Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:41

"NİDA"çılardan birinə 3 aylıq həbs verildi


Həbs edilmiş "Nida"çılardan biri - Məmməd Əzizov
Həbs edilmiş "Nida"çılardan biri - Məmməd Əzizov
-



"NİDA" Vətəndaş Hərəkatı üzvlərindən biri - Şahin Novruzlu barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bu barədə AzadlıqRadiosauna Hərəkatın mətbuat xidmətindən məlumat verilib. Hərəkatın digər iki üzvü haqqında hər hansı məlumat verilimir.

Bu qurumun üzvlərindən 3 nəfəri martın 7-də saxlanıb. Hüquq-mühafizə orqanları onların yaşadıqları ünvanlarda narkotik maddələr və "Molotov kokteyli" adlanan yandırıcı maddələr tapıldığını bildirir. Amma gənclərin ailə üzvləri və həmkarları bunları həbs edilərkən hüquq-mühafizə orqanları əməkdaşlarının özləri onların evlərinə atdıqlarını bildirirlər.

Yerli telekanallar martın 9-da Respublika Prokurorluğunun təqdim etdiyi videokadrları yayıblar. Həmin videoda gənclərin evlərindən tapılan yandırıcı maye dolu şüşələr və narkotik maddələr nümayiş olunur və saxlanan gənclərin etirafları səslənir.

"NİDA"çılar isə martın 10-da keçirdikləri mətbuat konfransında bütün bunları "hakimiyyətin növbəti komediyası" adlandırıblar.

Hərəkatın İdarə Heyətinin üzvləri RATİ-də keçirdikləri brifinqdə Hərəkatın üzvləri Məhəmməd Əzizov, Şahin Novruzlu və Bəxtiyar Quliyevin həbsinə münasibətlərini bildiriblər. İdarə Heyətinin üzvü Rəşadət Axundov deyib ki, yerli telekanallar həbslərlə bağlı birtərəfli mövqe bildirirlər və ictimaiyyət düzgün məlumatlandırılmır:

“Telekanallar, həmçinin də İctimai Televiziya NİDA-nın imicini ləkələməyə yönələn reportajlar yayımlayır. NİDA vətəndaş hərəkatının idarə heyəti olaraq o kadrları yayımlayan bütün kanallara müraciət edirik ki, cəmiyyətə birtərəfli mövqe çatdırmasınlar. Bütün telekanallara, ilk növbədə isə İctimai TV-yə müraciət edirik ki, bizim də mövqeyimizin cəmiyyətə çatdırılması üçün imkan yaratsınlar”.

Rəşadət Axundov bildirib ki, həbs olunmuş üç gəncin martın 9-da telekanallar vasitəsilə nümayiş olunan etiraf ifadələrinə şübhələri var.

“Telekanallar vasitəsilə hər üç şəxsin ifadəsi elan olunub. NİDA-nın təşkilat olaraq insanları iğtişaşlara çağırmaq, kütlə arasında vahimə yaratmaq kimi və 10 mart aksiyasında provakasiyalar təşkil etmək kimi fəaliyyətdə olacaqları niyyətlərini açıqlayıblar. Təəssüf ki, Azərbaycanda elə bir rejim mövcuddur ki, müstəqil telekanallarımız yoxdur”.

“NİDA”nın İdarə Heyətinin üzvləri Hərəkatın yaranması və fəaliyyəti ilə bağlı məlumat veriblər. Bildiriblər ki, 2 il əvvəl yaranan və 300 üzvü olan Vətəndaş Hərəkatının məqsədi ölkədə demokratik dəyişikliklər, ədalətli cəmiyyətin yaranması uğrunda vətəndaşları səfərbər etmək olub.

Rəşadət Axundov:

“Biz baş verən hadisələri gülünclə qarşılayırıq. Bu, hakimiyyətin xalqa təqdim etdiyi növbəti komediyadır. Üç gənc bu gün həbsdədir və görünən odur ki, onlardan təzyiqlə İdarə Heyətinə və NİDA Vətəndaş Hərəkatına qarşı ifadə almağa çalışıblar. Bir daha deyirəm ki, baş verən hadisələrin və deyilənlərin NİDA fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Bu, Azərbaycan hakimiyyətinin NİDA vətəndaş hərəkatını çökdürmək və şərləmək kampaniyasının tərkib hissəsidir”.

Hərəkatın İdarə Heyətinin digər üzvləri də üç gəncin həbsini pisləyərək əsl səbəbləri gənclərin “Əsgər ölümlərinə son” aksiyasındakı fəallıqlarının qarşısının alınmasına yönəldiyini deyiblər. Yerli telekanalları bu həbslərlə bağlı birtərəfli və qərəzli mövqe göstərməkdən çəkinməyə çağırıblar.

Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi martın 8-də yaydıqları birgə məlumatda «Nida»çıların evlərində axtarış zamanı 22 ədəd «Molotov kokteyli» adlanan yandırıcı maye, 507.67 qram həşiş qatranı, 190.02 qram qurudulmuş marixuana və 94 min manat pul aşkarlandığını bildirir. Rəsmi məlumatda bütün bunların «Nida» Hərəkatının 3 üzvü - Bəxtiyar Quliyev, Şahin Novruzlu və Məhəmməd Əzizovun evində tapıldığı iddia edilir.

“NİDA”çılara qarşı Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr əldə etmə, saxlama) maddələri ilə cinayət işi başlanıb. Bu ittihamlarla onlar 3 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

Hər üç gəncin ailə üzvləri isə kütləvi informasiya vasitələrinə bildiriblər ki, narkotik vasitələri və “Molotov kokteyli” hazırlamaq üçün ləvazimatları evə axtarışa gələnlər özləri ilə gətiriblər və evə atıblar. Şahin Novruzlunun ailə üzvləri əməliyyatçılar tərəfindən evdən aparılmış 94 min manatın ailəyə məxsus olduğunu bildirib.
XS
SM
MD
LG