Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:44

Ayaz Mütəllibov: 'Bunu birinci dəfə sizə danışıram'


Ayaz Mütəllibov AzadlıqRadiosuna müsahibə verir
Ayaz Mütəllibov AzadlıqRadiosuna müsahibə verir
-

«O KİŞİNİN ÇİYNİNƏ BÖYÜK MƏSULİYYƏT DÜŞDÜ»

- Cənab Mütəllibov, sizinlə müsahibə 21 il öncə istefa verdiyiniz günlərə təsadüf edir. O zaman sonadək dirənib istefa verməməyiniz Azərbaycanın taleyi baxımından nəyi dəyişərdi?

- İstefamı Xocalı soyqırımı ilə əlaqələndirmələri qəbuledilməz idi, bu mənə çox təsir etdi. Mən gözləməzdim ki, o soyqırımın təqsirini məndə görsünlər. Bu xəbər bütün aləmə yayıldı və bu da mənim qabağımda böyük çəpər oldu, onu addımlayıb keçə bilmədim. O zaman mənim əleyhimə bir neçə qüvvə çıxış edirdi: erməni separatçıları və erməni lobbisi, daxildə AXC, mənim ətrafımdakı məmurların satqınlığı. Bütün bu cəbhələrə qarşı mən təkbaşına mübarizə apara bilməzdim. Hiss edirdim ki, başımın üstündə böyük balta var. 1991-ci ilin aprelində Qorbaçovun bir sərəncamına nail ola bildik. Əslində Qarabağdakı qanunsuz silahlı qrupların tərksilah edilməsi, pasport rejiminin tətbiqi ilə bağlı bir sənəd çoxdan vardı, ancaq kağız üzərində qalmışdı. Bunu birinci dəfə sizə danışıram. 1991-ci ildə Amerikanın keçmiş kəşfiyyatçıları ilə söhbətim olmuşdu. Onlar Bakıda vəziyyətə nəzarət edirdilər. Mən xahiş etdim ki, ermənipərəst konqresmenlərin istəyi ilə bir məktubun surətini mənə çatdırsınlar. 40 konqresmen prezident ata Corc Buşa müraciət etmişdi ki, o, Qorbaçova Dağlıq Qarabağda həmin sərəncamın işləməməsi, əməliyyatın işə düşməməsi üçün təzyiq göstərsin. Biz bu məsələdə Qorbaçovu sındırdıq. Biz 1991-ci ilin martında referendum keçirdik.

«DEDİM... QARABAĞI TƏMİZLƏYİN»

- SSRİ-nin saxlanması ilə bağlı referenduma getməklə qarşı tərəfə güzəştə getdiniz?

- Mən bilirdim ki, bu referendumun ciddi əhəmiyyəti yoxdur, Sovet İttifaqı dağılsa, dağılacaq da. Bundan istifadə etmək lazımdır. Bir gün sonra sənədləri Qorbaçova göstərdim ki, Azərbaycan xalqı haqlı olaraq sizdən incisə də, SSRİ-nin saxlanmasına səs verib. O sevindi. Dedim ki, Ermənistan da, Gürcüstan da referendum keçirmədi. Millətçilik baxımından biz də ermənidən, gürcüdən geri qalmırıq, yetərincə millətçimiz var. Ona görə də referendumla bağlı bu sənədin qiyməti var. Soruşdu ki, nə istəyirsən? Dedim sərəncamınız var, ancaq yerinə yetirilmir, Qarabağı təmizləyin. Apreldə Azərbaycanda yerləşən qoşunla bizim DİN-in nəzdindəki «OMON» 24 kəndi quldurlardan azad etdi. O dağlarda elə qüvvətli erməni bazaları vardı ki, peşəkar orduya cavab verərdi. Nə isə, Ter- Petrosyan çox pərişan oldu, çox. Mənə dedi ki, bunu sənə bağışlamayacağam. O zamandan bilirdim ki, bunlar, nəsə, başımıza oyun açacaqlar.

- Oyun Xocalı hadisələri oldu?

- Xocalı hadisələri də bu siyahıda ola bilər. Vertolyot qəzası da. Bunlar zəncirvarı qisas üçün edilə bilərdi.

- Ancaq suala cavab vermədiniz, istefaya getməsəydiniz, Azərbaycanın taleyi necə olardı?

- Məndən sonrakı gərginliklər, itkilər yaşanmazdı. Heydər Əliyev gəlməzdən qabaq vəziyyət gərgin idi, nizam-intizam yox idi. O kişinin çiyninə böyük məsuliyyət düşdü.

«MƏNİM İDDİALARIM YOXDUR»

- Bu günlərdə deputat Qüdrət Həsənquliyev sizi «provokator» adlandırıb. O deyib ki, 1992-ci ilin martında istefa verdiyiniz vaxtdan mayın 14-də yenidən hakimiyyətə qayıtdığınız vaxtadək bir çox cinayət törədibsiz, prokurorluq bu kontekstdə araşdırma aparmalıdır. Araşdırma aparılması bir deputatın istəyinə bağlıdır, yoxsa prezident seçkiləri öncəsi bu yolla sizi siyasi proseslərdən uzaqlaşdırmaq, neytrallaşdırmaq istəyirlər?

İlham Əliyevin seçki afişası, 2008-ci il
İlham Əliyevin seçki afişası, 2008-ci il
- Əvvəla, neytrallaşdırmaq məsələsini qəbul etmirəm, çünki siyasətlə məşğul deyiləm və mənim iddialarım yoxdur. Mən seçkilərdə iştirak etməyəcəyəm. Bilmirəm Qüdrət Həsənquliyev kimin sifarişini yerinə yetirir. O, çox nalayiq söz danışır, qalmaqal yaratmaq istəyir. Elə təxribatçı özüdür. O mənim oğlum yerindədir, eyib deyilmi sabiq prezident haqda bu cür sözlər demək? Utanım sənin yerinə... O ki qaldı martdan-mayadək cinayətlərə, elə bir cinayət olmayıb.

- Prezident seçkilərində iştirak etməyəcəyinizi söylədiniz. Bəs bu seçkilərdə konkret kimə, hansı qüvvəyə dəstək verəcəksiniz?

- Mən, əlbəttə, kiməsə dəstək verəcəyəm. Bu bir sirdir.

- Bu, Bakıya qayıtmağınıza imkan yaradan siyasi hakimiyyətin namizədi ola bilərmi?

- Yox, yox, o baxımdan demirəm. İdarəçilikdə peşəkar olan, dövlətçilik ideyalarını özündə saxlayan, hay-küydən kənar duran, Azərbaycanı sevən və iş qabiliyyəti olan şəxsdən söhbət gedir. Azərbaycanda rəqib çox olsa da, mən hələ bu dəyərlərə uyğun adam görmürəm.

- O zaman kimə dəstək verəcəksiniz?

- Mən iqtidardan başqasını görmürəm. Dövlətçilikdə peşəkar olan adama səs verəcəyəm.

«RUSİYANIN ADINI ÇƏKƏNDƏ DƏRK ETMƏLİYİK Kİ...»

- Seçkiqabağı Rusiyanın Azərbaycanda fəallaşacağını, hətta açıq rusiyapərəst namizəd olacağını güman edənlər var. Məsələn, «Milyarderlər İttifaqı»nın bu məqsədlə yaradıldığı söylənir. Nə qədər ciddi ehtimaldır?

- Rusiyanın adını çəkəndə bir məsələni dərk etməliyik ki, Azərbaycan müəyyən qüvvələrlə hesablaşmalıdır. Rusiyanın Azərbaycana müdaxilə etməsi, namizəd verməsi haqda deyilənlərin əsası yoxdur, yersiz söhbətdir.

- Bəs «Milyarderlər İttifaqı» haqda nə düşünürsüz?

Ayaz Mütəllibov AzadlıqRadiosuna müsahibə verir
Ayaz Mütəllibov AzadlıqRadiosuna müsahibə verir
- Bu ittifaq diaspora ilə məşğul olmalı idi. Bizim orda iki milyondan artıq adamımız yaşayır, biz onlara yiyə durmalıyıq, siyasətdə olmalıyıq. Bu işi aparmaq üçün görünür, vaxtilə danışıqlar olub, bunu da imkan sahiblərinə, milyarderlərə həvalə ediblər. Bu cür işlər pulsuz-parasız həll olunmur, yoxsa kimsə milyarderi Azərbaycana göndərib-filan... Onların Azərbaycanda heç bir siyasi iddiaları yoxdur. Abbas Abbasov prezidentə deyib də.

- Ziyalılar Forumu və onun rəhbəri Rüstəm İbrahimbəyovun son çıxışları haqqında nə düşünürsünüz?

«İBRAHİMBƏYOV SİYASƏTLƏ MƏŞĞUL OLMASAYDI YAXŞIYDI»

- (Gülür) Nə deyim vallah. Rüstəm İbrahimbəyov... Böyük sənətkardır. Tanınmış şəxsdir. Hörmət etdiyim adamdır. Ancaq siyasətlə məşğul olmasaydı yaxşıydı. Onun adından da istifadə edirlər. İnciklik bəzən adamı idarə edir. Bəlkə haradasa, nədəsə İbrahimbəyovun incikliyi olub. Ancaq İbrahimbəyov qardaşlarına Heydər Əliyev, İlham Əliyev həmişə dəstək olub. Onu mən bilirəm.

«MƏN DEMOKRATİYANIN QURBANI OLDUM»

- «Azərbaycanın nəyə və hansı siyasi kursu gerçəkləşdirən prezidentə ehtiyacı var?» sualını necə cavablandırardınız?

- Azərbaycanın prezidenti var da. Mən bilirəm siz nə soruşmaq istəyirsiz. Mən qəti deyirəm ki, indiki prezident kifayət qədər səs toplayacaq.

- Dünya mediasına göz atılsa, «Azərbaycan hakimiyyət dəyişikliyinə hamilədir» fikrini səsləndirənlər çoxalır. Siz bu fikrə necə yanaşırsınız? Üstəlik, bölgələrdə etiraz səsləri artmaqdadır. Bazar günü paytaxtda əsgər ölümlərinə etiraz aksiyası keçirildi…

İsmayıllıda etiraz aksiyası, 25 yanvar
İsmayıllıda etiraz aksiyası, 25 yanvar
- Bu proseslərdən istifadə edib əndazəni aşmaq düz deyil. Etiraf etməliyik ki, yerlərdə bəzi icra başçılarının xalqa münasibətləri sərt olur, bu da narazılıq törədir. Buna siyasi don geyindirmək, İsmayıllı, yaxud da Qubada baş verənləri siyasiləşdirmək düz deyil. Bunlar olmamalıdır. Bu, yerlərdəkilərin günahıdır. Mən buna görə İlham Əliyevin son iclasdakı fikirlərini dəstəkləyirəm.

- Bu cür məmurların olması həm də prezidentin günahı deyilmi?

- Prezident kiməsə etibar edib. Ancaq son iclasdan sonra inanıram ki, həmin işə ciddi yanaşacaq. Bu xəbərdarlıq idi, niyə yediyiniz çörəyə tüpürürsüz? O ki qaldı «Azərbaycan demokratiyaya hamilədir» fikirlərinə, mən demokratiyanın qurbanı oldum. Mən cəbhəni sıxışdırmadım, yumruğumu göstərmədim.

«İNHİSARÇILIQ ARADAN QALDIRILMALIDIR, KORRUPSİYA İLƏ AMANSIZ MÜBARİZƏ APARILMALIDIR»

- Fikrinizcə, Azərbaycan vətəndaşı necə yaşayır?

- Problem var. Müqayisə etsək, böyük işlər də görülüb. Ancaq problemlər də aradan qaldırılmalıdır. Cəmiyyətdə dialoq olmalıdır, görüşmək lazımdır, danışmaq lazımdır, hadisələri qabaqlamaq lazımdır. Ancaq bizim praktikada bu iş zəifdir. Tədricən düzələr, buna inanıram. Azərbaycanda iqtisadi islahatlar aparılır. Ancaq bu yetərli deyil. Səbəblərdən biri də inhisarçılıqdır, inhisarçılıq aradan götürülməlidir, azad sahibkarlıq hamıya şamil olunmalıdır. Dövlət bu adamları qorumalıdır, tapdaq altından çıxarmalıdır. Korrupsiya ilə mübarizə amansızcasına aparılmalıdır. Amansızcasına! Vəzifəli şəxslərdən danışanda nümunə göstərmək lazımdır. Bu, hamıya aiddir. Onda sosial sferada rahatlıq olar. Bu da müxtəlif inqilabların qarşısını alar.
XS
SM
MD
LG