Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:53

Hicran Hüseynova "Qaçqınçılıq" (Hekayə)


Hicran Hüseynova
Hicran Hüseynova
-

Hicran HÜSEYNOVA


QAÇQINÇILIQ

(hekayə)

Münbit torpaqlarda bitən, min cür qulluqla ərsəyə gələn bitkilər kimi əzabla asfaltı yarıb işığa, günəşə boylanan cücərtilər də var dünyada... Baxın, onlar heç şikayətlənmir yaşadığı əzablardan.
- Bəlkə şikayətlənir, biz eşitmirik...
...Elmira xala cəld hərəkətlə stula yaxınlaşdı. Ona baxa-baxa düşündüm: “Qəribədir, əgər bu miskin qadının həyatıyla bağlı danışdığım hekayət səsli olsaydı, onun rayon, kənd adamı olduğu elə ilk cümlədən, daha doğrusu, ilk sözdən məlum olacaqdı. Şəhərdəkindən fərqli olaraq əyalətdə belə adları çağırarkən vurğu axırıncı hecaya düşür. Təxminən qəhrəmanımın həyatdakı yeri, mövqeyi kimi”.
Deyəsən, çox haşiyə çıxıram, amma qoy bunu da deyim. Əgər bu adi bir hekayə və mənim qəhrəmanım da adi, yoxsul bir qadın olsaydı, bütün başqa hekayənəvislər kimi bu sözləri yazacaqdım yəqin: “Gözlərinin dərinliyində acı taleyi gizlənən bu yaşlı qadının üst-başı tökülmüşdü, sınıq qolunu köhnə yun yaylıqla boynundan asmışdı.”
Ancaq məsələ ondaydı ki, mən qəhrəmanımın gözlərinin dərinliyində acı həyatın işartılarını görmədim, əksinə adiliklər içərisində qeyri-adiliyi görüb heyrətləndim.
Düzdür, o, köhnə yun yaylıqla sınıq qolunu boynundan asmışdı, amma qəribəydi, acı taleyini elə maraqla danışırdı ki,.. sözlər ağzından tökülmürdü onun, sözlər güllə kimi divarlara dəyib əks-səda veir, min bir əzabla asfaltı yarıb həyat qazanan həmin o cücərtilərin zindəganlığını nəql edirdi.
- Bu qaçqınçılıq dövründə...
...Belə söz yoxdu leksikonumuzda – qaşqınçılıq. Amma deyəsən, var, Elmira xala yaradıb. Hər bir insan uzun ömrü boyu nəsə yaradır axı...
- Mən qızımı da aparırdım, bilirsən də əlil arabasıyla. Təsəvvür elə, hamı çəkilib bir-birinə “yol ver”, “yol ver” deyirdi, qızımın şikəstliyinə görə bizə necə hörmət edirdilər, heç yadımdan çıxmaz.
...Görəsən asfaltın arasından birtəhər baş qaldıran o kövrək cücərtilər sısqa, əyri-üyrü vücuduyla çox-çox yüksəklərdə dayanan günəşi necə görürlər? Bəlkə onlar günəşi yox, günəş onları görür, həyat, işıq uğrunda gedən bu çətin savaşda kömək üçün özü hərlənib onların başı üstə gəlir?.. Bunu günəşdən yox (hər halda o, əlçatmazdır), hələ açıq yaşıl rəngdə olan o solğun cücərtilərdən soruşmaq lazımdır, obrazlı deyimdən çıxsaq, Elmira xaladan. Elmira xala isə heç nə soruşmağımı gözləmirdi. Qəribəydi o, qaçqınçılıqdan elə maraqla danışırdı ki...
- Çoxlarlından çox hörmət gördüm...
...Bəzən də adamlar qarşısındakının zəifləyəcəyi vaxtı gözləyir, məhz təsəlli vermək anında səxavətli, hörmətcil olurlar.
...Asfalt əzmişdi sısqa cücərtiləri, həyat əzmişdi Elmira xalanı... Sısqa cücərtilər başını dikəldib gülürdü günəşə, eynən Elmira xala həyata - qaçqınçılığa gülən kimi. Bundan sonra neçə il bu cür davam edəcək, heç kim bilmir, bəlkə də Elmira xala ömrünü bu ad altında başa vuracaq, yenə heç kim bilmir.
Qonşuluqdakı pəhləvan bədənli kök qadın qurmuşdu gün-güzəranı. Alver əllərindən yaman tuturdu. Xarici maşının gündə bir markası peyda olurdu qapıda. Qaçqınçılıq düşmüşdü onlara, ancaq kök qadın (onun da adı Elmira idi) hərdən göz qayatrmaq üçün, ya nədənsə saxta bir pərişanlıqla, bir az da özünü səviyyəli göstərmək məqsədi ilə televizordan eşitdiyi trafaret kəlmələri təkrarlayırdı: ehh, nə olsun e, dolanışıq var, bolluqdu, vətən həsrəti qoymur ürəyimiz açılsın.
Üçüncü personajım epizodik olsa da maraqlıdır. Onun da adı Elmiradır. Ancaq bu xanımı çağıranda vurğu ikinci hecaya düşür. Hərdən də “Ema” deyirlər ona. Qaçqınçılıqdan söz düşəndə “məndə o bəxt hardaydı qaçqın olam” deyir.
Küləkdən yaman qorxurdu sısqa cücərtilər, nə canları vardı axı, hələ yağışı demirəm, yağış yağsa...
...Qızını çimizdirə bilmirdi Elmira xala, şikəst uşaq özündən ağır idi; özü də ki qolundan olmuşdu. Həkimə gedib-getmədiyini soruşan kimi əlüstü “yox, yox” deyə sözkəsənlik etdi. Bildim ki, bu, pulla bağlı məsələdir, üstünü vurmadım.
Qaçqınçılıq həyatının söhbətləri tükənmək bilmirdi. Arada dua-səna da qatırdı bu söhbətlərə: “Mən çox yaşamışam, şükür, Allah sizə də mənim kimi uzun ömür qismət eləsin”. Bu yerə çatanda razılıqla yükünü təpəyə yığmış adamlar kimi gülümsünürdü. Amma bu yük nədən ibarətdi, bilmək olmurdu.
...Sısqa cücərtilər dirçəlmişdi əməlli-başlı, onlar günəşin özünü görməsə də, bir-birini qovan buludların arasından süzülən işıq şüalarını görürdü...
Elmira xala hələ də “xoş” təəssüratlarını bölüşürdü: ömrüm boyu görmədiyim hörməti gördüm, heç vaxt, heç yerdə yemədiyim tamları daddım, geymədiyim paltarları geydim.
Ən dəhşətlisi bu idi ki, Elmira xalanın razılıqla nəql etdiyi bu həyat qaçqınçılıq (!) idi. Mən heyrət içindəydim, insanın çata biləcəyi ən güclü hissi yaşayırdım, həm də qorxu qarışırdı bu heyrətə. Deyəsən, elə Elmira xala da...
Bilirəm, asfaltın əzdiyi o qərib cücərtilər də heyrət içindəydi...

P.S. İndi tənqidçi istəyirəm ki bu hekayəni analiz etsin.
XS
SM
MD
LG