Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:49

ABŞ səfiri: «Ümidvarıq AFU yenidən açılacaq» - [Video]


ABŞ səfiri AFU-nun bağlanmasına reaksiya verdi
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

ABŞ səfiri AFU-nun bağlanmasına reaksiya verdi

-
Aprelin 11-də ABŞ səfiri Richard Morningstar əvvəldən nəzərdə tutulan çıxışı ilə bağlı AFU-nun bir qrup nümayəndəsi ilə görüşüb:
Tədbirin əsas müzakirə mövzusu Azad Fikir Universitetinin bağlanması olub. Qapalı keçirilən tədbir bitəndən sonra cənab AzadlıqRadiosunun sualını cavablayan səfir AFU-nun bağlanmasına da fikir bildirib:
«AFU-nun bağlanması bizi çox narahat edir. Ümidvarıq ofis yenidən açılacaq. Azad Fikir Universitetinə təkrar bu kimi addımlar atılmayacaq. Biz Azad Fikir Universtetini ötən illər ərzində dəstəkləmişik. Hesab edirik ki, bu universitet məsələlərə mühazirə və müzakirə şəklində toxunaraq gənclərə fayda verir. Görüşlərə, müzakirələrə, eyni zamanda, bugünkü görüşə də şərait yaradıb. əslində elə bu cür görüşlərin keçirilməsinə şərait yaratmaq lazımdır. Nəinki onun qarşısını almaq».
AFU-da mühazirələr insan hüquqları, demokratiya, iqtisadi inkişaf, qlobal siyasət, gender məsələləri, sosial elmlər, fəlsəfə, media, mədəniyyət, gənclik və ictimai fəallıq mövzularında olurdu. «Ol!» təşkilatının məlumatına görə, Azad Fikir Universiteti öz fəaliyyətini ABŞ və Böyük Britaniyanın ölkədəki səfirlikləri, USAID, «Counterpart International», ABŞ-ın Demokratiya naminə Milli Fondu (NED) və German Marşall Fondunun dəstəyi ilə həyata keçirib.

RICHARD MORNINGSTAR «AĞILLI İSLAHATLARI» ÇIXIŞ YOLU SAYIR

Aprelin 11-də ABŞ səfiri Richard Morningstar gənclərlə görüşündə ölkədəki son olaylara da toxunub. O, uzunmüddətli sabitliyinin təmin olunmasında ağıllı islahatları Azərbaycan üçün çıxış yolu sayır:

«Gənclər öz fikirlərini ifadə edə biləcəklərsə, bu fikirləri sərbəst həyata keçirəcəklərsə, yalnız o zaman Azərbaycanın gələcək inkişafı və tərəqqisi təmin olunacaq. Biz vətəndaşların insan hüquqlarına, müstəqil mediaya hörmətlə yanaşmağa, azad və ədalətli seçkilərin keçirilməsi üçün müvafiq şərait yaratmağa dair hökumətə çağırışlarımızı davam etdiririk».

Səfir Azərbaycanın dostu olduğunu, bu ölkənin 1991-ci ildə yenidən müstəqilliyə qovuşandan sonra qazandığı uğurlara heyranlıqla yanaşdığını söyləyib:

«1995-ci ildən bu ölkəyə gəlib-gedirəm. Bilirəm ki, o vaxtdan bəri irəliləyişlər olub. Mənim bu irəliləyişdən, inkişafdan xəbərim var. İnanıram ki, Azərbaycan özünün böyük demokratik və iqtisadi potensialını gerçəkləşdirə bilər. Ancaq bu, sizin köməkliyinizlə baş verə bilər. Hökumət dinc nümayişlərə şərait yaratsa, vətəndaşların qanuni şikayətlərini dinləyib, onların həlli üçün konstruktiv dialoq başlatsa, bu dediklərimə nail olmaq mümkündür».
«4 GƏNCƏ GÜNAHLARINI ETİRAF ETDİRMƏLƏRİ MƏNİ DƏHŞƏTƏ GƏTİRDİ»
Richard Morningstar «Əsgər ölümlərinə yox!» aksiyalarına hökumətin reaksiyasından da danışıb:

«Bu il hökumətin nümayişlərə reaksiyası məni çox narahat edib. Nümayişlərə qatılan və vətəndaş cəmiyyətində, o cümlədən, təşkilatlarda fəaliyyət göstərən gənclərin həbs olunması və sorğu-suala çəkilməsi də məni narahat edən məqamlardandır. Keçən ay beynəlxalq normaları pozaraq, 4 gəncə öz yanlış və günahlarını televiziyada etiraf etdirmələri məni dəhşətə gətirdi. Dövlət nümayəndələrinin dünən gecə AFU-nun ofisini bağlaması da məni narahat edib. Nə etdiyinizi, hansı fəaliyyətlə məşğul olduğunuzu, sizə hansı dəstəyi göstərdiyimizi və uğurlarınızın Azərbaycan üçün konstruktiv olduğunu bilirəm. İnanıram ki, hökumətin dinc nümayişlərə sayqısı, müstəqil və şəffaf məhkəmələrin olması, vətəndaşların, xüsusən gənclərin öz qanuni şikayətlərini ifadə etməsi üçün onlarla konstruktiv dialoq aparılması demokratik hökumətlərin öz təməl sabitliyini təmin etməsinin ən yaxşı və effektiv yoludur».

«NDI-NİN AZƏRBAYCANDAKI FƏALİYYƏTİNİ DƏSTƏKLƏYİRƏM»

Görüşdə Richard Morningstar Milli Demokratiya İnstitutuna və mediaya qarşı hökumət siyasətindən narahatlığını da dilə gətirib:

«Hökumətin media vasitələrinə və Milli Demokratiya İnstitutuna (NDİ) qarşı həyata keçirdiyi fəaliyyət də məni narahat edir. Bir daha NDİ-nin Azərbaycandakı fəaliyyətini dəstəklədiyimi bildirirəm… NDİ bütün ölkələrdə tam şəffaf şəkildə, heç bir siyasi partiyanın tərəfdarı olmadan fəaliyyət göstərir. NDİ müxtəlif çeşidli partiyalarla, qruplarla işləyir, fəaliyyətinin əsas istiqaməti ölkədə demokratiyanın inkişafıdır. ABŞ-ın dünyada demokratiyaya dəstəyi bizim dəyərlərimizi əks etdirir. Eyni zamanda, bunlar praqmatik mülahizələrə əsaslanır. Keçmiş Dövlət katibi Klinton Bakıya səfərlərinin birində dediyi kimi, ən yaxın əlaqələrimiz vətəndaşlarının geniş insan hüquqlarına hörmət edən ölkələrlədir. Biz çağdaş dünyanın tələblərini cavablaya bilən güclü tərəfdaşlar istəyirik, buna ehtiyacımız var. Məhz bu cür güclü demokratiyalar ən güclü tərəfdaşlarımızdır».
XS
SM
MD
LG