Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:49

İki yazar "Ədəbi Azadlıq-2013" Müsabiqəsindən kənarlaşdırıldı


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin 20-liyindən iki yazar kənarlaşdırıldı.

Bunlar Ramil ƏhmədAzər Zeynalovdur.

Azər Zeynalovun müsabiqəyə göndərdiyi hər iki şeir qaydalara zidd olaraq İnternet saytına yerləşdirilib.

Ramil Əhmədinsə iki şeirindən birinin son hissəsi bir müddət əvvəl İnternetdə ayrıca şeir kimi çap edilib.

R.Əhmədlə bağlı məsələni münsiflərdən biri aşkar edib. (Müsabiqə təşkilatçıları əsərlərin İnternetdə çap edilib-edilməməsini yoxlayarkən həmin şeirin İLK misralarından birini "Google"da axtarışa verdikləri üçün sonrakı bölümün ayrıca şeir kimi çap edildiyini aşkara çıxarmaq mümkün olmamışdı). Həmin münsif gec də olsa, bununla bağlı ölçü götürülməsini istəyib (Baxmayaraq ki imzasız oxunuş mərhələdə özü ona yüksək bal vermişdi). O bildirib ki, müsabiqənin əsas şərti ilkin mərhələdə əsərlərin imzasız oxunmasıdır, əgər kimsə əvvəllər çap edilmiş şeirini müsabiqəyə təqdim edirsə, bu, artıq bəzi münsiflərin şeirin kimə məxsus olmasını bilməsi ilə nəticələnir, beləliklə də, obyektivlik, bərabərlik prinsipi pozulur. Müsabiqənin təşkilatçısı, "Oxu zalı"nın redaktoru münsifə məsələni qaldırdığı üçün təşəkkür edərək bununla bağlı bütün münsiflərə müraciət edib. Nə qərar veriləcəksə, konsensusla veriləcəyini bildirib. Əvvəlcədən münsiflərin hamısına deyilib ki, əgər BİRCƏ nəfər israr etsə ki, Ramil Əhməd müsabiqədən kənarlaşdırılmalıdır, onda belə də olacaq. Belə də olub.

Hesab edirik ki, Ramil Əhməd istedadlı yazardır, onun şeirləri bir neçə dəfə "Seçmə əsərlər" rubrikasında "Oxu zalı"nda da çap edilib. Onun kənarlaşdırılması müsabiqəmiz üçün itkidir. Amma kimliyindən asılı olmayaraq, perspektivli, istedadlı olsa belə, hansısa yazar qaydaları pozubsa, bununla bağlı ölçü götürməmək müsabiqənin şəffaflığını. tərəfsizliyini pozmaq demək olardı. Ən əsası isə başqalarının haqqı pozulardı.

BİR DAHA XATIRLADIRIQ Kİ, MÜSABİQƏYƏ YALNIZ İNTERNET MƏKANINDA ÇAP EDİLMƏMİŞ (SOSİAL ŞƏBƏKƏLƏR, O CÜMLƏDƏN FACEOOK, ŞƏXSİ BLOQLAR İSTİSNA OLMAQLA) ƏSƏRLƏR TƏQDİM EDİLİR.

İki yazarın müsabiqədən kənarlaşdırılması ilə uzun siyahıdakı yazarların sayı 21-dən 19-a enib. 20-liyə daha bir yazarı əlavə etmək lazım olub. Buna isə 3 yazarın haqqı çatır. Bunlar eyni bal - 19 bal toplamış 3 yazardır:

Şəhriyar del Gerani,

Sayman Aruz,

Cabir Umud


Münsiflər öz onluqlarını yenidən tərtib edəcək və biz müsabiqənin qısa siyahısını gələn həftənin 3-cü günü elan edəcəyik.

HƏR KƏSƏ UĞURLAR!
XS
SM
MD
LG