Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:33

Lal çayın sahilində


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin hekayə 10-luğundan


Azad Qaradərəli


LAL ÇAYIN SAHİLİNDƏ


Biz tərəkəməyik. O qədər aran-yaylaq gəzmişik, o qədər yer-yurd ayaqlamışıq, heç haralı olduğumuz da bəlli deyil. Harda qoyun sürülərimizçün yaxşı ot, harada at ilxılarımızçün geniş məkan, harada dədələrimizçün bolluca ov olubsa, oranı yurdumuz bilmişik. Adımıza tərəkəmə deyilsə də, içimizdə padarlar, baharlılar, babalılar, qarasannılar, abasalılar, gülsümlülər, qaradağlılar, qaraqoyunnular... nə bilim axı kimlər desən var. Çox böyük elatıq. Səhər çağı baxsan iki yüz əlli, bəlkə üç yüz bacadan burum-burum qalxan tüstü görərsən. Sovet hökuməti gələndən sonra köçəriliyi qadağan eləyib, biz də Arazın yaxasındakı bu iri kəndi salmışıq. Bizi yaxşı tanıyanlar elə əvvəlki tərəkəməliyimizi bildirmək üçün köçəri adımızı veriblər bura.

Hə, bura Tərəkəmə kəndidir. Bizim kənd. Mən və bacım burda doğulmuşuq. Günəşli günlərdə Araz ərimiş gümüş kimi burula-burula kəndimizin qabağından ötür. Elə günümüz Arazın qırağında keçib. O lilli sudan o qədər içmişəm ki. Lilli olmağına baxma, şirin suyu var. Bir az selinti tamı verir, amma şirin sudu. Biz onu daşda süzərdik. Daşda suyun süzülməsi adamın canından tər süzülməsi kimiydi: damcı-damcı, zinə-zinə.

Mən bu suyun qırağında o qədər oxumuşam, oynamışam. Araz elə bil bizim mahnılarımızı eşitsin deyə səsin içinə çəkmişdi. Bizə baxa-baxa eləcənə lal-dinməz axıb gedirdi...

Qırxıncı ilin əvvəliydi. Müharibə hələ başlamamışdı. Bir gün çayın o üzündən bizə qonaqlar gəldi. Anam onları görəndə özünü atdı üstlərinə. Ağlaşa-ağlaşa qucaqlaşdılar, hönkürüşdülər. Sonra da içəri otağa keçib nəsə xosunlaşmağa başladılar.

Hə də, onda bu tikanlı məftillər yoxdu axı. Eləcə çiyni tüfəngli rus əsgərləri o baş-bu başa gəzinir, bizi görəndə “kizi, xaroş kizi” deyib gülərdilər. Yanımızda oğlan, kişi qismi olanda onu da deməzdilər. Hələ bizə arxaların çevirərdilər.

Hə, bizə Ozandan gələnlər tələsə-tələsə danışırdılar. Bacım qara, hisli çayniyimizi sürtüb par-par parıldatdı, sacayağında altını qalayıb qonaqlara çay qaynadanda sevincək dedi:

-Şeyda, gün o gün olsun ki, saa da elçilər gəlsin...

Mən mat-mat onun üzünə baxdım, yəni nə deyirsən?

Üzümdən öpüb arvad-arvad dedi:

-Bu il mənim on dörd yaşım olacax. Sənin də on iki yaşın var. Bu adamlar Ozandakı qohumlarımızdı, bax, Arazın o tayındakı kəndi görürsən, ordan maa elçi gəliblər...

Gözüm doldu:

-Səni aparsalar mən kimnən oynuyacam?

Bacım da doluxsundu, evimizin yuxarısındakı Qannı qayanı göstərib dedi:

-Məni görmək istəyəndə hər şənbə çıxarsan Qannı qayıya, mən də bax, o taydakı yastanı görürsən, ora çıxacam...

Bacım elə bil bu bir-iki saatın içində böyümüşdü, gözəlləşmişdi.

Gecəynən Aynanı geyindirib-keçindirib ata mindirdilər, rus soldatlarının gözündən yayınıb Arazı keçib Ozana gəlin apardılar. Bibim də yengə kimi getdi və üç gün sonra gəlib anama dedi ki, şükür allaha, Ayna gəlin oldu. Gətirdiyi şirniyyatı, quru meyvə çərəzlərini mənim qabağıma töküb “Şeydiya da borc olsun” dedi.

Elə bil ruslar bacımın gəlin getməyini gözləyirmişlər. Az keçmədi qatarla şam ağacı dirəkləri və tikanlı məftil gətirib dəmir çəpər çəkdilər çay boyuncan. Biz əvvəlcə bir şey başa düşmədik. Atam axşam həmişəki kimi sol əli cibində, (sol qolu biləyindən yox idi, ona görə atam elatda Qoluyox Qorxmaz kimi tanınırdı) rəngi qapqara olmuş gəldi və dedi ki, deyəsən bizi o taydan tikanlı məftillərlə ayıracaxlar, day gediş-gəliş çətin ki, olsun. Kişisinin əlindəki heybəni almağa müntəzir dayanmış anamın içindən bir ah çıxdı, elə bil ah deyildi, alovdu, qarsdı bizi. Atamın kürəyini yalayıb mənə tərəf gəldi, boynumu yaxıb keçdi. Əlimlə boynumun yanıq yerini sıxcalayıb anamın yanıb suluxlamış dodaqlarına baxdım. Arvad səssiz yumub-tökdü, pıçıldadı:

-Qorxmaz, evim yıxıldı, Ayna bir daş bir gölə düşdü.

Elə bil anam o gecə qəfil bəlaya gəldi. Ağzından çıxan alov içini pöştələyib çıxmışdı nəydi, arvad üç-dörd aya əridi-çürüdü, yumağa döndü. Elə “Ayna, Ayna” deyə-deyə də öldü.

(Bir şeyi sizə danışmamışam axı. Atam Üçdibindən bazardan qayıdırmış. Pala ilə - altına üfürülmüş dərilər düzülmüş qayıq kimi bir şey – çayı keçməyə hazırlaşanda Arazın sahilində paltar durulayan bir qız görür. Qız oğlanı nə təhər çarpırsa, pala-filan yadından çıxır. Şələ-şüləsini palaçıya vertib özü atı yedəyində gəlir qızın yanına. Anam bizə danışırdı ki, boylu-buxunlu gənc olan Qorxmaz bir uşağa dönmüşdü, atın cilovundan tutsa da, elə bil o atı deyil, at onu aparırdı... Həəəə... Nə olur, nə olmur, atam qızın saqqızını oğurlayır, atılıb minir tərkinə, atı toxuyurlar qanlı Araza. Səhəri gün Ozandan iki silahlı gəlir, bizim indi adına Qannı qaya dediyimiz qayanın yanında atışma olur... Bu vaxt həm Zəngəzurda, həm Qaradağda məşhur olan Qaçaq Fərzalı başının dəstəsiynən ordan keçirmiş. Göyə bir-iki güllə sıxıb girir atışanların arasına. Hər iki tərəf Fərzalını görüb, silahını aşağı salır. Fərzalı məsələni bilən kimi məsləhət görür ki, olan olub, barışın getsin. Anamın atası barışmağa razı olsa da, qardaşı razı olmur, deyir, səhər Qaradağ mahalında camaat bizə götüynən güləcək. Ya məni vurun öldürün, ya da sizdən birin güllələyəcəyəm, qan çıxartmamış gedən deyiləm. Onda Fərzalı anamın qardaşını bir təpənin dalına qoyur, atamın qardaşı da haman bu Qanlı qayayanın dalına girir. Deyir, eyni vaxtda ikiniz də bir əlinizi qaldırın, o biri qardaşlar hərəsi bu əllərə bir güllə atır. Anamın atasının bəxti gətirir: güllə əlinin baş barmağını qırıb keçir, atamın isə biləyindən dəyir güllə. Ana babamız yaralını da atın üstünə qoyub toxuyur Araza. Sonra atamgil gedib qan bağlatdırır, yaralının qan borcunu mal-pulla ödəyirlər, həm də gəlmişkən barışıq da olur. Ara yerdə atamın sol əli biləyindən kəsiləsi olur. Elə o, bu: atamın adı qalır Qoluyox Qorxmaz, bu qayanınkı da Qannı qaya.)

Anamı basdıran günün səhəri qara geyinib Qannı qayanın üstünə çıxdım. Orda durub gözümü Ozan səmtə zillədim. Bir saatmı, iki saatmı keçdi bilmirəm, bir də gördüm bir gəlin gəlib o tayda, kəndin ayağındakı yastana çıxdı. Yanlarını basa-basa gəlməyindən, bir də bir əlini belinə qoymasından bildim ki, bacımdı. O da gəlib adını Yastan qoyduğumuz yerdə durdu, bizə tərəf boylana-boylana qaldı. Bir xeyli beləcə dayandıq, sonra bacım əlini göyə tutub o biri əliylə bir xətt çəkdi, yəni: “Allah anamızı aldı, eləmi?”

Mən də eyzən onun kimi elədim, sonra ikiqat oldum, yumaq kimi yumruldum, yəni: “Yumağa döndü, sənin dərdini çəkəmmədi.”

Beləcə, səssizcə o tay-bu tay dərdləşib ağlaşa-ağlaşa getdik evimizə.

***

Məni qonşu Baharlıdan istəyən vardı. İki ayağımı bir başmağa dirədim ki, yox, getmiyəcəm Baharlıya, verirsiniz öz kəndimizin oğlanına verin, gedim. Atam yumruğunu köhnə stolumuza çırpıb bağırdı:

-Bacın gör hara getdi çıxdı, o taya, Ozana! Sən bırdan-bıra Baharlıya niyə getmirsən?!

Gözümdən yaş sel olub axdı, yalvardım atama:

-Dədə, ölüm ayağıın altda, məni uzağa vermə... Mən həftədə bir kərə bacımla o tay-bu tay dərdləşirəm, səssiz də olsa danışıram... Baharlıya getsəm, əlim Aynadan üzüləcək...

Yazıq atam bir hönkürdü, bir ağladı, damımızdan torpaq töküldü. Mən onu ilk dəfə ağlayan görürdüm. Heç arvadı öləndə də ağlamamışdı. Elə deyəsən anamın ölümünün səbəbini yadına salıb ağlaya bilmədiyi dərdlərinə indi yas tuturdu.

Mən məcbur olub kişini sakitləşdirdim. Baharlıdan gələn elçilərə yox dedik, elçilər səbəbini biləndə, oğlanın atası deyib ki, balam, bizim gədə Mincivanda dəmir yolunda işləyir, qoy elə burda ev tiksin, evlənib xoşbəxt yaşasınlar.

Qaynatamla atam Muxtara (ərimin adıdır) əl yetirdilər, bizim evdən bir az aralıda, haman o Qannı qaya səmtdə bir gözlü ev tikdilər. Toyumuza üç gün qalanda, şənbə günü gəlib çıxdım Qannı qayaya. Bir az keçmişdi, bir də gördüm bacım da çıxdı Yasdana. Mən bacımı görən kimi qol götürüb oynadım. Onun key-key mənə baxdığını görüb şalımı açıb çadra kimi başıma saldım, yenə oynadım, yəni: “Bəs, mənim toyumdur.”

Bir görəydiniz kaş! Ayna qol götürüb bir oynadı, bir oynadı, dedim bu saat quşa dönüb Yasdandan uçacaq, bu taya keçəcək... Ama onun yerinə bir sağsağan qarıldaya-qarıldaya bizim taya uçdu. İkimiz də həsədlə onun ardınca baxa-baxa qaldıq.

***

Atam anamdan sonra yaşaya bilmədi. Elə bil afatı uçmuşdu kişinin. Tək əliynən dünyanın işin görən adam, anamın yoxluğuna dözəmmədi. Kəndimizin arvadları demişkən, vərəmlədi yazıq. Bir gecə sapsarı zərdab qusub öldü. Aparıb anamın yanında basdırdıq.

Dava başlayan kimi əvvəl əmimi apardılar, elə o gedən oldu. Kişinin öldüsü-qaldısı da bilinmədi. Muxtar isə davadan iki qəsdillə qayıtdı. Elə o qəsdillərlə gücənə-gücənə həyət-baca düzəltdi, iki qız, iki oğlan atası oldu.

İllər ötdükcə iki bacı o tay-bu tay sözsüz danışmamızı hər şənbə davam etdirirdik. Hərdən bu görüşə balalarımızı da gətirərdik. İstəyirdik ki, balalarımız da bu işdən hali olsunlar.

Belə-belə iyirmi ildən çox vaxt ötdü. Və...

Bir şənbə Qannı qayada oturub gözümü nə qədər o taydakı Yasdana zilləsəm də, Ayna gəlmədi.

Gələn şənbəni gözləyə bilmədim. Səhəri gün, o biri gün, altdakı gün də gəldim, bacım gəlmədi. Mən burdan ora səs oldum, ün oldum, özümü yerə çırpdım, ağı deyib ağladım... Düz iki şənbə keçdi, üç deyəndə yenə gedib qayada tək-təkana oturdum. Daha əlimi üzmüşdüm deyin, bir az oturub ozalana-ozalana qalxdım ki, qayıdam evə. Bir də gördüm, bir dəstə adam arabada nəsə yastana gətirir. Elə xayina-xayin dönüb o dəstəyə tərəf baxdım. Araba dayandı, adamlar arabanın içindəkini dikəltdilər və baxıb gördüm ki, bir qadındır. Əlini mənə tərəf uzadıb əllərinin diliylə ağlayır, sıtqayır, məni çağırırdı. Qoluna girib ayağa qaldırdılar və gördüm, bacımdır. Qollarını qaldırdı, sözünə baxmadı, qalxmadı. Başını bulayıb dilsiz səs oldu, ün oldu. Mən o səsi eşitdim! Vallah, billah eşitdim:

-Bacın ölsün, ay bacı! – deyirdi...

Bir az lal-dinməz baxışdıq. Sonra onu arabaya qoyub apardılar. Mən uzun zaman gedə bilmədim. Qannı qayada daşa-qayaya dönmüşdüm.

***

Gələn şənbə yenə getdim. Bu taydan o taya ağı deyib ağladım, sızladım, səsimə səs verən olmadı. Handan-hana 17-18 yaşlarında bir oğlan gəldi yasdana. Oradakı dağdağan ağacının bir budağına qara bir yaylıq bağlayıb getdi. İndi mən bu qara yaylıqla dilləşirdim, dərdləşirdim. Ölmüş bacımın qoxusunu, havasını, boyunu-hoyunu ondan alırdım...

***

Bilirsən, ay oğul, deyillər ki, indi ara açılıb, o tərəfə gedib-gəlmək su içimi kimidir. Sən mənə bir yol göstər, pensiyəmi də yığmışam, gedim bacım yatan torpağı qucaqlayım, bəlkə elə ölüb onun yanında qaldım. Vallah axşamnan sən də mənim qardaşım, çimib-dəyişmişəm, qüsl də qoymuşam - hə də, biz pirə, övliyaları-zadı ziyarətə gedəndə çimər, qüsl qoyardıq axı – indi sən maa kömək eylə, gedim o taya...

***

Səhərdən bəri sərhəd-keçid məntəqəsinin işçisinə kağız-kuğuzunu yoxlatdıran qarı nəhayət ki, sənədinə möhür vurdurub rahat oldu. Elə öz-özünə ozalana-ozalana danışdığı əhvalata heç qulaq asan da yox idi. Elə özü deyib, özü də eşidirdi.
XS
SM
MD
LG