İti niyə döyürsən? Neçə aydan sonra sən bunu soruşacaqdın məndən? İtə rəhmi gəlib? Bəs mən? Bəs məni İlyas bəyə tapşırıb gedəndə sonrakı taleyimi düşünmədin? Öldürəydin də məni… (Ağlayır) Niyə öldürmədin? Yoxsa… yoxsa…
Ə l i x a n. Nino!!!
N i n o. Öldür məni, mən sənin əlində ölmək istəyirəm… (Hönkürür)
Ə l i x a n. Nino, sənin üçün elə darıxmışam, Nino. Mən ordan Bakıya sənə görə gəldim, ta dözə bilmədim, Nino… (Ehtirasla qucaqlayır, tələsə-tələsə paltarlarını çıxardır) Sənə görə gəldim, ölüm də olsaydı gələcəkdim, Nino…
N i n o. Əli xan, öldür məni, bax, özümü təslim edirəm sənə, öldür məni…

İşıq sönür.
Qaranlıqda bir müddət musiqi səslənir. Getdikcə səhnə işıqlanmağa başlayır. Hər ikisi üst-başlarını səliqəyə salır, eyni zamanda danışırlar.

Ə l i x a n. Nino, indi mən səni həmişəkindən çox sevirəm.
N i n o. Bu məni sevindirir, Əli xan, amma mən getməliyəm.
Ə l i x a n. Yox, Nino, sən daha gedə bilməzsən.
N i n o. Əli xan, Seyid Mustafa gözləyir məni eşikdə.
Ə l i x a n. Seyid? Səni o gətirib?
N i n o. Yolda mənə dedi ki, Əli xanı incitsən səni öldürəcəm. Yəqin ki orda oturub əlində də tapança.
Ə l i x a n. Nino, o gecə niyə susdun? Niyə demədin ki, səni güclə qaçırıblar?
N i n o. Əli xan, o gün mən nə elədiyimi özüm də bilmirdim. Səhv ya doğru iş tutduğumu anlamırdım, amma yox, bu xəyanət idi, mən ölməliydim. Naxraryandan əvvəl sən məni öldürməliydin. Başa düşdün? İndi hər şey sənə aydın oldumu?
Ə l i x a n. Bilirsən niyə səni sevirəm?
N i n o. O vaxtlar çox demisən, bilirəm.
Ə l i x a n. Sənin düzgün danışmağını sevirəm, Nino. Sən özünü müdafiə etmək üçün yalanlar uydura bilərdin. Bax onda öldürərdim səni, əlim titrəməzdi.
N i n o. İndi isə əlvida, mən getməliyəm. (Əlini əlindən çıxarır) Sən mənimlə evlənməyə borclu deyilsən. Mən öz istəyimlə gəldim, sənə təslim oldum. İndi isə Moskvaya gedirəm, özü də birdəfəlik. (Getmək istəyir)
Ə l i x a n. Dayan, Nino! (Qapıya tərəf qaçır) Seyid! Seyid Mustafa!
S e y i d. (Əlində tapança gəlir) Nə var, Əli xan? O yenə səni incitdi?
Ə l i x a n. Seyid Mustafa, imanlı adam əlində tapança yox, Quran gəzdirər.
S e y i d. Mən imam Əlinin nayibiyəm, zülfüqarım yanımda olmalıdır, Əli xan.
Ə l i x a n. Seyid, hələlik zülfüqar dediyin tapançanı gizlət, bir molla, bir şahid çağır, evlənirəm. İkinci şahid sən olacaqsan.
S e y i d. Mollaya ehtiyac yoxdur, Əli xan. Kəbini özüm kəsəcəm, iki şahid olsa bəsdir, onu da bu saat çağırıb gətirəcəm. (Gedir)
Ə l i x a n. (Onun dalınca) Tələs, Seyid Mustafa!
N i n o. Bir fikirləş, Əli xan. (Əli xan onu qucaqlayır) Sən doğrudan mənimlə evlənmək istəyirsən? Bütün bu hadisələrdən sonra?
Ə l i x a n. Mən sözümdə-istəyimdə dönməzəm, Nino, amma sən istəməsən, mən zor işlətmərəm.
N i n o. Bəs sənin atan Səfər xan nə deyər bu işə?
Ə l i x a n. Atam heç vaxt mənim istəyimə qarşı çıxmayıb. Bu gündən, bu saatdan sən prinses Kipiani soyadını unudub olursan Nino xanım Şirvanşir. Bu kişinin qadın üzərində birinci qələbəsidir.
N i n o. Qələbən mübarək, Əli xan!

Qucaqlaşırlar. İşıq sönür.
Səhnə alaqaranlıqdır. Ara-sıra atışma səsləri eşidilir. Səfər xan ağır addımlarla gəlir. Nino Damda görünür, o tərəf-bu tərəfə gedir, intizarla şəhərə baxır. Səfər xan döşəkcəyə oturub təsbeh çevirir, dodaqları tərpənir. Atışma səsləri artır.

N i n o. (Damdan düşür) Hər şey elə bil bir himə bənddir, dağılacaq. (Səfər xanı görür) Axşamınız xeyir.
S ə f ə r x a n. Axşam üstü dama çıxmaq olmaz, gəlin. Adam qəfil gülləyə tuş gələr.
N i n o. Əli xan səhər çıxandır evdən. Atışma da getdikcə artır.
S ə f ə r x a n. Qorxma, Əli xan düşmənə can verən oğul deyil.
N i n o. Bu şəhərdə yaşamaq çox təhlükəli olub, qəzetlər yazır ki, qubernator qaçıb, dustaqlar həbsxananı dağıdıb şəhərdə sərbəst dolanırlar. İmperator taxtdan düşəndən hər şey qarışıb, anarxiyadır.
S ə f ə r x a n. İndi hər kəs öz evini özü qorumalıdır. Hökumət olmayan yerdə hər kəs öz evinin həm şahıdır, həm qanunu, həm əmniyyəti.
N i n o. Axı, biz kimdən qorunmalıyıq, Səfər xan? Kimdir bizim düşmənimiz?
S ə f ə r x a n. İndi düşmənin kim olduğunu ayırd eləmək də çətindir. Gecələr atışma, gündüzlər qarət. Hökumət yıxılanda azğınlıq artır, düşmən çoxalır, amma sən qorxub eləmə, evimizi iyirmi igid qoruyur.
Ə l i x a n. (Gəlir) Səfər xan! Nino… Axşamınız xeyir.
S ə f ə r x a n. (Qalxır. Əli xan ona kömək edir) Axşamın xeyir. Nə var? Söhbət eliyə bildiniz? Nə tədbir tökdünüz?
Ə l i x a n. İslam xeyriyyə cəmiyyətində iclasımız oldu. İlyas da, Məhəmməd Heydər də şahın taxtdan əl çəkdiyini eşidib cəbhədən qayıdıblar. Onlar vəziyyəti yaxşı bilirlər, bir azdan bizə gələcəklər. Biz şəhərimizi başıpozuq dəstələrdən qorumalıyıq.
S ə f ə r x a n. Allaha pənah! (Gedir)
Ə l i x a n. Nino, heç xoşuma gəlmirsən, sakit ol! (Qolundan tutur) Sən titrəyirsən, Nino…
N i n o. Qorxuram, Əli xan, mən bayaqdan xəritəyə baxıram. Sakit bir ölkə axtarıram.
Ə l i x a n. Yox, Nino, biz burda qalmalıyıq. Türklər gəlincə biz şəhərimizi müdafiə etməli, adamları təmkinli olmağa çağırmalıyıq. İndi ölkənin taleyi bizdən asılıdır.
N i n o. Axı niyə mən qəhrəmana qismət oldum, ilahi? Məndə şüarlara, plakatlara, siyasi nitqlərə nifrət var. Belə getsə, Əli xan, mən qaçıb İrana gedəcəm, Əsəd-əd Dövlənin yanına.
Ə l i x a n. Təlaş etmə, Nino, sən de çay tədarük eləsinlər, indi uşaqlar gələcək.
N i n o. Mən heç kimi görmək istəmirəm. (Gedir)

İlyas bəy, Məhəmməd Heydər, Seyid Mustafa, Arslan ağa gəlir.

İ l y a s. Əli xan, vəziyyət anbaan pisləşir. Biz hərəkət etməliyik, daha gözləmək olmaz. Düşmən şəhərin qapısında dayanıb.
M ə h ə m m ə d. İlyas bəy, biz hücuma keçməliyik. Gücümüz az deyil, «vəhşi diviziya»ya yüzlərlə cavan yazılıb, könüllü. Əli bəy Əsədulla qolu qüvvəli gəncləri səfərbər eləyir.
A r s l a n. Ağalar, hücuma tələsməyək, bəlkə heç döyüş olmadı.
İ l y a s. Arslan ağa, hamı sənin qorxaq olduğunu yaxşı bilir. Döyüşmək istəmirsən, otur qulaq as. Dediklərimizi yaz qəzetənə. O da lazımlı işdir.
A r s l a n. İlyas bəy, siz izhar eləyən kimi, mən qorxaq olsam da döyüşə girəcəm, mütləq vuruşacam, mənə silah verin.
İ l y a s. Ağalar, gəlin vəziyyətə nəzər salaq. Rus əsgərləri cəbhədəki məğlubiyyətdən sonra dərbədər düşüblər. Adını inqilabçı qoymuş soyğunçu fərarilər Bakını təhdid edirlər. Şəhərdə müsəlmanların bircə hərbi hissəsi var, özümüz də sayca azıq, həm də sursat sarıdan zəifik. Şəhərdə ikinci hərbi hissə də «Daşnak» partyiasının hərbiləşdirilmiş dəstəsidir. Onlar erməniləri və bizim şəhəri müdafiə etmək istəyirlər. Biz bu ordunun yaradılması və ermənilərin topalaşdığı qərbə tərəf yürüş etməsinə razılıq vermişik. Lalay və Andraniklə razılığa gəlmişik. Bizim bu iltifatımızın əvəzində onlar bizimlə birləşib şəhərin ruslardan qorunmasına yardım edəcəklər. Əli xan, sizdə kifayət qədər silah var-mı?

Nino çay gətirir.

Ə l i x a n. Mən artıq pulemyot atmağı da öyrənmişəm. Qız-gəlin üçün zirzəmini də sahmana saldırmışam.
N i n o. Mən zirzəmiyə girməyəcəm. Əlimə tüfəng götürüb evimi müdafiə edəcəm.
M ə h ə m m ə d. Qadının tüfəng atmasına ehtiyac yoxdur, Nino. Biz güllə atıb vuruşarıq, siz də yaralarımızı sarıyarsınız, çarın bacısı böyük knyaginya kimi.
N i n o. Aman allah, şəhərimizin küçələri döyüş meydanına, teatr binası baş qərargaha çevriləcək. Mən artıq sizi silahlanmış vəziyyətdə qubernator bağında qarnı üstdə sürünən görürəm.
A r s l a n. Bəlkə də döyüş olmadı, Nino. Əli Əsədullanın qardaşı Mirzə Əsədulla deyir ki, ruslar bizim şərtlərimizi qəbul edəcəklər.
M ə h ə m m ə d. Amma Əli bəy mənə dedi ki, ruslar artıq ultimatumu rədd eləyiblər. Onlar tələb edirlər ki, biz silahlarımızı təhvil verib təslim olaq.
İ l y a s. Ultimatumun rədd edilməsi döyüşün başlanması deməkdir. Erməni müttəfiqlərimizə xəbəri yetirməliyik.
M ə h ə m m ə d. Əli bəy Lalaya xəbər göndərib.
Ə l i x a n. Sən ermənilərin bizimlə ittifaqı pozmayacaqlarına bu qədər əminsən, İlyas bəy?
İ l y a s. Bu ittifaq onlara da lazımdır, Əli xan.
S e y i d. Agalar, mən cəbhədə olmamışam, Əli xan kimi ağıllı da deyiləm, amma şəriəti yaxşı bilirəm. Döyüş zamanı müsəlmanın kafirə bel bağlaması dindən deyil, İlyas bəy, günahdır, küfrdür.
İ l y a s. Siyasətin öz məntiqi var, Seyid Mustafa. Hər şeyi dinə bağlama.
S e y i d. Bu dünyada dindən kənar bir kimsə yoxdur, İlyas bəy. Erməni dəstələrinə kim rəhbərlik edir, erməni Lalay. Ruslar kimdir? Cındır içində olan həşəratlar, quldurlar, anarxistlər. Bəs onların başında kim durur, erməni Şaumyan. İlyas bəy, erməni anarxisti ilə erməni millətçisinin birləşməsi siyasi məntiqə sığışmır? Bu ki əstəfurullah, Quran kimi aydındır.
Ə l i x a n. Ağalar, Seyid Mustafa haqlıdır, erməni məkrinə uymayaq, it itin ayağını bastalamaz. Biz özümüzə güvənməliyik.
İ l y a s. Əli xan, siyasət olan yerdə din ayrılığından danışmaq yerinə düşmür. Rusların qalib gəlməsinin ermənilərə heç bir xeyri yoxdur.
M ə h ə m m ə d. Mübahisə yeri deyil, ağalar. Hər şeyi çox yaxında olan gələcək göstərəcək. Arslan ağa, nə yazırsan?
A r s l a n. Ağalar, vaxt gələcək bu söhbətlərin qiyməti olmayacaq, odur ki, yazıram, tarixi anları tarix üçün yazıram.
N i n o. Nə olursunuz olun, istər siyasətçi, istər döyüşçü, istər də müsəlman, amma təvəqqe edirəm, özünüzü qoruyun, bir həftəyə sağ-salamat qayıdın bura, bax bu evə. Əgər şəhərdə döyüşlər başlasa və siz… (Kövrəlir)
Ə l i x a n. Nino, biz qalib gələcəyik.
İ l y a s. Getdik, ağalar, Əli bəylə görüşməliyik. Vaxt gözləmir.

Hamı gedir. Əli xan və Nino qalır. Əli xan üzünü çevirib göz yaşlarını gizlədən Ninonu özünə tərəf çəkir.

Ə l i x a n. Sakitləş, prinses, hələ ölən yoxdur.
N i n o. Sən də vuruşacaqsan, Əli xan?
Ə l i x a n. Əlbəttə, Nino, bu mənim döyüşümdür, nəhayət, mənim müharibəmdir.
N i n o. (Boynuna sarılır) Uşağın adını Əli qoyacam.
Ə l i x a n. Səfər xan demiş, hər işin öz məqamı var. İndi gedək, Nino, tələsməyək… (Gedirlər)

İşıq azalır. Ara-sıra atışma səsləri eşidilir. Telefon zəng vurur. Əli xan tələsik gəlir və dəstəyi qaldırır.

Ə l i x a n. Mənəm, Əli xan Şirvanşir. Necə? Əli bəy, bəs bu necə olur. Seyid Mustafa bizdən ağıllıymış?.. (Səfər xan gəlir) Oldu, Əli bəy, qala divarında… İndi gedirəm…
S ə f ə r x a n. Noolub, Əli xan? Kimdi zəng vuran?
Ə l i x a n. Ermənilər ruslarla birləşib, bütün müsəlmanların tərksilah olmasını tələb edirlər. Sabah saat üçə kimi möhlət veriblər. Əli Əsədulla idi zəng eləyən.
N i n o. (Gəlir) Əli xan…
Ə l i x a n. Nino, mən getməliyəm, düşmən qapını kəsdirib. Qoçu hardadı?
Q o ç u. (Gəlir) Əli xan!
Ə l i x a n. Uşaqları ayıq sal, evi yaxşı qorusunlar, özün də başda ol! Vəziyyət fövqəladədir.
Q o ç u. Baş üstə, ağa! (Gedir)
S ə f ə r x a n. Yerin haradır, Əli xan?
Ə l i x a n. Sisianşvili darvazasında quracam pulemyotumu. Əli bəy belə buyurdu.
S ə f ə r x a n. Mən İsmailiyyədə – qərargahda olacam. Cəsur ol, Əli xan! Düşmənləri qapıdan içəri girməyə qoyma! Onlar darvaza qabağındakı meydanı tutsalar, pencər kimi biç onları. Biz də Nikolayevskidən hücuma keçəcəyik, inşallah! (Səsini azaldır) Axşam səkkizdə İrana paraxod gedir. Ninonu göndər İrana. (Əli xanı qucaqlayır) Möhkəm ol! (Gedir)
N i n o. Əli xan, mən İrana getməyəcəm.
Ə l i x a n. Nino…

Telefon zəng vurur. Nino dəstəyi götürür.

N i n o. Əli xan Şirvanşirin evidir. Mama? Yox, mama, mən burda qalıram. Yox, heç bir təhlükə yoxdur. Mama… Aman allah… Sağ ol, ata, narahat olma, bizim kifayət qədər ərzağımız da var… gücümüz də. Bu mümkün deyil, ata… Mama, xahiş edirəm, əl çəkin məndən, mən öz evimdəyəm. Yox, gəlməyəcəm, mama… mama, mən onu döyüşə yola salıram… (Dəstəyi qoyur)
Ə l i x a n. Nino, atangilə getməyini mən də istəmirəm, amma İrana gəmi gedir…
N i n o. (Sərt) Sən məni qovursan, Əli xan?
Ə l i x a n. Nino, Tehranda sən təhlükədən uzaq olacaqsan. Düşmən qalib gəlsə qadınların namusunu ləkələyəcək.
N i n o. Heç kəs mənim namusuma toxuna bilməz, Əli xan.
Ə l i x a n. İrana get, Nino, mən nə dediyimi bilirəm.
N i n o. Bəsdir! Mən onsuz da qorxuram. Düşməndən, döyüşdən, bizi gözləyən dəhşətlərdən qorxuram, amma heç yerə getməyəcəm, son nəfəsəcən səninlə olacam, heç yerə getməyəcəm.
Ə l i x a n. (Ninonu öpür) Mənə söz qaytarsan da sevirəm səni. (Gedir)

Səhnədə işıq azalır, atışma səsləri güclənir. Nino bir tərəfə çəkilib Dama baxır. Duman-tüstü qalxır. Seyid Mustafa Damdadır. Yanıqlı səslə azan verir… Azan səsi tədricən mərsiyəyə, sonra şəbeh səslərinə çevrilir. Ağköynəklər peyda olur. «Ya Əli!», «Ya Hüseyn!» səsləri eşidilir. Əli xan, İlyas bəy, Məhəmməd Heydər, Arslan ağa və Seyid Mustafa ağköynəklərin dövrəsində zəncir vururlar. Əslində bu şəbeh döyüş səhnəsini əvəz edən nizamlı rəqs, bir növ vuruşmanın rəmzi, şərqin qərbə etirazı, üsyanıdır.

İşıq sönür, şəbeh səsi bir müddət davam edir.

Zəif işıq yananda səhnəyə dərin sükut çöküb, haradasa çox zəif musiqi eşidi-lir. Əli xan üstündə kürk uzanıb. Seyid Mustafa elə oturub ki, Əli xanın üzünü görsün, nə dediyini eşitsin. Nino da bir tərəfdə oturub, yorğun və qəmlidir. Səfər xan bir qədər aralıda oturub Qoçu ilə xırda-xırda söhbətləşir.

Q o ç u. Şükür ki, itkimiz az oldu.
S ə f ə r x a n. Hər şey Allahın əlindədir, buna da şükür.
Ə l i x a n. Seyid Mustafa, burdasan?
S e y i d. Burdayam, Əli xan, arxayın yat, biz təhlükəsiz yerdəyik.
Ə l i x a n. Hardayıq, Seyid? Bizimkilər hanı?
S ə f ə r x a n. Şükür, özünə gəlir.
Q o ç u. Cavan adam dözümlü olur, xan.
Ə l i x a n. (Dikəlir) Nino… Nə çox yatmışam mən.
N i n o. Yatmaq bu sərt reallığı görməkdən yaxşıdır.
Ə l i x a n. Danış, Seyid, nələr oldu? Biz niyə burdayıq?
S e y i d. Çox şey oldu, Əli xan, çox şey. Məhəmməd Heydər şəhid oldu… (Gözlərindən yaş axır) Meyidini Nikolayevskidə gördüm, qulağını, burnunu kəsmişdilər. Sən uzan, Əli xan, mən sənə hər şeyi danışacam. Ruslar Bayıl tərəfdən gəlib bulvarı mühasirəyə aldılar. Əli xan, sən Duma meydanına soxulanları, quyruqlu şeytanları pulemyotunla biçib tökürdün…
Ə l i x a n. Yadıma düşür, Seyid, sonra Əli bəy gəlib hücum əmri verdi. Biz süngü və xəncərlə irəli cumduq. Onda sən qala divarı üstündə yasin duası oxuyurdun.
S e y i d. Qurban olum sənə, Əli xan, sən əsl müsəlman kimi biçirdin kafirləri. (Göz yaşlarını bir sivirimə silir) Bilirsən Haşım tinində kimlər dayanmışdılar? Həri, bütün Naxraryanlar sürüsü. Şükür olsun ki, onların hamısı qırıldı, biz onları tələyə salıb qanlarına qəltan elədik.
Ə l i x a n. Mən Haşım evinin damında səkkiz pulemyot qoymuşdum.
S e y i d. Bütün günü orda pulemyot şaqqıldadı, sonra birdən səs kəsildi. Kimsə dedi ki, sən ölmüsən. Nino da eşitdi, amma o susdu, necə ki, indi susur. Heç zirzəmiyə də girmədi.
Ə l i x a n. Güllə qurtarmışdı, Seyid.
S e y i d. Eşitdim ki, sən Sisianişvili darvazası yaxınlığında əlbəyaxa döyüşə girmisən.
Ə l i x a n. Orda meşin pencəkli bir cəmdək vardı, onu xəncərlə deşik-deşik elədim. (Nino qulaqlarını yumur) Xalam qızı Ayişəni də öldürdülər. Ermənilər öldürdü.
S e y i d. Məscidlərə gətirilən ölüləri üst-üstə qaladıq. Sonra xəncəri siyirib düşmənin üstünə cumduq. Çox adam həlak oldu, məni Allah saxladı. İlyas bəy də sağdır, deyəsən Mərdəkanda gizlənir. Heç bilirsən evləri necə soyub taladılar…
N i n o. (Sakit əsəbiliklə) Bəsdir… bəsdir qandan danışdınız… Bəsdir qandan ləzzət aldınız…
Ə l i x a n. Biz qandan ləzzət almırıq, Nino, biz olanları bilməliyik. Nəhayət, düşmənlərimizi tanımalıyıq.
S ə f ə r x a n. Bu necə olur? İnsan öz gözünün rəngini necə dəyişə bilər?
Q o ç u. Bəli, Səfər xan, insanlar bunu yalnız bir yerdə eləyə bilərlər. O yerə Carcou vahəsi deyərlər.
S ə f ə r x a n. Deyirsən Çələkən adasında ilan çoxdur?
Q o ç u. Çoxdur, xan, lap çoxdur.
Ə l i x a n. Sən bir işə bax, biz məğlub olmuşuq, nə qədər itki vermişik, xəlvətə çəkilib gizlənmişik, Səfər xan Carcou vahəsinin möcüzəsindən danışır. Bu nə hikmətdir, Seyid Mustafa?
S e y i d. Dünyanın dərdini çəkib ona tab gətirmək üçün müdrik insan gərək belə olsun, Əli xan.
N i n o. (Sərtliklə) Amma mən müdrik deyiləm, Seyid Mustafa, olmaq da istəmirəm, küçədəki toz da qandan qızarmışdı. (Ağlayır)
S ə f ə r x a n. Görən olub o ilanları?
Q o ç u. Düzdür, xan, görən olmayıb, çox uzun, zəhərli ilanlardır, dərisi zümrüd kimi yaşıldır.
Ə l i x a n. (Dikəlir) Ata, Asiya məhv olub, dostlarımız döyüş meydanında həlak olub, biz öz şəhərimizdə gizlənməyə məcburuq, siz də Çələkən adasındakı ilanlardan danışırsız?
S ə f ə r x a n. Əli xan, Asiya məhv olmayıb, onun sərhədləri dəyişib, özü də birdəfəlik. Bakı indi Avropadır, çünki burda artıq asiyalı qalmayıb.
Ə l i x a n. Ata, mən üç gün ərzində Asiyanı pulemyot, süngü, xəncər gücünə müdafiə eləmişəm.
S ə f ə r x a n. Sən qəhrəmansan, Əli xan Şirvanşir, amma nə sən, nə də səninlə vuruşanlar çoxdan asiyalı deyil. Düzdür, mən Avropaya nifrət eləmirəm, Avropa əslində mənim heç vecimə deyil, amma sən mənim oğlum olsan da, özündə Avropanın bir tikəsini daşıyırsan. Sən rus məktəbini bitirmisən, çox vaxt rusca danışırsan, latından başın çıxır. Arvadın da avropalıdır. Hətta bu şiə məzhəbinin təəssübkeşi Seyid Mustafa da bir az avropalıdır. Bütün bunlardan sonra sən özünə asiyalı deyirsən? Axı sən qalib gəlsəydin, heç özün də istəmədiyin Avropa həyat tərzini gətirəcəkdin Bakıya.
Ə l i x a n. Bəs əsl asiyalı olmaq nə deməkdir?
S ə f ə r x a n. (Gülümsəyir) Sən yarıavropalı olmasaydın, bu sualı verməzdin, Əli xan. Sənə izah etmək çətindir, sən yalnız gözünlə gördüyün şeylərin təsirinə uyursan. Sən xaçpərəst qızla evlənəndə də gözünə inandın. Sənin üzün yerə baxır. Bax, elə buna görə də məğlubiyyət səni ağrıdır, o ağrını belə açıqca büruzə verirsən.
Ə l i x a n. Bilirəm, ata, sənin öz aləmin, yalnız sənin özünə məlum olan dünyan var.
S ə f ə r x a n. Elədir, Əli xan, mənim çox sakit, sabit bir aləmim var, ora mənim ruhumun sığındığı yerdir. Orda mən öz dostlarımın ölümünü görüb onları basdıra bilər və sədaqətli xidmətçimlə Carcou vahəsinin möcüzəsi haqqında söhbət də eləyə bilərəm, çünki mən şərqliyəm, asiyalıyam.
Ə l i x a n. Səfər xan, biz çoxmu gizli yaşayacağıq? Öz ölkəmizdə, şəhərimizdə çoxmu qaçqın, didərgin kimi gizlənəcəyik?
S ə f ə r x a n. Türklər gəlib çatınca, Əli xan. Bildiyimə görə, onların da üzü Avropayadır. Amma biz İrana da gedə bilərik. Türklər bu quldurları, özünə inqilabçı deyən bu oğru dəstəsini darmadağın eləyəndə qayıdıb gələrik. Düşünmək, götür-qoy eləmək gərəkdir, Əli xan.

İşıq sönür, səhnə fırlanır.
Türk marşı səslənir. Bu marş sədaları altında fəhlələr Əli xangilin evinin bəzəyini dəyişirlər. Xalçalar aparılır, mütəkkələr yığışdırılır. Əli xan Avropa kostyumunda gəlir. Təəccüblə işləyən fəhlələrə baxır. Nino gəlir.

N i n o. Əli xan, mənə acığın tutmasın, evin bəzəyini dəyişirəm. Divarların kağızı çox açıq rəngdə olacaq, xalçaları isə divara vurmayacağıq, döşəməyə sərəcəyik. Uşaq otağını ağ boya ilə rənglədəcəm. İndi biz Demokratik Respublikanın müasir vətəndaşla-rıyıq.
Ə l i x a n. Nino, biz Demokratik Respublikada yaşasaq da, bura şərqdir.
N i n o. (Qollarını Əli xanın boynuna salır) Əli xan, bilirəm ki, inciyirsən, hətta avropasayağı miz arxasında oturmağı sevsən də, bunu şərqə, milli adətə xəyanət hesab eləyirsən, amma unutma ki, mən İranda başımı örtdüm, əminin hərəmxanasında yaşamaqdan imtina eləmədim.
Ə l i x a n. Yadımdadır, Nino, hətta əmimin hərəmağası Yəhya Qulu ilə düşmənçilik eləsən də, onun tələb etdiyi qaydalara əməl elədiyini də unutmamışam.
N i n o. Sən çox ədalətli kişisən.
Ə l i x a n. Sən də çox dözümlü, dəyanətlisən prinses Nino. Mən İranın şəbeh çıxaranlarına qoşulub zəncirlə kürəklərimi para-para eləyəndə, «Ya Hüseyn!» deyib hayqıranda, sənin nifrət və qorxu dolu gözlərini də unutmamışam. Kürəyimdə açılmış yaralara Yəhya Qulunun məsləhəti ilə göyərçin zılı sürtən barmaqlarının təması da yadımdadır. Onda sən «Əli xan, mən sənə nifrət eləyirəm» desən də, əllərin mərhəmətdən, məhəbbətdən danışırdı.
N i n o. O günləri yadıma salma, Əli xan, İran həyatı mənim üçün əsl zindan, ümidsizlik girdabı idi.
Ə l i x a n. Axı anan demişdi sənə, Nino. Demişdi həyatını vəhşi müsəlmana təslim eləmə.
N i n o. Bəsdi, Əli xan, keçmişləri ortaya çəkmə, biz bu günlə, gözəl gələcəklə yaşamalıyıq. İşim çoxdu.
Ə l i x a n. Dama toxunma, ordan mən Şərqi görürəm, ora.
N i n o. Əli xan Şirvanşir, dam sizin sərəncamınızdadır. (Gedir)

Əli xan ətrafa baxır. Divardakı kağızlara əlini sürtür. İlyas bəylə Seyid Mustafa gəlir.

İ l y a s. (Ətrafa baxır) Əli xan, evini Avropasayağı bəzəyirsən?
Ə l i x a n. Elə bir fikrimiz var.
İ l y a s. Gördün, Seyid Mustafa, biz Avropaya üz tutmuşuq.
S e y i d. Elə ona görə narahatam, İlyas bəy, din əldən gedir.
İ l y a s. Dinin bura nə dəxli var? Bu ölüm-dirim məsələsidir. Ölkədə təcili avropasayağı islahatlar keçirib demokratik qanunlar qəbul eləsək Avropa ölkələri bizi daha tez tanıyar, vətənimizi rusların yeni işğalından qoruya bilərik. Biz istehkamlar tiksək, islahatlar həyata keçirib yollar çəksək, Avropa elminə vaqif olsaq da, yenə yaxşı müsəlman olaraq qala bilərik.
S e y i d. İlyas bəy, bir az da irəli get. De ki, adam türk zabitləri kimi şərab içsə də, bissimillah donuz əti yesə də, zina eləsə də, yenə də yaxşı müsəlman olaraq qala bilər. Elədirmi? De də, İlyas bəy. Çünki avropalılar çoxdan kəşf ediblər ki, şərab sağlamlıq üçün xeyirlidir, donuz əti də dadlı və qidalıdır. Əlbəttə, insan öz aləmində özünü yaxşı müsəlman hesab eləyə bilər, amma cənnət qapısında dayanan baş mələk buna inanmaq istəyəcəkmi?
Ə l i x a n. Seyid Mustafa, bəs çarpayıda yatsaq, yeməyi çəngəl-bıçaqla yesək necə, yaxşı müsəlman olmaq mümkündürmü?
S e y i d. (Nəvazişlə gülümsəyir) Əli xan, sən həmişə yaxşı müsəlman olaraq qalacaqsan. Mən sənin İranda necə zəncir vurduğunu görmüşəm.
İ l y a s. Bakı indi müstəqil ölkənin paytaxtıdır. Əcnəbi elçilər gəlir ölkəyə. Onları qəbul etmək, məclis qurmaq üçün belə evlərə, diplomatların arvadları ilə söhbət eləyə bilən arvadlara ehtiyacımız olacaq. Əli xan, sənin Avropa ədalarını bilən savadlı xanımın var, tezliklə münasib evin də olacaq. Mirzə Əsədullaya demişəm səni xarici işlər nazirliyinə işə dəvət eləsin.
S e y i d. İlyas bəy, sən bu evi kafirlər yuvasına çevirmək istəyirsən?
Ə l i x a n. (Gülür) Yox, Seyid, İlyas bəy mənim arvadımı, evimi, özümü milliləşdirmək fikrindədir deyəsən.
İ l y a s. Əli xan, türklərin işi indi fənadır, onlar tezliklə Bakıdan getməli olacaqlar.
S e y i d. Neynək, türklər gedər, yerinə ingilislər gələr.
İ l y a s. Elədir, Seyid Mustafa, paşanın sinəsindəki ordenlərin içərisində xaç şəkilli bolqar medalını görəndə nifrətdən bayılmışdın, indi ingilislər gəlir, bərk dayan.
S e y i d. Pərvərdigara...
Ə l i x a n. Seyid, dinimiz özgə dinlərə dözümlü olmağı buyurur.
S e y i d. Mən dözürəm, Əli xan, ürək dözmür.
İ l y a s. Əli xan, baş nazir Fətəli xan səni sabah yanına dəvət edir. Mirzə Əsədulla sənə çatdırmağı məndən təvəqqe elədi.
Ə l i x a n. Maraqlıdır… Bəlkə bu ingilislərin gəlməyi ilə bağlıdır.
İ l y a s. Bəlkə də elədir. Bu evdə ta çay vermirlər adama?
S e y i d. Yaxşı ki, hələ çay içirsiniz.
Ə l i x a n. Ağalar, buralar töküntülüdür, çıxaq dama, ordan şərq görünür. (Dama qalxırlar)
İşıq sönür. Ştrausun valslarından biri səslənir. İşıq yananda Əli xanın evi Avropasayağı salona çevrilir. Nino əlində şampan qədəhi, gözəl ziyafət geyimində gəlir. Qəhqəhə ilə gülür.

N i n o. Mister, siz çox lütfkarsınız… (Gülür)

Əli xan gəlir, kübar qaydalarına uyğun Ninoya yaxınlaşır.

Ə l i x a n. Missis Nino xanım Şirvanşir! Sizi rəqsə dəvət etmək olarmı?
N i n o. Əlbəttə, mister…
Ə l i x a n. Smit…
N i n o. Çox şadam, mister Smit.

Musiqi güclənir. Vals havasında rəqs edirlər.

Ə l i x a n. Əcəb rəqs edirsiniz.
N i n o. Təşəkkür edirəm, mən xüsusi rəqs dərsi almışam.
Ə l i x a n. Boynunuzdan asılmış xaç göstərir ki, siz xristiansınız.
N i n o. Ah, başım hərləndi.

Rəqsdən aralanır. Musiqi fona çevrilir.

Ə l i x a n. Missis Nino, siz mənim sualıma cavab vermədiniz.
N i n o. Siz nəyi soruşdunuz, cənab?
Ə l i x a n. Soruşdum ki, siz xristiansınız, əriniz müsəlman. Səhv eləmirəm ki?
N i n o. Qətiyyən, həqiqətən Əli xan müsəlmandır, iki ildir evliyik.
Ə l i x a n. Qəribə şəhərdir Bakı.
N i n o. (Tərəfə) Şəhərimiz xoşunuza gəlirmi? Bəli, bəli, biz toy səyahətini İranda keçirmişik.
Ə l i x a n. Bəs ərinizin o biri arvadları? Onlar da getmişdilər, toy səyahətinə?
N i n o. Nə danışırsınız, bizdə çoxarvadlılıq dəbdə deyil, axı biz vəhşi ölkədə yaşamırıq.
Ə l i x a n. Nə gözəl! Bəlkə siz operada da olmusunuz?
N i n o. Əlbəttə, bizim şəhərdə gözəl opera teatrı var, hətta Şalyapin qastrola gəlmişdi.
Ə l i x a n. (Acıqla) Şalyapini yadıma salma!
N i n o. (Qəhqəhə ilə gülüb şampan fucerini götürür və oyunu davam etdirir) Təşəkkür edirəm, siz çox lütfkarsınız, xanım. Əlbəttə, mənim ərim yaxşı at çapır. Xeyr, o polo oynamır, at çapır.
Ə l i x a n. Nino! (Qolundan tutub qırağa çəkir) O ağ siçan nə deyirdi sənə?
N i n o. Ağ siçan kimdir? O general Tompsonun qardaşı oğludur. Əli xan, bizə baxırlar.
Ə l i x a n. Cəhənnəmə baxsınlar. O sənə nə deyirdi?
N i n o. Adi bir kompliment! Avropada qadının gözəlliyini tərif etmək tərbiyədəndir, hətta zəruri bir lütfkarlıqdır. (Kənara) Təşəkkür edirəm… Sağ olun… Bəli, mən şəhərimizin ən bahalı litseyini bitirmişəm…
Ə l i x a n. Mirzə Əsədulla heç vaxt öz arvadını bu qədər kişi olan məclisə çıxarmazdı.
N i n o. (Kənara) Sizi mütləq bizim yerli teatra dəvət edəcəyəm. Orada «Hamlet»i göstərəcəklər. Xeyr, xeyr… tatar dilində… (Qoluna girir) Əli xan, indi sənin vəziyyətin İranda düşdüyüm vəziyyəti xatırladır mənə. Hərəmağası Yəhya Qulu ağzımda dişlərimin vəziyyətini öyrənib əllərimə xına yaxmaq istəyəndə mən dəhşətə gəlmişdim. Elə bilirsən bu qədər ingilis, müsəlman kişisinin mənə baxması xoşuma gəlir? (Kənara) Bu saat… indi sizə yaxınlaşaram… Pliz…
Ə l i x a n. Nino, mən o ağ siçanın pozuq şəkilə oxşayan sifətinə möhkəm bir şillə vuracam.
N i n o. O qonaqdır, həm də biz vətənimiz üçün çalışırıq. İngiltərə bizi tanımalıdır.
Ə l i x a n. Əlbəttə, şərqdə misal var, əgər adam oğlunun başını kəsib sonra qonaq kimi evinə girirsə, ona hörmət etməli, yedirib-içirtməlisən. Bu çox gözəl, nəcib adətdir, amma ona əməl eləmək çox çətindir. (Kənara) Bəli, cənab… (acıqlı) mənim gözəl evim və gözəl xanımım var, amma bunun sizə heç dəxli yoxdur. Gözlərivi də bərəltmə.
N i n o. Əli xan, yalvarıram, diplomatik münasibətləri korlama.
Ə l i x a n. (Təəccüblə) Siz fars dilində danışırsınız, cənab? Əlbəttə təəccübləndim. Doğrudur, evim Avropasayağı bəzədilib. Arvadımın xidmətidir, amma libas dəyişsə də mahiyyət həmin mahiyyətdir… Siz Sədini də tanıyırsınız… Bəli İranda mənim mülklərim var, əmim orda yüksək dövlət qulluğundadır, amma biz İrandan yüz il qabaqdayıq. Bizim sənayemiz, dəmir yolu şəbəkəmiz var, təəssüf ki, ruslar bizim mədəni inkişafımızı çox sıxışdırıblar. Müəllimə, həkimə, savadlı adamlara ehtiyacımız var. Amma bu da düzələcək, müstəqil hökumətimiz onlarla cavanı təhsil almaq üçün Avropa məktəblərinə göndərib. (Şampan təklif edir) Şampan?! Şərab içmirsiniz…
N i n o. Əli xan, o qoca ingilis nə deyir?
Ə l i x a n. Cənab, siz mənim düşündüklərimi deyirsiniz, amma şərq bizi şərqə, qərb də qərbə dartır, biz çaşıb qalmışıq, elə bil həqiqət yolunu itirmişik. Biz birovuz paltar geymiş adam kimi özümüzü pis hiss edirik. Bizə müstəqillik gərəkdir. Çox istərdik Britaniya hökuməti bizi tanısın. Təşəkkür edirəm.

Musiqi səsi kəsilir.

N i n o. Əli xan, tez de görüm o qoca nə deyirdi?
Ə l i x a n. O dedi ki, mən ağılsızam, amma İngiltərə bizim müstəqilliyimizi tezliklə tanıyacaq.
N i n o. Əli xan, sən heç ağılsız deyilsən, bu xəbəri Mirzə Əsədullaya çatdırmaq lazımdır.
Ə l i x a n. Yataq, Nino, soyunaq bu paltarları, bu qəbul məni tamam yordu.
N i n o. Yox, Əli xan, mən Mirzə Əsədullaya zəng etməliyəm, bu şad xəbəri ona özüm çatdırmaq istəyirəm.
Ə l i x a n. Mirzədən nə istəyirsən? Axır vaxtlar onunla çox pıçıldaşırsan.
N i n o. Əli xan, mən istədiyimi ondan almışam.
Ə l i x a n. Bu nə deməkdir, Nino?
N i n o. Bu o deməkdir ki, Əli xan, biz Parisə gedirik.
Ə l i x a n. Nə Paris, Nino? İndi Paris vaxtıdır?
N i n o. Əli xan Şirvanşir, Mirzə Əsədulla sizi Paris konsulluğuna attaşe vəzifəsinə təyin edib.
Ə l i x a n. Nino, bu zarafatdırsa, yaxşısından deyil.
N i n o. Zarafat nədir, Əli xan, mən neçə vaxtdır Mirzə Əsədullanın beynini dəng eləmişəm. Biz gedirik, özü də Fransaya, Parisə.
Ə l i x a n. Nino, bu mümkün deyil, mən Bakıdan çıxa bilmərəm.
N i n o. Niyə, Əli xan? Niyə, sən mənim istəyimlə hesablaşmırsan?
Ə l i x a n. Başa düş, Nino, mən başımın üstündəki hamar damı, dənizi, şəhəri qoynuna almış səhranı sevirəm. Mən bu şəhəri, köhnə qala divarlarını, dar dalanlardakı məscidləri sevirəm. Mən bu şəhərdən kənarda boğularam.
N i n o. Mən səni başa düşə bilmirəm, Əli xan.
Ə l i x a n. Amma səndən fərqli olaraq qoca ingilis məni yaxşı başa düşdü. Dedi ki, Əli xan, avropalı olmağa çalışmayın. Siz şərqli kimi tam və bütövsünüz. Bu taledir, Nino, onu dəyişməyə bizim ixtiyarımız yoxdur.
N i n o. Heyif!
Ə l i x a n. Nəyə heyifsilənirsən?
N i n o. Niyə onda mən anamın sözünə qulaq asmadım?
Ə l i x a n. (Onun əllərini ovuclarına alır) Nino, İranda özünü bədbəxt hiss elədiyin yadındamı? Bax mən də Parisdə özümü yalqız, zavallı bir insan hiss edəcəm. Şəmirandakı əndərunu yadına sal, sən Asiyaya dözə bilmədiyin kimi mən də Avropaya dözə bilmərəm. Gəl burada, Asiya ilə Avropanın bir-birinə qovuşduğu Bakıda qalaq. Bakı prinses Nino Kipiani ilə Əli xan Şirvanşirin izdivacından yaranmış ailəyə oxşayır. Parisdə nə məscid var, nə köhnə qala, nə Seyid Mustafa. Mən İranda zəncir vurub özümü döyəndə sən mənə nifrət elədiyin kimi, mən də Parisdə sənə nifrət eləyəcəm. Mən sevdiyim qadına nifrət eləmək istəmirəm. Mən burda anadan olmuşam, burda da ölmək istərdim. (Danışdıqca vəcdə gələn Əli xanın gözlərindən yaş axır)
N i n o. (Əli xanın başını sığallayır) Bağışla məni, Əli xan, axmaq arvadını bağışla, keç günahımdan. Niyə düşündüm ki, sən asanca hər şeyə, hər yerə alışa bilərsən. Biz heç yerə getmirik, burda qalırıq, daha məndən Paris söhbəti eşitməyəcəksən. (Öpür)
Ə l i x a n. (Əllərinin arxası ilə göz yaşlarını sivirir) Mənim kimisinə arvad olmaq asan deyil, eləmi?
N i n o. Mən səni sevirəm, Əli xan, olduğun kimi, necə varsansa, eləcə sevirəm, yoxsa anamın sözünə qulaq asıb canımı sənin kimi vəhşiyə etibar eləməzdim.
Ə l i x a n. (Ninonu dizləri üstündə oturdur) Bilirəm, mən sənin ən gözəl arzunu məhv elədim, amma söz verirəm, uşaq olan kimi biz Parisə, Londona, Berlinə, lap istəsən Romaya gedərik, axı biz toy səyahətində olmamışıq.
N i n o. Olsun, Əli xan, sən həqiqətən səhra adamısan, bu şəhərin övladısan, özü də yaxşı övladısan, amma bizim uşağımız nə səhranın, nə də qumun balası olacaq. Qoy o elə Əli ilə Ninonun övladı olsun. Razısanmı?
Ə l i x a n. Razıyam, Nino, amma bil ki, heç sənin kimi qadının əri olmaq da asan iş deyil. (Qucaqlaşıb öpüşürlər)

İşıq sönür.
Əli xanla Səfər xan Damdadır.
S ə f ə r x a n. Sənin doğuluşun çox ağır keçdi, Əli xan, anan dünyasını dəyişdi. O zamanlar biz arvadımızın üstünə avropalı həkimləri çağırmazdıq.
Ə l i x a n. Ata, bu Ninonun istəyidir. O çox qorxurdu.
S ə f ə r x a n. Ananın sancıları güclənəndə biz ona əzib firuzə və almaz tozu verdik, köməyi olmadı. Sən mömin və cəsur olasan deyə kəsilmiş göbəyini otağın qibləyə olan divarından qılıncla Quranın arasından asdıq.

Evin dərinliyindən Ninonun qışqırığı eşidilir.

Ə l i x a n. (Qulaqlarını tutur) Ata, bu işgəncə nə qədər çəkəcək?
S ə f ə r x a n. Beş-altı saat, bəlkə də bütöv bir gün. Qorxma, nə qədər incə olsa da, Nino möhkəm arvaddır. Gəl dua eləyək, bəlkə namaz qılaq? Bizim əlimizdən gələn budur, Əli xan, səbrli ol.

Ninonun səsi, sonra uşaq çığırtısı eşidilir.

Ə l i x a n. Bu nə səsdi, ata? Uşaqdır ağlayan?
S ə f ə r x a n. Şükür sənə, pərvərdigara! Oğlum, sən ata oldun, mən də baba.
Ə l i x a n. Ata… (Kövrəlir) Ata… (Qucaqlayır)
S ə f ə r x a n. Qızdı olan, Əli xan. Oğlan uşağı belə hikkəli ağlamaz.
Ə l i x a n. Ata… məni bağışla… (Qaçaraq damdan düşüb gedir)
S ə f ə r x a n. Pərvərdigara, məsləhət sənindir, qızı da sən göndərirsən, oğlanı da… Hayıf, İbrahim xan Şirvanşirin adı yerdə qaldı.
Q o ç u. (Gəlir) Xan, atları yəhərləyim?
S ə f ə r x a n. Yəhərlə, Qoçu, indi çıxırıq.
Ə l i x a n. (Gəlir. Bir az çaşqındır) Xırda oyuncağa oxşayır. Nino deyir ki, o çox gözəldir.
S ə f ə r x a n. Heç kəs öz ayranına turş deməz, bala.
Ə l i x a n. Nino dedi ki, onun adını Tamara qoyaq, litseyin şərəfinə. Əslində bu ad müsəlmanlarda da var.
S ə f ə r x a n. Neynək, qız ananındır, qoy adını da özü qoysun. Gedək Əli xan, Qoçu atları yəhərləyib, səhraya baş çəksək pis olmaz. İnşallah, oğlun da olar. Hələ çox cavansan.
Ə l i x a n. Ata, mənim təsəlliyə ehtiyacım yoxdur, mən çox xoşbəxtəm.
S ə f ə r x a n. Artıq bu Avropanın təsiridir, oğlum… (Gedir)

Əli xan bir anlıq Səfər xanın dalınca baxır və kiçik tərəddüddən sonra gedir.
Musiqi səslənir. Bu səhra musiqisidir.
Musiqinin müşayiəti ilə səhnə bir neçə dövrə edib dayanır. Əli xan kiçik iş masasının üstünə əyilib xəritəyə baxır. Telefon zəngi.

Ə l i x a n. (Dəstəyi qaldırır) Bəli! Nino? Doğrudan güldü? Nino, güləndə kimə oxşayır? Doğrudan? Qüssələnməyə dəyməz. Qız atasına oxşayanda xoşbəxt olur… Nə bilim. Oğlan atası olmaq təcrübəm yoxdur… Nino, gərginlik çoxdur. Evdə danışaram. Gedirlər… İngilislər də gedirlər. Bilmirəm, Nino… Bu yaxşıdır, ya pis? Onlar getməyə məcburdurlar, istəsək də biz onları saxlaya bilmərik.
İ l y a s. (Gəlir. Çox həyəcanlıdır) Ninodur? Salamımı yetir. Soruş onun xalası qızı yoxdur, evlənmək istəyirəm.
Ə l i x a n. İlyas bəydir, evlənmək istəyir. Kipianilərdə ərlik qız yoxdur? (Gülür) Kuklanı öp əvəzimə. (Dəstəyi qoyur) Deyir, Kipianilərə bir müsəlman da bəs eləyir.
İ l y a s. Özü də sənin kimi müsəlman. Həqiqətən evlənmək vaxtıdır, amma bir az da gözləyək. İşimiz çoxdur, ölkənin ümidi bizədir, əziz dostum, ingilislər gedir, dəniz vağzalına cəm olublar.
Ə l i x a n. Bu sərhədlərə baxıram, çox şübhəli görünür mənə. Dünya dəyişir, kökündən dəyişir.
İ l y a s. Dünya özü bilər, bizə dəyməsinlər.
Ə l i x a n. İlyas bəy, adlarını tələffüz eləyə bilmədiyimiz adamlar Versalda oturub şərqin taleyini həll edirlər. Bizim də heç vecimizə deyil, guya ki avropalılar şərqin mənafeyini özlərinkindən üstün tutacaqlar. Bütün şərqdə yalnız bir nəfər, Ankaranı paytaxt eləmiş sarışın, göygöz general qaliblərə müqavimət göstərmək qeyrətindədir ki, onun da üzü Avropayadır.
İ l y a s. Mustafa Kamal paşa?
Ə l i x a n. Bəli, İlyas bəy. Bəlkə də bu avantyuradır ya donkixotluqdur, amma hörmətə – alqışa layiqdir. Bu tərəfdən də ingilislər bizi çətin məqamda atıb gedirlər.
İ l y a s. Qoy getsinlər, onlara ta bizim ehtiyacımız yoxdur. Tarixi şərait bizə işləyir, Əli xan. Biz həqiqi müstəqilliyi hazır alırıq, qansız-qadasız. Bəlkə ona görə biz müstəqilliyimizin qədrini bilmirik? Əli xan, bizim torpağımızda əcnəbi əsgəri yoxdur. Bu qələbədir, dostum, həqiqi müstəqillikdir.
Ə l i x a n. İlyas bəy, bizim təbii müdafiəçilərimiz Türkiyədir, İrandır, amma hər ikisi indi gücsüzdür. Biz köməksizik, neftimizə susamış Rusiya bizi əlindən verməyə razı olmayacaq, fürsət axtarır sərhəddi keçməyə. Bu fürsəti ingilislər istər-istəməz verdilər onlara.
İ l y a s. Əli xan, biz ruslarla sülh müqaviləsi bağlayırıq.
Ə l i x a n. Gücü-qüdrəti olmayan ölkə ilə kim sülh müqaviləsi bağlayar?
İ l y a s. Biz rusları mütləq yola gətirəcəyik, qorxu erməni tərəfdəndir, ordunu ora yola saldıq, Mehmandarov əmr imzalayıb.
Ə l i x a n. Bilirəm, İlyas bəy. Onu da bilirəm ki, Yalamada rus-Azərbaycan sərhəddində yalnız sərhəd keşikçiləri, bir neçə də məmur var. Əsl təhlükə ordandır, şimaldan.
İ l y a s. Bu qədər inamsız olma Əli xan. Bəlkə yorulmusan sən, get Gəncəyə. Körpəyə təmiz hava lazımdır. Elə sən də beş-on gün dincəl.
Ə l i x a n. Səfər xanı İrana yola salım, sonra firkirləşərik.

Hər ikisi gedir.
Səfər xan ağır-ağır gəlir. Qoçu, bağlamaları səhnədən keçirib aparır. Əli xan və Nino gəlir. Ninonun qucağında uşaq var.

S ə f ə r x a n. Yayda İrana gəlin, Şəmiranın səfalı vaxtıdır yay. (Uşağa baxıb xəfifcə gülümsəyir) Apar uşağı, gəlin, salamat qalın.
N i n o. Yaxşı yol, Səfər xan. Siz müdrik adamsız, mən sizi çox sevdim.
S ə f ə r x a n. (Başını tərpədir) İran çox uzaq deyil. İnşallah görüşərik.
N i n o. Yaxşı yol! (Gedir)
Ə l i x a n. Ata, İranda ailəsiz-uşaqsız nə edəcəksən?
S ə f ə r x a n. Ola bilsin evləndim, Əli xan. Qocalanda kişiyə arvad gərəkdir. Mən uzun illər yarımçıq yaşadım, ömrün qürubunda bütöv olmaq istəyirəm. Bu hökumət dağılsa, İrana gəl. Tərpənək, bir azdan paraxod yola düşəcək.

Səfər xan pilləkənlərlə Dama qalxır. Ordan bir müddət Əli xana, sonra uzaq səhraya, köhnə qala divarlarına baxıb Damın o üzündəki pilləkənlə aşağı düşür, görünməz olur.
İşıq sönür.
Azan səsi gəlir. Səhnə yavaş-yavaş işıqlanır. Əli xan gəlir. Əynində xalat var. Azan səsinə qulaq asır. Nino da xalatda gəlir.

N i n o. Əli xan, nə tez durmusan?
Ə l i x a n. Nino, vəziyyət ciddidir. Otuz min rus əsgəri sərhəddədir, həm də hava istidir, körpəyə pis təsir eləyə bilər. Elə sən özün də ağacları, kölgəliyi, axar suyu sevirsən. Bəlkə Gürcüstana, valideynlərinin yanına gedəsən.
N i n o. Yox, Əli xan, mən heç yerə getmək istəmirəm.
Ə l i x a n. Nino, ailəsinin təhlükəsizliyini təmin etmək bir kişi kimi mənim birinci vəzifəmdir.
N i n o. Mən sənsiz getməyəcəm, Əli xan. Bilirəm ki, sən bizimlə Gürcüstana getməyəcəksən, ölkəni çətin vəziyyətdə qoyub qaçmayacaqsan, amma biz Gəncəyə gedə bilərik, ora da vətəndir, həm də malikanən, üzüm bağların var orda.
Ə l i x a n. Nino, axı burda mənim işim çoxdur.
N i n o. Mən demirəm uzun müddətə gedək, bizi apar, yerləşdir, sonra qayıdıb gələrsən, beş-on gündən sonra…
Ə l i x a n. Həqiqətən sənin kimi qadına ər olmaq asan iş deyil. (Gedirlər)

İşıq azalır, səhnə fırlanır. Musiqi səslənir. İşıq yananda Damdan bir-iki meynə asılıb, sarmaşıq kimi. Nino yüngül yay donunda, başında çox nazik örpək gəlir. Qucağında uşaq tutub. Nəsə mızıldaya-mızıldaya körpəni xırda beşiyə qoyur. Əli xan yaxası açıq ağ köynəkdə gəlir. Əlində kiçik səbətdə gül gətirir.

Ə l i x a n. Bağbanımız sənə pay göndərib, deyir məxsusi xanım üçün seçib dərmişəm. Oyuncaq yatır?
N i n o. İndicə yuxuya getdi. Qaralmısan, Əli xan. Gəncə günəşi səni tez yandırıb.
Ə l i x a n. Sən də qaralmısan, Nino. Əsmər bəniz sənə çox yaraşır.
N i n o. Mən bilməzdim ki, Gəncə belə səfalı yerdir. Hələ aralıdakı gölün suyu necə göydür. Tamriko burda sürətlə böyüyür.
Ə l i x a n. Gündə bir arpaboyu qədər?
N i n o. Sən güləcəksən, Əli xan, mən artıq onun gələcəyini, təhsilini-tərbiyəsini düşünürəm.
Ə l i x a n. Ata məsləhətinə ehtiyacınız yoxdur?
N i n o. Axı, biz danışdıq ki, Tamriko mənimdir, gələn dəfə oğlan olacaq, onu da sən götürərsən. Tamriko Oksfordda oxuyacaq, fransız, ingilis dillərini biləcək. Əsl avropalı kimi tennis öyrənəcək. Niyə susursan, Əli xan? Qayğılısan. Nəyin dərdini çəkirsən?
Ə l i x a n. Bakıdan pis xəbərlər gəlir.
N i n o. Axı ruslarla müqaviləmiz var, Əli xan.
Ə l i x a n. O müqavilə mənasız təsəllidən başqa bir şey deyil, Nino.

At ayaqlarının taqqıltısı eşidilir. Əli xan cəld Dama qalxır.

N i n o. Kimdir, Əli xan? Kimdir gələn?
Ə l i x a n. İlyasdır, İlyas bəydir. (Qışqırır) İlyas bəy!
İ l y a s. (Gəlir və təngnəfəs) Əli xan… Nino… Əli xan, ruslar Bakıdadır.
N i n o. Aman allah!
Ə l i x a n. Necə yəni Bakıda? İlyas bəy, Bakı işğal olunub? (İlyas hönkürür) İlyas bəy… Axı, bu necə oldu? Bəs bizim…
İ l y a s. (Kəskin hərəkətlə göz yaşlarını silir) Gecə rus əsgərləri ilə dolu zirehli qatarlar gəldi. Parlament təslim oldu. Yerli rus fəhlələri dərhal öz həmvətənlərinin tərəfinə keçdi. Əli Əsədulla nahaq yerə demirdi ki, rusları qırmaq lazımdır. Çox böyük çətinliklə çıxa bildim şəhərdən. Mən partizan dəstələri yaratmaq istəyirəm, Əli xan, biz vuruşmalıyıq.
Ə l i x a n. İlyas bəy, burda da vəziyyət gərgindir. Şəhərin erməni hissəsini bizdən ayıran körpüdə tez-tez atəş səsləri eşidilir. Bakının işğalı xəbəri pis nəticə verə bilər. Ermənilər bir himə bənddirlər, rusların Gəncəyə gəlməyini gözləyirlər.
N i n o. (Təlaşdadır) Əli xan, mən körpəni aparım içəri. (Gedir)
İ l y a s. Azərbaycan Cümhuriyyətinin başı kəsilib, amma ruslar Bakı ilə kifayətlənməyəcəklər. Sən ailəni götürüb getməli, başına çarə qılmalısan, Əli xan.
Ə l i x a n. İlyas bəy, Bakıdan bura gəlmisən məni təhqir eləməyə?
İ l y a s. Əli xan, mən sənin dostunam, sənin ailən var.
Ə l i x a n. İlyas bəy, biz təslim olmayacağıq, biz döyüşəcəyik. Bu bizim davamız, bizim müharibəmizdir.
İ l y a s. Əli xan, biz bir yerdə məktəbə getmişik, tənəffüslərdə ruslara qarşı birgə savaşmışıq. Sən Naxraryanı öldürəndə mən sənin yanında oldum. Ninonu evlərinə aparmağı sən mənə etibar elədin. Biz birlikdə Sisianşvili darvazası yanında düşmənlərə qarşı vuruşduq. Mən bilən dost, qardaş olmaq üçün bu saydıqlarım kifayətdir. İndi isə ayrılmalıyıq. Ninoya görə, körpə qızına görə, özünə görə, nəhayət, sənə bir daha ehtiyacı olacaq başıbəlalı vətənimizə görə. Sonu məğlubiyyətlə bitəcək bu döyüşdə sənin həlak olmağını istəmirəm mən.
Ə l i x a n. İlyas bəy, bütün dediklərini mən də sənə qaytara bilərəm, amma təkrara ehtiyac yoxdur. Bu dava mənim şərəf işimdir. Mən şərəfsiz yaşaya bilmərəm. Özünə rəva bilmədiyini dostuna da rəva bilmə.
İ l y a s. Əli xan, mən bu dünyada təkəm, ailəm yox, uşağım yox, özüm də hərbçiyəm, iki müharibə keçmişəm, sən qəhrəman, cəsur olsan da əsgər deyilsən.
N i n o. (Gəlir, onların son sözlərini eşidir) İlyas bəy, bu məğlubiyyətdir? (İlyas bəy susur) Əli xan, o susur.
Ə l i x a n. Nino, Tiflisə axırıncı qatar bir azdan yola düşür.
N i n o. Biz Tiflisə gedirik? İlyas bəy, belə lazımdır?
İ l y a s. Elədir, Nino, getmək məsləhətdir.
N i n o. Əli xan…
Ə l i x a n. Nino, sən uşaqla Tiflisə gedirsən. Mən sonra gələcəm, bir neçə gündən sonra.
N i n o. Əli xan, mən sənsiz gedə bilmərəm.
Ə l i x a n. (Sərt) Sən getməlisən, bu o vaxt Bakıda olduğu kimi deyil, indi bizim uşağımız var, onun təhlükəsizliyini təmin etməliyik!
N i n o. Əli xan, sən bizi tək buraxırsan?
Ə l i x a n. (Qəti) Mən gedə bilmərəm, Nino! Bu qeyrət, namus məsələsidir.
N i n o. Bilirəm, sənin ulu baban Gəncə körpüsündə həlak olmuşdu. Mən bunu tarix dərsindən bilirəm. (Hönkürür)
İlyas bəy tələsik gedir. Əli xan Ninonu qucaqlayıb sakitləşdirir.

Ə l i x a n. Nino, axı sən möhkəm qadınsan… Mən bir neçə gündən sonra dalınızca Tiflisə gələcəm.
N i n o. Əli xan, mən…
Ə l i x a n. Danışma, Nino, mən deyənə qulaq as!

Uzaqdan qatar fiti eşidilir. Nino Əli xanın üzünə baxır.

N i n o. Sən gələcəksən, Əli xan? Sən yalan demirsən?
Ə l i x a n. Üç-dörd gün döz, Nino, bu elə də çox deyil… oyuncağı qoru.
N i n o. (Çox hissiz - sakit) Bilirəm. Biz əvvəl Tiflisdə qalarıq, sonra Parisə gedərik. Bizim bağçalı bir evimiz olacaq. Tamriko üçün ağacın budağından yelləncək asarıq. Axşamlar Qrand Operaya gedərik…
Ə l i x a n. Elədir, Nino, sən deyən kimi olacaq… Hər şey sən istəyən kimi olacaq. (Qatar fiti lap yaxında eşidilir) Tələs, Nino…
N i n o. Salamat qal, Əli xan. (Tələsik üzündən öpür) Üç gündən sonra görüşərik.
Ə l i x a n. Əlbəttə, Nino, bəlkə daha tez…
N i n o. Əli xan! (Qucağına atılır)
Ə l i x a n. (Əlləri ilə yanaqlarından tutub gözlərinə baxır) Prinses Nino Kipiani, mən sizi sevirdim, çox sevirdim. (Öpür)

İşıq sönür. Gedən qatar səsi eşidilir.

Səhnə ala-qaranlıqdır. Atışma səsləri gəlir. Arada fasiləsiz pulemyot şaqqıltısı eşidilir. İlyas bəy və Arslan ağa gəlir.

İ l y a s. Biz tamam mühasirədəyik, Arslan ağa.
A r s l a n. İlyas bəy, onlar bizi qıracaqlar?
İ l y a s. Sən necə oldu bura gəldin? Hələ Bakıda eşitdim ki, sizin ailə Gürcüstana qaçıb.
A r s l a n. Atam getdi Gürcüstana. Mən gedə bilmədim, qaça bilmədim.
Ə l i x a n. (Gəlir. Çox yorğundur. Hiss olunur ki, döyüşdən çıxıb) Mən artıq düşmənin it iyi verən nəfəsini hiss edirəm.
A r s l a n. Əli xan, mən də sizin dəstədə vuruşmaq istəyirəm, mənə silah verin.
Ə l i x a n. Sənə? Ay qeybət yuvası, mürəkkəbə bulaşmış qəzet mirzəsi, səndə güllə atmağa ürək var?
A r s l a n. Siz mənə kinayə eləsəniz də, Əli xan, mən milli hökumətimiz yolunda, müstəqilliyimiz uğrunda vuruşmaq, döyüşmək istəyirəm. Ailəmiz Tiflisə qaçdı, mən qaldım, lütvən mənə silah verin.
Ə l i x a n. Sən ki belə təkid edirsən, Arslan ağa, sənə pulemyot atmağı öyrədəcəm. İlyas bəy, kimdi o qalın qaşlı, qartal burunlu kişi? Könlündən komandanlıq keçir deyəsən?
İ l y a s. O şahzadə Mənsur Mirzə Qacardır. Doğrusu, hardan peyda olduğunu bilmirəm, amma igid adamdır, hərbdən də başı çıxır.
Ə l i x a n. Arslan ağa, sən hər şeyi bilirsən, Seyid Mustafa doğrudan İrana keçib?
A r s l a n. Yox, Əli xan, Seyid Mustafanı ruslar öldürdülər.
Ə l i x a n. Necə? Sən bunu… İlyas bəy, bəs dedin Seyid İrana qaçıb, Məşhəddədir?
İ l y a s. Sənə düzünü deməyə ürəyim gəlmədi, onsuz da dərd çoxdur.
A r s l a n. Mən öz gözümlə gördüm, Əli xan. Ruslar «Təzə-pir» meçidini kluba çevirdilər. Seyid buna dözməyib minarəyə çıxdı. Əvvəl azan verdi, sonra qışqırdı ki, ey müsəlmanlar, Allah evini murdarlayan kafirlərə qarşı birləşib cihad eləyin, imam Hüseyn kimi. Şəhid olmaqdan qorxmayın. Şişpapaqlar Seyidi tutub qollarını bağladılar, başına çaxır töküb ağzına donuz əti soxmaq istədilər. Seyid onların üzünə tüpürdü. Neçə rus birdən gülləyə tutdu onu. (Əli xan sarsılır) Meyitini götürmək istəyəndə atasını da tutub Narginə gedən paraxoda qatdılar. Eşitdim ki, ora aparılanları güllələyib dənizə atırlar.
Ə l i x a n. (Gözünün yaşını silir) Sidqlə, sədaqətlə iman apardığın Allahın niyə səni quyruqlu şeytanlardan qoruya bilmədi, Seyid?
İ l y a s. Mübarizə itkisiz olmur, Əli xan. Məhəmməd Heydərdən sonra bizim klasın Seyid Mustafasını da itirdik, növbə bizimdi, amma biz ölmək, ağlamaq üçün vuruşmuruq. Biz qalib gəlməliyik.
Ə l i x a n. Mən Seyidlə İranda da yoldaşlıq eləmişdim, Gəncədə də onun yolunu gözləyirdim.

Atışma səsləri güclənir.

İ l y a s. Bir neçə gün müqavimət göstərə bilsək kömək gələcək bizə. Mənsur Qacar İrandan kömək istəyib.
A r s l a n. Mən də eşitmişəm ki, İranda Rza adlı biri peyda olub, ordu yaradır, düşmənlərə divan tutur.
Ə l i x a n. İran, nəhayət, öz sərhədlərini ingilislərdən alıb özü qorumaq fikrinə düşüb?
A r s l a n. (Vəcdlə) Mustafa Kamal Paşa da Ankarada başına böyük bir ordu yığıb. Biz əbəs yerə vuruşmuruq, ağalar, bizim köməyimizə iyirmi beş minlik ordu gəlir.
Ə l i x a n. Yox, Arslan ağa, iyirmi beş minlik yox, Seyid Mustafa burda olsaydı deyərdi ki, iki yüz əlli milyon müsəlman qardaşlarımız bizim harayımıza gəlir.
İ l y a s. Onların vaxtında gəlib çatacaqlarına inanmaq istərdim, Əli xan.
Ə l i x a n. İnan, İlyas bəy, mütləq inan! Bütün Şərq, müsəlman dünyası böyük cihad etməlidir. Bu böyük dünya qarşıdurmasında bizə bir qədər vaxt lazımdır ki, varlığımızı qoruyub saxlaya bilək. Bu ölüm-dirim savaşıdır, ağalar, irəli!
İ l y a s. Mən minarəyə qalxıb pulemyotla biçəcəm düşmənlərimi. (Gedir)
A r s l a n. Əli xan, mənə silah verin!
Ə l i x a n. Getdik, Arslan ağa, mənim dəstəm körpü üstündədir. Gedək, Arslan ağa, ilk döyüşün mübarək! (Gedirlər)

Səhnə xeyli qaranlıqdır. Duman-tüstü qalxır. Pulemyot şaqqıldayır. Damın hündürlüyündə yanıb-sönən işıqlar altında ağköynəklər görünür. Onların əhatəsində
Əli xan, İlyas bəy, Arslan ağa zəncir vurur. «Ya Əli», «Ya Hüseyn» hayqırtısına Əli xangil «Ya Vətən» deyib cavab verirlər. Qəfil pulemyot atəşi şəbeh səsini batırır. İlyas bəy yıxılır. Şəbeh daha da qızışır. «Ya Əli», «Ya Hüseyn» - «Ya Vətən!» Yenə də pulemyot səsi - Arslan ağa yıxılır. Şəbeh bir qədər də coşur. Pulemyot səsi və Əli xan qarnını tutub əyilir, amma yıxılmır. Şəbeh davam edir, Əli xan çətinliklə Damdan düşür və divara söykənir. Şəbeh səsi fona çevrilir…

Ə l i x a n. (Divara söykənib oturur) Yox, bu güllə yarası deyil, Nino, bu döyüş yorğunluğudur, adamı yıxan, oturdan yorğunluq… Bir az dincimi alım, sonra yatacam pulemyotumun arxasına, biçəcəm vətənimin qanına susamış azğın düşmənlərimi… İndi isə bir az dözmək, Nino, bir az vaxt qazanmaq, nəfəs dərmək gərəkdir. Ulu babamın vətən yolunda canını verdiyi körpüyə mən yenidən qalxacam, amma mən düşmənə can verməyəcəm, qalib gəlmək üçün yenidən oyanacam, vətənimin əbədi müstəqilliyini öz qanımla, canımla qazanmaq üçün mütləq oyanacam… mütləq ayağa qalxacam… (Gözlərini yumur)

İşıq sönür.

İyun-iyul, 2006
XS
SM
MD
LG