Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:29

Günel Mövlud. Ata-anaların qanlı əlləri


Günel Mövlud
Günel Mövlud
-

Etiraz eləyən, etiraz eləməyə cəhd eləyən, polislə qanun vasitəsi ilə danışmaq istəyən gənclər isə o dəqiqə mentalitetin caynağına, ata-ananın süd və çörək qoxulu əllərinə təslim olunur...


Günel Mövlud


ATA-ANALARIN QANLI ƏLLƏRİ

Gənc bloqçu Nilufərin xatirəsinə ithaf olunur...


Səhv etmirəmsə, inişil, iki rəfiqəmlə Bakıdakı Botanika bağına getmişdik.

Botanika bağında olanlar bilir ki, burada dünyanın müxtəlif ölkələrindən gətirilmiş nadir bitkilərlə dolu pöhrəliklərdən savayı gəlhagəllli bir restoran da var.

Şəhərin, urbanistikanın orta göbəyində yaşayan, amma meqapolis menyusu ilə barışmayıb, urbanistikanın ortasında kənd-kəsəyi xatırladan yaşıllığın arasında kənd çolpası yemək, samovar çayı içmək istəyən kostyumlu, qalstuklu, qarınlı kişilər bura axışırlar.

Menyuda da qaynar çaydan tutmuş buz kimi soyuq arağa, rəngarəng çaxırlara qədər hər şey var.

Amma rəfiqələrimlə mənim restorana-zada getmək niyyətimiz yox idi.

Eləcənə özümüzlə bir şüşə şərab götürmüşdük ki, istirahət üçün ayrılmış künclərdən birində adama bir qurtum içək.

Elə şüşəmizi təzəcə açmışdıq ki, bağın mühafizəçilərindən biri gəlib, bizə dedi ki, burada şərab içmək olmaz.

Soruşduq ki, bəs necə olur, axı bağın içindəki restoranda spirtli içkilər satılır, amma bizə olmaz?

Mühafizəçi sualımızı qulaqardına vurub, dedi ki, ya şərabı yığışdırın, ya da sizi bölməyə aparacağıq, ata-ananıza zəng eləyəcəyik, ailələriz özləri sizi cəzalandıracaq.

Həmin gün biz nə şərabımızı yığışdırdıq, nə də bizi bölməyə apardılar. Jurnalist olduğumdan, haqlarımı bildiyimdən və şərab içdiyimə görə ailəmin məni cəzalandırmaq fikrinə düşməyəcəyin bildiyimdən həmin insident xoşagəlməz nəticə vermədən ötüşdü.

Amma bu ölkədə bütün gənclər – oğlanlar, qızlar jurnalist deyil. Heç də hamısı ailəsi sarıdan arxayın deyil.

Əksəriyyəti Azərbaycan polisinin onları qanunla deyil, mentalitetlə, ata-ana, qardaş, qohumla hədələməyinin qarşısında acizdilər.

Buna görə də onlara canında, mahiyyətində bir damcı azadlıq olan hər şey ya qadağandır ya da ayıbdır.

Sevgilidilərsə, rahat, açıq öpüşə bilmirlər. Polis o dəqiqə yaxalayıb, bu kasıb gənclərin cibini soyacaq, sevgilərini min cür iyrənc hədə ilə üz-üzə qoyacaq, ya da bölməyə aparıb, valideynlərinə xəbər verəcək.

Qadındısa hər kafedə otura bilməyəcək, açıq yerdə siqaret çəkə bilməyəcək, bir stəkan pivə içəndə ona əxlaqsız kimi baxacaqlar.

Hava nə qədər xoş olsa da, gecə küçəyə çıxa bilməyəcək. Polisin özü onun üçün təhlükəyə çevriləcək.

Aktivistdirsə, lap qeyri-siyasi mətn yazılmış vərəqə paylaya bilməz. O dəqiqə həbs edərlər. Təbiət vurğunudursa, çəmənlikdə otura bilməz. Polisdən tutmuş süpürgəçiyə qədər hamı gəlib, onu insanların istirahəti üçün nəzərdə tutlmuş çəmənlikdən qovacaq.

Öpüşmək olmaz, toplaşmaq olmaz, çəmənlikdə oturmaq olmaz, uzanmaq olmaz, gecə küçəyə çıxmaq olmaz, vərəqə paylamaq olmaz... olmaz, olmaz, olmaz!

Etiraz eləyən, etiraz eləməyə cəhd eləyən, polislə qanun vasitəsi ilə danışmaq istəyən gənclər isə o dəqiqə mentalitetin caynağına, ata-ananın süd və çörək qoxulu əllərinə təslim olunur.

Və polislə, müstəntiqlə, prokurorla, hakimlə döş-döşə dayana bilən, onların üzünə sözünü deməyə cəsarəti çatan gənclər ata-ananın əllərinin məngənəsində sıxılırlar.

Bu əllər onları qapqara qaralana qədər boğur.

Polis dəyənəyinin sındıra bilmədiyi gəncləri ata-ananın qınağı, danlağı, duyğu sömürüsü sındırır.

Bu günlərdə gənc bloq yazarı Nilufərin intiharı buna bariz nümunədir.

Kaş ölkənin etirazçı gəncliyi bu məngənənin müvəqqəti olduğunu anlaya biləydi.

Kaş anlayaydılar ki, belə qınaqlar, danlaqlar, hədələr, qadağaları bitirmək, bunlara son vermək gəncin öz əlindədir.

Özünü dolandıracaq qədər pul qazana bilirsənsə, mənən sığına biləcəyin çevrə varsa, prinsiplərin möhkəmdisə, qısa zaman içərisində ailə də səninlə razılaşacaq, ya da sənin fəaliyyətin qarşısında öz acizliyini etiraf eləyəcək.

Bu üstünlüyü isə ancaq mütaliə, düzgün seçilmiş çevrə və prinsiplərinizə, dəyərlərinizə inamınız verə bilər.
XS
SM
MD
LG