Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:45

Xədicə İsmayılova və Yafəz Həsənova qarşı hədə-qorxular bütün AzadlıqRadiosuna qarşı hücumdur


24 oktyabr 2012. New York. Xədicə İsmayılova Beynəlxalq Qadın Media fondunun mükafatını qəbul edir
24 oktyabr 2012. New York. Xədicə İsmayılova Beynəlxalq Qadın Media fondunun mükafatını qəbul edir

Washington – 26 aprel 2013. Azad Avropa Azadlıq Radiosu Korporasiyası bildirir ki, AzadliqRadiosunun əməkdaşları Xədicə İsmayılova Yafəz Həsənov (Əkrəmoğlu) öz jurnalist fəaliyyətlərinə görə ardıcıl hədə-qorxu kampaniyası ilə üzləşiblər. Radionun Azərbaycan xidmətinin bu əməkdaşlarına qarşı hücumlar Azərbaycanda İnsan haqlarının vəziyyətinə dair BMT hesabatının təqdimatından bir-neçə gün əvvələ təsadüf edir, İlham Əliyevin azad və ədalətli keçiriləcəyini vəd etdiyi prezident seçkiləri ərəfəsində baş verir.


Aprelin 25-də hökümətyönlü web-sayt Xədicə İsmayılova haqda qondarma pornoqrafiya videosunu öz səhifəsində yerləşdirib. Diffamasiya prinsiplərinin zidd olaraq hələ 2012-ci ilin martında təhdidlərə məruz qalmış AzadlıqRadiosunun jurnalisti Xədicə İsmayılova prezident ailəsinin yüz milyonlarla dollarlıq biznes və maliyyə fəaliyyətini araşdıran yazılar hazırlayıb. Bu işinə görə o, Qadınların Beynəlxalq Media fondunun mükafatını qazanıb.

Son 2 həftə ərzində Yafəz Həsənova qarşı da təhdidlər baş verib. O əmindir ki, bu hücumlar onun susdurulmasına yönəlib. Hələ 2011-ci ilin avqustunda Turac Zeynalovun ölümünün səbəblərini araşdıarkən Yafəz Həsənovu Naxçıvanda girov götürərək ona təzyiq etmişdilər. 2012-ci ilin noyabrında isə ona sosial media, sms və elektron poçt vasitəsilə hədə-qorxu gəliblər.

AzadliqRadiosunun Naxçıvan bölgə müxbiri Yafəz Əkrəmoğlu (Həsənov)
AzadliqRadiosunun Naxçıvan bölgə müxbiri Yafəz Əkrəmoğlu (Həsənov)

Aprelin 4-də Yafəz Həsənovun bir-neçə qadınla qanunsuz əlaqədə olmasını iddia edən sənədlər poçtla onun evinə göndərilib. Tezliklə özünü Naxçıvan Milli Təhlükəsizlik nazirliyinin agenti kimi təqdim edən bir nəfər ona zəng edərək Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun adından danışdığını bildirib, təklif edib ki, Naxçıvan MTN-ı ilə əməkdaşlıq etsin. Zəng edən şəxs xəbərdarlıq edib ki, əgər Yafəz Həsənov Naxçıvan haqda yenidən nəsə yazsa, özünün və ailəsinin həyatını təhlükəyə məruz qoyacaq.

Aprelin 19-da hökumətyönlü “Səs” İnternet TV Yafəz Həsənovla Naxçıvan sakinlərinin telefon danışığının səs yazısını yayımlayıb. Azərbaycan Media hüquqları institutu bununla bağlı contact.az-a bildirib ki, belə bir səs yazısını ancaq ölkənin xüsusi orqanlarından əldə etmək mümkündür.

Yuxarıda sadalananlarla yanaşı, AzadlıqRadiosu Bakı bürosunun rəhbəri Babək Bəkirin 3 yaxın qohumu aprelin 11-də işdən çıxarılıb. Babək Bəkir bildirir ki, bununla işinə görə ondan qisas almağa, onu və büro əməkdaşlarını qorxutmağa çalışırlar.

Son hücumları biabırçılıq adlandıran AzadlıqRadiosu Azərbaycan xidmətinin direktoru Kənan Əliyev deyir: “Xədicəyə, Yafəzə və ya bizim hər hansı digər əməkdaşımıza qarşı olan hücum AzadliqRadiosuna, onun bütün heyətinə, Azərbaycanın bütün müstəqil söz deyənlərinə qarşı hücum deməkdir”.

AzadAvropa-AzadliqRadiosu korporasiyasının prezidenti Kevin Klose
AzadAvropa-AzadliqRadiosu korporasiyasının prezidenti Kevin Klose
AzadAvropa/AzadlıqRadiosunun prezidenti Kevin Klose isə bildirir:

“Bütün bunlar məqsədyönlü şəkildə baş verən ciddi hadisələrdir. Hökumət də buna çox ciddi yanaşmalıdır, xüsusilə ona görə ki, bir çoxları bu hadisələrdə birbaşa və ya dolayısı ilə Azərbaycanın rəsmi orqanlarının və onların agentlərinin əli olduğunu deyir”, - Klose əlavə edir, - “Yafəz və Xədicə öz hüquqlarından istifadə edir, jurnalist kimi öz peşə borclarını yerinə yetirirlər, və bir jurnalist kimi onların təhlükəsizliyi ictimai təhlükəsizlik məsələsi olaraq bütün cəmiyyəti qayğılandırmalıdır. Mən Azərbaycan rəsmilərini və şəxsən prezident İlham Əliyevi bu təhdidlərə dərhal son qoymaq üçün tədbir görməyə çağırıram”
XS
SM
MD
LG