Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:28

Siyasət qurbanı


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin hekayə 20-liyindən


Vüqar Haqverdiyev


Siyasət qurbanı



Minisiti şəhər bələdiyyəsinin sədri Bill Conson ölkədə baş verən çevriliş nəticəsində postunu itirəsi oldu. Yeni iqtidar bütün sahələrdə baş vəzifələrə, bacardı-bacarmadı öz adamlarını qoyurdu. Xaos Respublikası adlanan ölkənin gələcəyi təhlükə altında idi. Hərc-mərclik, özbaşınalıq, korrupsiya baş alıb gedirdi.

Bill Conson işlədiyi müddətdə heç vaxt vəzifəsindən sui-istifadə etməmişdi, rüşvətdən kənar olmuş, haqqı-ədaləti qorumağa çalışmışdı. Halal işləyib, halal yemişdi. Lakin yeni hökumət Consonun xidmətlərinin üstündən xətt çəkərək, yerinə bazar alverçisinin birisini qoyuşdu. Belə ədalətsizlik Consona çox pis təsir etmişdi.

Yaxşıya, pisə qiymət verilməyən bir ölkədə yaşamaq onu bərk sıxırdı. 50 yaşın içində olsa da, daha yaşlı görsənirdi. Qısa kürən, qıvrım saçları ortadan xeyli seyrəlmişdi. Alnı qırış-qırış idi. Çənəsi bir qədər qabağa çıxırdı. Qan təzyiqi yüksək olduğundan solğun gözlərinin içi həmişə qıpqırmızı olurdu.

Consonun Minisitidən kənarda doğma Qrinvilic kəndində atasından qalma böyük fermer təsərrüfatı vardı. Hissə-hissə icarəyə vermişdi. İşdən çıxarıldıqdan sonra şəhərin mərkəzində içində kompüter avadanlığı olan beş otaqlı bir ofis kirayə etmişdi. Haqsızlığa, ədalətsizliyə qarşı siyasi mübarizəyə atılmaq istəyirdi. Lakin onun bu sahədə təcrübəsi yox idi, həm də ki, hiyləgərliyi, ikiüzlülüyü, riyakarlığı bacarmadı. Sözü üzə deyən adam idi. Belə xarakter isə siyasətlə uzlaşmırdı. Bunlara baxmayaraq Conson öz ideyasını reallaşdırmaq üçün yollar və özünə yaxın adamlar axtarırdı. Ofisində oturub internetdən ölkədə gündən-günə pisləşən siyasi durumu, cəmiyyətdə cərəyan edən siyasi hadisələri, eləcə də siyasi partiyaların fəaliyyətini diqqətlə izləyirdi. Bu qənaətə gəlmişdi ki, bu siyasi partiyaların əksəriyyəti yalançı birliklərdir. Gözə kül üfürməklə məşğuldurlar. Kənardan idarə olunurlar. İqtidara işləmək üstündə dava edirlər. Bu işdə “böyük xeyir” götürürlər. Buna liderlərin dəbdəbəli yaşaması, bahalı maşınlarda gəzməsi dəlalət edirdi. Conson bir maraqlı qanunauyğunluq da tapmışdı. İqtidar hansı partiyaya etimad göstərirdisə, həmin partiyanın cəmiyyətdə reytinqi birdən-birə qalxırdı. Partiya üzvlərinə televizorda görünmək, KİV-də müsahibələr vermək, xalqın ürəyindən gələn bəyanatlar səsləndirmək, insanları, xüsusən gəncləri mitinqə çağırmaq, yeri gəlsə lap iqtidarın özünü tənqid etmək lisenziyası verilirdi. Lisenziyanın vaxtı bitən kimi xalqı üsyana səsləyən, bar-bar bağıran “qəhrəmanlar” yoxa çıxırdı. Onları gördüm deyən olmurdu. Conson dəhşətə gəlmişdi. Millətin halına acıyırdı. Kompüterdə saxta müxalif partiyaların siyahısını tərtib etmişdi. Siyahıda 20-dən çox birliyin adı vardı. Conson onların hamısının eyni ssenari ilə fəaliyyət göstərdiyinin şahidi olurdu.
Bazar ertəsi idi. Conson otağında oturub həmişəki kimi internetdən xəbərləri izləyən zaman ofisin qapısında duran gözətçi zəng edib yanına gəlmək istəyənin olduğunu bildirdi.

– Buraxın gəlsin, – dedi.

İki-üç dəqiqə keçmədi otağının qapısı astaca döyüldü.

– Gəlin? – Conson dedi.

Qapı aralandı. Uzunsov sifətli, başının ortası daz, gözündə eynək orta yaşlı bir kişi görsəndi. Çağırılmamış qonağın nazik boğazından hülqumu qabarıq şəkildə çıxırdı, əynində qara kostyum, qoltuğunda qovluq vardı.

– Eşidirəm! – Conson nəzakətlə dedi.

– Ser, mənim adım Tomdur. Tom Meyyer. Mən sizin yanınıza bir vacib məsələ ilə əlaqədar gəlmişəm.

– Hansı məsələ ilə? – Conson maraqla soruşdu və əli ilə qonağa oturmaq üçün qarşısındakı uzun stolun sağındakı stullardan birini göstərdi.

– Özünü Tom kimi təqdim edən adam stula əyləşib qoltuğundakı qovluğu stolun üstünə qoydu.

– Ser, eşitdiyimə görə, siz haqq, ədalət uğrunda mübarizəyə qalxmaq istəyirsiniz. Özünüzə silahdaşlar axtarırsınız, – deyə Tom arıq əllərini uzun barmaqların bir-birinə keçirdib qovluğun üstünə qoydu:

– Bəli, bu belədir...Siz bunu haradan birisiniz? – Conson təəccübləndi.

– Ser, bu haqda mənə sizin yaxın qohumunuz Ceyms danışıb.

– Ceyms? – Conson daha da təəccübləndi. Birdən yadına düşdü ki, doğurdan da nə vaxtsa Ceymslə bu barədə söhbəti olub. Onu maraq götürdü ki, Tom Ceymsi haradan tanıyır?

– Ser, Ceymslə bir məclisdə tanış olmuşuq. Yaxşı həmsöhbətdir. Eyni süfrə arxasında oturmuşduq. Elə bil yüz ilin dostu idik. Bir-birimizə çox isinib qarışdıq. Xeyli söhbət etdik... Bilirsiz, mən ixtisasca hüquqşünasam, qanunlardan yaxşı başım çıxır. İndiyə kimi bir neçə partiyada hüquqi işlərə baxmışam. Axırıncı partiya isə dağıldı...İndi işsizəm. Özümə iş axtarıram...Bütün bunları Ceymsə danışanda, o, mənə sizin haqda, partiya yaratmaq niyyətiniz barədə dedi və ünvanınızı verdi...Mən də gəldim yanınıza...Deyirəm bəlkə sizə bir köməyim dəydi, həm də özüm üçün bir məşğuliyyət tapdım, – Tom köməyə ehtiyacı olan, eyni zamanda bacarığı olduğuna işarə edən bir baxışla Consona baxdı.

Conson da öz növbəsində sınayıcı nəzərlə Tomu diqqətlə süzdü.

– Bəs partiyanız niyə dağıldı?

Bədbəxt hadisə nəticəsində, ser...başqanımız yol qəzasında həlak oldu. Qaldıq başsız və partiya dağıldı.

– Aaaa...təsadüfən sizin partiyanın adı “Progress” deyildi ki?

– Bəli, ser, düz tapmısınız.

– Mən internetdə bu haqda oxumuşam. Özü də yazırlar ki, partiya sədri bədbəxt hadisə nəticəsində yox, sifarişlə törədilmiş qəzada həlak olub.

– Ola bilər, ser, ancaq bu sübut olunmadı. Baxmayaraq ki, siz demişkən cinayət olması ehtimalı çox idi. Biz, heç vaxt siyasi oyunlara getmirdik, ancaq, belə təkliflər dəfələrlə almışdıq. Pul təklif edirdilər, hədə-qorxu gəlirdilər. Lakin biz mənliyimizi satmadıq, ictimai mənafeyi şəxsi mənafedən üstün tutduq...Mən indi də beləyəm və heç vaxt öz əqidəmdən dönmərəm, – Tom elə danışırdı ki, sanki Consonun rəğbətini qazanmağa çalışırdı.

Tom Consonun xoşuna gəlməyə başladı. Ona elə belə silahdaş lazım idi. Əqidəsi, savadı olan və işgüzar adam.

– Yaxşı təklifiniz nədir? – Conson soruşdu.

– Ser, əgər partiya yaradıb siyasi mübarizəyə atılmaq istəyirsinizsə, mənim bu işdə təcrübəm böyükdür. Bu işi birlikdə görə bilərik. Haqsızlığa qarşı qətiyyətli mübarizə apararıq. Mən hüquqi işləri görərəm, üstəlik xeyli üzv cəlb edərəm, ilkin maliyyə məsələlərini isə siz həll edərsiniz. İşimiz relsə düşəndən sonra qrantlar, müxtəlif maliyyə rıçaqları əldə edə bilərik.

– Maliyyə rıçaqları necə olacaq? – Conson ehtiyatla soruşdu.

– Ser, bilirsiz, imkanlı adamlar var...onlar da bu hökumətdən narazıdırlar, ancaq səslərini çıxarmağa qorxurlar. Həmin adamlar də bizə maliyyə dəstəyi verə bilərlər.

– Tom, mən həmişə təmiz adımı qoruyub saxlamışam. Kiminsə pulu ilə iş görsək,
artıq onların dediyi ilə oturub-durmalıyıq, – Consonun Tomun sözünə etiraz etdi.

– Yox, yox, ser...mən...imkanlı, eyni zamanda təmiz və vicdanlı adamlardan, sahibkarlardan danışıram. Belə adamlar çoxdur. Onları da bərk incidirlər. İşləməyə qoymurlar. Yoxlama yoxlama dalınca gəlir, vergiləri artırırlar, – deyə Tom sözünə düzəliş verdi, – haqq-ədalət uğrunda mübarizədə, biz onların da hüquqlarını müdafiə etməliyik, sahibkarlar üçün rahat, maneəsiz biznes mühitinin yaradılmasına nail olmalıyıq.

Conson qaşlarını dartıb fikrə getdi. İlk dəfə gördüyü bu adama inansın-inanmasın, bu barədə düşündü. Birdən qeyri-ixtiyari razılıq əlaməti kimi əlini Toma uzatdı: – Güman edirəm ki, əməkdaşlığımız uğurlu olacaq!

– Əlbəttə! – deyə Tom sevincək qalxıb Consonun əlini sıxdı.

Beləliklə, “National unity” adlı bir partiya yaratdılar. Adı Conson fikirləşmişdi. Məqsəd, haqq-ədalət uğrunda mübarizədə milli birliyə nail olmaq idi. Birliyin qərargahı Consonun ofisinin boş otaqlarının birində yerləşdirildi. Conson Tom üçün də ayrıca bir otaq ayırdı. Tom hər gün təşkilata yeni-yeni üzvlər cəlb edirdi. Onların çoxunu Conson birinci dəfə idi görürdü. Tom deyirdi ki, bunlar mənim keçmiş silahdaşlarım olublar.
Conson Tomdan çox razı idi. Yavaş-yavaş bütün sirlərini onunla bölüşürdü. Tomla nəyisə müzakirə etmək, məsləhətləşmək, yaxud da sadəcə elə-belə söhbət etmək çox rahat idi. Onda adama diqqətlə qulaq asmaq, başa düşmək, ürəkdən canıyananlıq etmək istedadı var idi. Conson ölkədəki siyasi durumla bağlı apardığı müşahidələr, araşdırmalar barədə də Toma danışdı. Siyasi arenada çoxlu sayda yalançı müxalif partiyaların olduğunu bildirdi. Bu xəbəri eşidəndə Tomun üzünə qəribə bir mimika gəldi, eynəyinin altından gözləri işardı. Elə bil çoxdan gözlədiyi bir məlumatı eşitdi:

– Ser, bizim keçmiş sədr Nilsonun da belə şübhəsi vardı. Od olmasa, tüstü çıxmaz. Demək bu həqiqətdir. Yazıq Nilson istəyirdi bu gümanı sübut edib iqtidarı ifşa etsin, ancaq çox təəssüf ki, əcəl imkan vermədi...

– Tom, mən şübhələndiyim təşkilatların siyahısını da tərtib etmişəm. 20-dən çox partiya hökumətə işləyir, – deyə Consonun lap ürəyi açıldı, – Ölkədə tez-tez keçirilən mitinqlər, etiraz aksiyaları da oyundur. Qondarma yürüşlər artıq insanları bezdirib. Məncə, bu işdə də iqtidarın əli var. Bir güllə ilə iki dovşan vurur. Həm göstərir ki, ölkədə müxalifət var, həm də elə həmin saxta müxalifətin əliylə cəmiyyətdə özünə qarşı çıxa biləcək qüvvələri müəyyən edir. Yalançı müxalifətçilərin populist çıxışlarına aldanıb onların ətrafına toplanan insanlar hədəfə alınır. Vaxtaşırı iqtidar-müxalifət oyunlarının keçirilməsində də məqsəd hakimiyyətdən narazı, etiraz etməyə cürəti çatan insanları müəyyən edib zərərsizləşdirməkdir.

– Ser, siz əsl siyasətə layiq adamsınız!...Çoxları bu mitinqlərin oyun olduğunu görür. Ancaq heç kim sizin kimi bunun əsl məğzini başa düşmür. – deyə Tomun sanki Consona simpatiyası daha da artdı.

– Tom, ağlıma bir fikir gəlib, növbəti mitinqi lentə alıb, sonra diqqətlə izləmək. Mənə gizli kamera lazımdır. Haradan almaq olar?

– Gizli kamera?...Ser, məndə belə bir kamera var... – Tom sevincək dedi.

– Necə...səndə var?!... – Conson bərk heyrətləndi, – hardandır?

– Ser, bu mənə professional işimlə əlaqədar lazım olub. Mən bir müddət vəkil kimi də fəaliyyət göstərmişəm. Bilirsiz, bəzən insanlar dedikləri sözlərdən qaçırlar. Etdikləri hərəkətləri danırlar. Bunu sübut etmək isə çox çətin olur. Ancaq kamera bu işdə çox böyük köməyə gəlir, – deyə Tom burada heç bir şübhəli şey olmayıbmış kimi dedi.

– Tom, sən ondan indi də istifadə etmirsən ki? – Conson yarı zarafat, yarı ciddi soruşdu.

– Yox, yox...ser, siz nə danışırsınız...kamera məndə evdədir...istəsəz səhər gətirərəm.

Səhəri gün Tom gizli kameranı gətirdi. İşlətmək qaydasını Consona başa saldı. Aparatın çəkən hissəsi çox xırda idi. Əynindəki libasın bir yerin ilişdirirdin görünməz olurdu. Yazan hissəsini isə, cibində gizlədirdin. Saatlarla fasiləsiz rejimdə çəkə bilərdi. Conson bir-iki gün aparatla rahat işləməyi məşq etdi. Növbəti etiraz aksiyası başlayanda kameranı pencəyinin yaxasına taxıb, yazan hissəsini qoltuq cibinə qoydu. Mitinqə yollandı. Kameranı işə salıb o tərəf, bu tərəfə gəzişməyə başladı. Yürüşün necə başladığını, dağıdıldığını, nümayişçilərin necə həbs edildiyini, hamısını çəkdi. Axşam ofisində oturub çəkdiyi gizli videonun izləyəndə dəhşətə gəldi. Mitinq təşkilatçıları, ölkənin tanınmış müxalifətçiləri hesab edilən şəxslər açıq-aydın artistlik edirdilər, şou göstərirdilər. Xüsusi işarələrlə polisllərə yürüşə qatılan gənclərdən kimləri tutmaq lazım olduğunu göstərirdilər. Polislər gözdən pərdə asmaq üçün saxta müxalifətçilərdən də bir neçəsini həbs edirdi.

Gördüyü mənzərədən Conson bərk həyəcanlanmışdı. Toma bu haqda danışanda Tom bu işin axırına getməyi məsləhət gördü. Səhəri gün yalançı müxalifət həbs olunanları azad etmək üçün hay-küy qaldırdı, öz yaxın adamlarını buraxdırdıqdan sonra, saxlanılan digər nümayişçiləri yaddan çıxardaraq aradan çıxdılar. Conson həbsdə olan gənclərin taleyi ilə maraqlandı. Onların yaxın ətrafı, valideynləri, dost-yoldaşları ilə söhbət etdi. Məlum oldu ki, cavanlar onları nümayişə çağıran partiyaların həqiqi müxalifət olduğuna inanmış, onlara etibar etmişlər. İndi onların müdafiəsində heç kimin durmadığını görüb, aldadıldıqlarını başa düşürdülər. Belə vəziyyətdə azad olmaq üçün bəziləri hətta dilindən kağız verib bir də belə qələt etməyəcəklərinə söz verməyə razı idilər.

Əldə etdiyi məlumatları Conson kompüterdə sistemləşdirib partiyasının adından bəyanat hazırlamaq qərarına gəldi. Bu bəyanatı iqtidarın qabağına qoyub, onu bu iyrənc oyunlardan çəkindirməyə məcbur etmək fikrində idi. Bu haqda Toma deyəndə, həmişəkindən fərqli olaraq Tom gözlənilməz reaksiya verdi.

– Ser, siz nə danışırsınız, bəyanat nədir, biz bu məlumatlardan yaxşı qazanc götürə bilərik.

Conson Tomun sözlərindən duruxdu. Qazanc deyəndə, Tomun nəyi nəzərdə tutduğunu anlamadı və dedi:

– Tom, biz bəyanatla iqtidardan siyasi oyunlara son qoymağı tələb etməliyik...sən isə deyirsən yaxşı qazanc götürmək olar...burada nə qazanc ola bilər ki...?

– Ser, faktları biz bəyanat formasında yox, örtülü şəkildə iqtidara çatdıraq. İqtidar əlbəttə ifşa olunmağından qorxacaq və özü bizimlə dialoqa girişəcək.

– Tom, sən nə danışırsan, deyirsən biz də çirkin oyunlara qoşulaq? – Conson hiddətləndi.

– Ser, çirkin oyun niyə olur. Bütün partiyalar belə edir də.

– Tom, mən mübarizəyə qazanc əldə etmək üçün qatılmamışam.

Tom Consonu sakitləşdirməyə çalışdı:

– Ser, mənim siyasi təcrübəm çoxdur. Bu iqtidarın dabbağda gönünə bələdəm. Onsuzda sizin tələb keçməyəcək. Bəyanat yaymaqla həyatınızı, partiyanın gələcəyini təhlükə altında qoya bilərsiniz.

Consonun hiddətdən, heyrətdən gözü kəlləsinə çıxmışdı. Tom artıq ona hədə gəlirdi. Tomun əvvəllər bir neçə partiyada işləməsini, sonuncu partiyanın rəhbərinin qəza nəticəsində həlak olmasını yadına saldı. Bəlkə bu qəzada Tomun barmağı var? – beynindən təlaşlı fikirlər keçdi, Tomdan şübhələnməyə başladı.

– Tom, yaxşı mən fikirləşməliyəm, – deyə Conson öz otağına çəkildi. Kompüteri işə salıb, tez Tom haqqında internetdə məlumat axtarmağa başladı. Ancaq yeni bir şey tapa bilmədi. Tomun şəklini axtarışa verdi. Bu səfər Tomun şəkli müxtəlif adlarda çıxdı. Vilyam Foker, Robert Morqan, Ceyms Hilton, Maykl Niklos və s.. Conson başa düşdü ki, bu adamın əsl adı Tom Meyyer deyil, bu adı sonradan götürüb. Axtarışda çıxan adlar haqqında məlumatlara girəndə gördü ki, özünü ona Tom kimi təqdim etmiş adamın əvvəllər əməkdaşlıq etdiyi partiyaların liderləri də bu və ya digər formada həyatlarını itiriblər. Birinin başına qəza gəlib, biri zəhərlənib, biri intihar edib, biri suda boğulub və s.. Conson şoka düşmüşdü. Necə olub ki, belə bir əclafı vaxtında tanıya bilməyib. Bilmirdi nə etsin. Qorxuya düşmüşdü. Nəyisə pis bir şey olacağını hiss edirdi. Tez kompüterdən hazırladığı məlumatları, videoları fləşkarta köçürüb sildi. Fləşi cibinə qoyub ofisdən çıxmağa tələsdi. Qapının ağzında Tomun həyasızcasına gülümsəyən sifətinə rast gəldi.

– Ser, yaxşı düşünün! – Tom hədəedici bir səslə dedi.

Conson hirsli-hirsli: – Sonra danışarıq, – deyib ofisdən çıxaraq avtomobilinə əyləşdi. Maşın yerindən götürüldü.

Tom cib telefonun yandırıb kiməsə zəng vurdu, bir kəlmə nəyisə deyib söndürdü. Sonra gülümsəyə-gülümsəyə uzaqlaşmaqda olan Consonun maşının arxasınca baxdı. Cibindən bir fləşkart çıxardıb əlində oynada-oynada: – Bədbəxt Bill, sən necə də sadəlövh imişsən, bütün materiallar bunun içidədir. – deyə fləşkartı öpüb yenidən cibinə qoydu.

Conson hara sürdüyünü heç özü də bilmirdi. Dəli kimi rolu sağa-sola bura-bura gedirdi. Şəhərdən kənara çıxmaq, doğma evlərinə, həm də təsərrüfatına baş çəkmək qərarına gəldi. Üz qoydu kəndə sarı. Artıq şəhərdən çıxıb dağ yoluna çıxmışdı. Yol demək olar ki, boş idi. Birdən güzgüdə arxadan bir qara “Mersedes” markalı maşının şübhəli-şübhəli onun arxasınca gəldiyini gördü. Bu maşını haradasa görmüşdü. Ancaq yadına sala bilmədi harada. Sürəti artırıb aralanmaq istədi. Qara Mersedes də sürəti artırdı. Canına üşütmə düşdü. Tomun keçmiş rəhbərlərinin qəzaya düşməsi yadına düşdü. Lap bərk qorxdu. Bilmədi ki, onu təqib edən avtomobildən necə aralansın. Tərs kimi də qayalıq yol çox təhlükəli idi. Sərt döngələri vardı. Sürəti artırmaq qəzaya səbəb ola bilərdi. Conson fikirləşib bir qərara gələn kimi birdən maşının arxasına güclü zərbə dəydi. Maşın necə silkələndisə Consonun başı iki-üç dəfə qabaq şüşəyə dəyib geri qayıtdı. Az qaldı huşunu itirsin. Yaxşı ki, təhlükəsizlik kəmərini bağlamışdı, yoxsa qabaq şüşəni sındırıb çölə uçacaqdı. Qara maşın buldozer kimi Consonun avtomobilini sürütdüyə-sürütdüyə yoldan çıxardıb uçuruma sarı aparırdı. Conson maşının içində çapalayırdı, qapını açıb bayıra tullanmaq istəyirdi. Lakin kəmər imkan vermirdi. Açılan yeri ilişmişdi. Consonu oturacağa sıxırdı. Consonun əli hər yerdən üzülürdü, ölümü gözü önünə gəlirdi. Birdən maşın uçurumdan, qaya divarlarına çırpıla-çırpıla aşağı yuvarlandı. Od tutub yanmağa başladı və güclü partlayış baş verdi.

Bir azdan ölkənin bütün kütləvi informasiya vasitələri bu hadisəni şərh edirdi. Partiya liderinin yol qəzasında maşının içində yanaraq kül olmasından danışırdılar. Hadisə yerində Tom gözü yaşlı intervü verirdi. Consonun son zamanlar pisxoloji durumunun yaxşı olmamasından, psixoloji sarsıntılar keçirməsindən, çoxlu alkoqol qəbul etməsindən acı-acı danışırdı. Hadisənin də məhz bu səbəbdən baş verməsini güman etdiyini bildirirdi.

Consonun faciəvi ölümündən sonra “National unity” partiyasında təlaş və ruh düşkünlüyünü yaranmışdı. Başa düşürdülər ki, Conson siyasi fəaliyyətinin qurbanı olub. Onun yolunu kim davam etdirəckdi? Heç kim bu məsuliyyəti öz üzərinə götürmək istəmədi və partiya dağıldı...

Bu hadisənin üstündən bir müddət keçmişdi. Səki ilə qara kostyumda, qoltuğunda qovluq, başının ortası daz, gözündə eynək orta yaşlı bir kişi gedirdi. Çox da böyük olmayan bir ofis binasının qabağında dayanıb qapıda duran gözətçiyə nəisə dedi. Gözətçi telefonu götürüb zəng etdi, sonra onu içəri dəvət edib bir qapını göstərdi. Yad adam yaxınlaşıb qapını döydü.

– Gəlin? – içəridən səs gəldi.

Çağırılmamış qonaq qapını açıb içəri girdi.

– Ser, mənim adım Aleksdir. Aleks Brayden. Mən sizin yanınıza bir vacib məsələ ilə əlaqədar gəlmişəm...
XS
SM
MD
LG