Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:42

"Qacar Azərbaycanı birləşdirmək istəyirdi, Vaqif isə ruslarla separat əlaqəyə girmişdi"


Sərdar Cəlaloğlu və Əkbər Nəcəf
Sərdar Cəlaloğlu və Əkbər Nəcəf

-

"OxuZalı"nda ən çox oxunan



Sərdar Cəlaloğlu: "Səməd Vurğun Qacarı bir fars hökmdarı kimi, işğalçı, qaniçən kimi verir, ruslarla separat əlaqəyə girən Vaqifi Azərbaycan xalqının şəxsiyyəti kimi təqdim edir. Yazıçının nə ixtiyarı var, tarixi tərsinə versin?"


Ağa Məhəmməd şah Qacar kim olub? Səməd Vurğunun yazdığı kimi qəddar iranlı işğalçı, yoxsa böyük türk sərkərdəsi? “Pen klub” proqramındakı debata Şah Qacarın mənfi obrazını yaradan Səməd Vurğunu tənqid etmiş Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, tarixçi Əkbər Nəcəf və “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” pyesinin müəllifi, dramaturq Əli Əmirli qatıldılar.

"QACAR - AZƏRBAYCANIN BİSMARKI"

Şahnaz Bəylərqızı:

- Sovet dövründə şah Qacar haqda təsəvvürlər daha çox Səməd Vurğunun “Vaqif” pyesi əsasında formalaşmışdı. Həmin pyesdə fars meylli bir dövlət adamının obrazı yaradılmışdı. Amma zaman keçdi və Qacara münasibət də dəyişməyə başladı.

Sərdar Cəlaloğlu:

- Mən Qacar haqqında şəxsi fikrimi demək istəmirəm. Jan Gevrin “Xacə şah” əsərinin müqəddiməsindən bir abzas oxumaq istəyirəm: “Acınacaqlı hal kimi yada salmaq istərdik ki, illərlə bir çox şəxsiyyətlər kimi Ağa Məhəmməd şah Qacara münasibətimizi bu dövrün hakim siyasətinə görə müəyyənləşdirmişik. İndiyə kimi talesiz, bəxtikəm, lakin ağıllı siyasi xadim, hərtərəfli siyasi biliyə malik alim, mahir sərkərdə haqqında həqiqəti söyləmək imkanımız xaricində olub. Biz bu qüdrətli Azərbaycan türkünü xalqımıza qaniçən, cəllad, yadelli işğalçı kimi tanıtmışıq. Onu öz mühitindən çıxarıb min bir sual qarşısında qoymuşuq”. Bir fransız yazıçısı Qacara kitab həsr edib, burda onun nə qədər böyük alim, nə qədər böyük siyasətçi olmasından, Azərbaycanın Bismarkı kimi torpaqları birləşdirmək istiqamətində apardığı mübarizədən yazıb.

Ş.Bəylərqızı:

- Qacar bu gün Azərbaycanda layiqincə tanınırmı?

S.Cəlaloğlu:

- Əslinə baxsan, tək Qacarı yox, Nadir şahı tanıyırıqmı? Ən çox sevdiyimiz Şah İsmayıl Xətaini şah kimi tanıyırıqmı? SSRİ-nin tərkibinə daxil olandan sonra siyasi keçmişimizin olmaması ilə bağlı bizi hazırlayıblar. Sadə vətəndaş deyir ki, bizim nə vaxt dövlətimiz olub? Niyə? Çünki Nadir şahı, Şah Qacarı, o cümlədən Şah İsmayılı fars kimi, İran hökmdarları kimi təqdim ediblər. Faktiki olaraq Azərbaycan türkünün dövlətçilik tarixi təhrif olunub. Ən bəxtsizi də Qacar şahdır. İranda Əminə Pak Rəvan adlı bir müəllif yazır: “Bütün siyasi davranışında Çingiz xanı örnək alan Ağa Məhəmməd xan ölkə yönətimində və dövlətin yazqısı baxımından Çingiz xanın yasalarını uyqulamaqda idi. Qacar yasasına görə, vəliəhdin sadəcə atası deyil, anası da Qacar soyundan olmalı idi”.

“QACARLAR ORTA ŞƏRQDƏ QURULAN SONUNCU TÜRK İMPERİYASI OLDU”

Əkbər Nəcəf:

Ağa Məhəmməd şah Qacar
Ağa Məhəmməd şah Qacar


- Təəssüf ki, Qacarlar dövrü bizdə tədqiq edilməyib. Qacarlar dövləti yaradılanda özlərini Qızılbaş dövləti adlandırmışdılar, Səfəvilərin vəliəhdi kimi ortaya çıxmışdılar. Qacarlar Səfəvi dövlətinin qurucusu olan yeddi tayfadan biridir. Səfəvi ailəsi ilə qohumluq əlaqəsi var. Qacarlar bütün gücünü türklərə dayandırmışdı, dövləti də Qızılbaş adlandırmışdı. Qacarlar qədər türk dili və ədəbiyyatına xidmət etmiş ikinci dövlət tapmaq çətindir. Bizdə modernləşmə Axudovdan başlayır. Amma Mirzə Fətəli Axundovun stolu üstündə Azərbaycan dilini ifadə etmək üçün istifadə etdiyi lüğətlər və qrammatika kitabları Qacarlar dövründə hazırlanmışdı. Qacarlar Orta Şərqdə qurulmuş axırıncı türk imperiyasıdır. 1925-ci ilə qədər yaşadılar və türk kimliklərini də qorudular.

“QACARIN ÖLDÜRÜLMƏSİ AZƏRBAYCANIN PARÇALANMASI İLƏ BAĞLIDIR”

Sərdar Cəlaloğlu:

- Həmin iranlı müəllif yazır ki, Fətəli şahın gözəl binalar yapdırma həvəsi ifrat şəklində mövcud idi. “Bu memari əsərlər Pəhləvi dönəmində özəlliklə məhv edildilər ki, Qacarlardan memari olaraq bir əsər qalmasın!” Əgər bu Qacarlar farsıydılarsa, niyə onlardan qalan məscidləri, mədrəsələri, mavzoleyləri yerlə-yeksan etdilər?.. Bir də həmişə verilən sual - şah Qacar niyə Şuşaya hücum etdi? Qarabağ xanı İbrahimxəlil xan özünü bağımsız ölkənin sultanı kimi aparırdı. Yəni separatçı kimi. Ağa Məhəmməd şah Qacar Şuşanı ələ keçirdi. Çünki əks halda rusların bulunduğu Dərbənd rahatca ələ keçirilə bilər, dənizdən təhdid edilən Bakının kontrolu ələ alına bilərdi. Şah Qacar öldürüldü, Dərbənd bu gün də Rusiyanın əlindədir. Bakı işğal olundu, Azərbaycan iki yerə parçalandı... Bax, Qacarın öldürülməsi Azərbaycanın parçalanması ilə bağlıdır, Qarabağdakı bugünkü separatist hərəkatı da Qacar boğa bilmədiyinə görə, başımıza problemdir.

“QACARIN QARABAĞA HÜCUM NİYYƏTİ OLMAYIB”

Əkbər N:

- Qacarın Qarabağa hücum niyyəti də olmayıb. Çünki İbrahimxəlil xan da daxil bir çox Azərbaycan xanlıqları Qacar hakimiyyətə gəldiyində onu hüquqi hökmdar kimi tanıyıblar. Gürcüstanla Rusiya arasında 1781-ci ildə imzalanmış "Georgiyevski" sülhü var. Gürcüstan Rusiyanın hakimiyyəti altına girir. Qacar çar İrakliyə yazır ki, yüzillər boyu sən bizim – türklərin qulu olmusan, nəyə görə Rusiyaya tərəf keçirsən, öz səhvini düzəlt. İki dəfə hücum edir Tiflisə. Birinci hücumda da, ikincidə də Şuşada dayanır və Tiflisi alır. Tiflisdə böyük qətliam törədib. Orda xüsusən də kilsələrin yandırılması və din adamlarının öldürülməsi gürcülərin, rusların zehnində Qacara qarşı mənfi obraz formalaşdırıb. Qacarın problemi ondadır ki, onun meydana çıxdığı dövr ideyalarını gerçəkləşdirmək üçün əlverişli deyildi. Qacardan sonra Abbas Mirzə reformlara başladı, Avropaya oxumaq üçün gənclər göndərdi. Amma təəssüf ki, o gənclər İrana qayıtdıqda casus kimi işləməyə başladılar.

“QACARIN ƏZAZİLLİYİ DƏ OLUB”

Ş.Bəylərqızı:

- Dinləyici yazır ki, Qacarın xeyli mənfi cəhətləri də olub, bunu indi üzə çıxarmırlar. “Mən sizi peşəkar tarixçi sayıram və lütfən birini deyəndə o birini də söyləyin. Mənə onun əzazilliyi ilə bağlı faktlar lazımdır”.

Ə.Nəcəf:

- Əzazilliyi olub. Kirmanda böyük qətliam törədib, 8 min qadını-uşağı əsir alıb, onlarla dəhşətli davranıblar. Əsir aldıqları kişilərin gözlərini çıxarıblar. Bəli, zalım hökmdardır. Amma başqa çarəsi də yox idi. Nadir şahdan sonra bölgədə hər tayfa hakimiyyətə iddia edirdi. Hətta hakimiyyət uğrunda öz qardaşlarını öldürüb. (ardı aşağıda)

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı



“SEÇKİ KEÇİRMƏLİYDİ, RADİO-TELEVİZİYA AÇMALIYDI 18-Cİ ƏSRDƏ?”

S.Cəlaloğlu:

- Görünür, dinləyicinin orta əsrlər haqda təsəvvürü yoxdur. Çingiz xan Pekini tutanda 1 milyon adamı öldürüb, bir il cəsəd qoxusu şəhərdən çəkilməyib. İstanbulu tutan Sultan Mehmet Fateh fərman verib ki, türk sultanları dövlət naminə oğullarını və qardaşlarını öldürməlidir. Qacarın qardaşları ona xəyanət ediblər, o da öldürdüb. Bəyəm Avropada belə hadisə olmayıb? Bundan yüz dəfə artığı olub. Biz heç kimi ideallaşdırmaq istəmirik. Qacar Azərbaycan türkünün hökmdarı olub, vahid Azərbaycan yaratmağa cəhd edib. O hansı üsulla edib... Yox bir demokratiya etməliydi, seçki keçirməliydi, insan hüquq və azadlıqları təmin olunmalıydı, radio və televiziya açmalıydı 18-ci əsrdə?.. O dövrdəki hökmdarlar arasında bəlkə də Qacar ən ədalətlisi olub.

Ş.Bəylərqızı:

- Əli Əmirli söhbətə qoşulur. Onun Qacar haqda pyesi indi tamaşaya qoyulur. Əli bəy, nədir yazarları Qacarda cəlb edən? Onun həyatının faciəviliyi, qəddarlığı, yoxsa böyük sərkərdə olması?

ƏLİ ƏMİRLİ: “BİR PYESLƏ DÖVLƏT XADİMİNİN, SƏRKƏRDƏNİN ÜSTÜNDƏN XƏTT ÇƏKMƏK OLMAZ”

Əli Əmirli:

- Mən deməzdim ki, Qacarın obrazına bu qədər çox toxunulub. Bir neçə əsərdə özünü göstərib. Azərbaycan dramaturgiyasında “Vaqif” dramı qədər tanınanı yoxdur və sıravi azərbaycanlı Qacarı Səməd Vurğunun pyesindən tanıyır. O zamanın tələbinə uyğun olaraq Səməd Vurğun Qacarın obrazını xeyli təhrif edib. Yəni Vaqifi lazım olduğundan daha çox yüksəldib, Qacarı isə əksinə layiq olduğundan daha çox aşağılayıb. Xalqımızın xatirəsində Qacar bu cür qalıb. Amma Jan Gevrin romanında Qacarın obrazı çox cəlbedicidir və obyektivdir. Doğrusu, mənim Qacara müraciətim bu romandan sonra oldu, çox təsirləndim. Düşündüm ki, bir pyeslə bir dövlət xadiminin, sərkərdənin üstündən xətt çəkmək olmaz. Bu məqsədlə yeni pyes yazdım. Tarixi şəxsiyyətə də zamana, məkana, şəraitə görə qiymət vermək lazımdır. Bu tarixi şəxs yenidən tədqiq olunmalıdır. (ardı aşağıda)

Əli Əmirli
Əli Əmirli



“BƏLKƏ DƏ DÜNYADA BİRİNCİ DƏFƏ HAKİMİYYƏT BAŞINA GƏLƏN XACƏ -QACAR OLUB”

Ş.Bəylərqızı:

- Sizin Qacar nəylə fərqlənir?

Ə.Əmirli:

- Mənə maraqlı gələn onun həyatı və şəxsiyyəti olub. Həm fiziki qüsuru, həm də bu naqisliyin olmasına baxmayaraq taxt-taca çıxa bilməsi. Mənim əsərimdə belə monoloq var ki, "kişilik uşaq əkmək deyil, kişilik fənd, qüdrət, təpərdir". Bəlkə də dünyada hakimiyyət başında olan yeganə xacə Qacar olub. İran kimi dövlətin başına gəlmək üçün siyasi, sərkərdəlik qabiliyyəti və intellekt lazım idi.

Ş.Bəylərqızı:

- Siz pyesdə həm də onun qardaşlarını öldürtməsini və 16 il sarayında girov olaraq qaldığı Kərim xan Zəndin sümüklərini taxtının ayaqları altında basdırtmasını xüsusi vurğulamısız.

Ə.Əmirli:

- Mən çalışmışam pyesimdə effektli səhnələr verim, bu da xarakterin qəribəliklərindədir. Kərim xan Zənd onu uzun illər sarayında əsir saxlayanda ancaq başını sığallamırdı. Məsələn, pyesdə Kərim xan sual edir ki, nədən sənin başını vurdurmadım, çünki sən nə kişisən, nə qadın, heç vaxt hakimiyyətə gələ bilməzsən. Əgər o bunu deyirsə, bu onun qəlbində qalır. Onun xacə olması haqda bir neçə versiya var. Versiyalardan biri budur ki, döyüşdə yaralandıqdan sonra xacə olub. Bu daha ağlabatandır. Başqa versiyaya görə, Zəndiyyələrin qızlarından biriylə nişanlı olur və kəbindən öncə vüsala çatırlar. Buna görə də Qacarı sərt cəzalandırırlar ki, bir də belə qələt etməsin. Mən əsərdə ikinci versiyadan istifadə etdim.

Ş.Bəylərqızı:

- Dediniz ki, bir pyeslə Qacarın üstündən xətt çəkmək olmaz, ona görə də özüm yeni pyes yazmalı oldum. Necə bilirsiz, sizin pyesi “Vaqif”in uğuru gözləyirmi?

Ə.Əmirli:

- Qətiyyən yox. “Vaqif” pyesi yazılanda camaatda teatra böyük maraq vardı. Ona görə heç bir əsər onu üstələyə bilməyəcək. Bir də mühüm olan - həqiqətdir, həqiqət həmişə qalib gəlir, mən bunu nəzərdə tuturam.

S.Cəlaloğlu:

- “Vaqif” dramı işğal altındakı xalqın acı taleyinin tipik nümunəsidir. Bir xalq işğalı azadlıq kimi qələmə verir. İkincisi, Aleksandr Dümanın “3 muşketyor” əsərində kardinal Rişelye var. Əslində, həmin kardinalın Avropada müharibələrin qarşısının alınmasında böyük rolu olub. Ancaq Düma deyib ki, mən o kardinalı elə təsvir edəcəm ki, hamı ona nifrət etsin. Doğrudan da, romanda belədir. Bizim hörmətli yazıçı deyir ki, ədəbiyyat başqadır, tarix başqadır. Yazıçı tarixi həqiqətləri həzm etməyə kömək etməlidir, əksinə olanı təhrif etməməlidir. Səməd Vurğun Qacarı bir fars hökmdarı kimi, işğalçı, qaniçən kimi verir, ruslarla separat əlaqəyə girən Vaqifi Azərbaycan xalqının şəxsiyyəti kimi təqdim edir. Yazıçının nə ixtiyarı var, tarixi tərsinə versin?

Ə.Əmirli:

- Tarixi öyrənmək üçün tarix kitablarına müraciət etmək lazımdır. Qacarın tarixi rolunu onlar müəyyənləşdirməlidirlər. Yazıçı isə tarixi materialdan istifadə edərək bədii əsər yazır. Onun təxəyyülü bəzən tamam başqa istiqamətə gedir. Sərdar bəyin dediyi kimi Düma Rişelyenin fərqli obrazını yaradıb. Məqsədi nəydi bilmirəm, amma yazıçı kimi hərəkət edib. Tarixi şəxsiyyətləri olduğu kimi qələmə alsaq maraqsız olacaq. Həyat həqiqəti və bədii həqiqət bir-birindən fərqlənir. Mənim üçün Qacarın ölkə üçün etdikləri yox, şəxsiyyəti, xarakteri və taleyi maraqlıdır.

S.Cəlaloğlu:

- Söhbət Qacarın xacə olmasını yazmaqdan getməməlidir. Söhbət Qacar, Nadir şah kimi qüdrətli sərkərdənin olmasından getməlidir. Biz Azərbaycan tarixindən o adamları seçib təbliğ etməliyik ki, bugünkü azərbaycanlı dərk etsin. Onun babaları imperiyalar yaradıb, at üstündə qılıncla gedib Hindistanı tutub, indi Qarabağı qaytara bilmir. Bugünkü yazıçının vəzifəsi xalqı tərbiyə etməkdir. Bu nə deməkdir, sən gətir Bakıdakı soyqırımı “26 Bakı komissarı”nda azadlıq hərəkatı kimi ver, sonra da de ki, mən yazıçıyam. Belə şey olar?..

Ə.Nəcəf:

- Tarixi mənbələr hər kəsə açıqdır. Hər kəs ondan istifadə edib istədiyi nəticəyə gələ bilər. Amma ortada fakt varsa, onu da gizlətmək olmaz. Səməd Vurğun şair olaraq öz münasibətini bildirib. Bundan sonra da Qacara müsbət və ya mənfi münasibət bildiriləcək, heç kim buna məhdudiyyət qoya bilməz. Tarixin məntiqində müqəddəs insan yoxdur. Qacarın hökmdar kimi mənfisi də var, müsbəti də. Amma onun müsbət tərəfi təbliğ ediləndən çox-çox yüksəkdir...


PROQRAMI TAM İZLƏ

XS
SM
MD
LG