Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:39

İran "Oscar" mükafatlı filmi çəkənləri məhkəməyə verir


"Argo"
"Argo"
-

Iran “Oscar” mükafatlı “Argo” filmini çəkənləri məhkəməyə vermək imkanını nəzərdən keçirir.

Bu haqda İranın ingilisdilli peyk kanalı “Press TV” xəbər verir.

İran hesab edir ki, bu il “Oscar” alan həmin filmdə 1979-cu il İran İslam İnqilabı dövründəki hadisələri qərəzli əks etdirilir.

Filmin rejissoru və baş rolun ifaçısı Hollivud ulduzu Ben Afflekdir.

Məlumata görə, İran fransız vəkil İsabelle Coutant-Peyre ilə məsləhətləşmələr aparır.

O, vaxtilə Azadlıq Radiosunun da Münxendəki binasını partlatmış Venesuela doğumlu terrorçu “Karlos Şakal”ın vəkili olub.

İsabelle Coutant-Peyre “Argo”nu “tarixin saxtalaşdırılması” adlandırır və məlumatlara görə, filmi çəkənlərə qarşı iddianı ya

Fransa, ya da İsveçrə məhkəməsində qaldırmaq istəyir

“Christian Science Monitor” qəzeti yazır ki, “Argo” bədii film olsa da, həm də 1979-cu ildə Tehranda Amerika səfirliyi ələ keçiriləndən sonra 6 amerikalı diplomatın Kanada və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin casusları tərəfindən İrandan çıxarılması əməliyyatına əsaslanır.

O cümlədən məxfilik qrifi götürülmüş sənədlərə.

Iran -- Isabelle Coutant-peyre Tehranda. 11 Mart 2013
Iran -- Isabelle Coutant-peyre Tehranda. 11 Mart 2013
Amerika məhkəməsinin hansısa filmə qarşı qaldırılmış tarixin saxtalaşdırılması iddiasını qəbul edəcəyi inandırıcı deyil.

“İddiaçı kim olacaq? Zərərçəkən kimdir? Məhkəmə bu işlə bağlı nə qərar çıxara bilər? Bu, hüquqi yox, siyasi bir qambitdir” – deyə Amerikadakı “Pace” Hüquq Məktəbinin professoru Bennet Gershman təəccübünü gizlətmir.

“Christian Science Monitor” qəzeti yazır ki, başqa ölkələrdə də bu işin perspektivi çətin ola bilər. Çünki şərəf və ləyaqətin tapdanması adətən konkret şəxslə bağlı məsələdir.

Sual yaranır ki, bu film konkret olaraq kimə böhtandır və onun şərəf və ləyaqətini alçaldır?

Dünyada çox az ölkələrdə hansısa qrupun, məsələn xalqın ləyaqətinin alçaldılmasına qarşı qanunlar var.

Fransada isə iddianın icraata götürülməsi mümkündür.

Fransada belə bir president var

“Christian Science Monitor” qəzeti yazır ki, 2011-ci ildə Fransa vətəndaşı olan israilli akademik burda məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Avropa Beynəlxalq Hüquq Jurnalı”nda onun kitabı haqda çap edilmiş məqalənin böhtan xarakterli olduğunu bildirmişdi.

Sonda iddia rədd edilsə də, iddiaçının məhkəmə məsrəflərini ödəməsi haqda qərar çıxarılsa da, fakt budur ki, məhkəmə bir müddət bu iddia ilə bağlı dinləmələr keçirmişdi və iddianın dərhal rədd edilməməsi yerli elmi ictimaiyyəti şoka salmışdı.

“Frans Press” agentliyinə görə, İranın vəkili Fransa Mülki Məcəlləsindəki 1382-ci maddəni əsas götürə bilər. Həmin maddədə vurulan ziyanın qarşılanmasından söhbət gedir. Ekspertlər düşünürlər ki,

İran bu işin perspektivsiz olduğunu anlayır

Amma bu işi bir müddət gündəmdə saxlamaqla “Argo” filminin əsasən müsbət olan imicini mümkün qədər korlamağa çalışa bilər.

Məsələn, İranın “Fars” Xəbər agentliyi mümkün iddia haqda xəbərində yazır ki, “Hollivuddakı həmin adamlar belə filmlərdən istifadə edib İranla bağlı qlobal panikanı daha da qızışdırmağa çalışırlar. Bu baxımdan iddia çox böyük dəyərə malikdir. Çünki bu, dünyada filmlə bağlı polemika yarada bilər. Bu polemika isə onunla nəticələnə bilər ki, insanlar İran haqda nəyin yalan, nəyin doğru olduğunu anlayarlar. Hollivudun başladığı dialoq birtərəfli ola bilməz”.

Ekspertlər hesab edir ki, İranın bu məsələni hansısa konvensiyaları əsas tutub beynəlxalq məhkəmələrə daşıması da perspektivsizdir.

Məlumata görə, İran 1979-cu ildə amerikalı diplomatlarla bağlı hadisələri əks etdirən film də çəkməyi düşünür.

Filmin treyleri
XS
SM
MD
LG