Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:21

İnternetdə qarayaxma: parlament prezidentin əksinə gedir?


Ələsgər Məmmədli
Ələsgər Məmmədli
-
Prezident «hə» deyəcəyi təqdirdə internetdə qarayaxma yayanlar cəzalandırılacaqlar.

Cinayət Məcəlləsinin «Böhtan» (147-ci maddə) və «Təhqir» (148-ci maddə) maddələrinə Milli Məclisin bəyəndiyi dəyişikliklərdən sonra buna heç kimin şübhəsi qalmadı. Orası da var ki, şübhənin qalmaması sualların aradan qalxması mənasına gəlmir. Məsələn, yerli ekspertlər təəccüblənirlər ki, Azərbaycan prezidenti daha öncə cinayət diffamasiyası ilə bağlı qanunun dəyişdiriləcəyini, bu cür cəzaların aradan qaldırılacağını söyləmişdisə, 2 il sonra parlamentin tam əks addım atması hansı məntiqə sığır? Ardınca 2-ci sual da doğur: Görəsən, prezident İlham Əliyev bu sənədi imzalayacaqmı?

«BU, SOSİAL ŞƏBƏKƏLƏRƏ, İNTERNET ÜZƏRİNDƏN İNFORMASİYA YAYANLARA BASQIDIR»

«Son dəyişikliklər hökumətin dediklərində səmimi olmadığını göstərir» – media hüququ bilicisi Ələsgər Məmmədli belə düşünür və sözlərinə davam edir:

«Prezidentin «İnsan Hüquqlarına dair Milli Fəaliyyət Planı»nda nəzərdə tutulmuşdu ki, 2012-ci ilin sonunadək diffamasiya haqda qanun parlamentdə müzakirəyə çıxarılsın. Deməli, hakimiyyətdə birlik yoxdur və prezidentin imzaladığı proqramla parlamentin baxışları arasında fİkir ayrılığı var. Sonrakı addımlar da göstərir ki, Azərbaycanda diffamasiyaya görə cinayət məsuliyyətinin saxlanması, hələ bir az da genişləndirilməsi özəlliklə sosial şəbəkələrə, internet üzərindən informasiya yayanlara mənəvi-psixoloji basqıdır. İnsanlar KİV deyəndə, ənənəvi medianı nəzərdə tuturdular və indi onları qorxutmaq istəyirlər».

Ekspertin fikrincə, əslində, qanunvericilikdə heç nə dəyişməyib, axı Azərbaycan qanunvericiliyində internet də kütləvi informasiya vasitəsi kimi göstərilir:

«KİV haqqında qanunun 3-cü maddəsində anlayışlar qismində deyilir ki, internet də kütləvi informasiya vasitəsidir. Hətta 6 il öncə bununla bağlı məhkəmə qərarı var. O qərara görə, Eynulla Fətullayev internet forumda Xocalı haqda yazdıqlarına görə 2 il 6 ay həbs cəzası alıb».

Rəşid Hacılı
Rəşid Hacılı
YENİ DƏYİŞİKLİK AVROPA KONVENSİYASINA ZİDDİR

Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı yada salır ki, ifadə azadlığına görə ağır cinayət cəzalarının tətbiqi Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinə ziddir:

«Avropa Məhkəməsi Azərbaycanla bağlı qəbul etdiyi iki qərarda – 2008-ci ildə Rövşən Kəbirli və Yaşar Ağazadə, 2010-cu ildə Eynulla Fətullayevin işi ilə bağlı qərarlarda vurğulayır ki, bu cür cəzaların tətbiqi Konvensiyanın 10-cu maddəsinə sığmır. Bu qərarlardan sonra Azərbaycan Avropa Məhkəməsinin qərarlarına icra etməlidir. Söhbət fərdi icradan getmir. Azərbaycan belə praktikanı ləğv etməlidir ki, gündə bir nəfərin işi Avropa Məhkəməsinə getməsin».

Rəşid Hacılı sözügedən məsələ barədə Azərbaycan hökumətinin Avropa Şurası Nazirlər Kabinetinə göndərdiyi məktubları da yada salır. Hökumət həmin məktublarda son illər qarayaxma ilə bağlı qanunların tətbiqini dayandırdığını və diffamasiya haqda qanunu qəbul edəcəyini bildirmişdi.

ZİYAFƏT ƏSGƏROV: “CƏMİYYƏTİ O HƏDDƏ GƏTİRMƏK OLMAZ Kİ, ÖZLƏRİ «SAMOSUD» ETSİNLƏR»

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov çıxışında vurğulamışdı ki, Azərbaycan diffamasiya haqda qanunun qəbuluna hazır deyil və ölkə bununla bağlı Avropa Şurası qarşısında heç bir öhdəlik götürməyib. O, beynəlxalq qurumun tələb irəli sürmədiyi, yalnız tövsiyə verdiyini bildirib:

«Avropa İttifaqına daxil olan ölkələrin neçəsində diffamasiya haqda qanun qəbul edilib? Cəmi ikisində, ya da üçündə. Bunların, heç olmasa, 10-u bunu qəbul etsə, biz də 11-ci olarıq.
Ziyafət Əsgərov
Ziyafət Əsgərov
Cəmiyyəti o həddə gətirmək olmaz ki, özləri «samosud» etsinlər». («özləri məhkəməni əvəz etsinlər» anlamında – red.).

Ələsgər Məmmədli Ziyafət Əsgərovun statistikasını yalanladı:

«Məsələn, bu, Fransa qanunvericiliyində var, amma son 30 ildə tətbiq olunmur. Azərbaycanda isə son 8 ildə 462 cinayət işi qaldırılıb. Bu statistika müqayisə üçün yetərlidir ki, Avropa ölkəsi ilə sənin ölkənin fərqli yerlərini görəsən. Avropada qarayaxmaya görə həbslərə birmənalı şəkildə moratorium qoyulub. Yaxşı olardı ki, özümüzü qonşularımızla müqayisə edək – Ermənistan, Gürcüstan, Moldova, Baltikboyu dövlətlər, Şərqi Avropa ölkələri diffamasiya haqda qanunu çoxdan qəbul ediblər».

FƏZAİL AĞAMALI: «NECƏ OLUR Kİ, YAZILI MƏTBUATDA TƏHQİRƏ, BÖHTANA GÖRƏ MƏSULİYYƏT VAR, ANCAQ İNTERNETDƏ YOX»

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı internetdə tənzimlənmənin tərəfdarıdır:

«Tənzimlənməyəndə özbaşınalıq, xaos, təhqir baş alıb gedir. Mən mətbuata açıq adamam, ən müxtəlif məsələlərlə bağlı fikirlərimi deyirəm. Bu fikirlər də onlayn qəzetlərdə, portallarda çıxır. Mövzu qalır bir tərəfdə, mənim şəxsiyyətim olur təhqir hədəfi. Zəng vurub deyirəm ki, niyə bunu edirsiniz, deyirlər ki, demokratiyadır. Necə olur ki, yazılı mətbuatda təhqirə, böhtana görə məsuliyyət var, ancaq internetdə, təhqirə məruz qalsan da, kimisə məhkəməyə verə bilmirsən».

Erkin Qədirli
Erkin Qədirli
Hüquqşünas Erkin Qədirliyə görə, hökumət ardıcıl şəkildə bir sıra qanunları sərtləşdirir. Onun fikrincə, bu dəyişikliklər hüquqi tələblərdən deyil, sadəcə, siyasi məqsədlərdən irəli gəlir.

Beləliklə, Azərbaycan prezidenti qanuna dəyişiklikləri təsdiqlərsə, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları internetdə yayanlar 100 manatdan 500 manatadək miqdarda cərimə ilə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə 300 manatdan 1000 manatadək cərimə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.
XS
SM
MD
LG