Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:25

Eldar Namazov: «EL hərəkatı kabinet partiyası deyil»


Eldar Namazov
Eldar Namazov
-
EL hərəkatı Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi, 111 ünvanında yerləşən qərargahından çıxmağa məcbur edilib.

Hərəkatın sədri Eldar Namazov deyir ki, qərargah rəsmi müqavilə ilə icarəyə götürülüb. İyuladək icarə haqqını da ödəyiblərmiş, amma ev sahibinə təzyiqləri görüncə, buradan çıxmağa məcbur olublar:
«Bütün təzyiqlər düşüb ailənin üstünə. Dedilər hakimiyyət qurumlarından elə bir ünvan olmayıb ki, onlara təzyiq edilməsin. İcra hakimiyyətindən, hüquq-mühafizə orqanlarından, ailə üzvlərinin işlədiyi yerlərdən, elə bir ünvan olmayıb ki, bu işə qatılmasınlar. O ailəyə elə ağır basqılar oldu ki, mən bir vətəndaş kimi bunu qəbul edə bilməzdim».
Eldar Namazovun sözlərinə görə, EL hərəkatı bu günlərdə Bakıda 4 yeni ofisə köçəcək. Bunlardan üçü – ictimai əlaqələr, təşkilatı işlər, hüquq və insan haqları ofisi, dördüncüsü isə hərəkatın 250 yerlik mərkəzi qərargahı olacaq:
«Yeni ofislərlə bağlı bizə basqılar olsa, o zaman növbəti və yeni 13 ofisi elan edəcəyik. Onlara da basqılar olsa, biz 33 ofisi də elan edəcəyik. Hakimiyyət bu oyunu oynamaq istəyirsə, biz Azərbaycan boyu 130 ofis elan edəcəyik. Görək, bunun qarşısını necə alacaqlar. Biz hərəkatıq, kabinet partiyası deyilik ki, bu yolla qarşımızı ala bilsinlər».
«BU CÜR SİYASƏTLƏ UĞUR QAZANMAQ OLMAZ»
Siyasi şərhçi Zəfər Quliyevin fikrincə, bu olay təəccüb doğurmamalıdır:
«Hakimiyyət mübarizəni hüquqi müstəvidə aparmaq istəmir. Bunu bacarmır. O üzdən son vaxtlar tez-tez bu cür hadisələrlə rastlaşırıq. Günü-gündən repressiv siyasət güclənir. Görürük ki, hakimiyyət çox vaxt önləyici və qoruyucu addımlar atır. Daxildə bütün opponentlər xalq düşmənləri səviyyəsinə çatdırılır. Bu cür repressiv siyasətlə hakimiyyət prezident seçkilərinə gedir və zora güvənməklə elə bilir hamını qorxutmaq olar. Ancaq 21-ci əsr olduğunu yaddan çıxarır. Bu cür siyasətlə uğur qazanmaq mümkün deyil».
İCRA HAKİMİYYƏTİ: «BİZİ İTTİHAM ETMƏK DÜZGÜN DEYİL»
Nərimanov rayon icra hakimiyyətinin şöbə müdiri Hüseyn Cəfərov AzadlıqRadiosuna həmin ailəyə təzyiqlər göstərməsinin doğru olmadığını bildirdi:
«Hər hansı idarə və ya təşkilat, siyasi partiya, yaxud ictimai birlik vətəndaşlarla razılaşıb notarial qaydada müqavilə bağlayır, sonra fəaliyyət göstərirlər. Biz onların bu qarşılıqlı müqavilələrinə ümumiyyətlə qarışmırıq. Qarışmaq haqqımız da yoxdur. İndi onların anlaşmaları hansısa səbəbdən pozulubsa, rayon icra hakimiyyətini ittiham etmək düzgün deyil».
Eldar Namazov EL hərəkatının gənclərlə bağlı demokratiyaya keçid layihəsinə start verəcəyini də diqqətə yetirdi. Hərakat Milli Şuranın reallaşması üçün də AXCP, Müsavat, Açıq Cəmiyyət partiyaları və aparıcı gənclər təşkilatları ilə müzakirələr aparır.
Bu il martın 12-də ictimaiyyətə tanıdılan EL hərəkatı şəffaf və demokratik seçki mühitinin yaradılması, səsvermə nəticələrinin saxtalaşdırılmaması üçün çalışacağını açıqlayıb. Hərəkat 2013-cü ilin prezident seçkisində özünün irəli sürdüyü, yaxud demokratik düşərgənin məqbul saydığı namizədin qələbəsi uğrunda mübarizə aparacaq.
XS
SM
MD
LG