Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:33

«Sabirabad üçün ən yaxşısı QAZ-31-dir»


QAZ-31
QAZ-31
-
İcra hakimiyyətlərinə yeni xidməti avtomobillərin veriləcəyi gözlənilir. İcra hakimiyyətləri bu barədə məlumatlı olsalar da, avtomobillərin nə vaxt paylanacağından xəbərsizdilər.

Sabirabad rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Həsən Həsənov AzadlıqRadiosuna müsahibəsində xidməti avtomobillərinin köhnəliyindən şikayətlənib, çoxdandır yeni maşınla təmin olunmadıqlarını deyib.

- Həsən müəllim, Sabirabad rayon İcra Hakimiyyətində hansı xidməti maşınlar var?

- Başçı «Prado» markalı avtomobildə gəzir, iki il əvvəl verilib. Məndə «Daewoo Leganza»dır, aqrar məsələlər üzrə müavində «Chevrolet Niva»dır, haradasa 10 ilin maşınıdır. Qalan iki müavində QAZ-3110-dur. Mənə elə gəlir ki, bizim xidməti maşınlarımız dəyişilsə, yaxşı olar. «Leganza»nın istehsalının dayandığı görün neçə ildir. Maşın nə qədər təzə olsa, bizim də əziyyətimiz az olar, xərcimiz də...

- Xərcdən söz düşmüşkən, sizin istifadə etdiyiniz xidməti maşınların xərci necə ödənilir? Sizin öhdənizdədir, yoxsa dövlət büdcəsi hesabına?

- Yanacağından tutmuş, təmirinə qədər hər şey büdcədən ayrılan vəsait hesabına qarşılanır. İllik yanacaq, təmir və təkər üçün pul ayrılır.

- Günə nə qədər yanacaq verilir?

-13 litr... Bu da gün ərzində 100-125 kilometr üçün hesablanır. Açığını deyim ki, bu artıqlaması ilə bəs edir. Bakıya gedəndə, bu qədər yanacaq çatmaz, amma rayon daxilində bu qədər yanacaq artıqlaması ilə çatır. 125 kilometrə çatır, mən gün ərzində hara gedirəm ki?...

- Bəs təmir xərclərinə ayrılan məbləğ nə qədərdir?

- Bu, illik avtomobilin gedişi üzrə hesablanır. Bu, il tamamlanandan sonra məlum olur, buna uyğun da yeni təkərlərin alınmasına pul verilir. Dövlətin qayda-qanunu var. Bunun hər birini Hesablama Palatası bir-bir yoxlayır. Yanacağı götürəndə kassa çeki verilir və onların hamısını yığıb saxlayırıq.

- Yanacaq hamıya eyni miqdarda verilir, yoxsa fərqlər var?

- Əlbəttə, fərq var. Avtomobilin markasından asılı olaraq yanacağın miqdarı müxtəlifdir.

- Ötən ilki rəqəmlərlə il ərzində təmirə çıxan xərcləri, yəqin ki, demək olar.

- Keçən il mənim avtomobilimin təmir xərci 400 manata qədər olub. Yalandan demək olmaz ki, filan qədər ehtiyat hissələrinə pul xərcləmişəm, hamısının qəbzi olmalıdır. Yoxsa buna necə cavab vermək olar. Bəzən elə olur vəsait geri qayıdır.

- İcra hakimiyyətində ümumilikdə neçə xidməti maşın var?

- Bir icra başçısında və dörd də müavində, ümumilikdə 5 xidməti maşınımız var. Bir də əhalisi 10 mindən çox olan kənd icra nümayəndələri xidməti maşınla təmin edilir.

- Öz şəxsi maşınlarınızdan xidməti işdə istifadə etmək olurmu, varmı belə bir qayda?

- Əvvəllər bu, mümkün idi, müqavilə əsasında sən öz maşınını istifadə edirdin və buna görə vəsait ayrılırdı. Haradasa 10 ildən çoxdur bu, ləğv olunub.

- Bəs, xidməti maşınla harasa şəxsi iş dalınca gedəndə necə? Misal üçün, Bakıya toya gedirsinizsə, bunun də yanacaq xərcləri büdcə vəsaiti hesabına ödənilir?

- Yox, bu halda hər şey öz hesabına olur. Şəxsi işlərə görə büdcə vəsaitindən istifadə qanunsuz hesab edilir. Bakıda toya getmək mənim xidməti işim deyil axı.

- Həsən müəllim, icra hakimiyyətlərinə yeni avtomobillərin veriləcəyi barədə məlumatlar var. Hansı markalı maşınlardan istəyərdiniz?

- Sabirabad üçün ən yaxşısı QAZ-31-dir. Misal üçün, aqrar məsələlər üzrə müavində «Chevrolet Niva»dır. O, kəndlərə gedir, təsərrüfatlara baş çəkir, bu işlər üçün yaxşıdır. Amma mənim kimi vəzifədə olanları QAZ-31 qane edir. Bu, kəndlə şəhərə getmək üçün uyğunlaşdırılmış maşındır.

- Amma bəzi icra başçıları «Mercedes»də gəzir.

- «Mercedes»lə durub kəndə getmək əmələ gəlmir axı. Buna maşın dözmür, bəzi yerlərdə gedib hətta ilişib qalır. Kənd yollarının hamısı hamar deyil axı. Ancaq QAZ 31-lə Sabirabadın bütün kəndlərinə getmək olur.

- Xidməti maşınlarınız neçə ildən bir yenilənməlidir?

- Bizə verilən avtomobillərin 8-10 il istismar müddəti var. Mənim istifadə etdiyim avtomobil 2004-cü ilindir.
XS
SM
MD
LG