Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:32

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq deputatın bağ evi ilə bağlı məlumat yayıb


Aprelin 11-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.

Məlumatda deyilir ki, aprelin 2-də naməlum şəxslər Nardaran qəsəbəsində yerləşən, xalq artisti Zeynəb Xanlarovaya məxsus bağ evinin qarşısında avtomat silahdan atəş açıb. Yandırmaq məqsədilə onun həyətinə yandırıcı maye doldurulmuş şüşə qablar atıblar.

«Daha sonra vətəndaş Rafiq İbrahimovun bağ evinin həyətinə də yandırıcı qablar atılıb. Birinci mərtəbənin şüşələri sındırılıb və divarına «Taleh Bağırova azadlıq!» sözləri yazılıb. Elə həmin gün, təxminən saat 05:35 radələrində Bakı Şəhər İcra Hakimiyyətinin yaxınlığında şübhəli şəxs qismində Bəxtiyar Qurbanov və Röyal Əsgərov saxlanılıb. Əllərindəki çantadan 1 ədəd 5 litrlik plastmas su qabında və 4 ədəd 1 litrlik qablarda benzin, daş parçası, pambıq, süngər və köhnə şalvar götürülüb».

Məlumatda deyilir ki, «ilkin dindirmə zamanı onlar Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ətrafında əvvəlcədən bir neçə dəfə müşahidə apardıqlarını, Taleh Bağırovun həbsinə və guya hicaba qoyulan qadağaya etiraz olaraq icra hakimiyyətini yandırmaq, bununla da vətəndaş itaətsizliyi və ajiotaj yaratmaq istədiklərini etiraf ediblər».

Məlumatda o da deyilir ki, «sübutlarla Bəxtiyar Qurbanov və Röyal Əsgərovun törətdikləri cinayət əməlləri, onların bu işi məhz Taleh Bağırovun tapşırığı əsasında etdikləri tam təsdiqini tapıb».

Hazırda cinayət işləri üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Taleh Bağırovun vəkili Cavad Cavadov AzadlıqRadiosuna bildirib ki, «Bəxtiyar Qurbanovla Röyal Əsgərovun necə hərəkət etməsinin Taleh Bağırova aidiyyatınıın olub-olmaması il bağlı sübutların olmasına inanmıram. Onlardan hər hansı ifadə ala bilərlər. Çünki Taleh Bağırov da tutulanda döyülüb, işgəncəyə məruz qalmışdı. Bəlkə onları da döyüb elə ifadə alıblar. Faktiki olaraq bu gün Taleh Bağırova qarşı yeni ittiham yoxdur. Əlavə ittiham irəli sürülməsinin proseduru var. Əlavə ittiham qərarla və vəkillərin iştirakı ilə elan olunur. Bunlar olmayıb».
XS
SM
MD
LG