Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:41

Səni nə qədər çox sevdiyimi bilirsən


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir 10-luğundan



Məmməd Əbülfəzoğlu


Səni nə qədər çox sevdiyimi bilirsən

Birdə səsini küçələr geri qaytarmamışdı
Halbuki, hər şeydə bir az hər şey olsun deyə
Illərcə iki dil bir ağız böyütdüm bizi...
O vaxtlar bizim orda qara suvax divarlara
çoxalardı çiçəklər.
Umaç oyulan səkilərə iki misra doğulardı hər uşaq
Bütün ləhcələrdə sındırmağı öyrənmişdi musiqi
Amma tənhalığa ana dildə dəyərdi şeer.

Bəlkə şimaldı.Barmaqların buz tutardı tutsan əlimi
Qışqırsan bir çimdik burunotu dadardı yataq
Sussan tavan dabana qılınc çəkərdi
Səxavət də sayılsa, hər bağa üç azad quşduq
Harasına qanad çırpsaq ,
Köksümüzdə səliqəylə ötüb keçərdi həyat

İndi geriyə nə qaldıysa aramıza dəniz qoydular
Dedilər ki: öpüləcək yara varsa
əvvəl zaman suya dəymək cərrahların işidir.
siz çölünüzü içinizdə unudub içinizi dərin qazdınız
ona görədir bu uzaqliq ona görədir bu tənha
üzünüz asvalt rəngi
ən yaxşısı şəkliniz də təbaşirlə çəkilsin
Madam, qapı çırpıb getmək üçün çağrıldınız evlərə
Daş kəsib, sizi ən çətin künclərə asan cavab tiksinlər.
Əslində bütün buyruqlara diqqətlə yaraşdım
Boyun bükdüm, əl qaldırdım, əyildim
Yenə də qumla qum, balıqla balıq
Bardaş qurub ,onlardan olsam
səni bilmədim nəcür unudmalıyam ....
Bəlkə dedim, bəlkə rəhim, bəlkə rəhman
eşidər bir dolu ev, dizlərinə yatmasam
Kölgəmizə uduzmaq üçün meydançaya dağıdar
heçə heç qalmaq hünər sayılar ağlında

ən yaxşı qərargah sinif olar , ummuşdum
bütün dərslər –kim ən uzağa xəyal qurar
keç otur...
Otur dedimsə; kim bilə bilər hansı mövsümə
Portağalmı dadar boynun bənövşəmi
ən çox nə üçün darıxar üzün
əl üstündə kimin əli yoxsa çömçəbaşıbəzəmə
sonra onsuzda susursan
tətil gunləri güllə keçir
böyumək yalnızlığın fikri olmadan
evə gedəcək bir yol tap yenə də sən
Səni nə qədər çox sevdiyimi bilirsən.


Koxa

Dediyim əslində oradaydım ;
insanın insana dar gəldiyi dağ ətəyi
evin evə düşmən halı
amma sən bütün bunlara necə dözdünsə o qədər səlis ,
o qədər elə belə
sabahları damına göyərçin qonması,
kəndlərdən tələsən fağırlıq bazarlara
Koxa , kirliymiş həyat bu qədərini ummazdım.

Ummazdım mənfur teyimlə keçib xəsərli baxışla
adımdan qabaq ağrım gəlsin
Divar dibi yeməklə öyrənim
nə qədər dərin qazıla bilər oğul
iki öyün bilvasitə sevilsin deyə.

Oradaydım və düzünə qalsa güldüm
əl pəncə divan şəkillərlə
məğlubiyyət öyrədən cərgələriniz vardı
bu səfər başqa rəng başqa leysan
gəlsəm keçir bütün qılıncları içimdən
vuracaqsan iki qaş arasından vur amma bağışla…
çünki çox aşdım ki əngəlimi şəklim nə qədər rəva bu evlərə
incik duruşla dilinize dadandım
ancaq özgələr özgələrdən can eşitdi doğrusu

hanı qopuzla böyüyüb dəmir-dəmir baxmaq uzağa?!
hanı dədəm qorqud
tapşırdığım can, çəkildiyim məbəd,koxa!?

Artıq məni gərdəklə gizlətmədən yaraşdır bu dünyaya
köndələn doğub darısqal böyütdünüz hər zaman
hər zaman koxa , ondandır dedim və eşitdim
ilk söz ,son həşir bilməzdim arada bıçaq
əvvəldən seçməli rəftar şəkliymiş güzgülərin insana.

Orada əflatun xəyallardan artan faciə
üç vaxt bir duayla yetim qaldım
ovcuna danisdim əksik hərflərimi
əfsus səsimi içimə hayqırmışam
yox bu fəlakət yox bu həşir
yox bir başqa mənzərənin ortasıdır bu üzr
sustalı ölümlə dönmək
ağaclarına ağlamaq üçün dadandığım baxçalardan qapına…

Oradaydım və gördüm
Küçələrdə yuxularından qar toplayan uşaqlar
Demə unut , demə o qədər də qayıdılmaz
İllərdir insanın quyusuyla arasında
ÖzÜ boyda bir usağın xətri var...
XS
SM
MD
LG