Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Saxta tweet Amerika birjalarından milyardlarla dolları yox edib


AP agentliyinə haker hücumu ilə Ağ Evdə partlayışlarla bağlı saxta xəbərin yayılmasına bazarın reaksiyasını əks etdirən qrafik. The Telegraph-ın saytından görüntü.
AP agentliyinə haker hücumu ilə Ağ Evdə partlayışlarla bağlı saxta xəbərin yayılmasına bazarın reaksiyasını əks etdirən qrafik. The Telegraph-ın saytından görüntü.
-

Federal Təhqiqatlar Bürosu və ABŞ Qiymətli Kağızlar Komissiyası Associated Press agentliyinin Twitter hesabına haker hücumu nəticəsində ölkənin fond birjalarından 137 milyard dolların müvəqqəti olaraq silinməsini araşdırır.

Bu haker hücumu nəticəsində aprelin 23-də AP-nin adından Ağ Evdə iki partlayışın baş verdiyi və prezident Barack Obama-nın yaralandığı barədə saxta təcili xəbər yayılmışdı.

Bu saxta xəbər çox qısa zamanda faş olsa da, 2 dəqiqə ərzində Dow Jones indeksini 145 bal aşağı salıb.

S&P 500 indeksi isə yalan xəbərin yayıldığı saniyələrdə 14 trilyon dollar dəyərində idi və Reuters agentliyinə əsasən onun üç dəqiqə ərzində düşməsi nəticəsində dəyərini 136, 5 milyard dollar itirib.

ABŞ Qiymətli Kağızlar Komissiyasından Daniel Gallagher deyib ki, məsələ ciddi araşdırılır və qısa müddətdə baş vermiş belə nəhəng dəyişiklik diqqətsiz buraxıla bilməz.

Britaniya mətbuatı yazır ki, xəbərin yalan olduğu aşkarlanandan sonra itkilər bərpa olunmaqdadır.

Saxta xəbərin yayılmasında “Russia Today” agentliyi də bilmədən iştirak edib və dərc etdiyi xəbərə “yenilənir” qrifi də qoyub.

Haker hücumu üçün məsuliyyəti öz üzərinə “Suriya Elektron Ordusu” adlandığını iddia edən haker qrupu götürüb.

Bu qrupun prezident Bashar al-Assad-ı dəstəklədiyi bildirilir, lakin bu məlumatı müstəqil xəbər mənbələri təsdiq etmir.

Mətbuat yazır ki, ABŞ-da xüsusi etibara malik olan Associated Press bu gün sosial şəbəkələrdə lağa qoyulur.

AP bildirib ki, bu hadisədən əvvəl hakerlər agentlik jurnalistlərinin parollarını sındırmaq üçün cəhd edirmişlər.

Agentlik elan edib ki, bütün AP Twitter hesabları təhlükəsizlik məsələləri araşdırılanadək müvəqqəti dondurulub.

Jurnalistlərə bu hesablara göndərilmiş xəbərlərə cavab verməmək tapşırılıb.

Mətbuat xəbər verir ki, bundan əvvəl ABŞ-dakı beynəlxalq media təşkilatlarının, o cümlədən “New York Times” və “Wall Street Journal” qəzetlərinin saytlarına haker hücumları edilib.
XS
SM
MD
LG