Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:40

BVF Azərbaycanda inflyasiyanın 3,5 faizə çatacağını deyir


Raja Almarzogi
Raja Almarzogi
-

Bu il Azərbaycanda orta illik inflyasiyanın 3,5 faizə çatması gözlənilir. Bu rəqəm qeyri-neft sektorunda müvafiq tədbirlərin görülməyəcəyi halda qaçılmazdır. Bunu Beynəlxalq Valyuta Fondunun Bakıda səfərdə olan missiyasının rəhbəri cənab Raja Almarzogi açıqlayıb:

«Dövlət xərclərindən qaynaqlanan qeyri-neft sektorunda artımın 2013-cü ildə 9 faiz civarında olacağı və ÜDM həcmində 4,5 faizlik yüksəlişə təkan verəcəyi proqnozlaşdırılır».

Missiya rəhbəri bildirib ki, Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf edir. Amma bu, hakimiyyətin neft xərcləri hesabına başa gəlir:

«Biz inşaat və xidmət sahələrindəki artımı müşahidə etdik. Bu sahələrdə dövlətin xərcləri azalıb ki, bu da qeyri-neft sahəsinə təsir edəcək. Çünki bunları qarşılamaq neft sektoru üçün çətindir. Ona görə də biz hakimiyyətə məsləhət veririk və onlarla razılaşdırmışıq ki, biznes mühitinin inkişafı üçün çalışsınlar. Bu, ölkə ixracının yüksəlməsinə yardım edəcək. Qeyri-neft sektorunda istənilən inkişaf özünü ixracla büruzə verməlidir. Hazırda ixracın əksər hissəsi neft sektorunun üzərinə düşür».

BVF ASAN XİDMƏTİ VƏ BEYNƏLXALQ BANK HAQDA

Missiya hakimiyyət nümayəndələri ilə görüşlərdə onlara qeyri-neft büdcə kəsirini azaltmağı tövsiyə edib:

«2013-cü ilin dövlət büdcəsi ekspansionist xarakter daşıyır və iqtisadiyyatın hərarətinin yüksəlməsi risklərini yaradır. İrihəcmli büdcə kəsiri sonrakı illərə saxlanarsa, Azərbaycanın neftdən asılığı artacaq, büdcənin davamlılığı və səmərəliliyi ilə bağlı narahatçılıqlar yüksələcəkdir».

Cənab Almarzogi ASAN xidmət mərkəzinin yaradılmasını və elektron hökumət təşəbbüslərini ümidverici amil adlandırıb. Missiyanın qənaətinə görə, hökumət elektron imza mexanizimini gerçəkləşdirməli və yeni Gömrük Məcəlləsini tətbiq etməlidir.

BVF-nun missiyası düşünür ki, bu sahədə həyata keçirilən layihələr prioritetləşərsə, onların seçilməsi və qiymətləndirilməsi beynəlxalq təcrübələrə uyğun aparılarsa, iqtisadi artıma xələl yetirmədən dövlət investisiyalarının ixtisar edilməsi mümkün olar.

Cənab Almarzogi-nin başçılıq etdiyi missiya Azərbaycanda bank sektorundakı dəyişikliklərə də toxunub. Raja Almarzogi-nin sözlərinə görə, Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyası, ölçüsünün kiçildilməsi və özəlləşdirilməsi bank sektorunda həllədici rol oynayır. Stabillik və səmərəliliklə bağlı risklər bununla məhdudlaşa bilər.
XS
SM
MD
LG